Azərbaycanın dövlətçilik tarixinin, milli adət- ənənələrinin, elm və mədəniyyətinin təbliği
Tarix: 06.07.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Təqribən 5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Dövlətimizin qədim tarixə malik olduğunu üzərində izlər qalmış abidələr də sübut edir. Hətta bununla bağlı ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranıb və Azıx mağarasında tapılmış Azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.
Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, eləcə də Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olub”. Tarixdən də bəllidir ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaradıb. Ölkəmizin dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində davamlı tədbirlər həyata keçirilib. Bu gün də Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, incəsənətinin, bir sözlə, mədəni-intellektual potensialının daha da inkişaf etdirilməsi dövlət başçısının diqqət mərkəzindədir.

“Əsrlər boyu xalqımızı qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olub”
Ölkə başçısı öz çıxışlarında dəfələrlə tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirib: “Azərbaycanın çox zəngin tarixi var. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri”, xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilib. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”. Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olduğunu deyən ölkə başçısı onu da qeyd edib ki, biz bu gün bunları qorumalıyıq. Elmi inkişaf üçün daha da gözəl şərait yaradılmasının vacibliyini deyən ölkə başçısının sözlərinə görə, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur: “Çünki mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin”.

“Bu istiqamətdə nəşr olunan bütün materiallar bir neçə aparıcı dünya dillərinə tərcümə olunmalıdır”
Mütəxəssislərimiz, alimlərimiz də bu gün, həqiqətən, dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinə ehtiyac olduğunu deyirlər. Son vaxtlar bu istiqamətdə görülən işlərin, doğrudan da təqdirəlayiq olduğunu deyən siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, milli dəyərlərin təbliği vacib məsələdir, çünki bu, bizim tarixi sərvətlərimizdir: “Bundan başqa, bu istiqamətdə xarici dövlətlərdə keçirilən tədbirlər də vacibdir. Azərbaycanda multikulturalizmlə bağlı müvafiq addımlar atılır, tolerantlığın təbliği aparılır. Mühüm faktdır ki, bu gün AMEA-nın bütün müvafiq strukturları bu istiqamətdə seminarlar, tədbirlər təşkil edir. Bundan başqa, qeyri - hökumət təşkilatlarının da rolunu mütləq qeyd etmək lazımdır”. Bu istiqamətdə görüləsi işlərə gəldikdə isə A.Nağıyevin fikrincə, ən böyük vəzifələrdən biri də məhz diaspor təşkilatlarımızın üzərinə düşür: “Artıq lobbiçilik siyasətini də həyata keçirmək lazımdır. Həmçinin bu istiqamətdə nəşr olunan bütün materiallar bir neçə aparıcı dünya dillərinə tərcümə olunmalı və ya həmin dillərdə, dünyanın aparıcı media məkanlarında çap edilməlidir. Bunun üçün də güclü kadr potensialı hazırlamalı və ya xaricdə Azərbaycanı təmsil edən qurumlarda savadlı mütəxəssislərə xüsusi yer ayrılmalıdır”.
Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, kulturoloq Vüsalə Məmmədzadənin sözlərinə görə, milli şüur-milli tarixi yaddaşı, milli mənəvi-əxlaqi dəyərləri, Vətən əxlaqı, Vətənə məhəbbət, milli həmrəylik, milli və ümumbəşəri qürur hissləri kimi mühüm keyfiyyətləri özündə əks etdirir: “Bu baxımdan dünya muzeylərinin, tarixi mədəniyyət abidələrinin təbliği və öyrənilməsi hazırda Azərbaycanda yaşayan hər bir gəncin, vətəndaşın, tarix və Vətən qarşısında vətənpərvərlik, beynəlmiləlçilik borcu sayılır. Bu işin səmərəli təşkili isə bugünkü müstəqil və daima inkişafda olan Azərbaycanımız üçün böyük əhəmiyyətə malikdir. Muzeylər ora gələn insan kollektivinin təşəkkülü, onların özünü dərk etməsi, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır. Muzeylər tərbiyə etmək, təhsilləndirmək, zənginləşdirmək, inkişaf etdirmək, yaradıcılığa meyil oyatmaq, ümumiyyətlə, məqsədyönlü təsir yolu seçmək üçün mühüm fəaliyyət xətti sayılır”. Kulturoloqun fikrincə, tariximizi böyüməkdə olan nəsillərə hərtərəfli və düzgün öyrətmək, habelə başqa xalqların mədəniyyətinə və adət-ənənələrinə hörmət və məhəbbət hissi ilə yanaşmağı tərbiyə etmək vacibdir.

“İmkanlarımızı səfərbər edib inkişafımıza yönəltsək, güclü elmi potensialımızla dövlətimizin də inkişafına mütərəqqi xidmətlər göstərə bilərik”
Bu istiqamətdə tədbirlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının da üzərinə müəyyən vəzifə düşür. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, bu gün bəşəriyyətimiz, dünyamız nə qədər terrordan, işğaldan, miqrasiyadan və digər məsələlərdən əziyyət çəkirsə, eyni zamanda dünyamızın bir tərəfi elmin, intellektin inkişafı ilə ölçülür və bunlar hamısı bir-biri ilə bağlıdır: “Beynəlxalq tədbirlərə, konfranslara gedəndə inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bizə miras qalmış tariximizi, ənənələrimizi qoruyub saxlamaq şərtilə yenilərini tətbiq etməliyik. Bu gün heç kəsə sirr deyil ki, dünya elmi tərəqqi, elmi inkişaf, elmi kəşflər, bilavasitə elmi tapıntılarla inkişaf edir. Ona baxanda biz də beynəlxalq təcrübədən, beynəlxalq standartlardan ölçü götürməliyik”. Bizim çox böyük potensial alimlərimiz olduğunu deyən R.Zeyninin sözlərinə görə, XX əsr sovet dövründə bizim bir çox alimlərimizin kəşfləri olub ki, onları elmi əsərlərinə görə Nobel mükafatına təqdim etmək imkanı olub: “Ancaq, təbii ki, mövcud şərait buna imkan verməyib. Bu o deməkdir ki, Azərbaycan alimlərinin elmi potensialı çox yüksək olub. Buna bir çox misallar göstərmək olar. Məsələn, Böyük Vətən müharibəsində yüksək oktanlı benzinin kəşfi akademik Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Təəssüflər olsun ki, bizim elmimizin gerçək indikatoru hələ öz yerini tutmayıb. Biz bu yaxınlarda BDU-da Nanotexnologiyalar İnstitutunda olduq. Orada İctimai Nəzarət və Məşvərət Şurası fəaliyyət göstərir və 11 nəfər QHT üzvü təmsil olunur. Biz orada gördük ki, çoxlu sayda gənc alimlərimiz dünya səviyyəsində nə qədər mükafatlar, nailiyyətlər, medallar əldə ediblər. Bu universitetin timsalında gördük ki, bizim nə qədər elmi potensialımız var. Bizim bu elmi potensialımız AMEA ilə birgə dövlətimizin, xalqımızın, qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlarımızı səfərbər etməli, ölkəmizdə və dünyada layiqli yerimizi tutmağı bacarmalıyıq. Bu gün Yaponiyadan tutmuş Amerikaya qədər azərbaycanlıların intellektual potensialı özünü göstərir. Hazırda Amerikanın bir ştatında Adil Bağırov kimi təhsil şurasının sədri var. Yaponiyada yapon dilində elmlər doktorluğunu müdafiə edən alimlərimiz var. Yaxud Rusiyada və digər ölkələrdə elmi yüksəkliklər əldə etmiş alimlərimiz var. Biz əgər xalqımızın, alimlərimizin gerçək imkanlarını səfərbər edib inkişafımıza yönəltsək, doğrudan da, güclü elmi potensialımızla dövlətimizin də inkişafına mütərəqqi xidmətlər göstərə bilərik”.
Bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Bir çox ölkələrin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər edirlər. Ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil. Çünki ölkəmizdə bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət mövcuddur. Eləcə də dünya ölkələri Azərbaycanı bu gün tolerant bir ölkə kimi qəbul edir. Bu gün artıq Azərbaycanın təbliği istiqamətində yalnız ölkə daxilində təşkil edilən tədbirlərlə kifayətlənmirik. H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, həmçinin xaricdə fəaliyyət göstərən səfirliklərimiz, diaspor təşkilatlarımız tərəfindən təşkil olunan tədbirlər ölkəmizin daha geniş təbliğ olunmasına imkan verir. Gələcəkdə də dövlətçilik tarixinin, milli adət- ənənələrin, elm və mədəniyyətinin təbliği istiqamətində tədbirlərin davam etdirilməsi hər birimizin mənəvi borcudur.
Nigar Abdullayeva

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info