IBM şirkətində çalışan gənc həmyerlimiz
Tarix: 05.07.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Rəşad Mehbaliyev:
“IBM-in məh-sullarından Azərbaycanda daha çox istifadə olunarsa, istər dövlət sektorunda, istərsə də özəl sektorda İKT avadanlıqları və proqram təminatı çox müsbət nəticələr göstərə bilər”

IBM şirkətinin Budapeştdəki ofisində çalışan gənc həmyerlimiz Rəşad Mehbaliyevlə müsahibəni təqdim edirik
- Öncə özünüz haqda məlumat vermənizi istərdik.
-Mən 2009-cu ilin avqustunda Macarıstanın paytaxtı Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində (Central European University) təhsil almaq üçün bu ölkəyə gəlmişəm. 2 il ərzində bu ali məktəbdə İqtisadiyyat üzrə magistratura təhsilini aldıqdan sonra dünyanın ən böyük və nüfuzlu şirkətlərindən olan IBM-də iş təklifi aldığımdan burada qalmağa qərar vermişəm. Artıq 4 ildən çoxdur ki, o şirkətin Budapeştdəki ofisində çalışıram. Vəzifəm postsovet məkanı və Türkiyədə şirkətimizin kredit risklərinin analizi və biznesinin inkişafına dəstək verməkdən ibarətdir. Gəldiyim vaxtdan burada yaşayan, işləyən və təhsil alan gənclərlə əlaqə saxlayıram, diasporumuzun tədbirlərində iştirak etməyə çalışıram, eləcə də onlara dəstəyimi göstərirəm. 2012-ci ilin dekabrında təsis olunmuş Macarıstan-Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvü seçilmişəm. Bu təşkilatın daimi fəaliyyətində və Macarıstanda əlaqələrinin qurulmasına və tanınmasına çalışıram. Bundan əlavə, boş vaxtlarımda Macarıstanda təhsil almaq istəyən gənclərə, eləcə də burada iş qurmaq istəyən azərbaycanlı sahibkarlara da kömək edirəm.
-IBM olaraq Azərbaycanda hansı İKT işləri görmək olar?
- Mən IBM-də kredit risklərinə cavabdehəm, ona görə IBM-in Azərbaycana uyğun hansı məhsullarının və layihələrinin olmasını detallarına qədər bilmirəm. Amma onu deyə bilərəm ki, bütün dünyada IBM ağıllı və effektiv idarəetməni tətbiq edən layihələrlə məşhurdur. Düşünürəm ki, IBM-in məhsullarından Azərbaycanda daha çox istifadə olunarsa, o zaman istər dövlət sektorunda, istərsə də özəl sektorda effektiv idarəetmə və resurslara qənaəti dəstəkləyən İKT avadanlıqları və proqram təminatı çox müsbət nəticələr göstərə bilər.
-Macarıstan İKT baxımından nə dərəcədə öndədir?
- Qonşu ölkələrlə müqayisədə kifayət qədər öndədir, lakin, əlbəttə ki, Almaniya, Estoniya və ya Sinqapur qədər irəli getməyi üçün daha innovativ olmasına və müxtəlif islahatların həyata keçirilməsinə ehtiyac var. Hazırda dövlət tərəfindən İKT sahəsində tədqiqatlara ciddi yardımlar və iqtisadi güzəştlər var, bu səbəbdən innovativ İKT məhsullarının həm kəmiyyəti, həm də keyfiyyəti artmaqdadır. Gənc əhalinin əksəriyyəti ödənişləri, istifadə etdikləri nəqliyyatın qrafikini, eləcə də bir çox digər işləri mobil telefonlardakı app-lər vasitəsilə edirlər. Onların bəziləri (Balabit, Prezi, Ustream və s.) təkcə regionda deyil, artıq dünya bazarına da çıxaraq uğur qazanıblar. Bu yaxınlarda IBM məşhur Macarıstan start-up-ı olan Ustream-i aldı. Hazırda Macarıstanda start-up mühiti daha da güclənməkdədir, bir neçə ildən sonra Budapeştin Avropanın start-up paytaxtı olacağı gözlənilir.
-Macarıstan öz təhsilində hansı keyfiyyətinə görə fərqlənir?
-Səbəblər çoxdur, mən əsas olaraq aşağıdakıları qeyd edərdim:
- Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən təhsil sistemi (Macarıstan dünyada adambaşına ən çox Nobel mükafatıçısı yetişdirmiş ölkələrdən biridir);
- Əcnəbi tələbələr üçün ingilis, fransız, alman və macar dillərində tədris proqramları;
- Avropa Birliyi və Şengen zonasında çox münasib təhsil və yaşayış xərcləri;
- Təhsil alan zaman və məzun olduqdan sonra Avropada işləmək və yaşamaq imkanının olması səbəbindən nəzəri biliklərin təcrübədə tətbiqinə şərait yaradılması və s.
-İKT-nin tətbiqi Macarıstan təhsilinin inkişafına nə kimi kömək edib?
- Əlbəttə ki, köməyi çox olub və bunu göstərmək üçün, sadəcə, bir misal deyəcəm. Tələbə və müəllimlər internet üzərindən “Neptun” və “Moodle” sistemləri vasitəsilə tədrislə bağlı əksər prosesləri idarə edə bilirlər. Qısaca izah etsəm, hər bir tələbənin “Neptun” sistemində özünün onlayn hesabı olur və imtahanları üçün həmin sistem üzərindən qeydiyyatdan keçir, şəxsi məlumatlarını daxil edir, hətta təqaüdünün hesabına oturub-oturmadığını belə, o sistemdən öyrənə bilir. “Moodle” sistemi isə müəllimlərlə tələbələri eyni onlayn platformada birləşdirir. Müəllimlər mühazirə materiallarını və digər əlavə məlumatları “Moodle” platformasına yükləyirlər, tələbələr oradan həmin məlumatları əldə edib tədris üçün istifadə edirlər. Məsələn, testlər, imtahan qiymətlərini bu sistemdən öyrənə bilərlər. Bu da tədris prosesini idarəetmə zamanı həm tələbələrin, həm də müəllimlərin vaxtına qənaət deməkdir. Qənaət olunmuş vaxtını isə onlar elmi yaradıcılığa sərf edə bilərlər.
-Azərbaycanlı gənclər olaraq birgə hansı tədbirlər keçirirsiz?
- Burada olan gənclərin əksəriyyəti tələbə olduğundan və nüfuzlu ali məktəblərdə təhsil aldığından boş vaxtları az olur. O baxımdan tədbirlər keçirmək və hamını cəlb etmək çox çətin olsa da, müxtəlif qruplar üzrə görüşlər təşkil edirik, onların bir-biri ilə tanışlığına və gələcəkdə dəstək olmasına yardım edirik. Mən, artıq, demək olar ki, 7 il burada yaşadığımdan onlara daha çox cəmiyyətə inteqrasiya olunmaqda, macar dilini öyrənməkdə, yerli əhalinin mentalitetini anlamaqda kömək olmağa çalışıram. Ən son keçirdiyimiz tədbir isə bu ilin aprelində Qarabağda müharibənin alovlanmasına səbəb olan Ermənistanın dinc əhalimizə hücumuna etiraz üçün keçirdiyimiz etiraz mitinqi olub. Yüzdən çox azərbaycanlı gənc Budapeştin mərkəzi Qəhrəmanlar Meydanında şüarlar səsləndiriblər, yerli əhali və turistlərə bizim sülhpərvər mövqeyimizi göstəriblər, eləcə də Ermənistan qoşunlarının işğal etdikləri ərazilərimizdən dinc yolla çıxmasını tələb ediblər.
-Gənclərin bu sahəyə marağı necədir?
- Azərbaycanlılar öz mədəniyyətlərinə bağlıdırlar, çoxlarının burda ən yaxın dostları digər azərbaycanlılar olur, əlavə olaraq da həftədə ən azı bir dəfə başqa azərbaycanlılarla görüşmək, çay içmək, piknik etmək və söhbətləşmək adi bir şeydir. Bəzən müxtəlif ali məktəblərdə təhsil alanlar bir-birlərini müəyyən müddət tanımırlar, biz isə onları bir-biri ilə tanış edərək gələcək dostluqlarına və bir-birlərinə dəstək verməyinə kömək oluruq. Bir neçə il əvvəl Macarıstanda azərbaycanlılar az idi, indi isə artıq 200-ə yaxın azərbaycanlı var, onların daim bir-biri ilə əlaqədə olması, ən azından bir-birini tanıması gələcəkdəki uğurlarına kömək ola bilər.
- Macarların Azərbaycanın mədəniyyətinə marağı necədir?
- Mədəniyyətimizə maraq kifayət qədər yüksəkdir, macarlar digər xristian xalqlarına baxanda daha dünyəvi və az dindardırlar, bu baxımdan bizim xalqımızın da oxşar dini baxışları onlara xoş gəlir. Yeməklərimizdə isə oxşarlıqlar var, bu da onları bizim mətbəxə cəlb edir. Bakının mərkəzi küçələrində gəzmiş macarlar onun Budapeştin arxitektor elementlərinə oxşar olduqlarını deyirlər və əksəriyyəti Azərbaycanı gəzdikdən sonra öz dostlarını da ölkəmizə getməyə həvəsləndirirlər. Bizim tariximizdə oxşar məqamlar da çoxdur, məsələn, Türkmənçay müqaviləsi bizim ərazilərimizi böldüyü kimi, Trianon müqaviləsi də Macarıstanın ərazisini bölüb. Yaxud bizim doğma şəhərimiz olan İrəvanın indi başqa ölkənin paytaxtı olması hazırda qədim macar şəhəri olan Pojonyinin Slovakiyanın paytaxtı Bratislava olması oxşar məqamlardır.
-Azərbaycanın xaricdə təbliğatında hansı metodlara üstünlük verilməlidir?
- Fikrimcə, hər kəsin təbliğatı özünün professionallığından və digərlərinə hörmətindən asılıdır. Məsələn, Macarıstanda yaşayan xaricinin macar dilini öyrənməyə çalışması, müxtəlif yarışlarda Macarıstanın tərəfini tutması, tarixi məqamları və mədəniyyətinin həssas məqamlarını bilməsi və macarlarla ünsiyyətdə bunu bildirməsi onlar tərəfindən yaxşı qarşılanır. Düşünürəm ki, çox millətlər belədir və bunu bacaran əcnəbiləri görməkdən məmnundurlar. Bunu həyat tərzinə çevirmiş azərbaycanlı artıq öz ölkəsini təbliğ etmək üçün ən böyük addımı atmış olur. Digər məsələ isə ictimai və siyasi aktiv insanların bizim ölkə barədə müxtəlif yerlərdə müsbət fikirlər söyləməsinə çalışmaqdır. Təşkilatımızın səyləri nəticəsində hazırda həm ictimai aktiv gənclər arasında, həm mediada, həm də siyasi partiyanın qurultaylarında Azərbaycanın adı müsbət mənada çəkilir və macarların bizim ölkəyə marağını artırır.
-Azərbaycanda sizin sahənizdə hansı yeniliklərin edilməsinə ehtiyac var?
-Sözün düzü, mənim burada işlədiyim sahənin Azərbaycanda reallaşdırılması üçün çox ciddi qanunvericilik islahatlarına ehtiyac var. İstər iri transmilli korporasiyaların Azərbaycanda ofislərinin açılması, istərsə də onların bütün dünya və ya region üzrə əməliyyatlarının idarə olunması həm də müxtəlif dillərdə danışan beynəlxalq kollektiv tələb edir. Daha dəqiq mənim gördüyüm işə gəldikdə isə risklərin minimuma endirilməsi üçün də bu, keçərlidir. Ölkəmizdə devalvasiyadan sonra kredit risklərinin artması da göstərdi ki, kredit risklərinin minimuma endirilməsi üçün müxtəlif sığorta elementlərinin tətbiqinə və maliyyə bazarının inkişafına ehtiyac var.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info