“Turizm Şurası yaradılmalıdır”
Tarix: 15.07.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov:
“Belə olarsa, ölkə Prezidentinin turizm sənayesi yaradılması haqqında göstərişini qısa müddətdə həyata keçirmək mümkün olar”

Dünya iqtisadiyyatında ən sürətlə inkişaf edən sektorlardan biri kimi turizm, xüsusilə də inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafında bir vasitə hesab edilir. Turizm sektoru milli gəlirə dəstəyi ilə yanaşı, valyuta ehtiyatını təmin etməklə xarici borcların aradan qaldırılmasında rol oynayır. Eyni zamanda turizm yeni məşğulluq imkanları yaratmaqla işsizlik faizinin yüksək olduğu ölkələr üçün önəmli bir sektora çevrilib. Turizm ölkələri artıq bu sektordan gəlir əldə etmək üçün hər imkandan yararlanmağa çalışır və xeyli gəlir əldə ediblər. Məsələn, qonşu Türkiyədə 9 günlük Ramazan bayramı turizm sektoruna böyük mənfəət gətirib. Turizmçilərin hesablamalarına görə, ümumilikdə 350 minə yaxın yerli turist sahil bölgələrində səyahəti zamanı, adambaşına xərclərin normal tətil mövsümündəkinin iki qatını xərcləyib. Buna görə, səyahət üçün adambaşına ortalama xərc 614 lirədən 1250 lirə səviyyəsinə yüksəlib, ümumilikdə daxili turizm 500 milyon lirə gəlir əldə edib.

Ölkəmizdə də turizm inkişafdadır və bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi vacibdir. Nazirlər Kabinetinin son iclasında dövlət başçısı bu istiqamətdə tövsiyələrini bildirib. Bu gün biz həm xarici, həm daxili turizmi inkişaf etdirməklə ölkəmizin adını dünya turizm ölkələri siyahısına yazdıra bilərik, eyni zamanda ölkəmizə valyuta axınını təmin etmiş olarıq. Mütəxəssislər də bu sektorun inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin vacibliyini deyir. Müsahibimiz Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovdur:

- Ölkə başçısı bildirib ki, əsas məsələ həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün turizm sənayesini yaratmaqdır. Siz bir mütəxəssis kimi ilk olaraq turizm sənayesi anlayışına aydınlıq gətirərdiniz. Turizm sənayesini yaratmaq üçün hansı tədbirlərin həyata keçirilməsi vacibdir?
- Doğrudan da, bu məsələnin izahına böyük ehtiyac var. Ölkə Prezidenti artıq ikinci dəfədir ki, turizm sənayesinin yaradılmasının vacibliyini vurğulayır. Qeyd etmək lazımdır ki, dünya təcrübəsində “Turizm sənayesi” anlayışının bir çox təyini mövcuddur, bu səbəbdən də onun tam tərifini verməkdə çətinlik çəkilir. Bu anlayışa daha uyğun təriflərdən biri 1971-ci ildə BMT tərəfindən təşkil edilmiş konfransda verilib. Tərifə görə “turizm sənayesi” səyahətçilər üçün mal və xidmətin yaradılması məqsədini güdən istehsal və qeyri-istehsal fəaliyyət növlərinin cəmindən ibarətdir. Turizm sənayesi iqtisadiyyatın digər sahələri ilə sıx qarşılıqlı əlaqədə olduğundan onun tam strukturu təyin edilərkən bir çox çətinliklərlə üzləşilir. Sənaye, kənd təsərrüfatı, tikinti sənayesi və ticarətin kompleks iştirakı olmadan turistlərin tələbinin ödənilməsi mümkün deyil. Məsələn, ABŞ-ın Ticarət Nazirliyi iqtisadiyyatın 24 sahəsini xidmət sferasına aid edib. Bu baxımdan turizm sənayesinin dəqiq sərhədlərini çəkmək mümkün deyil. Lakin buna baxmayaraq, turizm məsələləri ilə yaxından məşğul olan ÜTT tərəfindən Turizm sferasında fəaliyyət növlərinin standart beynəlxalq təsnifatı (SİKTA) hazırlanıb və bu standart BMT-nın Statistika Komissiyası tərəfindən 1993-cü ildə qəbul edilib. Bütün tərifləri ümumiləşdirərək söyləmək olar ki, “Turizm sənayesi” dedikdə, səyahəti həyata keçirmək prosesində turistə zəruri olan hər şeylə (xidmət, məhsul) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Beləliklə, turizm sənayesi - yerləşdirmə və nəqliyyat vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və digər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya və gid-tərçüməçi xidmətləri göstərən təşkilatların məcmusudur. Adıçəkilən bu müəssisələr sayəsində turizmin maddi-texniki bazası formalaşır. Onun tərkibinə bunlar daxildir: Turizmi təşkil edən müəssisələr (turoperator və turagentlər); Yerləşdirmə xidməti göstərən müəssisələr (Hotellər,Motellər, Pansionatlar və s.); Qidalanma müəssisələri; Nəqliyyat müəssisələri; Ekskursiya büroları; Məhsul istehsal edən turizm müəssisələri (suvenir, mebel, müxtəlif ləvazimatlar istehsal edən müəssisələr); Ticarət müəssisələri (mağazalar); İstirahət və əyləncə xidməti göstərən müəssisələr; Özfəaliyyət turizm idarələri (turizm, alpinist, velo klublar və s.); Turizmi idarə edən orqanlar (dövlət idarələri, turizm təşkilatları).
-Bildirildi ki, Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər, idman yarışları ölkəni bütün dünyaya tanıdır. Bu tədbirlər, o cümlədən sonuncu “Formula- 1” yarışları, "Jara" festivalı ölkəmizin tanıdılmasında hansı rol oynayır?
- Ölkəyə xaricdən turist axınını təmin etmək üçün hotellərin, lazımi infrastrukturun olması yetərli deyil. Əsas məsələ bunlar haqqında, ölkə haqqında xarici turistlərə informasiyanın çatdırılmasıdır. Ölkənin turizmə yararlı imicinin formalaşdırılması, onun haqqında ətraflı məlumatın potensial turistlərə çatdırılması üçün müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi vacibdir. Bildiyiniz kimi, bir müddət əvvəl dünyanın aparıcı telekanallarında Azərbaycana dair videoçarxlar nümayiş etdirildi. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi hər il 20-dən çox müxtəlif ölkələrdə təşkil edilən turizm sərgiləri, yarmarkaları, birjaları və bazarlarında iştirak edir və ölkəmizin turizm potensialını təbliğ edir. Möhtərəm Prezidentimizin qeyd etdiyi tədbirlərin də Azərbaycanın yeni bir turizm məkanı kimi tanıdılmasında müstəsna əhəmiyyəti var. Təsəvvür edin ki, “Formula-1” yarışlarının 500 milyon izləciyisi olub və ən azından gələcək 4 ildə bundan da çox olacağı gözlənilir. Azərbaycanın harada yerləməsindən xəbəri belə olmayan izləyicilər, Bakının gözəlliyini seyr edib və təbii ki, həmin gözəlliyi əyani görmək üçün ölkəmizə üz tutacaqlarına şübhə yoxdur. Digər qeyd edilən tədbirlərin də kifayət qədər izləyiciləri var ki, onlar da ölkəmizə maraq göstərəcəklər. Bundan əlavə, tədbir iştirakçılarının özləri də ölkəmizin reklamçıları olacaqlar.
-“ASAN viza” xidmətinin yaradılması turizmin inkişafında hansı rol oynayacaq?
- Bu xidmətin yaradılmasının xaricdən turist axınına təkan verəcəyinə şübhəm yoxdur. Uzun müddət turizm sektorunda işləmiş biri kimi qeyd etməliyəm ki, ölkəyə gəlmək istəyən turistlərə vizaların rəsmiləşdirilməsi böyük bir problemə çevrilmişdi. Əvvəla, heç də bütün ölkələrdə səfirliyimiz fəaliyyət göstərmirdi. Məsələn, ölkəmizə gəlmək istəyən finlandiyalı turist viza almaq üçün İsveçə getmək məcburiyyətində idi. İkincisi, bəzi konsullarımız işlərini asanlaşdırmaq üçün fəaliyyət göstərdikləri ölkələrdə yalnız bir turizm şirkəti ilə əməkdaşlıq etməklə əslində vizaların rəsmiləşdirilməsini monopoliya halına gətirmişdilər. Bəzən turistlər viza üçün 150-200 dollar ödəmək məcburiyyətində qalırdılar. “ASAN viza” xidməti isə imkan verir ki, heç bir yerə getmədən, vaxt itirmədən istənilən əcnəbi vətəndaş 3 gün ərzində viza alaraq ölkəmizə gələ biləcək.
-Valyuta gətirən sahələrdən biri də turizmdir. Ölkəmizə valyuta axınını davamlı təmin etmək üçün daha hansı tədbirlərin reallaşmasına, problemlərin aradan qaldırılmasına ehtiyac var?
- Bu bir həqiqətdir ki, dünyanın bir sıra ölkələri turizmdən xeyli gəlir əldə edir. Bu gəlirlərin də əksər hissəsi xarici valyuta (istər dollar, istərsə də avro) ilə olur. Təbii ki, valyuta daxilolmalarının davamlı olması üçün Prezidentin qeyd etdiyi kimi, ölkəmizdə turizm sənayesinin yaradılması mütləqdir. Bütün bu prosesə aid olan nazirlik, komitə, idarə və müəssisələrin kompleks fəaliyyətini təmin etmək üçün isə dəfələrlə təklif etdiyim Turizm Şurası yaradılmalıdır. Həmin Şuraya mədəniyyət və turizm naziri rəhbərlik etməli, digər aidiyyəti qurumlar isə Şurada birinci müavinlərlə təmsil edilməlidirlər. Şura ayda bir dəfədən gec olmayaraq toplanmalı, turizmin inkişafına mane olan problemləri müzakirə etməli və qərarlar qəbul etməlidir. Bir şərtlə ki, həmin qərarlar bütün ölkənin qurumları tərəfindən yerinə yetirilsin. Fikrimcə belə olarsa, ölkə Prezidentinin turizm sənayesi yaradılması haqqında göstərişini qısa müddətdə həyata keçirmək mümkün olar. Digər bir məsələnin də həll edilməsinin vacibliyini qeyd etmək istəyirəm. Bu da turizm sahəsində əsas xidmətlərdən hesab edilən qidalanma ilə bağlıdır. Bu sahədə təcili dönüş yaradılmalı, dünya təcrübəsinə əsaslanan tədbirlər həyata keçirilməlidir. Fikrimcə, bu sahənin monitorinqi mütləq şəkildə turizmi idarə edən orqana həvalə edilməlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info