“Pambıq istehsalı ən azı 250 min tona qədər artacaq”
Tarix: 12.07.2016 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


“Azərbaycanda pambıq istehsalı ən azı 250 min tona qədər artacaq”.Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.Nazir qeyd edib: “Möhtərəm cənab Prezident, ümumilikdə iqtisadiyyatın şaxələndirilməsinə nail olunması tapşırığınıza əsasən aqrar sektorun və onun ayrı-ayrı sahələrinin də bu istiqamətdə inkişafı nəzərdə tutulur. Konkret olaraq heyvandarlıqda hədəfimiz heyvanların cins tərkibini dəyişməklə onları stasionar bəsləmə şəraitinə keçirmək və beləliklə də boşalan örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil edərək həm yem bazasının, həm də digər ənənəvi bitki növlərinin istehsalının artırılmasına şərait yaratmaqdan ibarətdir. Bu tədbirlə məhsuldarlığı 5-6 dəfə yüksəltmək hesabına heyvanların baş sayını 3-4 dəfə azaldaraq intensiv inkişaf hədəfinə nail olunması qarşımızda əsas prioritet vəzifələrdən biri kimi durur. Bu məqsədlə yeni doğulan hər baş cins buzova görə müəyyən etdiyiniz 100 manat məbləğində subsidiya və bir neçə gün əvvəl Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması məqsədilə ayırdığınız vəsait və gördüyünüz onlarla digər tədbirlər bu niyyətin həyata keçirilməsində əvəzsiz rol oynayacaq. Bitkiçilikdə isə hədəfimiz əvvəlcə müasir aqrokimya laboratoriyalarının yaradılmasını başa çatdıraraq torpaqların kütləvi analizinə başlamaq, - bu əməliyyatsız, əslində, torpağa hansı növ və nə qədər gübrə verilməsini müəyyən etmək mümkün deyil, - bundan sonra isə xaricdən quraqlığa və xəstəliklərə davamlı yüksək məhsuldar bitki sortlarının toxumlarını gətirməklə yanaşı, müasir toxum istehsalı müəssisələrini istismara verərək nazirliyin balansında olan torpaqlarda yerli şəraitə uyğun sortların istehsalını artırmaqdan ibarətdir ki, bu işlərə artıq start verilmişdir. Toxum Fondunun yaradılması və Zati-aliniz tərəfindən toxum müəssisələrinin tikintisinə, hökumət tərəfindən isə aqrokimya laboratoriyaları üçün avadanlıqların alınmasına bir neçə gün əvvəl zəruri həcmdə vəsaitlərin ayrılması bu məqsədlərin icrasını təmin edəcək. Bütün bunlardan sonra informasiya-məsləhət xidmətlərimiz tərəfindən elmi yeniliklərin və praktiki nəticələrin sınaq-təcrübə sahələrində intensiv tətbiqini təmin etməklə onların bölgələrdə yayılmasına və təsərrüfatlarımızda geniş istifadə edilməsinə nail olunacaq.Möhtərəm cənab Prezident, dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə verdiyiniz qəti tapşırıqların icrasına başlanılmış, 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilmiş, yetişdiriləcək pambığın vaxtında yığılması və tədarükü məqsədilə bütün zəruri tədbirlər görülmüş və müvafiq texnikalar sifariş verilmişdir. Bunun da hesabına cari ildə 100 min tondan artıq, ötən illə müqayisədə 3 dəfə çox məhsulun istehsalı gözlənilir ki, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcəkdir. Tapşırığınıza uyğun olaraq, növbəti ildə pambığın əkin sahələrinin 100-120 min hektara çatdırılması və onun 50 min hektara qədər hissəsində müasir pilot suvarma sistemlərinin qurulması pambıq istehsalını ən azı 250 min tona qədər artırmağa imkan verəcək.
Dünya bazarında ipəkçilik məhsullarına tələbatın yüksək olduğunu, bölgələrdə minlərlə ailənin işlə təmin edilməsində əhəmiyyətini nəzərə alaraq, Sizin tapşırığınıza uyğun olaraq, ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış, bu tədbirlər nəticəsində keçən il istehsal olunmuş 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu istehsal edilmişdir. Bu sahədə Prezident Administrasiyasının yaxından dəstəyini xüsusi vurğulamaq istərdim”.
H.Əsədov bildirib ki, xari ilin 1 iyun tarixinə respublika üzrə 2,1 min hektar sahədə tütün əkilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar və ya 40 faiz çoxdur: “Hazırda çəltikçiliyin, çayçılığın və digər əhəmiyyətli məhsulların istehsalının kəskin artırılması üçün ciddi tədbirlərə başlanmışdır. Bazarın əsas iştirakçıları ilə birgə görülən tədbirlər hesabına cari ildə pambıq, tütün və barama xammalının tədarük qiymətlərinin artırılması, hökumətin qərarı ilə hər hektar pambıq və tütün əkininə görə əlavə 40 manat subsidiyanın verilməsi, habelə tədarük edilən hər kiloqram yaş baramaya görə istehsalçılara 2 manat subsidiyanın verilməsi və barama toxumlarının isə əvəzsiz paylanması barədə hökumətə təqdim olunmuş qərar layihəsinin qəbul edilməsi bu tapşırıqların icrasına əsaslı zəmin yaradacaq.
Möhtərəm cənab Prezident, FAO-nun məlumatına əsasən, hər il zərərli orqanizmlərin bitkiçilik məhsullarına mənfi təsiri dünya üzrə 35 faiz həddində məhsul itkisinə səbəb olur. Beynəlxalq ticarətin intensivləşməsi isə zərərli orqanizmlərin yeni ərazilərə keçməsi, yayılması və uyğunlaşması riskini artırır. Bu halların qarşısının alınması üçün beynəlxalq təşkilatlarla birgə hazırladığımız proqramlar əsasında karantin orqanizmlərinin “təcrid və ləğv” edilməsi üzrə genişmiqyaslı fitosanitar tədbirlər həyata keçirilmişdir. Məhz bu səbəbdən cari ildə Rusiya Federasiyasına ixrac edilən Azərbaycan mənşəli məhsulların qarşı tərəfdən bir neçə dəfə güclü laboratoriya təhlilinə cəlb edilməsinə baxmayaraq, heç bir halda karantin orqanizmləri ilə sirayətlənmiş yük aşkar edilməmişdir”.
Nazir əlavə edib ki, cari ilin altı ayı ərzində baytarlıq və fitosanitar nəzarətində olan qida məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədilə müxtəlif obyektlərdə aparılan müayinələr nəticəsində on tonlarla ərzaq məhsulları insan qidası üçün yararsız olduğuna görə məhv edilmiş, 42 rayon baytarlıq diaqnostika kabineti, 115 baytarlıq-sanitariya ekspertiza laboratoriyası müasir avadanlıqlarla təchiz olunmuşdur:
“Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq respublikamızda insanların və heyvanların brusellyoz xəstəliyinə yoluxmasının qarşısını almaq məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında kütləvi peyvəndləmə tədbirlərinə başlanılmışdır. Beləliklə, görülmüş yüzlərlə baytarlıq-sanitariya və fitosanitar tədbirləri nəticəsində epizootik və fitosanitar vəziyyət sabit olmuşdur. FAO-nun hesablamalarına əsasən, dünyada ərzaq və heyvan yemi üçün taxıla tələbatın hazırkı 2,1 milyard tondan 2050-ci ildə təqribən 3 milyard tona, habelə ət istehsalının 200 milyon tondan 470 milyon tona yüksələcəyi gözlənilir. Ona görə də əhalinin artan tələbatına və eləcə də artan sayına, - ölkəmizdə bu göstərici hər il 100 mindən artıq təşkil edir, - müvafiq olaraq, adekvat həcmdə ərzaq məhsulları ilə sabit təminatın daim diqqətdə saxlanılması günün tələbinə çevrilmişdir”.
Onun sözlərinə görə, süni yaradılan böhranların və ikili standartların hökm sürdüyü bir dövrdə əkin sahələrinin təqribən 200 min hektarının Ermənistan tərəfindən işğal edilməsi, eləcə də iri layihələrin həyata keçirilməsi, yol infrastrukturunun, şəhər, kənd ərazisinin genişlənməsi səbəbindən əkin dövriyyəsindəki torpaq sahələrinin azalması bu məsələni daim diqqətdə saxlamağı bizdən tələb edir:
“Möhtərəm cənab Prezident, bir neçə il öncə kənd təsərrüfatı məhsullarının sahədən satış qiyməti ilə son istehlak bazarında satış qiyməti arasında olan 3-5 dəfə fərq son dövrlərdə bazar infrastrukturunun inkişafı ilə əlaqədar 1-2 dəfəyə qədər azalmışdır. Lakin məhsulların satışından əldə edilən vəsaitin vasitəçilərə deyil, fermerlərə çatması üçün görülən tədbirlər davam etdirilməlidir. Zati-aliləri, son iki il yarım ərzində tərəfinizdən verilmiş 41 fərman və sərəncam, qəbul edilmiş 3 qanun, 40 qərar və qaydalar aqrar sektorda iqtisadi fəallığın kəskin yüksəlməsinə, xaricdən və respublikanın müxtəlif şəhərlərindən xeyli sayda əhalinin kənd yerlərinə dönüşünə səbəb olmuşdur ki, onların da sayının Statistika Komitəsi tərəfindən uçota alınmasını məqsədəuyğun hesab edirik. Bütün bunlarla yanaşı, məhsul bolluğu yaradılmasının “artıq məhsul təklifi” kimi ciddi risk yaratmaması və daxili bazarın qorunması məqsədilə belə məhsullar üzrə idxal rüsumlarının tətbiqinə böyük zərurət yaranmışdır.
Bundan başqa, torpaq sahələrinin (xüsusilə bələdiyyə mülkiyyətində olan) icarəyə verilmə mexanizminin sadələşdirilməsinə; ermənilərin ölkəmizə hərbi təcavüzü zamanı islahat aparılmayaraq dövlət mülkiyyətində saxlanılan və əhali tərəfindən becərilən əkin sahələrinə görə subsidiya verilməsi üçün hüquqi əsasların yaradılmasına; irimiqyaslı layihələr həyata keçirilən zaman əvəzlənən torpaq sahələrinə subsidiyanın verilməsi üçün onlara hüquq müəyyənedici sənədlərin verilməsinə; torpaq sahələrinin (xüsusilə kiçik ölçülü) alğı-satqısı, icarəyə verilməsi, vərəsəlik əsasında hüquqların keçirilməsi ilə bağlı dövlət rüsumlarının məbləğinə yenidən baxılmasına zərurət yaranmışdır. Ümidvarıq ki, bütün bu məsələlərin həlli və görüləcək digər tədbirlər Sizin rəhbərliyinizlə aqrar sektorun davamlı inkişafını təmin edəcəkdir”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info