Turizm sənayesinin inkişafı ölkəyə valyuta axını yarada bilər
Tarix: 14.07.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Dünyada ən əhəmiyyətli sektorlardan biri hesab edilən turizm, hər il daha da inkişaf etməkdədir. Turizmin sürətlə böyüməsi və xüsusilə iqtisadi baxımdan fayda təmin edən bir sənaye olması baxımından ölkələr beynəlxalq turizm bazarından daha çox qazanc əldə etmək istəyir. Bunun nəticəsində turizm sektorunda ölkələr arasında yaşanan rəqabət də artmaqdadır. Bu gün artıq turizm dünya iqtisadiyyatına birbaşa 3,1 faiz gəlir verir. Qloballaşmanın təsiri ilə artan turizm gəlirləri, ölkələrin xarici ticarət borclarının da ödənməsində əhəmiyyətli bir paya malikdir. Təsadüfi deyil ki, bu gün turizmlə bağlı “bacasız sənaye”, “mövsümsüz gəlir”, “inkişafın lokomotivi”, “görünməyən ixracat” kimi ifadələr işlədilir.

“ASAN viza” turistlərə üç gün ərzində viza verəcək
Ölkəmizdə də bu gün turizm sektoru prioritetdir və qeyri-neft sektorunda ən mühüm rol oynayan sahələrdən biridir. Postneft dövründə xüsusi önəm kəsb edən bu sektorun inkişafı istiqamətində bütün tədbirlərin həyata keçirilməsi vacibdir. Xüsusilə də daxili turizmin inkişafı ilə bağlı mühüm məqamlara diqqət yetirilməlidir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, valyuta gətirən sahələrdən biri də turizmdir: “Biz burada çox böyük nəticələr gözləyirik. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl “Eurovision”, keçən il Avropa Oyunları böyük marağa səbəb olub. Yəni Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında “Formula-1” yarışının xüsusi yeri var. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub. Bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir. Biz də buna hazır olmalıyıq. Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür”. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi vizalarla bağlı problemlərin də bu yaxınlarda aradan götürüldüyünü deyən ölkə başçısı bildirib ki, “ASAN viza” xidməti yaradılır və üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz, problemsiz və başqa bir iddiasız vizanı alıb gələcək. Dövlət başçısının da vurğuladığı kimi, həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün əsas məsələ turizm sənayesini yaratmaqdır. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur.

2016-cı ilin altı ayında Naftalana gələn turistlərin sayı 15 faiz artaraq 7000 nəfərə çatıb
Azərbaycanın Kiçik Qafqaz zonası, əsasən, karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir. Naftalan neftinin hikməti hələ qədim dövrdən hamıya bəllidir. Bu nadir müalicəvi xassəli naftalan nefti Naftalan şəhərini nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırıb. Prezident İlham Əliyevin diqqəti sayəsində təbii unikal müalicəvi əhəmiyyətə malik naftalan nefti ilə məşhur olan Naftalan şəhəri bu gün intensiv inkişaf mərhələsinə qədəm qoyub və sözün əsl mənasında yeniləşməkdədir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda ölkə başçısının qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün bunu beynəlxalq turizm mərkəzinə çeviririk”. Hazırda dövlət başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər davam etdirilir. Naftalan ŞİHB aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyevdən aldığımız məlumata görə, Naftalanda ümumilikdə fəaliyyət göstərən 10 turizm obyektində gün ərzində 2100 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı vardır. Bu turizm obyektlərində müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılıb. Turizm obyektlərində turistlərin mənalı istirahəti üçün onların marağını nəzərə alaraq ekskursiyalar təşkil edilir, konsert proqramları təşkil olunur. Eləcə də, sanatoriyalarda müasir səviyyəli əyləncə mərkəzləri fəaliyyət göstərir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin altı ayında şəhərə gələn turistlərin sayı 15 faiz artaraq 7000 nəfərə çatıb. Onlardan 1550-si xarici ölkələrdən gələn turistlər olub. İyul ayının ilk günlərindən isə turistlərin sayında artım müşahidə olunmaqdadır. Naftalan şəhərindəki mövcud turizm obyektlərində xidmət səviyyəsindən asılı olaraq bir günlük xərc 29-80 manat arasıdır. Buraya gündəlik 3 dəfə qidalanma, yatmaq, naftalan nefti və digər müalicə prosedurları daxildir.

Qubada turizm marşrutlarının sayı artırılacaq: turistlər daha çox Xınalıq və Afurca marşrutlarını seçir
Bu il Quba rayonuna gələn turistlər daha çox Xınalıq kəndinə və Afurca şəlaləsinə səyahət edirlər. Turist sıxlığına görə birinci yerdə Quba-Xınalıq, ikinci yerdə isə Quba-Afurca marşrutudur. Bu barədə məlumat verən Quba Turizm İnformasiya Mərkəzinin turizm mütəxəssisi Mətləb Şıxbabayevin sözlərinə görə, Quba rayonu Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olduğundan turistlərin ən çox axın etdiyi məkanlardandır. Xüsusilə bayram və istirahət günlərində Quba Turizm İnformasiya Mərkəzinə müraciətlərin sayında artım müşahidə olunur. Əcnəbi və yerli qonaqlar arasında Quba-Xınalıq, Quba-Afurca istiqamətləri ilə yanaşı, Quba-Ləzə və Quba-Xanəgah marşrutlarını seçənlər də çoxluq təşkil edir.
Son altı ayda mərkəzin xidmətlərindən 2514 turist yararlanıb ki, onların da 400 nəfəri əcnəbidir. Əcnəbi turistlərin bəzilərinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin təxminən 8-9 faizini təşkil edir. Ümumilikdə isə bu il Qubaya on minlərlə turist gəlib. Mətləb Şıxbabayev deyir ki, hazırda Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışır. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.
Müraciətlərin çoxluğu nəzərə alınaraq, rayonda mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulur. Yeni marşrutlar, əsasən, Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək. Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır. Hazırda rayonda 40-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir.
Beləliklə, bu gün bölgələrə səfər edən turistlərin sayının daha da artması yerlərdə mövcud şəraitin daha da yaxşılaşdırılmasından xəbər verir. Qeyd edək ki, qəzetimizdə bu yaxınlarda məhz Naftalan sanatoriya-kurort mərkəzinin fəaliyyəti ilə bağlı yazı dərc olunmuşdu. Ümumiyyətlə, qəzetimizdə turizmin inkişafı istiqamətində davamlı yazılar, hətta təkliflər öz əksini tapır. Bütün bunlar, təbii ki, ölkədə qeyri-neft sektorunun əsas sahələrindən olan turizmin inkişafına yönəldilib. Bu sahədə mütəxəssislərin yeni layihələrlə, təkliflərlə çıxış etməsi də turizmin inkişafına böyük təkan verər ki, bu da “mövsümsüz gəlir” deməkdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info