“Turizm Azərbaycan iqtisadiyyatına ən çox gəlir gətirən sahələrdən biri olmalıdır”
Tarix: 12.07.2016 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Əbülfəs Qarayev: “Ərəb ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Koreyadan, Yaponiyadan gələnlərin sayında da artım var. Azərbaycanın turizm potensialının həmin ölkələrdə təqdim olunması üçün müvafiq tədbirlər həyata keçiriləcək”

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini bildirib. Turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən ölkə başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin “Formula 1” Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirib.
Bu gün ölkəmizdə turizmin inkişafı mövcud vəziyyət müvafiq qurumların da diqqət mərkəzindədir.


“Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır”

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə birgə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirildi. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzunun aktuallığına diqqət çəkərək bildirdi ki, bu gün bir çox dünya ölkələrinin gəlirlərinin əsas hissəsini turizm təşkil edir: “Bu sahədə çoxlu sayda iş yerləri açılır. Türkiyənin turizm sahəsindən gələn gəliri təqribən 25 milyard dollara bərabər olur. Bəzi ölkələrdə isə bu rəqəm 50 milyard dollara çatır”. Ə.Amaşov vurğuladı ki, media turizm sahəsində gedən işlər, yeniliklər, qanunvericilik bazası və digər məsələlər barəsində cəmiyyəti məlumatlandırmaqla turizm sahəsinin inkişafında mühüm rol oynaya bilər. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında son illər Azərbaycanda turizm sahənin inkişaf etdiyini, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artdığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanın dünyada tanıdılması baxımından turizm çox vacib sahədir: “Bu istiqamətdə dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, 2011-ci il ölkəmizdə “Turizm ili” elan olunmuşdu. İldən-ilə Azərbaycana gələn turistlərin sayı çoxalıb. Bu sahədə media üzərinə böyük iş düşür. Turizm sahəsində görülən işləri media cəmiyyətin diqqətinə çatdırmalıdır. Media turizm sektorunu daim diqqətdə saxlamalı və işıqlandırmalıdır”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev KİV-lər arasında monitorinqlər apardıqlarını diqqətə çatdıraraq nəticələr barədə məlumat verdi. Bildirdi ki, nazirliyin rəsmi internet saytında 2015-ci ildə 800 informasiya yerləşdirilib, bu rəqəm 2016-cı ildə 1642 olub. Həmçinin informasiya agentlikləri və saytlarda mədəniyyətlə bağlı 2015-ci ildə 76 min, 2016-cı ildə 99 min, turizmlə bağlı ötən il 34700, bu il isə 56280 informasiya verilib. Televiziyalarda mədəniyyət verilişləri ilə müqayisədə turizmə həsr olunmuş veriliş və süjetlərin sayında artım müşahidə olunub. Qəzetlərdə isə mədəniyyət və turizm xəbərlərində azalma özünü göstərir.
Nazir bildirdi ki, Nazirlər Kabinetinin son iclasında ölkə başçısı da turizmlə bağlı çıxışında mühüm məqamları vurğulayıb. Ə. Qarayev ölkədə turizmin vəziyyəti barədə danışaraq bildirdi ki, dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur: “Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”. Nazir qeyd etdi ki, Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır: “Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın. Turizm Azərbaycan iqtisadiyyatına ən çox gəlir gətirən sahələrdən biri olmalıdır. Artıq "Turizm haqqında" qanun yenidən işlənməsi üçün Milli Məclisə təqdim olunub. Bəzən mətbuatımız Gürcüstanın turizmin fenomeni olduğunu yazır. Elə bil ora cənnət, bura cəhənnəmdir. Amma belə deyil. Gürcüstanda da kifayət qədər problemlər var. Onlarda neft yoxdur. Azərbaycanda yaradılan bütün şəraitlər dövlətin gücü hesabına başa gəlir”.

“Hamı rayonlara axışır”

Nazir bildirdi ki, bu gün Azərbaycanın 13 rayonunda 11 mehmanxana, 3 hotel tikilib: "Hazırda Azərbaycanda 535 mehmanxana var və 30-u da tikilməkdədir. Şənbə və bazar günləri Azərbaycanın rayonlarında olan mehmanxanada boş yerlər olmur. İnsanlar rayonlara axın edirlər. Azərbaycana 2015-ci ildə 2,6 milyon turist gəlib".
Ə.Qarayev bildirdi ki, daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın. Nazir əlavə etdi ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına xeyli müsbət təsir edib. Belə tədbirlərdən biri də bugünlərdə təşkil olunan “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı olduğunu deyən nazir qeyd etdi ki, onu izləmək üçün ölkəmizə gələnlər var və onlar Azərbaycanla yaxından tanış olmaq imkanı qazanırlar.
Nazir Ə.Qarayev ümumilikdə Azərbaycana gələn turistlərin sayında artım olduğunu bildirdi. Qeyd edildi ki, Rusiya turizm bazarını xüsusi nəzarət altında saxlayan Azərbaycan son bir ildə orada öz rəqabətliliyini qoruyub saxlayıb. Onun sözlərinə görə, Azərbaycanda sadələşdirilmiş vizanın tətbiqi nəticəsində ölkəyə gələn turistlərin sayında xeyli artım qeydə alınıb: “Ərəb ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Eyni zamanda Koreyadan, Yaponiyadan gələnlərin sayında artım var. Sözsüz ki, bu istiqamətdə işlər daha da gücləndiriləcək, Azərbaycanın turizm potensialının həmin ölkələrdə təqdim olunması üçün müvafiq tədbirlər həyata keçiriləcək”.
Bölgələrdə otellərin tikintisi barədə məlumat verən nazir vurğuladı ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə müəyyən olunmuş zonalarda turizm müəssisələrinin yaradılması, yeni otellərin tikilməsi mexanizminin üzərində iş gedir. Bu mexanizm ölkədə iki və üç ulduzlu otellərin tikilməsini stimullaşdıracaq.
Turizmin inkişafının ancaq bir qurumdan asılı olmadığını deyən nazir onu da vurğuladı ki, bu il Azərbaycan Turizm və Menecment Universitetindən 336 nəfər məzun olub. Onlardan 32 nəfəri magistr, 304 nəfəri bakalavr pilləsini bitirib. Beləliklə, ATMU-dan məzun olanların sayı ümumilikdə 1706-ya çatıb. Onlardan 106 nəfəri magistr dərəcəsi olanlardır. ATMU-nun builki məzunlarından 27 nəfəri eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu qazanıb. Ümumilikdə universitet məzunlarından 151 nəfəri iki diplom alıb. Növbəti tədris ilində universitetə bakalavr pilləsi üzrə 470, magistraturaya 96 nəfərin qəbulu nəzərdə tutulub.

"Turistlərin təhlükəsizliyi müvafiq dövlət orqanları ilə birgə təmin olunur"

Nazir onu da bildirdi ki, “ASAN Viza”nın texniki şərtləri dəqiqləşdirilir. Üç gün müddətində insanlar sərbəst, telefon vasitəsilə vizaların əldə edilməsinə nail olacaqlar”. O da vurğulandı ki, "ASAN Xidmət"lə Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlıq edir, turizm şirkətləri viza işi ilə məşğul olur və bu, davam edəcək: “Proses gedir və düşünürəm ki, sentyabrın 1-dən bu iş başlanacaq”. Nazir bildirdi ki, hazırda tək ərəb ölkələri deyil, Yaponiya, Çin, Koreya Respublikası, İndoneziya üçün vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq olunur. Ona görə də əsas məqsəd bu ölkələrdə də marketinqi gücləndirməkdir. O da vurğulandı ki, beynəlxalq turizm sərgilərində mövcud imkanlarımız tanıdılır.
Ə. Qarayev əlavə etdi ki, turistlərin təhlükəsizlik məsələləri müvafiq dövlət orqanları ilə birgə təmin olunur: “Biz otellərdə təhlükəsizlik ölçülərinin götürülməsi haqqında müvafiq tövsiyələr və nizamnamələr hazırlayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik. Eyni zamanda, bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Biz buna hazır olmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bu işə cəlb olunub və lazımı işlər görülür”.
Turizmin inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyini deyən nazir onu da bildirdi ki, bu həftə Novxanıda girişi pulsuz olan çimərlik açılacaq". Onun sözlərinə görə, çimərliyin açılışı iyulun 14-15-də baş tutacaq.
Çıxışlardan sonra “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırıldı. Mayın 20-dən iyunun 20-dək keçirilən müsabiqəyə 28 KİV təmsilçisindən 56 yazı daxil olub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən bir nəfər 1-ci, iki nəfər 2-ci və üç nəfər isə 3-cü yerə layiq görülüb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info