İctimai və dövlət maraqlarının müdafiəsi
Tarix: 05.07.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Dövlət və ictimai maraqların təmin olunması müasir dövrün ən mühüm məsələlərindən biri kimi qarşımızda dayanır. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr yanaşmalar var.
Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün həyatı vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yeni yanaşma tələb edir.

Vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir
Prezident Administrasiyasının rəhbəri, AMEA-nın akademiki Ramiz Mehdiyev “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” adlı məqaləsində qeyd edir ki, qlobal proseslər müəyyən mənada milli dövlətlərə çağırışlardır: “Qloballaşma bir sıra siyasi qərarların və tədbirlərin nəticəsi olaraq, bəşəriyyəti zəmanəmizin əsas ziddiyyətinə - dünyada ictimai münasibətlərin artmaqda olan qloballaşması ilə milli dövlət qurumları arasında ziddiyyətə gətirib çıxarıb. Ümumi rifah ideyasına etinasızlıq, demokratiyanın geri çəkilməsi və milli dövlətin oyundan çıxarılması qlobal proseslərin inkişafında gözlənilməzlik oldu. Azərbaycanda siyasi və sosial-iqtisadi sahələrdə islahatların aparılması ölkədə qeyri-hökumət təşkilatlarının, insan hüquqları ilə bağlı cəmiyyətlərin, vətəndaş cəmiyyətinin varlığını təcəssüm etdirən digər strukturların fəal inkişafına əlverişli şəraitin yaradılmasına kömək edib. Azərbaycan dövləti vətəndaşlarımızın yaşamaq hüququna, milli təhlükəsizliyə və sosial-iqtisadi inkişafa təminat verən yeganə siyasi təsisatdır. Dövlət olmadan ictimai tərəqqi mümkün deyil”. Deməli qloballaşmanın ciddi təsirləri və fəsadlarını minimuma endirmək üçün güclü dövlət təsisatı olmalı və bu yolla ictimai və dövlət maraqlarını uzlaşdırmaq mümkündür. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə parlamentdə insan hüquqlarına dair dinləmələrdəki çıxışında qeyd edib ki, demokratiya, vətəndaş cəmiyyəti ilə bağlı məsələlər sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə sıx bağlıdır. Bu gün ölkəmizdə 55 siyasi partiya, 3 minə qədər qeyri-hökumət təşkilatı, sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları və s. vətəndaş cəmiyyəti təsisatları sərbəst fəaliyyət göstərir. Əli Həsənov deyib ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının ictimai maraqlara xidmət göstərməsi üçün hərtərəfli şərait yaradır: “Respublikamızda 5 mindən artıq KİV müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib. Bu gün ölkəmizdə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları fəaliyyət göstərir. Hazırda ölkə əhalisinin 75 faizi internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərinin sayı isə 2 milyonu ötüb. İnsan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin ali məqsədidir”. Bəs, ekspertlər bu məsələni necə dəyərləndirirlər?

“İctimai maraqların qorunması özündə səmərəli ictimai nəzarəti ehtiva edir”
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Palitra”ya açıqlamasında bildirdi ki, ictimai maraqların müdafiəsi hər bir dövlət üçün mühümdür: “Dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyalarının sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnun tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zaman “bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını yaratmaqla dövlət vətəndaşların bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır. Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlbi ilə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. “İctimai iştirakçılıq haqqında” qanunun qəbul edilməsi bu sahədə irəliyə doğru atılan çox əhəmiyyətli addım oldu. İctimai maraqların qorunması özündə səmərəli ictimai nəzarəti ehtiva edir. Bu qanun məhz belə effektiv ictimai nəzarət mexanizmlərinin yaranmasına yol açır. İctimai maraqların dərk olunması, qorunması, aktullaşdırılması, həmçinin dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının müntəzəm dialoqunu tələb edir. Bu qanunun tətbiqi bu vaxta qədər ictimai maraqların ifadə olunması, qorunması sahəsində əldə olunan təcrübə və potensiala söykənərək yeni uğurlar əldə etməyə imkan verəcək. Həmçinin bu istiqamətdə təşəbbüslərə ictimai maraqların qorunması ilə bağlı milli-mənəvi dəyərlər sistemində kök salan ictimai maraqların qorunması ənənələri də mühüm rol oynayacaq”. Ekspert bildirdi ki, hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması prosesi davam edir: “Doğrudur, bu proses vətəndaş cəmiyyətinin gözlədiyindən daha ləng gedir. Bunun obyektiv və subyektiv səbəbləri var. Nəzərə almaq lazımdır ki, bu təsisatın yaranması Azərbaycan üçün yeni təcrübədir və təbii ki, çətinliklər olacaq. Amma ictimai nəzarətin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi, ictimai maraqların daha səmərəli müdafiəsi ilə güclü siyasi iradə var. Prezident son zamanlar dəfələrlə ictimai nəzarətin vacibliyi ilə bağlı açıqlamalar verib, ictimaiyyətə çağırışlar edib. Digər tərəfdən Prezidentin sərəncamı ilə qəbul edilən “Açıq hökumətin təşviqi üzrə 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planında” ictimai iştirakçılığın genişləndirilməsi ayrıca bölmədə əks olunub”.
“Mətbuatın ictimai və dövlət maraqlarının müdafiəsi zamanı öhdəliyi var”
“Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev bildirdi ki, ictimai və dövlət maraqlarının müdafiəsi ölkənin bütün vətəndaşlarının məsuliyyəti məsələsidir: “Amma bəzi peşə sahibləri də var ki, bu maraqların nəinki müdafiəsi, hətta qorunması ilə məşğul olmalıdırlar. Məsələn, deyək ki, sosial sahədə əsas milli maraq əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsidirsə, hərbi sahədə əsas milli maraqlar dövlətin müdafiə qüdrətinin artırılmasıdır. Xüsusi peşə sahibləri də var ki, ictimai və dövlət maraqlarının müdafiəsindən bilavasitə cavabdehdirlər. Təbii ki, onlardan da biri mətbuat nümayəndələridir. Müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edildi, müvafiq fərman və sərəncamlar imzalandı. Görülən bu kimi işlərə jurnalistlər tərəfindən adekvat cavab isə ölkənin informasiya sahəsində əsas milli maraqları təmin edən məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması prosesi olmalıdır. Eyni zamanda mətbuatın ictimai və dövlət maraqlarının müdafiəsi zamanı həm dövlətə məxsus informasiyanı, həm də vətəndaşı informasiyadan qorumaq kimi öhdəliyi var. Biz buna nə dərəcədə nail oluruq, bu başqa mövzunun müzakirə predmetidir, əsas prinsiplər isə belə olmalıdır”.

“Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün dövlət güclü olmalıdır”
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bildirdi ki, hər bir dövlət üçün onun maraqları, ictimai maraqlar çox mühüm əhəmiyyət kəsb edir: “Dövlətin maraqları dedikdə onun siyasi-iqtisadi-hərbi-təhlükəsizlik kimi maraqları nəzərdə tutulur. Dövlətin maraqları ilə ictimai maraqlar bir-biri ilə sıx bağlıdır. Onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Cəmiyyətdə sabitliyin olması ictimai maraqların təmin olunması baxımından əhəmiyyətlidir. Sabitlik olan yerdə inkişaf olur. Azərbaycan dövləti ictimai maraqların təmin olunmasına böyük önəm verir. Biz bu gün dövlətin həyata keçirdiyi təhsil-səhiyyə-gənclər-idman siyasətinə diqqət etdikdə dövlətin bu məsələyə necə diqqət ayırdığının şahidi oluruq. Dövlət bu sahələrə böyük diqqət ayırmaqla cəmiyyətin maraqlarını təmin etmiş olur. Bəzi Qərb politoloqları bu iki sahəni bir-birindən ayırırlar. Amma elə həmin politoloqların da qeyd etdiyi maraqların-vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün dövlət güclü olmalıdır. Ancaq dövlət güclü olanda, qanunların işlək mexanizmi olduqda vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasından danışmaq olar. Bu gün Azərbaycan dövləti ictimai maraqların təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində xeyli iş görür. Vətəndaş cəmiyyəti institutlarının, KİV-in inkişafına dövlət böyük dəstək verir. Hər iki sahənin inkişafı ilə Prezident yanında fəaliyyət göstərən şura və fond yaradılıb və dövlət həmin sahələrin inkişafını maliyyələşdirir. Yəni dövlət özü vətəndaş cəmiyyəti institutlarının, azad medianın inkişafında maraqlıdır. Bunu həyata keçirmək üçün isə dövlət güclü olmalıdır, onun iqtisadiyyatı güclü olmalıdır. Dövlət və onun iqtisadiyyatı zəif olanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına o qədər də çox diqqət ayrılmır. Ölkə Konstitusiyasında təsbit olunan vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını ən yüksək səviyyədə həyata keçirir. Yəni dövlət və ictimai maraqların təmin olunmasını bir-birindən ayırmaq olmaz. Onlar bir-birilə sıx bağlıdır. Bunu reallaşdırmaq üçün isə dövlət mütləq güclü olmalıdır”.
Anar Miriyev

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir
19.10.2019
“Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək”
19.10.2019
Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19.10.2019
İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir
19.10.2019
Naxçıvan nümayəndəsinin şəhərimizə səfəri gələcək əməkdaşlıq üçün çox vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info