“Ölkədə yaşayan xalqların bir-birinə münasibətində heç bir problem yoxdur”
Tarix: 22.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli:
“Respondentlərin çoxu hesab edir ki, ətrafdakı münasibətlər müxtəlif millətlərdən olan vətəndaşlarımızın ünsiyyətinə, bir-birinə qarşı olan davranışına təsir etməyib”

Tolerantlıq və multikulturalizm anlayışları Azərbaycan üçün heç də yad deyil. Azərbaycan xalqı praktiki olaraq öz yaşayışında bu dəyərlərə hər zaman yer verib. Bununla yanaşı, bu dəyərlər istər alimlər, istərsə də vətəndaş cəmiyyəti tərəfindən öyrənilib araşdırılır. Elə son belə bir araşdırmanı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi German Marşal Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində apararaq maraqlı nəticələr əldə edib. Tədqiqat zamanı ölkədə və regionda millətlərarası münasibətlərin vəziyyəti, xalqlar, ayrı-ayrı qruplar arasında etimad səviyyəsi və bu sahədə olan problemlərin səbəbləri öyrənilib. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bu tədqiqat işi ilə bağlı qəzetimizə
müsahibə verib.


-Belə bir tədqiqat işinin aparılması nə dərəcədə önəmlidir?
-Azərbaycanda multikultural dəyərlərə hər zaman önəm verilib. Xalqımız digər millətlərin nümayəndələrinə də tolerant münasibət göstərib. Biz tədqiqat zamanı bunun bir daha şahidi olduq. Elə araşdırmanın əsas məqsədlərindən biri də beynəlxalq aləmə bunu nümayiş etdirməkdir. Layihə məhz əhalinin müxtəlif təbəqələri arasında tədqiqat işi aparmaq, məsələyə münasibətdə real vəziyyəti öyrənmək, analitik sənədlər hazırlamaq, bu istiqamətdə maarifləndirmə işləri aparmaqdır. Əminik ki, layihə, ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin ciddi problemlərin vaxtında qarşısının alınması, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, xalqlar arasında separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq baxımından əhəmiyyətli və səmərəli təşəbbüsdür. Məhz bu mənada tədbirlərin həyata keçirilməsi və bu prosesdə vətəndaşların fəal iştirakı vacibdir. Tədqiqat German Marşal Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində aparılıb. Sorğu bütövlükdə Bakı, Quba, Qusar, Xaçmaz, Lənkəran və Masallı şəhərlərində, eləcə də ətraf qəsəbə və kəndlərdə həyata keçirilib və cəmi 857 respondenti əhatə edib. Sorğular eyni ərazidə bütün vətəndaşlar arasında, eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən dövlət orqanları, ictimai təşkilatlar, biznes qurumları və s. arasında aparılıb. Lakin burada vacib bir nüans etnik mütənasibliyin qorunması olub. Layihənin həyata keçirildiyi ərazilərdə yaşayan digər xalqların təmsilçiliyi təmin edilib. Eyni məsələyə bütün tərəflərin münasibətinin öyrənilməsi və obyektiv nəticənin ortaya qoyulması əsas məqsədlərdən idi. Bunun üçün anket tərtib edilib, respondentlərə paylanıb. Sorğuda Azərbaycan Respublikasının bütün vətəndaşları- azərbaycanlılar (Azərbaycan türkləri), talışlar, ləzgilər, ruslar, ukraynalılar, tatlar və s. iştirak ediblər. Sorğuda iştirak edənlərin 64,35% kişi, 39,71%-i qadın idi. Respondentlər əsasən, 18-55 yaşlı insanlar idilər.
-Araşdırmanın nəticəsində əhalinin başqa xalqların, millətlərin nümayəndələrinə münasibətinin necə olduğu ortaya çıxdı?
-Apardığımız tədqiqat işinin nəticəsindən aydın olur ki, bu günə ölkədə millətlərarası münasibət, ölkədə yaşayan xalqların, millətlərin nümayəndələrinin bir-birinə münasibətini ümumilikdə qənaətbəxş hesab etmək olar. Sorğuda iştirak edən vətəndaşlarımızın 43,49%-nin məsələyə münasibəti birmənalı olaraq müsbətdir, yəni onlar üçün, ümumiyyətlə, ya milli mənsubiyyət əhəmiyyət kəsb etmir (14,38%), ya da digər millətlərin nümayəndələrinə münasibəti yaxşıdır (29,11%). Sorğu iştirakçılarının 44,54%-i də, əslində, digər millətlərə münasibətinin pis olmadığını qeyd edir, lakin müəyyən şərtlərlə, yəni 8,35%-i hesab edir ki, digər millətlərin nümayəndələrinə münasibət “pis deyil, amma onlarla dostluq etmərəm”, bu yanaşmanı da, sırf subyektiv münasibət kimi, yəni milli münasibətlər baxımından deyil, şəxsi münasibətlər zəminindən dəyərləndirmək olar. 36,19%-nin isə “baxır, hansı millətin nümayəndəsidir” fikrini, ölkədə son baş verən hadisələr və torpaqlarımızı işğala məruz qoymuş, minlərlə həmvətənlərimizin qatili olan məlum xalqa (erməni) olan münasibətlə izah etmək lazımdır. Bunu bəzi anketlərlə, respondentlərin qeydləri də sübut edir. Hətta sorğu anketinin sonuncu “digər, qeyd edin” qrafasındakı qeydlərin (1,79%) əksəriyyəti (1,16%) məhz bu xalqı məxsusi olaraq qeyd ediblər. Nəticələrin təhlilindən göründüyü kimi, sorğuda iştirak edən həmvətənlərimizin yalnız 9,62%-i digər millətlərin nümayəndələrinə birmənalı olaraq mənfi münasibət göstərirlər. Əslində, müasir dövrdə, bütün dünyada, o cümlədən regionda milli, dini münasibətlərin pisləşdiyi, ətrafda bu zəmində münaqişələrin artdığı bir dövrdə ölkəmizdə yaşayan xalqların bir-birinə, qonşu millətlərin, xalqların nümayəndələrinə (digər dövlətlərin vətəndaşlarına) bu cür münasibəti, ən azı təqdirəlayiqdir.
-İnsanlar üçün şəxsi münasibətlərdə milli mənsubiyyət nə dərəcədə əhəmiyyət kəsb edir?
-Bu baxımdan maraqlı nəticələr hasil oldu. Belə ki, sorğuda iştirak edən respondentlərin 35,72%-i üçün şəxsi münasibətlərdə milli mənsubiyyətin, ümumiyyətlə, heç bir əhəmiyyəti yoxdur (bunlardan 6,84%-i, ümumiyyətlə, bu barədə düşünmədiklərini vurğulayırlar), 19,37%-i üçün yenə də bu münasibət şəxsi məhz hansı millətə aid olmasından asılıdır ki, bunun da səbəbi əvvəlki sualın təhlilində izah etmişdik. Yəni bu cavabı verənlər, əslində, yalnız bir xalqın nümayəndələri istisna olmaqla bütün xalqlara münasibəti müsbətdir.
-Ümumiyyətlə, ölkədə millətlərarası münasibətləri necə qiymətləndirdilər?
- Sorğuda iştirak edən vətəndaşlarımız hesab edir ki, ölkədə bu sahədə elə bir ciddi problem yoxdur. Çox ehtimal ki, respondentlər bu münasibətdə Azərbaycanın vətəndaşları hesab olunan ermənilərlə olan münaqişəni nəzərə almayıblar. Sovet dönəmindən qalan bu münaqişə uzun müddət davam etdiyindən və bir sıra başqa dövlətlərin də bu və digər formada iştirakçısı olduğu bu münaqişə ölkədaxili problem olmaqdan çıxıb. Bu mənada sorğu iştirakçıları bunu ölkədaxili millətlərarası münasibət kimi qiymətləndirməməsi başa düşüləndir. Beləliklə, qeyd edildiyi kimi, bu sualın nəticələrindən aydın olur ki, respondentlərin 79,34%-i ölkədə millətlərarası münasibətlərin ümumən yaxşı olduğunu, ciddi bir problemlərin olmadığını bildirib. Amma bu cür düşünənlərin arasında yanaşma tərzinə görə ciddi fərqlər var. Yəni, bunlardan 11,95% - i hesab edir ki, hər şey “əladır, hətta Azərbaycan bu baxımdan nümunə ola bilər”, 33,17% vəziyyəti “normal” qiymətləndirir, 14,73%-i “müəyyən problemlərin olduğunu bildirsə də, bunun ciddi mahiyyət daşımadığını, həll oluna biləcəyinə” inanır, ən maraqlı yanaşma isə sorğu iştirakçılarının 19,49%-nə aiddir ki, onlar düşünürlər ki, “əslində, heç bir problem yoxdur, amma bəzi xarici qüvvələr təfriqələr salmağa, ölkədə xalqlar arasında gərginlik yaratmağa çalışırlar ”. Lakin ümumilikdə sorğuda iştirak edən vətəndaşlarımızın 16,57%-i hesab edir ki, ölkədə bu sahədə ciddi problemlər var. Bunlardan da 5,45%-i “Azərbaycanda milli azlıqların hüquqlarının pozulduğunu” bildirsə, 6,02%-i isə, əksinə, “milli azlıqların daha çox imtiyazlardan və imkanlardan istifadə etdiyini” qeyd ediblər. Sorğu iştirakçılarının 3,48%-i bu barədə heç bir məlumatı olmadığını bildirib. İstənilən halda, bu nəticələr, həqiqətən də, bu sahədə milli, dini dözümlülük ənənəsi olan Azərbaycanda, əsrlər boyu birgə yaşamış, artıq qaynayıb-qarışmış xalqların bu gün də bir-birinə isti, səmimi münasibətlərini hələ də qoruyub saxladıqlarını sübut edir.
-Bəs regionda, o cümlədən postsovet məkanında millətlərarası münasibəti necə qiymətləndirdilər?
-Regionda, ələlxüsus da postsovet məkanında millətlərarası vəziyyətlə bağlı münasibətin öyrənilməsi maraqlı nəticələr ortaya qoydu. Belə ki, sorğuda iştirak edənlərin böyük əksəriyyəti -72,5%-i hesab edir ki, regionda millətlərarası münasibətlə bağlı vəziyyət həddən artıq pisdir, hətta bunlardan 37,47%-i düşünür ki, bu ərazidə xalqlar, demək olar ki, bir-birinə düşməndir. Yalnız respondentlərin 9,62%-nin məsələyə münasibəti nisbətən nikbindir. 14,27% hesab edir ki, “indi hər yerdə vəziyyət pisdir” və 3,075 faiz isə bu barədə nə isə deməyə çətinlik çəkir. Göründüyü kim,i ölkə əhalisinin əksəriyyəti ölkədəki vəziyyətdən fərqli olaraq, regiondakı vəziyyətə heç də optimist yanaşmırlar. Müqayisə üçün əvvəlki nəticələrdən göründüyü kimi, əgər respondentlərin 79,34%-i Azərbaycanda millətlərarası münasibətlərin ümumən yaxşı olduğunu bildirsələr də, əksinə, sorğu iştirakçılarının 72,5%-nin eyni məsələ ilə bağlı regiondakı vəziyyətə münasibəti neqativdir. Heç şübhəsiz ki, bu nəticələrə Azərbaycanın Ermənistanla cəlb edildiyi münaqişə, qonşu Gürcüstanın problemləri, Ukraynadakı son hadisələr və s. öz təsirini göstərib. Yəni sorğuda iştirak edən vətəndaşlarımızın çoxu hesab edir ki, ətrafda nə qədər münasibətlər pis olsa da, düşmənçiliklər, müharibələr getsə də, bu, ölkə daxilindəki münasibətlərə, müxtəlif millətlərdən olan vətəndaşlarımızın ünsiyyətinə, bir-birinə qarşı olan davranışına təsir etməyib, edibsə də, hiss olunacaq dərəcədə olmayıb.
-Postsovet məkanında baş vermiş milli münaqişələrin, separatizmin yaranmasının səbəblərini əhali nədə görür?
-Bu sualın cavablarına istinad edərək belə fikir söyləmək olar ki, sorğuda iştirak edənlərin böyük bir hissəsi (70,29%) postsovet məkanında baş vermiş milli münaqişələrin, separatizmin yaranmasının səbəblərinin daha çox münaqişədə iştirak edən dövlətlərin, xalqların iradəsindən kənar faktorlardan asılı olduğuna inanırlar. Bu cür düşünənlərin də 25,64%-i bunu daha çox SSRİ-dən miras qalmış problemlərlə izah edir. Lakin sorğu iştirakçılarının 44,65%-i bu problemlərin fövqəlgüclər tərəfindən idarə olunduğunu, imperiya və ya böyük dövlətlərin maraqlarına uyğun gəldiyini düşünür (29,69% hesab edir ki, baş vermiş milli münaqişələrin, separatizmin yaranmasının səbəbləri “region dövlətlərini təsir altında saxlamaq istəyindən” irəli gəlir, 14,96%-i isə bunun “parçala, hökm sür” siyasəti, təfriqəçi, qızışdırıcı siyasətinin nəticəsi hesab edir). Bu problemləri münaqişə tərəfləri olan region dövlətlərinin, xalqlarının ayağına yazanların (17,51%) isə 12,29%-i buna “yeni yaranmış dövlətlərin ambisiyaları, psevdopatriotizm ideyalarının”, 5,22%-i “etnik azlıqların diskriminasiyaya uğramaları”nın səbəb olduğunu düşünür. Sorğu iştirakçılarının 6,61%-i anket sorğusunda qoyulmuş bu sualın cavabını “daha çox iqtisadi və maliyyə maraqlarında” axtarırlar, respondentlərin 4,98%-i isə bu məsələyə fərqli yanaşmağa çalışıb, problemin səbəbini müxtəlif yerlərə yozmağa cəhd ediblər.
-Digər millətlərlə münasibətləri yaxşılaşdırmaq üçün hansı üsullardan istifadə etmək lazımdır?
-Aparılan sosioloji-tədqiqat işinin nəticəsi olaraq, araşdırılan problemin aradan qaldırılması üçün mümkün yollar axtarmaq, buna münasibəti öyrənmək vacib məsələlərdən biri idi. Anket sorğusuna salınmış suallardan biri də məhz bu məqsədi daşıyırdı. Bu suala verilən cavablar diqqəti cəlb edir. Nəticələrdən aydın olur ki, sorğuda iştirak edən vətəndaşların böyük əksəriyyəti (87,58%) millətlərlə münasibətləri yaxşılaşdırmaq üçün ən vacib amil “status-kvonun bərpa olunmasını və işğal olunmuş torpaqların azad olunması”nı qeyd edirlər. Yəni sorğu iştirakçıları bu məqsədə nail olmaq üçün, eyni zamanda digər üsullardan istifadə etməyi təklif etsələr də, bu amilin həlledici faktor olduğuna əmindirlər. Başqa sözlə, respondentlər millətlərlə münasibətləri yaxşılaşdırmaq üçün, “status-kvonun bərpa olunması və işğal olunmuş torpaqların azad olunması” ilə yanaşı, 17,86%-i “xalqlar arasında ünsiyyətin genişləndirilməsi”nin, 11,02%-i “sosial-iqtisadi inteqrasiya”nın, 11,95%-i “dövlətlərarası münasibətlərin yaxşılaşdırlması”nı, 20,99%-i “mövcud konfliktlərin sülh yolu həll edilməsi”nin, 40,72%-i “münasibətlərə kənar müdaxilələrin qarşısının alınması”nın, 50,23%-i isə “beynəlxalq qurumların, fövqəldövlətlərin bu məsələyə ciddi təsiri”nin daha səmərəli olacağını düşünür. Sorğuda iştirak edənlərin 8,81%-isə fərqli mövqe sərgiləməyə çalışıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info