Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Prezident yanında Bilik Fondunun və Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.
18 Iyun - İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vergilər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransda çıxış edərək Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində dönüşün ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yarandığını söyləyib. O, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və qorunması istiqamətində atılan addımlardan, ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Bildirilib ki, dövlətimizin başçısının müvafiq sərəncamı ilə iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb. Digər çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Konfransda “Azərbaycanda insan hüquqlarının təminatı hüquqi müstəvidə”, “Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının müdafiəsi məsələsi və beynəlxalq standartlar”, “Konstitusiya nəzarəti insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərindən biri kimi” mövzularında məruzələr dinlənilib.
Nigar
.
|