“Rumıniya Avropada yaxşı təhsil verən ölkələrdən hesab olunur”
Tarix: 22.06.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Kamran Allahverdiyev : “Digər Avropa ölkələri ilə müqayisədə Rumıniyada irqçilik və digər mənfi xüsusiyyətlər yox səviyyəsindədir”

Musahibimiz Kamran Allahverdiyevdir. Kamran 1995-ci ildə Bakıda anadan olub. 1-ci sinifdən 8-ci sinfə qədər Rumıniyanın Mureş bölgəsi, Reqin şəhərində Auqustin Mayor adına məktəbdə təhsil alıb. Burada təhsilimi alman dili üzrə davam alan Kamran daha sonra lisey illərində 9-cu sinifdən 12-ci sinfə qədər Luçian Blaqa adına Riyaziyyat-İnformatika intensiv ingilis dilli liseydə təhsil alıb. Hazırda Rumıniyada Kluj Texniki Universitetində Mekatronika və Robotika ixtisası üzrə 2-ci kursda bakalavr təhsili alan Kamran Allahverdiyev eyni zamanda Babeş-Bolyai Universitetində Beynəlxalq münasibətlər ixtisasında 1-ci kurs üzrə bakalavr təhsili alır.
-Orta məktəbi Rumıniyada oxumusunuz. Maraqlı keçər məktəb illəriniz.
- Həqiqətən də maraqlı və aktiv keçib. Orta məktəb illərində bir sıra uğurlarım da olub. Maraq üçün bildirim ki, ingilis dili olimpiadalarında bir neçə dəfə 1-ci yeri tutmuşam, informatika sahəsi üzrə 4-cü yer, alman dili üzrə 1-ci yer, Riyaziyyat Olimpiadasında 3-cü yerə layiq görülmüşəm. Bundan başqa, idman sahəsi üzrə də müəyyən mükafatlara layiq görülmüşəm. Misal olaraq, karate üzrə Rumıniya çempionatında 3-cü yerə layiq görülmüşəm. Lisey illərində məktəb basketbol komandasının kapitanı olub və həmin komanda ilə liseylərarası turnirdə 1-ci və 2-ci yerlərə layiq görülmüşük. Təhsil aldığım müddətdə alman, rumın, ingilis, türk dilini səlis öyrəndim.
-İbtidai sinifdən Rumıniyada təhsil aldığınızı dediniz. Yəqin bu, ailəliklə oraya köçməyinizlə bağlıdır?
- Bəli. Qeyd etmək istərdim ki, mən və ailəm artıq 14 ildir ki, Rumıniyada yaşayırıq. 19 ildir ki, Azərbaycandan ayrılmışıq. Atam Natiq Allahverdiyev 2001-ci ildə Rumıniyada “Hayat Holdinqin” “Kastamonu Romania ağac sənaye fabriki”ndə inşaat mühəndisi vəzifəsində işləməyə başladı. O zamandan etibarən ailəmiz ilə birlikdə Rumıniyaya köçdük və bu müddətdə qardaşım Onur Rumıniyada anadan oldu və o da burada təhsilə başladı. Atamın işi ilə əlaqədar Rumıniyada yaşamaq və burada təhsil almaq qərarına gəldik. Onu da deyim ki, ailəm hər zaman mənə hər işdə mənəvi və maddi dəstəyini göstərib.
-Oxuduğunuz ali təhsil ocağından razısınızmı? 
- Əlbəttə. Kluj Texniki Universiteti Rumıniyanın ən tanınmış texniki universitetlərindən biridir. Eləcə də Avropada texniki sahə üzrə nailiyyətlər əldə etmiş bir universitetdir. Universitet 1920-ci ildə yaradılıb. Universitetdə 9 fakültə və 20000-ə yaxın tələbə var. Oxuduğum Mexanika fakültəsində Mekatronika və Robotika ixtisası dövrümüzdə ən önəmli ixtisaslardan hesab olunur. Universitetin diplomu dünyanın bir çox ölkələri tərəfindən tanınır və məzunlara beynəlxalq diplomlar verir. Universitetin Türkiyə, Almaniya, Çexiya, Fransa, İtaliya, Belçika, Koreya, Yaponiya universitetləri ilə ikitərəfli müqavilələri mövcuddur.
Təhsil aldığım digər universitet 1919-cu ildə fəaliyyətə başlayıb və nəinki Rumıniyada, eləcə də Şərqi Avropada olan ən qədim və böyük dövlət universitetlərindən biridir. Oxuduğum Babeş-Bolyai Universitetini rumın və macar xalqlarının ortaq universiteti də adlandıra bilərik. Universitet adını o vaxt Transilvaniyada yaşamış rumın Viktor Bebeş və macar Yanos Bolyainin adlarından götürüb. Universitetin 45 minə yaxın tələbəsi var, bununla da hazırda Rumıniyanın ən böyük dövlət universitetidir.
- Bəs Rumıniya haqqında nələri deyərdiniz?
-Burada yaşadığım 14 il müddətində Rumıniyanın demək olar ki, bütün şəhərlərində olmuşam. Bildiyiniz kimi, Rumıniyada insanlar arasında ortodoks xristian dini üstünlük təşkil edir. Hətta Rumıniya Avropa Birliyi ölkələri arasında ən dindar ölkə kimi qəbul olunur. Mən yaşadığım Cluj-Napoca şəhəri əsasən gənclərin daha çox üstünlük təşkil etdiyi bir yerdir. Bura da digər tipik Avropa şəhərləri kimidir.
Dövlət insanlara və insan haqlarına yüksək səviyyədə dəyər verir. Təhsil və səhiyyə ölkədə pulsuzdur. Tələbələrə yüksək təqaüdlər verilir. Digər Avropa ölkələri ilə müqayisədə burada irqçilik və digər mənfi xüsusiyyətlər yox səviyyəsindədir. İnsanlar öz zəngin tarixləri və mentalitetləri ilə fəxr edir, mümkün qədər onları təbliğ etməyə səy göstərirlər. Ümumiyyətlə Şərqi Avropa ölkələri istər tarixə bağlılıq, istərsə də, mental dəyərlərə hörmət baxımından bizim yerləşdiyimiz region ölkələrinə daha çox bənzəyirlər. Mənim düşüncəmə əsasən buna səbəb onların uzun müddət türk, Osmanlı imperiyasının tərkibində olması ilə bağlıdır. Hətta rumın leksikologiyasında bir sıra türk sözlərindən istifadə olunur.
Rumın iqtisadiyyatı inkişaf etməkdə olan iqtisadiyyatlardan hesab olunur. Xüsusilə, Avropa Birliyinin maliyyə dəstəyi ilə bir çox iri və regional layihələr həyata keçirilir. Bunlar da insanların həyat səviyyəsinin yüksəlməsində əsas faktorlardan biridir.
-Rumıniyada bir neçə televiziya proqramlarına çıxmısınız, bu barədə məlumat verərdiniz?
-Rumıniyada iştirak etdiyim proqramların bir çoxu təhsil haqqında və Rumıniyadakı təhsilin müsbət və mənfi cəhətlərindən bəhs edir. Dareghin kanalında Kristina Moldovan xanımın proqramına School TV-yə dəvət edilmişdim və proqram zamanı Azərbaycan və Rumıniyanın təhsil sistemini müqayisə etdik. Rumıniyanın bu məsələdə Azərbaycandan daha irəlidə olduğu qənaətinə gəldik, çünki məktəblərdə ən azı 3 dildə dərslər tədris edilir. Bunlar rumın, ingilis və opsional dillər yaxud almanca və fransızca.Sadəcə bunlar ilə deyil, Rumıniyada tələbələrin sosial və şəxsi sferada olan həyatları da çox aktivdir, daha sonra Avropanın hər bir ölkəsinə getmək imkanları var çünki Rumıniya Avropa Birliyinə üzv olduğu üçün onlar digər ölkələrə maneəsiz, vizasız daha asan şəkildə səfərlər edə bilirlər. Bunun sayəsində də insanların, tələbələrin vizyonu, dünyaya baxışı daha da genişlənir. Rumıniyada listen sonunda olan imtahanlar Bacalaureat adlanır və bu imtahan Avropanın bir çox ölkələrindən daha çətin keçirilir. Bunu tək mən yox, xaricdə təhsil almış dostlarımda deyirlər. Təhsil sistemləri çox ağır olduğu üçün məncə təhsil sistemlərində bir qədər dəyişiklik etsələr bu Rumın tələbələri üçün çox gözəl fürsət ola bilər. Təhsil sistemlərinin çox ağır olmasına baxmayaraq əgər tələbələr bütün etapları uğurla keçə bilərlərsə yekunda çox gözəl mütəxəssisə çevrilə bilərlər. Buna görə də Rumıniya Avropa ölkələri arasında ən yaxşı təhsil verən ölkələrdən hesab olunur.
-Bəs Azərbaycan təhsil sistemi ilə Rumıniya təhsil sistemi arasında hansısa fərqləri görürsüzünümü?
-Ümumi təhsildən başlasaq, Rumıniya orta məktəbləri artıq bir neçə ildir ki, 12 illik ümumi təhsil sistemi ilə fəaliyyət göstərirlər, ölkəmizdə isə bu, yenilik hesab olunur. Daha sonra bakalavr ixtisası üzrə təhsil Rumıniyada bir çox hallarda və ixtisaslarda 3 il müddətinə həyata keçirilir, ölkəmizdə isə bu, minimum 4, bəzən də 5 il müddətinə həyata keçirilir. Ən əsas məsələlərdən biri budur ki, burada müəllim öz istədiyi sistem ilə istədiyi şəkildə tələbələri və magistrları qiymətləndirir. Yəni fənni tədris edən müəllim semestr ərzində və yaxud yekunda tələbədən istər imtahan şəklində, istər test üsulu ilə, istər esse verməklə, yaxud müxtəlif layihə və təqdimatlar verməklə qiymətləndirə bilər. Ola bilsin, tələbə semestr ərzində çox aktiv fəaliyyət göstərir və müəllim onu yekun imtahandan azad edərək qiymətləndirir. Yəni universitet müəllimə heç cür müdaxilə edə bilməz, müəllim istədiyi tərzdə tələbəni qiymətləndirir. Bizdə isə hər bir universitet konkret tələb qoyur ki, tələbəni bu üsul ilə qiymətləndirmək lazımdır. Buradakı universitetlərdə dərsə davamiyyətə limit qoyulmur. Hətta semestr boyu dərsə gəlməyən tələbə sonda imtahanda iştirak edib, uğurlu nəticə göstərərsə, o fənni mənimsəmiş hesab olunur, lakin digər tələbələr kimi maksimum qiymətlərlə qiymətləndirilə bilməz. Burada fikirləşirlər ki, tələbə azaddır, öz qərarını özü verməlidir və tələbə dərsə gəlmirsə, özünə ziyandır. Çünki fənni yaxşı qavraya bilməyəcək. Bununla belə demək olar ki, tələbə heyətinin 80-90 faizi daimi olaraq dərslərdə iştirak edirlər. Ən alqışlanası məqamlardan biri də odur ki, fakültə rəhbərliyi tələbələrdən müəllimlər barədə “feedback”-lər alaraq onların fəaliyyətini daim diqqətdə saxlayırlar və hər ay ərzində hər bir qrup üçün belə demək mümkündürsə, sorğu ilə ən yaxşı və ən pis tədris edən müəllimlər müəyyənləşdirilir və onlara çatışmazlıqları barədə məlumatlar verilir. 

-Rumıniyada Azərbaycan haqqında nələri düşünürlər?

- Beynəlxalq tədbirlər ev sahibliyi etməyimiz Rumıniyada da diqqətləri Azərbaycana çəkə bilib. Rumıniya və bütün dünyanın gözü 17-19 iyun tarixlərində Bakıya çevrilmişdi. Bu cox qürurverici bir şeydir ki, ölkəmizdə belə Formula 1 kimi səviyyəli yarışlar keçirilir. Bu cür yarışlar və tədbirlər sayəsində bütün dünyanın ölkəmiz haqqında olan baxış dərəcəsi müsbətə doğru dəyişir. Təbii ki, Rumıniyada da Azərbaycanı daha yaxından tanımaq imkanları yaranır. Formula 1 oyunları ölkəmizin müstəqillik qazandıqdan sonra nə qədər sürətlə inkişaf etdiyini, dəyişdiyini, zənginliyini göstərir. Bu tədbirdən sonra Rumıniyanın bütün TV və qəzetlərində Bakıda keçirilən Formula1 yarışları barədə xəbərlər yer almaqdadır.

-Gələcək planlarınız barədə də söz açardınız.
-Yaxın gələcəkdəki planlarım Azərbaycanın Buxarestdəki Konsulluğunda təcrübə keçməkdən ibarətdir. Bundan başqa Kastamonu Romania şirkətində təhsilimi bitirdikdən sonra Mekatronik mühəndisi olaraq işləmək istəyirəm. Bakalavr təhsilimdən sonra sənədlərimi magistratura dərəcəsi və daha sonra isə doktorantura sahələrinə təqdim etmək istərdim. Öyrəndiklərimi və təcrübələrimi ölkəmizə qayıdaraq tətbiq etmək və inkişaf etdirmək arzusundayam.

 
Tural TAĞIYEV





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info