AHİK-də əməkçi miqrantların sosial–iqtisadi problemləri müzakirə olunub
Tarix: 14.07.2016 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


İyulun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşü olub.
Konfederasiyadan bildiriblər ki, görüşdə S.Mehbalıyev miqrasiya sahəsində mövcud olan vəziyyətdən danışıb. Qeyd edib ki, bu gün dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. İstehsal olunan ümumi daxili məhsulun təxminən onda biri miqrantların payına düşür. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədilə tərk edib. Ümumilikdə miqrant işçilər ailə üzvləri ilə birlikdə beynəlxalq miqrantların 90 faizi qədərdir. Bunlar əsasən 20-45 yaş arasında olan şəxslərdir və 40 faizi kasıb ölkələrin vətəndaşlarıdır. Təbii ki, miqrantlar əsasən inkişaf etmiş ölkələrə üz tuturlar. Statistik məlumatlar göstərir ki, əməkçi miqrantların 50 faizi qadınlardır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, siyasi sabitlik, dinamik inkişaf, tolerant cəmiyyət, beynəlxalq əməkdaşlığın geniş vüsət alması ölkəyə kapital axınını sürətləndirib, xarici sərmayədarlar və miqrantlar üçün cəlbedici mühit formalaşdırıb.
S.Mehbalıyev vurğulayıb ki, son illər miqrasiya siyasətini ölkənin iqtisadi inkişafının milli maraqlarına və tendensiyalarına uyğunlaşdırmaq məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, 2014-cü il fevralın 28-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb. Ötən əsrin 90-cı illərində ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropaya üz tutan vətəndaşlarımızın Vətənə qayıdışına böyük maraq müşahidə olunur. Xaricdə miqrantların sayının hesabatını aparan statistikaya əsasən, Azərbaycandan olan miqrantların 85 faizi Rusiyada, qalan 15 faizi digər ölkələrdə yaşayır.
AHİK sədri məlumat verib ki, ölkədə miqrasiya ilə bağlı problemlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisində də müzakirə edilib. AHİK-in irəli sürdüyü bir sıra təkliflər Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası ilə bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapıb. Miqrasiya siyasətinə dair işçi qrup, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının uzunmüddətli Fəaliyyət Proqramı yaradılıb. İllik hesabat sistemi tətbiq edilib və fəaliyyət göstərir. Bu hesabat sistemi proseslərə nəzarət etməyə, informasiya mübadiləsi aparmağa və müəyyən edilmiş fəaliyyəti, o cümlədən əmək miqrantlarının hesabına həmkarlar ittifaqlarının sıralarını genişləndirməyi planlaşdırmağa imkan verir. Azərbaycan, rus və ingilis dillərində müxtəlif bukletlər hazırlanıb.
Diqqətə çatdırılıb ki, AHİK bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalayıb. Beynəlxalq Əmək Təşkilatı, Ümumhəmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Miqrasiya Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və digər beynəlxalq təşkilatlar ilə birgə hədəf layihələr, seminarlar, treninqlər təşkil olunur.
S.Mehbalıyev daha sonra deyib ki, insanlar, xüsusən də gənclər miqrasiya yolunda həmişə çətinliklərlə qarşılaşırlаr. Onlar əhəmiyyətli maliyyə xərcləri, qohumlar ilə ayrılıq, adi həyat obrazının dəyişməsi, başqa dil, yeni adamlar, qanunlar və davranış qaydaları ilə qarşılaşır, bunların qəbul və riayət edilməsində, tələb olunan əlaqələrin qurulmasında çətinliklər çəkir, bir çox digər problemlərlə rastlaşırlar. Məqsədlərinə çatmaq, nailiyyətlər qazanmaq üçün onlara yeni lazımi biliklərin əldə olunmasında yardımlar edilməlidir. Bunlar ölkəyə giriş və çıxışın, istənilən razılıqların əldə edilməsi, dövlətdə əmək fəaliyyəti zamanı hüquq və vəzifələrin əvvəlcədən öyrənilməsi və başqa hallar üzrə biliklərin öncədən əldə olunmasıdır. Həmkarlar ittifaqları təşkilatları bu işlərdə yaxından iştirak etməyə çalışır, işləməyə gələnlərin əməyinin yerli əhalinin işi kimi qiymətləndirilməsi üçün mübarizə aparırlar. Öz məqsədlərinə nail olmaq istəyənlərə, ailəsinin rifahı naminə evdən kənarda çalışanlara tövsiyə edilir ki, həmkarlar ittifaqlarına üzv olsunlar. Nəticədə miqrantlar işəgötürənin özbaşınalığından qorunar, əmək haqqının artırılması və qanuniləşdirilməsi üçün müəssisə rəhbəri ilə müqavilə bağlamaq imkanı əldə edərlər.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak qeyd edib ki, təmsil etdiyi təşkilatın Azərbaycan Həmkarlar İttifaqları ilə qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsi və inkişaf etdirilməsi baxımından hazırkı görüşün böyük faydası var. Əməkçi miqrantların üzləşdiyi problemlərin həlli ilə bağlı AHİK-in atdığı addımları təqdir edən qonaq bildirib ki, bu sahədə gələcəkdə də birgə səylərin artırılmasına xüsusi önəm veriləcək.
Görüşdə müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadıləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info