Elsiz qalanların “El”çiliyi
Tarix: 07.03.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Namazovun mövqeyi ilə
bizim mövqeyimiz ayrıdır”


Əli Əliyev: “Eldar Namazov daha çox mövsümi fəaliyyət göstərir”

Seçkilər ərəfəsində hər cür xarakterə və reputasiyaya mənsub insanların aktivləşməyə və siyasi kampaniyalardan istifadə edərək mövsümi “dividend”lər əldə etməyə, para qazanmağa çalışdığı müşahidə edilir. Bu dəfə də “ziyalılar forumu” adlı qurumun üzvü və təsisçilərindən biri olan E.Namazov belə bir ampluadadır. Əslində bu dəfə yox, hər seçkidən seçkiyə o, bu ampluada uğursuz şəkildə çıxış edib. Bu dəfə də o, “yeni” adı ilə kamuflaj olunaraq bir qurum yaradacağını bildirib. Belə ki, E.Namazov mətbuata açıqlamasında bildirib ki, martın 12-də “EL” adlı “yeni” hərəkat elan olunacaq. O, iddia edib ki, ölkədə, siyasi düşərgədə onun yaradacağı quruma “çox böyük maraq var”. Bu marağın və ümumiyyətlə, onun “qurum”u ilə bağlı məlumatın müxalifət düşərgəsində nə dərəcədə olduğu ilə bağlı aşağıda bildirəcəyik.
Birinci isə E.Namazovun özü ilə bağlı kiçik bir arayış vermək yerinə düşər. Belə ki, bu adamın indiyə qədər “yeni” adı altında hər siyasi kampaniya ərəfəsində müxtəlif qurumlar yaratdığı barədə bildirilib. Hər dəfə də bu adam həmin qurumlarla siyasi uğursuzluqlara düçar olub. Məsələn, indiyə qədər “Azərbaycan naminə ictimai forum”, “YES” kimi qurumlarla heç bir siyasi məqsədə nail ola bilməyib. Çünki “yeni”ni yaratmaq prinsipi və onun təqdimatı ilə iş bitmir. Əsas məsələ onu yaradan qüvvənin kimliyidir. E.Namazov isə bu cür qurumları yaratdığına və gurultulu adlarla təqdim etdiyinə baxmayaraq, siyasi qüvvə və ya siyasətçi kimi cəmiyyətdə tanınmır. Onun siyasətçi kimi heç bir nüfuzu yoxdur. Ona görə də onun yaratdığı qurumlar həmişə elektoratsız olub, bu cür qurumlar “bir sədr, bir papka”dan ibarət olmaqla heç kimi ətrafına cəlb edə bilmədiyi üçün müxalifətdəki digər qurumlardan da betər, cəmiyyətdə qeyri-ciddi qarşılanıb və uğursuzluqlara yuvarlanıb. İkincisi isə E.Namazovun öz reputasiyası ilə bağlıdır. Eldar Namazov onu tanıyanların çevrəsində reneqat kimi qəbul edilir. Bu isə onun dəfələrlə bir siyasi qütbdən o birinə “çevik” keçidlər etməsi və siyasi dönüklüyü ilə əlaqədardır. Bu baxımdan da onun əməkdaşlıq cəhdlərinə baxmayaraq, siyasi qüvvələr bu reneqat reputasiyalı şəxslə işbirliyi qurmağa həvəs göstərmirlər. Çünki Namazovun reneqatlıq səriştəsinin bu dəfə onları hədəfə alacağından ehtiyatlanırlar. Bu azmış kimi, onun təmsil olunduğu “ziyalılar forumu”ndakı R.İbrahimbəyov, Əkrəm Naibov kimiləri də Azərbaycan cəmiyyətində milli məfkurəyə və milli mənafeyə yad və zidd insanlar kimi dəyərləndirilir - onların əməlləri və xarakteri ilə bağlı KİV-də kifayət qədər məlumat gedib. E.Namazovun məhz onlarla işbirliyi isə onun reneqatlıq “məziyyətlərini” daha da artırmış olur. Yəni E.Namazov təkcə vaxtilə silahdaşlarına dönük çıxdığına görə yox, həm də millətə reneqatdır...
Başqa bir məqam isə “El” adlı qurumun elan olunacağı ərəfədə R.İbrahimbəyovun ölkəni və siyasəti tərk etməsi ilə bağlı açıqlamasıdır ki, bu da birmənalı olaraq həm də E.Namazovun R.İbrahimbəyov tərəfindən tərk edilməsi kimi anlaşılır. Bu cür ən çox güvəndiyi silahdaşı tərəfindən tərk edilməsi “El”in elan edilməsini bir az da əhəmiyyətsiz edir. Çünki R.İbrahimbəyov da indiyə qədər bu qurumun yaradıcılarından biri kimi çıxış edirdi. İndi isə E.Namazov onsuzda bircə “papkası” ilə meydanda təkdir. Bu, hələ elan olunmamış həmin qurumun indidən uğursuzluğunu daha çox büruzə vermiş olur.
Yaxud E.Namazovun müxalifət düşərgəsində mövcud olan siyasi partiyaların heç biri ilə işbirliyinə getməməsi, eyni zamanda onun müxalifət düşərgəsində hər hansı bir qurumla seçkidə birgə çıxış etməsinin üstündən xətt çəkir. Onun bu qurumu faktiki olaraq digər müxalif partiyalar və qurumlarla rəqabətdə olacaq. Əlbəttə ki, əgər ola bilsə. Bu isə müxalifətdə əlavə səs parçalanması, düşərgədə seçki üçün daha bir namizədin meydana çıxması və müxalifətin seçkidə namizəd siyahısının daha da uzanmasına “xidmət” edəcək. Elə bütün qeyd edilənlərə görədir ki, müxalifət düşərgəsində ona qarşı müsbət münasibət yoxdur. Məsələn, qəzetimizə bununla bağlı açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, “El” adlı bir qurumun məramından, şüarlarından xəbərsizdir. O, bu qurumun yaradılması ilə bağlı tədbirə dəvət almadığını da bildirdi. Səbəbini belə izah etdi: “Görünür, onlar fərqli, biz isə fərqli cür düşünürük və onların mövqeyi ilə bizim mövqeyimiz ayrıdır”. Eləcə də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bizə qeyd etdi ki, belə bir qurumun nə məqsədləri, nə də mövqeyi hələ bəlli deyil: “Hər bir insanın siyasi proseslərdə iştirak hüququ var. O cümlədən də Namazovun. O, əvvəllər nə qurumlar yaradıbsa, təkbaşına özünü gündəmə gətirməyə çalışıb. Onun heç bir konkret qurumu və elektoratı olmayıb. O, indi də demək olar ki, təkbaşına fəaliyyət göstərir. Yaratdığı yeni qurumu da zamanın ixtiyarına buraxmaq lazımdır. Gözləmək lazımdır ki, onun mübarizə vasitələri və məqsədlərinin nədən ibarət olduğunu bilək. Mən onun məramını bilmirəm. Seçki ərəfəsində onun bu qurumu yaratması, yəqin ki, seçkidə iştiraka hesablanıb”. Ə.Əliyev qeyd etdi ki, o da Namazovun elan edəcəyi qurumun təqdimatına dəvət almayıb: “Bizim onun hər hansı məramından xəbərimiz yoxdur. Mən onun istədiyini bilmirəm. Deyərdim ki, Eldar Namazov daha çox mövsümi fəaliyyət göstərir. Belə ki, seçkidən seçkiyə fəal görünmək istəyir. Onun hansı işi görmək istədiyini proqnozlaşdırmaq bir qədər çətindir”.
Ümumiyyətlə isə Ə.Əliyev müxalifətdə bu cür prinsiplərlə hər hansı qurumların yaranmasının düşərgənin parçalanmasına xidmət etdiyini bildirir: “Bu cür parçalanmalarla müxalifətin seçkilərdən uğur gözləməyinin mənası yoxdur. Konkret Namazova gələndə isə o, 2008-ci ildə də bəyanatlar verirdi ki, seçkilərə qatılacaq. O, həmin il seçkiyə qatılmayacağını ən gec bəyan edən potensial namizəd oldu ki, bununla da seçkiyə qatılacağı ilə bağlı vədindən döndü. Onun bu hərəkətinin pərdəarxası məqamları ilə bağlı danışmaq istəmirəm”.
Bu cür fikirlər müxalifət nümayəndələrinin də E.Namazovun reneqat xarakterinə yaxşı bələd olduğunu ortaya qoyur...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info