“Azerfon” MMC (“Nar Mobile” ticarət nişanı) “Azərbaycan Hava Yolları - AZAL” və İsveçrənin “OnAir” şirkətləri ilə birgə AZAL-a məxsus təyyarələrdə mobil rabitə xidmətini sərnişinlərin istifadəsinə verib.
AZAL ilə əldə olunan razılaşmaya əsasən, “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayan “Azerfon” şirkətinin abunəçiləri hava məkanında bu xidmətlərdən tam şəkildə faydalana biləcəklər. “Azerfon”, AZAL və “OnAir” şirkətlərinin nümayəndələrinin, eləcə də bir qrup yerli jurnalistin iştirakı ilə martın 7-də reallaşdırılan Bakı-Kiyev-Bakı aviareysində sınaqdan keçirilən mobil rabitə sistemini sərnişinlər də razılıqla qarşılayıblar. “Aerobus-320” tipli təyyarədə təxminən 105 sərnişin olub.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “Azərfon”un təşəbbüsü ilə tətbiq olunan bu yeniliyi əlamətdar hadisə adlandırıb. Dünyanın inkişaf etmiş beynəlxalq şirkətlərində olduğu kimi, AZAL-da da mobil rabitə xidmətinin istifadəyə verildiyini deyən M.Səfərli qeyd edib ki, bu, həm də Azərbaycanın milli aviadaşıyıcısının sərnişinlərinə Novruz bayramı hədiyyəsidir. Doqquz min metr yüksəklikdə uçuş zamanı mobil rabitədən istifadə etmək böyük nailiyyətdir: “Aviaşirkətimiz bu xidməti istifadəyə verməklə MDB məkanında birincidir. Bundan başqa, daim uçuş coğrafiyasını genişləndirən və aviaparkını müasirləşdirən “Azərbaycan Hava Yolları” 6 “Embraer”, 2 “Aerbuss-340” tipli, 2014-cü ildə isə 2 “Boeing-787 Dreamliner” təyyarəsinin alınması ilə bağlı müqavilələr bağlayıb. Alınan yeni təyyarələrdə də bu sistem tətbiq olunacaq”. Hazırda bu xidmət AZAL-ın 5 təyyarəsində tətbiq olunub, sonra isə mərhələlərlə digər təyyarələrdə də quraşdırılaraq istifadəyə veriləcək.
|