“Evlilik öncəsi psixoloji müayinələr peyvənd effekti verir”
Tarix: 01.07.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Fidan Azərqızı: “Abituriyentlər ilə yanaşı onların valideynləri ilə də psixoloji konsultasiyalar aparılmalıdır”

Müsahibimiz psixoloq Fidan Azərqızıdır.
-Deyirlər, fəsillərin insanların psixoloji durumuna ciddi təsiri olur. Bu, nə qədər doğru yanaşmadır?
-Əlbəttə, birmənalı olaraq insanların psixoloji durumu ilə hava şəraitinin əlaqəsi var. Müxtəlif fəsillərdə insanların psixoloji durumunda müəyyən dəyişiklik baş verir. Məsələn, soyuq aylarda insanlarda depressiyalara daha çox rast gəlinir. İnsanlar digər fəsillərə nisbətdə, qışda daha neqativ düşüncələrə köklənir. İntihar statistikalarını araşdırsaq, bu fəsillərdə intihar saylarının daha çox olduğunu görərik. Hətta ailədaxili münaqişələrdə belə, il ərzində bu münasibətlər dəyişə bilir. Qısası tələbə, ana, ata, azyaşlılar, yaşlı adamlar və s. kateqoriyalardan olanlar ilboyu özlərini fəsillərə uyğun stresslərdə hiss edə bilərlər. Bu, təbii haldır.
-Elə isə yay fəslində daha çox hansı psixoloji pozuntular olur?
-Yay fəsli gün işığının ən çox olduğu bir fəsildir. Bildiyiniz kimi, qaranlığın, işığın, günün qısa və ya uzun olmasının da insanların həyat fəaliyyətinə müxtəlif təsirləri olur. Yay aylarında gün işığının çoxluğu insanlarda serotomin adlanan xoşbəxtlik hormonunun artmasına kömək edir ki, bununla əlaqədar əksər adamlar daha pozitiv olurlar. Yəni istilər, gün işığı əslində pozitivliyə, müsbət enerjiyə gətirib çıxarır .
Digər tərəfdən isə həddən artıq isti emosionallığı da artırır ki, bu da öz növbəsində çılğınlıq və aqressivlik də yarada bilir. İnsanlar hadisələrə daha ani və düşünmədən reaksiya verirlər. Müşahidə aparsaq, insanlar arasında anlaşılmazlıqların və kütləvi davaların məhz yay fəslində daha çox olduğunu da görərik. Ən əsası, hər birimiz öz psixoloji sağlamlığımızı qorumalıyıq ki, istənilən hava şəraitində xoşagəlməz hadisələrdən və sonra baş verəcək peşmançılıqlardan uzaq olaq. Səbirlə hadisələrə yanaşmalı, soyuq başla qərar verməliyik. Ətrafımızda aqressiv kütlə və ya tək-tək insanlar, onların davranışlarını müşahidə etdikdə öz psixoloji durumumuzu pozmadan ağılla hərəkət etməliyik.
-Son zamanlar gənc ailələrdə problemlərin daha çox olması məsələsi daha çox qabardılır. Hətta erkən boşanmalarla bağlı da xəbərlər çox gəlir. Bütün bunlarda psixoloji amillərin nə dərəcədə rolu var? Ümumiyyətlə, gənclər ailə quran zaman psixoloqa müraciət etməlidirmi?
-Haqlısınız və çox həssas bir mövzuya toxundunuz. Sadəcə bir məqamı diqqətinizə çatdırım ki, bir çox Avropa ölkələrində ailə qurmağa hazırlaşan gənclər fiziki müayinələrlə yanaşı, psixoloji müayinədən də keçirlər. Çox zaman bunu gənclərimizə dedikdə, “biz sevirik, əgər uyğunsuzluq olarsa, biz sevgimizdən vazmı keçməliyik”, deyirlər. Bu düşüncələrin qorxusu ilə əksər gənclərimiz evlilik öncəsi psixoloji müayinələrdən çəkinirlər. Sadəcə bunun mahiyyətinin bu amildən ibarət olmadığını demək istəyirəm. Evlilik öncəsi psixoloji müayinələr bizə uşaq vaxtı xəstəliklərə qarşı olunan peyvəndlərə bənzəyir. Psixoloji müayinələrdə də, qızla oğlan tanış olanda hər ikisi pislərindən deyil, yaxşılarından danışır. Ancaq ailə psixoloqu tərəflərlə iş aparanda genoqram hazırlayır və gələcəkdə quracaqları ailələrdə hansı xoşagəlməz situasiyalar ilə qarşılaşacaqları deyilir . Həmin hadisələr ilə qarşılaşanda həmin problemlərdən çıxış yolunu tapmaq daha asan olur. Psixoloqlar ailədə yaranacaq böhran dövrləri haqqında məlumatlandırırlar və nəticədə boşanmaların sayı minumuma endirilir.Qısası, inkişaf etmiş əksər ölkələrdə olduğu kimi, yaxın illərdə bizdə də ailə psixoloqlarının olması labüddür.
-Bəs müasir Azərbaycan ailəsində münaqişələrin əsas səbəbləri nədir? 
- Əslində səbəblər çoxdur. Ən xırda problemdən tutmuş ciddi məsələlərə qədər Azərbaycan ailələrində münaqişələr yaranır. Bu, ümumən insanların xarakteri ilə bağlı məsələlərdir. Bəzən lazımsız bir məsələdən böyük bir problem yaranıb, ailənin dağılması həddinə qədər hər şey şişə bilər. Amma mental dəyərlər də ailələrdə münaqişələrə səbəb ola bilir. Məsələn rus, ingilis və ya çinli ailəsinin problemləri ilə Azərbaycan ailəsinin problemləri, yaranan münaqişələr əksər hallarda eyni ola bilməz. Dediyim kimi, ailədaxili münasibətlərin müxtəlif səbəbi var. Öncə, cütlüklərin bir-birini tanımaması, xarakterlərində, dünyagörüşlərində, yaş fərqlərində olan böyük fərqlər, cinsi həyatlarında olan uyğunsuzluq və. s xüsusən Şərq üçün daha spesifik kənar təsirlərdir. Yaxın qohumların, dostların verdiyi məsləhətlər, ailələrə edilən təsirlər, övladlarını qarşı tərəfə qısqanmaq və sair təsirlər isə bizdə ailələrdə yaranan münaqişələrin 50 faizinin əsas səbəbləridir. Yəni bu amillər böyük təsir edir. İnsanların ailələrində müstəqil qərar vermələri üçün şərait yaratmaq, öz ailələrini öz qanunları ilə və öz düşündükləri kimi qurmağa şərait yaratmaq lazımdır. Gənc ailələrimiz yaxud da münaqişə yaşayan cütlüklərimiz professional ailə psixoloqlarına müraciət etməlidir. Çıxış və həll yolunu mütəxəssislərin köməyi ilə özləri həll etməlidirlər.
- Sosial şəbəkələr insan həyatının bir hissəsinə çevrilib. Bunun insanlara, ailələrə təsirini necə dəyərləndirərdiniz?
-Sosial şəbəkələr insanların, eləcə də cütlüklərin lazımi informasiya qəbulunda müsbət rol oynaması ilə yanaşı onların artıq bütün günü bir –birini izləməsinə də şərait yaradır. Cütlüklər sosial şəbəkələr vasitəsi ilə qarşı tərəfin dost siyahısında olan insanlara, hansı insanları bəyənməsinə, münasibətlərindən əvvəlki dövrlərdə olan paylaşımlara və s. sağlam olmayan bir şəkildə müdaxilə edərək münasibətdə problemlər yaradırlar. Bir qrup insanlar bu problemlərdən çıxış yolunu ortaq “Facebook” hesabı açaraq və bu hesabdan xüsusilə birlikdə çəkdirdikləri fotoşəkilləri paylaşaraq yaxud da bir-birilərinə öz hesablarının şifrələrini verərək güvən qazanmağa çalışırlar. Lakin bu addım mənim də dəstəkləmədiyim bir davranış formasıdır. Hətta günümüzdə ayrılıqların digər səbəblərindən biri də cütlüklərin bir –birini sosial aləmdən təcrid etmələridir.
-Ailələrin dağılmasında qısqanclığın da rolunun olduğunu deyirlər. Necə düşünürsünüz, qısqanclıq sevgi əlamətidirmi?
-Xeyr, qısqanclıq itirmək qorxusudur. Dolayısı ilə deyə bilərik ki, qısqanan şəxs sevdiyi üçün qarşı tərəfi itirmək istəmir. İtirmək istəmədiyi üçün də qısqanır.Təbii ki,söhbət əksər insanların yaşadığı patoloji qısqanclıqdan getmir. Belə insanlar çox zaman sadəcə öz fantaziyalarının məhsulu olan ssenarilər quraşdırıb qarşı tərəfi qısqanırlar. Bu da müəyyən zamandan sonra münasibətlərin bitməsinə gətirib çıxarır.
-İmtahanlar öncəsi psixoloqlarla abituriyent və ya tələbələrin təmasda olması ənənəsi bizdə formalaşıbmı? Ümumiyyətlə, bu, nə qədər əhəmiyyətlidir?
-İmtahanöncəsi stressin aşırı olması abituriyentlərin imtahanda yüksək nəticə göstərmələrinə əngəl törədən əsas faktordur. Bəzən dəfələrlə şahidi olmuşuq ki, sınaqlarda yüksək nəticə göstərən, yaxud da müəllimlərin yüksək nəticə gözlədikləri abituriyentlər imtahanda gözlənilən nəticə vermirlər. Onlar həyəcandan bildikləri məlumatları unudurlar, yaxud cavabların qeyd olunmasında cavab kartında səhvlərə yol verirlər. Ən pis halda hər hansı somatik əlamətlər özünü göstərir və imtahandan uzaqlaşmaq məcburiyyətində qalırlar. Bunların yaşanmaması üçün abituriyentlər ilə imtahan öncəsi fərdi və qrup terapiyaları aparılır, bu kimi halları yaradan səbəblər aradan qaldırılır. Əkər vaxt bu kimi hallar özünəimansızlıqdan və ətrafın düzgün olmayan təsirindən yaranır. Onun üçün abituriyentlər ilə yanaşı onların valideynləri ilə də psixoloji konsultasiyalar aparılmalıdır.
-Bəs abituriyentlərə eləcə də tələbələrə imtahan öncəsi hansı məsləhətləri görərdiniz?
-Qidalanma və yuxu rejimi imtahan öncəsi xüsusi diqqət olunmalı , təbii, vitaminli qidalara üstünlük verməlidirlər. Stress yaradan stiuasiyalardan uzaq durmalıdırlar.Daha çox pozitiv enerji verən işlərlə məşğul olmalıdırlar və təbii ki, psixoloqla məsləhətləşsələr əla olar.
Tural TAĞIYEV





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info