Ali məktəblərə qəbul üçün keçid balları açıqlandı
Tarix: 16.07.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirib. Bildirilib ki, Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək.
M.Abbaszadə qeyd edib ki, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim olunacaq: “Sonda hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil. Hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırlar. Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssisin maaşı olmayacaq. İmtahanların pullu olması isə iştirakçılarının sayına təsir göstərməyəcək. Sosial ədalət nəzərə alınmaqla müəyyən təbəqələrə imtahanda iştirak etmək üçün ayrı qiymətlər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Bu ilin sonuna qədər TQDK-nı dövlət maliyyələşdirəcək. Lakin gələn il yanvarın 1-dən bizim heç bir işimizlə bağlı maliyyələşmə yoxdur. Bizə, sadəcə, 1 milyon manat pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq”.
M. Abbaszadə qeyd edib ki, TQDK-ya, dövlət icra orqanı olduğu üçün, ildə 7 milyon manatadək büdcədən maliyyə ayrılıb. Bunun təxminən 2 milyonu idarənin saxlanılması, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunub: “İmtahanlarda dövlət orta hesabla hər bir abituriyentə 25 manat pul xərcləyirdi”.
M.Abbaszadə əlavə edib ki, yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. Onun sözlərinə görə, dövlət tərəfindən sifariş verilən imtahanlar ancaq buraxılış imtahanlardır və biz bilirik ki, dövlət digər imtahanları maliyyələşdirməyəcək. Dövlət imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada apara bilərik? Məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manat, Türkiyənin ali məktəblərinə imtahanların qiyməti isə 50-60 dollardır. Bizim apardığımız imtahan isə dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki əsasən proqram təminatı TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı, kənardan proqram təminatını sifariş vermirdik. Yəqin ki, gələcəkdə də müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
I ixtisas qrupunun “Riyaziyyat”, “Fizika, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika”, “Telekommunikasiya və radio texnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, “Kompüter elmləri”, “Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.
Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənn üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin I, II və III qruplarda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında İngilis dili fənni üzrə nisbi balı 60-dan az olmayanlar, IV qrupda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində isə İngilis dili fənni üzrə attestat qiymət “4”, və “5” olan abituriyentlər iştirak edə bilərlər.
“Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqranomluq”, “Zootexniklik”, “Baytarlıq”, “Subioehtiyatları və akvabitkilər” ixtisaslarına, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya və Su Təsərrüfatı tikintisi mühəndisliyi”, “Ekologiya” və “Əczaçılıq” ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Ali məktəblərə qəbul olmaq üçün 41965 yer təqdim olunub
Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41965 yer təqdim olunub.

M.Abbazsadə bildirib ki, bu, ötən illə müqayisədə 7,21% çoxdur. Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb. Ötən il 11714 nəfər olan dövlət sifarişli yerlərin sayı bu il 12221-dir: “11 illik təhsil bazadan orta ixtisas təhsili müəssisələrinə isə bu il 6940 yer ayrılıb. Ötən il bu rəqəm 6133 yer olub. 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13% artıb. Plana əsasən, 48905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək”. Direktorlar Şurasının sədri qeyd edib ki, qruplar üzrə də dövlət sifarişli yerlərdə artım var. I qrupda dövlət sifarişli yerlərin sayı 5,9 % (300 yer), II qrupda 9% (2021 yer), III qrupda 3 yer (ötən ilki səviyyədə), IV qrupda 4,99% (62 yer) artıb.

I və IV ixtisas qruplarının abituriyentləri düzgün cavabları hardan öyrənə bilərlər?
Qeyd edək ki, dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb. İmtahan mərkəzləri imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxışdan keçirilib və bütün binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat davam edib.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdirilir. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
İmtahanda 25956 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 22044 abituriyent I qrup üzrə, 3912 abituriyent IV qrup üzrə imtahan verib. Abituriyentlərdən 23540 nəfəri (I qrup üzrə 19995, IV qrup üzrə 3545 nəfər) Azərbaycan bölməsinin, 2416 nəfəri (I qrup üzrə 2049 nəfər, IV qrup üzrə 367 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15067 nəfəri (I qrup üzrə 13873 nəfər, IV qrup üzrə 1194 nəfər) oğlanlar, 10889 nəfəri (I qrup üzrə 8171 nəfər, IV qrup üzrə 2718 nəfər) isə qızlardır. 25457 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 489 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 173 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 2001-ci ildəndir.
İmtahanların idarə olunmasına 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2129 nəzarətçi-müəllim cəlb olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info