“Gənclərlə işləmək daha rahat və maraqlıdır”
Tarix: 12.07.2016 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Nigar İsmayılova: “ATGTİ gənclərə yerli və beynəlxalq layihələrə qatılmaq şansı yaradır”


Müsahibimiz gənclərimizin, tələbələrin həyatında mühüm rol oynayan, Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatı İttıfaqının(ATGTİ) mətbuat katibi Nigar İsmayılovadır:
-ATGTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verərdiniz.

-Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycanda və Cənubi Qafqazda ən böyük tələbə təşkilatlarından biridir. İttifaq 2009-cu ildə təsis edilib, Azərbaycan Respublikasının 97 dövlət və özəl Ali məktəbinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların universitetləri aiddir. İttifaqın məqsədi azərbaycanlı gənclərin dünyagörüşünü artırmaq, onları hərtərəfli formalaşdırmaq, yeni ideyalarını reallaşdırmağa dəstək olmaqdır. ATGTİ təhsil müəssisələrinin ictimai həyatında tələbə gənclərin fəallığını artırmaq və onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə konfranslar, müsabiqələr, olimpiadalar, seminarlar, dəyirmi masalar, təlim kursları, mütəxəssislərlə, tanınmış şəxslərlə görüşlər, liderlik məktəbləri təşkil edir.
-Tələbələrlə işləmək çətin deyil ki? Ümumiyyətlə, ATGTİ-nin tələbələrin ictimai işlərdə aktivliyindəki rolu haqqında da söz açardınız.
-ATGTİ-nin kollektivi sırf gənclərdən ibarətdir. Hətta sədrimiz Şahin İsmayılov Milli Məclisin ən gənc deputatıdır. Gənclərlə işləmək nəinki çətin, əksinə daha rahatdır və maraqlıdır. Gənclər az təcrübəyə malik olsalar da, onların ən üstün cəhəti yeni ideyalara daha açıq fikirlə və pozitiv yanaşmalarıdır. Ölkəmizdə ilk dəfə keçirilən bəzi layihələrin ittifaqımızın gənc kollektivi tərəfindən reallaşdırılması buna bariz nümunədir. Buna “İşıqlı həyat”, “Gəzən kitabxana”, “Youthvision” beynəlxalq mahnı müsabiqəsi kimi layihələrimizi misal göstərə bilərəm.
ATGTİ təşkil etdiyi bütün layihələrə böyük miqyasda gənc kütlə cəlb edir. Gənclər bu layihələrdə nəinki iştirakçı qismində, həm də təşkilatçı qismində qatılırlar. Bu da gənclərdə təşkilatçılıq bacarığını, komanda işi keyfiyyətlərini inkişaf etdirir. Hazırda demək olar ki, bütün iş vakansiyalarında əsas tələb iş təcrübəsidir. Gənclər təşkilatlarında, ittifaqlarda könüllülük fəaliyyəti hər bir gəncə təcrübə əldə etmək üçün böyük şans verir. “Bu təşkilatlardan ən böyük imkanları ATGTİ yaradır”, deyə bilərəm.
-Müşahidələriniz nə deyir, gənclərimiz aktivdirlərmi? Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?
-Azərbaycan gəncliyi ildən ilə daha da aktiv olur. Könüllülük fəaliyyəti genişlənir. Mən könüllü fəaliyyətimə I kursu bitirdikdən sonra başlamışam. O vaxt qrupumuzda, hətta “potok”umuzda könüllü fəaliyyət göstərən yox idi və mənim pulsuz işləməyimə qəribə baxırdılar. İndiki aşağı kurs tələbələrinin əksəriyyəti könüllü fəaliyyət göstərir. Bəlkə də bu, son illərdə ölkəmizdə keçirilən beynəlxalq layihələr nəticəsində çoxlu sayda könüllülərin cəlb olunması ilə əlaqədardır.
Keçən həftə ittifaqımızın təşkil etdiyi “Çənlibel” IX Liderlik Məktəbinə müsahibələr keçirildi. Bu layihədə yalnız I,II kurs bakalavr təhsili alan gənclər qatıla bilərdi. 400 nəfər tələbə gənc müsahibədən keçdi və onların arasından 100-ə yaxın gənc seçildi. Bu gənclər arasında seçim etmək çox çətin oldu, çünki, hər biri çox aktiv tələbə idi. Onların arasında Debat Klub üzvləri, Tələbə Gənclər Təşkilatlarında könüllü olan gənclər, beynəlxalq layihələrdə ölkəmizi təmsil edən gənclər,”Bakı 2015”, “Formula 1” layihələrində könüllü olan gənclər, universitetlərində müxtəlif kitab, kino, “konverseyşn”, rəsm klubu və dərnəklərə təşkilatçılıq edən gənclər var idi. Müsahibəyə gələnlər layihədən sonra ATGTİ-də qalıb sosial fəaliyyətlərini genişləndirmək istədiklərini qeyd edirdilər. Bir çoxları, hətta, yeni layihə ideyalarından söz açırdılar. Əlbəttə ki, ittifaqımız gənclərin ideyalarının reallaşdırılmasına həmişə hazırdır.
-Bakı artıq beynəlxalq tədbirlərə, möhtəşəm idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etməklə ad çıxarıb. ATGTİ bu tədbirlərə hansı formada öz töhfəsini verir?
-Keçən il ölkəmizdə “Bakı-2015” Avropa Oyunları keçirildi. Bu layihəyə könüllülərin cəlb olunmasında ATGTİ-nin rolu az olmadı. ATGTİ və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə paytaxtda və regionlarda beynəlxalq yarışmanın təbliği və könüllülərin cəlb olunması məqsədi ilə “Bakı-2015 Sorğusu” keçirilmişdi. Sorğuda iştirak edən  26000-ə yaxın gəncdən 12000-i “Bakı- 2015” Avropa Oyunları Əməliyyat Komitəsinə könüllü vəzifəsinə  ərizə vermişdi.
İttifaqımızda fəaliyyət göstərən tələbələrin əksəriyyəti “Eurovision”, “Bakı-2015 Avropa Oyunları”, “Formula 1” və bir çox beynəlxalq layihələrdə könüllü və işçi kimi fəalliyyət göstəriblər.
Qeyd edim ki, ATGTİ 2012-ci ildən bəri Avropa Tələbə Birliyinin fəal üzvlərindəndir. Hər il ATGTİ fəalları Avropa Tələbə Birliyinin təşkil etdiyi tədbirlərdə ölkəmizi təmsil edir. ATGTİ həmçinin beynəlxalq tədbirlərə, layihələrə təşkilatçılıq etməyi ilə də yadda qalır. Məsələn, 2014-cü ildə Avropa Tələbələr Birliyinin İdarə Heyətinin 67-ci Bakı iclası, 2015-ci ildə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasının və bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə təşkilati dəstək göstərib. ATGTİ-nin təşəbbüsü ilə keçirilən beynəlxalq layihəyə isə “Youthvision” beynəlxalq mahnı müsabiqəsini misal göstərə bilərəm.
-“Youthvision” haqqında söz açdınız. Bu yarışma barəsində də ətraflı məlumat evrərdiniz.
-Əvvəlki illərdə ittifaqımız tərəfindən “Univision” beynəlxalq mahnı müsabiqəsi adı ilə keçirilən layihənin formatında dəyişiklik olduğuna görə “Youthvision” adı ilə keçirildi. Daha öncə layihəyə universitetdə təhsil alan dünyanın bütün ölkələrindən tələbələr qatıla bilirdi, bu il isə iştirakçıların əhatə dairəsini genişləndirmək üçün layihə 14-35 yaş arası bütün gənclərə şamil olundu. Hətta “Youthvision” layihəsi xəbərlərdə “Bakıda “Eurovision”a rəqib yarışma keçiriləcək” başlıqları ilə çıxdı. Yarışmada 19 ölkənin təmsilçisi iştirak edirdi. Layihənin təşkilat komitəsində idim və bu, mənim üçün çox böyük təcrübə oldu. İş rejimini yaradıcı gənclərlə bir yerdə keçirmək əlbəttə ki, əyləncəlidir. Demək olar ki, bütün günümüz onların musiqili müşayiəti ilə keçirdi.
Xarici iştirakçılardan biri yaşımı soruşdu, 21 yaşım olduğunu dedim. Təşkilat komitəsində olan hər kəsin bu qədər gənc olması onun üçün çox təəccüblü idi. Layihəni təşkil edən ittifaqımızda hamının gənc olduğunu söylədim. O an ATGTİ-nin gənclərin həyatında oynadığı rolu tam mənası ilə dərk etdiyimi deyə bilərəm. Yaşımızın az olmasına baxmayaraq, ATGTİ gənclər üçün yerli və beynəlxalq layihələrdə təşkilatçı kimi qatılmaq şansı yaradır ki, bu təcrübəni bəlkədə gənclərimiz heç bir iş yerində əldə edə bilməz.
-Gənclərimizə, tələbələrə hansı məsləhət və ya tövsiyələriniz olardı?
-Özüm də gənc olduğuma görə öz yaşıdlarıma məsləhət və tövsiyə vermək bir az qəribə gəlir. Amma istərdim ki, gənclərimiz könüllülük fəaliyyətinə çox tez başlasınlar. Hətta könüllülük fəaliyyətinin məktəb vaxtlarından başlanması və təbliğ olunması daha yaxşı olardı. Bu, məktəblilərin ixtisas seçimini düzgün etməsinə də müsbət təsir etmiş olar. Çünki məktəb vaxtı seçdiyin ixtisasın nə dərəcədə sənin xarakterinə uyğun olduğunu hiss etmirsən və səndə hansı bacarıqların daha üstün olduğunu obyektiv qiymətləndirə bilmirsən. Könüllü fəaliyyət göstərdikdə isə insan özünü kəşf edir.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info