İstehlakçı hüquqlarınızı müdafiə edin
Tarix: 11.03.2013 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


İstehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Deməli, bizim hər birimiz mütəmadi olaraq istehlakçı rolunda çıxış edirik. Təbii ki, istehlakçıların tələbatının ödənilməsi səviyyəsi və istehlak olunan malların keyfiyyəti zaman və məkan baxımından fərqli ola bilər və hazırda bütün dövlətlərdə bu kimi problemlər mövcuddur. Ona görə də sivil ölkələrdə dövlət istehlakçıların hüquqlarını maksimum dərəcədə etibarlı şəkildə qorumağa çalışır. Azərbaycan da son illər bu sahədə öncül ölkələr sırasına qoşulmaq istiqamətində iri addımlarla irəliləməkdədir.
Qanunvericilikdə Azərbaycan Respublikası ərazisində istehlakçılara geniş hüquqlar verilib. Bunların sırasında malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak edilən malların lazımi keyfiyyətdə olması, onların təhlükəsizliyi, miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək kimi hüquqlar yer alır. Həmçinin, istehlakçılar qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək haqlarına malikdirlər. Ancaq təəssüflər olsun ki, istehlakçıların böyük bir hissəsinin qeyd olunan hüquqları barədə kifayət qədər məlumatlı olmaması onların pozulmasına imkan yaradır.
Məhz bu səbəbdən son illər dövlət səviyyəsində istehlakçı hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir və dövlət başçısı tərəfindən əlaqədar qurumlar qarşısında istehlakçıların hüquqlarının etibarlı müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması ilə bağlı çox mühüm vəzifələr qoyulub.
Mallarda istehlakçı tələbinə və zövqünə uyğun keyfiyyətin formalaşdırılması vacib məsələlərdən biridir. İstehlakçı tərəfindən alınmış malların istifadəsi onun həyatına, sağlamlığına, əmlakına və ətraf-mühitin təhlükəsizliyinə dair qəbul olunmuş normativ sənədlərə uyğun olmalıdır. Əgər hər hansı bir məhsulun istifadəsi üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, belə halda istifadə qaydaları müəyyənləşdirilməli və satıcı da bunları alıcının nəzərinə çatdırmalı, yaxud müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi təhlükəli ola bilən mallar üçün isə istifadə (xidmət) müddəti müəyyən edilməli və malın təlimatlarında göstərilməlidir. Təhlükəsizlik tələbinin müəyyən edildiyi mallar məcburi sertifikatlaşmadan keçməlidir. İstifadə müddəti göstərilməyən və ya ötmüş, müvafiq sertifikatı olmayan malların satışı və istifadəsi qadağandır.
Ticarət obyekti müştəriyə onu maraqlandıran malın qiyməti, istehsal tarixi, saxlanma müddəti, çəkisi, istehlak xüsusiyyəti, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumatlar verməlidir.
Eyni zamanda istehlakçı olaraq hər kəs malın yarlığında və ya müşayiətedici sənədlərində göstərilmiş məlumatları diqqətlə oxumalıdır. Nəzərə alın ki, tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilir. Bilin ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 584-ci maddəsinə əsasən yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlılığına hədd qoyan müddətdir. Satıcı yararlılıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlılıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edə bilsin.
İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir.
Nəzərə alın ki, almaq istədiyiniz malın keyfiyyətindən tutmuş, göstərilmiş xidmətin səviyyəsi, satıcının sizinlə rəftarı və s. kimi məsələlər mövcud qanunvericiliklə tənzimlənir. Bu baxımdan hər kəsin öz hüquqlarını bilməsi və onları tələb etməsi faktiki olaraq istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması üçün zəruridir. Qeyd olunan bu kimi digər məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.
Təqdim etdi:
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info