Əlillərin bərpa mərkəzlərinin tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanır
Tarix: 30.06.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “570 min nəfər və ya ölkə əhalisinin 5,96%-i qədər əlilliyi olan şəxs vardır ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır”

Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi proseslərinin geniş vüsət aldığı Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil genişlənir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlü, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir. Bunu əmək və əhalinin sosial naziri Səlim Müslümov “Sosial Həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində bildirib. Nazir əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, valideyn himayəsindən məhrum olmuş uşaqların, ahıl vətəndaşların, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin, insan alveri qurbanlarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlərə toxunub. “Ölkədə sosial xidmət sisteminin təkmilləşdirilməsi, müvafiq sahədə qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, həssas əhali qruplarının maraqlarına maksimum cavab verən alternativ sosial xidmətlərin yaradılması istiqamətində xeyli işlər görülmüş və bu işlər hazırda da davam etdirilir”- deyən S.Müslümov bildirib ki, hazırda Azərbaycanda 570 min nəfər və ya ölkə əhalisinin 5,96%-i qədər əlilliyi olan şəxs vardır ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır. Əlilliyi olan bütün şəxslərə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiya xarakterli müavinətlər və sosial yardımlardan ibarət aylıq ödənişləri nəzərdə tutan səmərəli sosial müdafiə sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə Azərbaycan hökuməti əlilliyi olan şəxslərin minimum maddi ehtiyaclarını qarşılamaqla bərabər onların tibbi-sosial reabilitasiyası üçün kompleks tədbirlər həyata keçirir. Ölkənin bütün ərazisini əhatə edən 15 əlillərin bərpa mərkəzi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir: “Təkcə 2015-ci ildə bu mərkəzlər tərəfindən 7180 nəfər əlilliyi olan şəxsə tibbi-sosial bərpa xidməti göstərilmişdir. Ötən il ərzində Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1194 aşağı ətraf protezi, 1143 ortez, 1710 dirsəkaltı ağac, 3738 əsa, 3923 ortopedik ayaqqabı, 1273 əlil arabası, 539 eşitmə aparatı və s. vasitələr olmaqla, cəmi 34 min reabilitasiya vasitəsi pulsuz olaraq əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara verilmişdir.Eyni zamanda, 2015-ci il ərzində 135 nəfər əlilliyi olan şəxs və 130 sağlamlıq imkanı məhdud uşaq valideynlərindən biri ilə bərabər ölkə hüdudlarından kənarda dövlət hesabına bərpa müalicəsi ilə təmin edilmişlər. Bundan əlavə, son iki il ərzində 1933 nəfər hərbi əlil avtomobillə, 132 gözdən əlil şəxs və 212 nəfər Qarabağ müharibəsi əlili evlə təmin olunmuşlar”. Nazir əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası tədbirlərindən də danışıb: “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müxtəlif peşələrə yiyələnərək əmək bazarına çıxması və ya özünüməşğulluğunu təmin etməsi sosial inteqrasiyanın mühüm elementidir. Hazırda Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa edilən Gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzinin tikintisi başa çatdırılmaq üzrədir. Burada gözdən əlil gənclərə sosial-psixoloji yardım göstəriləcək, onlar müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb ediləcəklər. Mərkəzin yaxın aylarda istifadəyə veriməsi planlaşdırılır. Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud gənclərin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu sübut edir. Mərkəz tərəfindən 2015-ci ildə 378 nəfər 10 peşə istiqaməti üzrə peşə hazırlığına cəlb edilmiş, 214 nəfərə ayrı-ayrı peşələrə yiyələnmələrinə dair sertifikatlar təqdim edilib. Bu gənclərin bir çoxu əldə etdiyi peşə ilə özlərinin məşğulluğunu təmin edərək cəmiyyətə tam inteqrasiya olunmuşlar”.
S.Müslümov bildirib ki, 2014-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ADA Universiteti və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən “Bərabər hüquqlar üçün bərabər imkanlar” devizi altında əlilliyi olan şəxslər üçün Bakı şəhərində və digər yaşayış məntəqələrindəki ictimai yerlərdə (küçə kəsişmələrində, yeraltı keçidlərdə, metro və şəhər nəqliyyatında, hava, avto, dəmiryolu və dəniz limanlarında, məktəb və universitetlərdə, alış-veriş mərkəzlərində və s.) hərəkət və xidmət üçün əlçatarlığın təmin olunması məqsədilə bütün dövlət və ictimai orqanlara gərəkən tədbirlərin görülməsinin tələb olunması barədə müddəaları nəzərdə tutan Memorandum imzalanmış və onun icrası məqsədilə ötən 2 il ərzində böyük işlər görülüb.
Nazir əlavə edib ki, sosial reabilitasiya sahəsində böyük təcrübəsi olan ölkələrdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial model üzrə həyata keçirilir. BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası qeyd edilmişdir. Bundan əlavə 2014-cü ilin aprel ayında BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin Cenevrədə keçirilmiş 11-ci sessiyasında Komitə üzvləri tərəfindən Azərbaycanda əlillərin reabilitasiyasında tibbi modeldən sosial modelə keçid tövsiyə olunub. Buna uyğun olaraq hazırda ölkədə fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq təcrübəyə əsaslanaraq tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info