Uşaq müəssisələrini tərk etmiş uşaqlar üçün hər biri 120 mənzilli daha 2 yaşayış binası tikilir
Tarix: 30.06.2016 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


“Respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Lakin ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər var idi. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub”. Bunu əmək və əhalinin sosial naziri Səlim Müslümov “Sosial Həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində vurğulayıb. Nazir bildirib ki, məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunublar: “Ürək açan məqam ondan ibarətdir ki, internat məktəblərinin məzunları bununla da bir sıra sosial-məişət qayğılarından azad ediliblər. Hətta, cari ilin fevral ayında mənzillə təmin olunmuş iki gənc nikaha daxil olaraq ailə qurub. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssəsədə işlə təmin olunublar. Hazırda gündəlikdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir”.
S.Müslümov daha sonra vurğulayıb ki, ölkəmizdə ildən-ilə güclənən sosial siyasətin mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır. Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilmişdir. 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib.
Nazir penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial inteqrasiyası məsələlərinə də toxunaraq nəzərə çatdırıb ki, həmin kateqoriyadan olan şəxslərin sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə hazırda Qobustan rayonu ərazisində 50 yerlik Sosial Adaptasiya Mərkəzinin inşası başa çatdırılmaqdadır. Mərkəz müəyyən yaşayış yeri olmayan şəxslərin yaşayış yeri ilə təmin edilməsi, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və digər məsələlərlə bağlı işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirəcəkdir. Mərkəzin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur: “2015-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 152 nəfər şəxs üçün azad etmədən əvvəlki 3 ay ərzində həmin müəssisələrdə peşə hazırlığı kursları təşkil olunub, eləcə də cəzasını çəkib azadlığa çıxmış 5823 şəxsin hər birinə ilkin tələbatlarını ödəmək üçün minimum əmək haqqının 4 misli məbləğində müavinət ödənilib”. S.Müslümov insan alveri qurbanlarının sosial inteqrasiyası məsələlərinin də diqqət mərkəzində olduğunu qeyd edib: “Son illərdə insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 77 müraciət daxil olub ki, Mərkəz tərəfindən həmin şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilmiş, onlara tibbi, psixoloji və digər sahələrdə, habelə onların sosial reabilitasiyaslarına, cəmiyyətdə reinteqrasiyalarına, normal həyat tərzinə qaytarılmalarına köməklik göstərilib”.
S.Müslümov bildirib ki, əhalinin sosial xidmətlərə olan ehtiyacları müəyyən edilmiş və buna uyğun olaraq sosial xidmət sahəsində prioritet layihələr müəyyənləşdirilib. UNİCEF-lə birgə əməkdaşlıq çərçivəsində sosial xidmətlərin vahid monitorinq sisteminin yaradılması planlaşdırılır. Nazirlik tərəfindən əhaliyə göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması məqsədilə cari ildə BMT-nin Uşaq Fondunun texniki dəstəyi ilə minimum standartların, monitorinq və qiymətləndirmə meyarlarının hazırlanması işinə başlanılıb. Çətin həyat şəraitində olan şəxslərin sosial inteqrasiyasının təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və institutsional mexanizmlərin təkmilləşdirilməsi və keyfiyyətli sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması məqsədilə Avropa İttifaqının maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vyana şəhəri İşçi Nümayəndəliyi tərəfindən birgə ikiillik (01 iyun 2015 - 31 may 2017) “Sosial xidmət təminatının inkişafı” Tvinninq layihəsi həyata keçirilir: “Hazırda Bütün Avropada geniş müzakirə olunan sosial inteqrasiya məsələlərinin həlli üçün müxtəlif ölkələrdə fərqli yanaşmalar olsa da, ümumi yanaşma bundan ibarətdir ki, hökumətlər öz ölkələrinin əhalisi üçün elə bir şərait formalaşdırmağa çalışmalıdırlar ki, bu şərait daxilində hər bir fərd həm cəmiyyətin sosial həyatına fəal şəkildə qoşulsun, həm də mövcud ictimai norma və dəyərləri rahat qavraya bilsin. Məhz bu şəraiti təmin etmək istiqamətində Azərbaycan Respublikasında həyata keçirilən siyasət bütün məzmunu və forması ilə sosial inteqrasiyanı təmin etməyə yönəlib”.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info