Turistlərin ölkəmiz haqqında rəyini öyrənən mərkəz yaradılmalıdır
Tarix: 22.06.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Turizmdə baş verən yeniliklər nələr vəd edir?
Bütün fəsillər üçün aktual olan turizmdən artıq bir çox ölkələr faydalanır. Turistlərin ən fəal olduğu yay mövsümündə isə ölkələr müxtəlif tədbirlər reallaşdırmaqla onları daha çox cəlb etməyə çalışırlar. Belə ki, turistlər üçün müxtəlif cəlbedici məkanlar yaratmağa, qiymətləri uyğunlaşdırmağa, servis xidmətini daha da yaxşılaşdırmağa və digər üsullara əl atırlar.

Sadəcə, hotellərin deyil, qonaqların da ulduzu olacaq
Turizmin inkişaf etdiyi ölkələrdən biri olan Türkiyədə bu sektorda yeniliklər etməyə çalışırlar. Ölkədə turizmin mövcud vəziyyətini qiymətləndirən “Protel” şirkətlər qrupunun icraçı direktoru Metin Arqhan bu sektorun yenidən qurulmasına ehtiyac olduğunu deyib. O, bu istiqamətdə son vaxtlar reallaşan tədbirlərdən biri kimi bəzi nəqliyyat vasitələrində sərnişinlərin sürücüyə, sürücülərin də sərnişinlərə xal verdiyini bildirib: “Bunun artıq hotellərdə də tətbiqinə başlanılıb. Belə ki, bəzi hotellər qonaqlarına xal verir və bu xala görə endirim faizi müəyyənləşdirirlər. Qonaqların hoteli hansı şəkildə istifadə etdiklərinə xal verilərək sonrakı dəfə hansı faizdə bir endirim ala biləcəkləri müəyyənləşdirilir”. Digər bir yenilik isə odur ki, turizmdə “süni zəka” istifadəsi də geniş yayılacaq. Belə ki, internetdən hotel araşdırmaq istədikdə turistin necə bir hoteldə qalmaq istədiyini səsli şəkildə ifadə etməsi kifayət edəcək. Məsələn, turist hər hansı bir bölgədə “gecəsi 300 lirəyə və tennis zalı olan”, bir cümlə söylədikdə, ona ən uyğun yerlə bağlı həmin an cavab veriləcək.

1 milyon ukraynalı
Türkiyəyə gələ bilər

Ukrayna Turizm Agentlikləri Birliyinin rəhbəri Oleksandr Novikovsky turizmdə yaşanan böhranın müqabilində Türkiyənin Ukraynadan çox turist gözlədiyini bildirib. May və iyun aylarında bir həftəlik 250-300 dollarlıq turpaketlərin ukraynalılar tərəfindən seçildiyini deyən Novikovskiy deyib ki, Ukraynada insanlar çox pul qazana bilmir: “Böhrandan sonra maaşlar 200 dollar azalıb. Bu baxımdan iyul və avqust aylarında turpaket qiymətlərində böyük artım olmamalıdır. Ötən il Türkiyəyə turpaketlə 318 min, fərdi olaraq 431 min olmaqla ümumilikdə 749 min ukraynalı gəlib. İndi isə qiymətlərdə artım etməsəniz, 1 milyon ukraynalı gələr. Burada keyfiyyətli xidmət var, gözəl dəniz, hər şey çox gözəldir. Turlarla gələn 500 dollara paket alırsa, 200 dollar da alış-veriş edir”. O, türk hökumətinin turist gətirən səyahət agentliklərinə uçuş başına 6 min dollar dəstək verməsinin önəmli olduğu bildirib və bununla təyyarə biletinin adambaşına 180 dollardan 150 dollara endiyini deyib. Dalaman Hava limanı müdiri Hamdi Güvenc isə bildirib ki, həftədə Ukraynadan 18 təyyarə ilə 5 min turist gəlir: “Ukrayna işıq saçan bir bazardır və rekordlar qırır. Müxtəlif şəhərlərdən səfərlər başlayıb. Hətta bəzi turistlər bir neçə dəfə buraya gəlib. Bunlara sadiq müştəri deyirik. Hər ölkənin asılı müştəri əldə etməsi strateji hədəflərdən biridir”.

İspaniyaya ən çox turist
göndərən ölkə İngiltərədir

Ən böyük turist destinasyonu sayılan İspaniya Türkiyə, Misir və Tunis kimi turizm mərkəzlərinin yaşadığı böhranı fürsətə çevirməyə çalışır. Statistik məlumatlara görə, may ayında İspaniyaya gələn ziyarətçi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artaraq 7 milyon 613 min nəfər olub. May ayında İspaniyaya ən çox turist göndərən ölkə isə 2 milyon 124 min nəfərlə İngiltərə olub. Onu 1 milyon 414 min nəfərlə Almaniya, 572 min nəfərlə İtaliya və 564 min nəfərlə Fransa təqib edir. İlk 5 ayda ziyarətçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 28 milyona çatıb. Bu dövrdə İspaniyaya ən çox ziyarətçi göndərən ölkə isə 6 milyon 828 min nəfərlə İngiltərə olub.

“Şahdağ” Turizm Mərkəzindən
turistlər üçün əyləncəli həftəsonu təklifi

Ölkəmizdə də turizm cəlbi istiqamətində müxtəlif addımlar atılır. Ən son tədbirlərdən biri kimi ölkəmizdə təşkil olunan “Formula 1” yarışlarını göstərmək olar ki, bu idman turizminin inkişafında mühüm mərhələdir.
Artıq yay turizm mövsümü başlayır və turist axını üçün əlimizdən gələni etməliyik. İlk olaraq belə tədbirlərdən biri kimi bu həftə sonunu “Şahdağ” Turizm Mərkəzində dincəlmək istəyənlərə yaddaqalan istirahət və maraqlı əyləncə təşkil ediləcək. Belə ki, iyunun 25-də mərkəzdə “Velosipedçilər günü” təşkil olunacaq. “Şahdağ” Turizm Mərkəzində hər səviyyə üçün - yeni başlayanlar, peşəkarlar və ekstrimi sevənlər üçün velo-cığırlar mövcuddur. Sürmə qabiliyyətindən asılı olaraq velosipedçilər başlanğıc nöqtəyə kanat yolları vasitəsilə, ekstrimə üstünlük verən peşəkarlar isə yüksəkliyə xüsusi avtomobillərlə çatdırılırlar. Bu, velosiped sürməyi sevənlər üçün dağlıq ərazidə təşkil olunan artıq ikinci belə aksiyadır. Ötən ilin iyulunda həyata keçirilən əyləncəli tədbirə iyirmidən çox velosipedçi qatılmışdı.
İyunun 26-da isə turizm mərkəzində “Graffiti festival” adlanan rəngarəng tədbir təşkil olunacaq. “Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı “Şahdağda qış ekstrim”i mövzusunda öz məharətlərini göstərəcəklər. Qraffiti ustaları beton lövhə üzərində sprey rəngləyicilər vasitəsilə şəkillər çəkəcəklər. Mərkəzin qonaqları rəsmlərin necə çəkilməsini müşahidə etmək, bu haqda istənilən suala cavab almaq və ya sadəcə, prosesdən həzz almaq şansı əldə edəcəklər.
Eyni zamanda, bitboks və rep ustalarının musiqi, velosipedçilər və skeytborçuların isə adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü boyunca müxtəlif əyləncəli tədbirlər təşkil ediləcək. Xüsusilə gənclərin zövqünü oxşayacaq bu cür tədbirlər zamanı mərkəzdə təklif olunan kvadrosikl, seqvey, zip-layn, trotinnet, bob kart, peyntbol, dağlarda gəzinti, at sürmə və s. kimi yay əyləncələri, eləcə də yenicə istifadəyə verilən ekstrim idman növü olan paraplan - yamac paraşütü qonaqların ixtiyarında olacaq.
Bu gün artıq paytaxtda müxtəlif ölkələrdən olan turistlərə rast gəlmək mümkündür. Lakin bu sektorun inkişafında mütəxəssislər hələ də yeni təkliflərlə, layihələrlə çıxış etməlidir. Belə təkliflərdən biri kimi, məsələn, əlaqədar qurumun nəzdində müvafiq qrupun yaradılmasına ehtiyac var ki, bu qrup ölkəmizə gələn turist sayı, ümumiyyətlə, mövcud vəziyyətlə bağlı 15 gündən bir hesabat açıqlasın. Digər bir mühüm məqam isə ölkəmizə gələn turistlərin fikirləridir. Onlara öz fikirlərini bildirmək üçün şərait yaradılmalıdır. Yəni ölkəmizdə nədən razı, nədən narazı qaldıqlarını, yaxud hansı problemin aradan qaldırılmasını, nə görmək istədiklərini bildirsinlər. Əgər biz onların rastlaşdığı problemləri aradan qaldırsaq, istədikləri şəraiti yaratsaq bu təbii ki, həmin turistlər sadiq müştəri potensialına çevrilər. Həqiqətən də hər ölkənin asılı müştəri əldə etməsi strateji hədəflərdən biri olmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info