Milli Demokratiya İnstitutu ölkədə qarşıdurma yaratmaq istəyir
Tarix: 11.03.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Azərbaycan dövləti bu gün müstəqil və sürətli inkişaf yolunu tutub. Dövlətimizin iqtisadi-sosial qüdrəti dayanmadan artır. Azərbaycan dünyadakı qlobal layihələrin əsas təşəbbüsçüsü və regionun lider dövlətlərindən birinə çevrilib. Ən əsası odur ki, dövlətimizin bu cür güclənməsi məhz yürüdülən müstəqil siyasət, müstəqil inkişaf strategiyası nəticəsində baş verib.
Təbii ki, gənc müstəqil ölkənin az vaxtda bu cür nailiyyətlər seriyasını reallaşdırması bəzi xarici qüvvələrə sərf etmir. Ölkəmizin sürətli inkişafı, mövcud ictimai-siyasi sabitlik, xalqın hakimiyyətə birmənalı dəstəyi ölkəmizdə öz siyasi və iqtisadi maraqlarını reallaşdırmaq istəyən bəzi xarici dairələri rahatsız edir. Ona görə də onlar bu müstəqil inkişafımızı sarsıtmaq və yavaşıtmaq üçün müxtəlif təxribatlara əl atırlar. Bunun üçün isə xüsusi təyin olunmuş xarici qurumlar fəaliyyət göstərir. Məsələn, müxtəlif ölkələrdə, xüsusilə postsovet ölkələri olan Gürcüstan, Ukrayna, Moldovada baş vermiş siyasi kataklizmlər və qarşıdurmalarda böyük rolu olmuş ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) həmin ssenarini Azərbaycanda da gerçəkləşdirmək üçün səylər göstərir. Araşdırmalar göstərir ki, MDİ ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, Mərkəzi Kəşfiyyat İdarəsinin əksər rəhbərləri bu təşkilatın yaradılmasında iştirak ediblər. Vaxtilə MDİ-nin həmin ölkələrdəki milli nümayəndəliklərinin rəhbəri olmuş Aleks Qriqorevs baş verən hadisələrdə yaxından iştirak etmiş, müxalifəti, qeyri-hökumət təşkilatlarını maliyyələşdirmiş və onlar istiqamətləndirib.
A.Qriqorevsin seksual azlıqlara mənsub olduğu bildirilir. MDİ-nin Azərbaycandakı başçısı Aleks Qriqorevs Bakıda bu qurumun 2011-ci ilin oktyabrında ikinci dəfə fəaliyyətinə icazə veriləndən sonra etiraz ruhlu gənclərin axtarışına başlayıb. Təsadüfi deyil ki, MDİ-nin ofisində “NİDA” gənclər təşkilatlarının Azərbaycanda kütləvi nizamsızlıqlara cəhd etməkdə ittiham olunan fəalları çalışır. MDİ-nin Azərbaycandakı etirazçı gənclərlə iş təcrübəsi əslində 2005-ci ildən parlaq nümunələrlə xarakterizə edilir. Məsələn, 2005-ci ildə parlament seçkilərində belə gənclərin Ukraynanın PORA və Gürcüstanın Kmara təşkilatlarının düşərgələrində hazırlanması məhz MDİ tərəfindən maliyyələşdirilib və Respublikaçılar İnstitutu tərəfindən dəstəklənib. Azərbaycanda MDİ ikinci dəfə fəaliyyətinə icazə veriləndən sonra gənclərlə fəaliyyət dairəsini daha da genişləndirib. Qeyd edilir ki, Aleks Moldovada “Twitter” inqilabından fərqli olaraq Azərbaycanda “Facebook” inqilabına üstünlük verib. Çünki “Facebook” ölkədə ən kütləvi sosial şəbəkədir. Burada əsgər ölümü ilə bağlı virtual etirazların təşkili və onların icazəsiz kütləvi aksiyalara çevrilməsi cəhdi, bu məqsədlə kütləvi sayda anonim, saxta profillərin yaradılması da bu qurumun fəaliyyət sahəsinə aid edilir.
Bu gün MDİ-nin Bakı ofisinin rəhbəri olan Qriqorevsin yaxın əhatəsi müxalifyönlü “NİDA” təşkilatının fəallarıdır. Qeyd edək ki, “haqqın.az” saytındakı yazıda da MDİ-nin Azərbaycanda sosial şəbəkələr vasitəsilə təxribatlar, icazəsiz aksiyalar və qarşıdurmalar həyata keçirməsi barədə konkret faktlar əsasında bildirilir. Xəbər verildiyi kimi, “NİDA”nın üç üzvü bu günlərdə həbs olunub, onların yaşadığı mənzillərdə “Molotov kokteyli”, narkotik vasitələr və külli-miqdarda pul vəsaiti aşkar olunub. Bu təşkilatın Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək niyyəti ilə cinayət xarakterli metodlardan istifadə etməyi planlaşdırdığı güman edilir. Təsadüfi deyil ki, Qriqorevs Moldovadan deportasiya olunub. Bu gün hakimiyyətə qarşı ifrat kəskin mövqedə olan əksər qrupların və səhifələrin onun təlimatları əsasında yarandığı bildirilir.
Son 3 ildə Azərbaycanda olduğu dövrdə A.Qriqorevs öz hesabından 2 milyon dollara yaxın vəsait çıxarıb. Bu vəsaitlərin hara xərcləndiyi barədə heç bir izahat və məlumat verilmir. Baxmayaraq ki qanuna görə həm yerli, həm də Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatlar Maliyyə Nazirliyinə müvafiq hesabatlar verməlidirlər. Onun və onun kimilərinin Azərbaycanda fəaliyyəti qanuna ziddir. MDİ Azərbaycan hökuməti qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Əks təqdirdə bu təşkilatın Azərbaycanda fəaliyyətinin dayandırılması zərurətə çevriləcək.
Xüsusilə qeyd etmək istəyirik ki, Aleks Qriqorevslə bizim də müəyyən qədər əyani tanışlığımız olub. Belə ki, Qloballaşan Dünyaya İnteqrasiya İB-nin sosial elmlərlə bağlı bir layihəsi vardı. Bu layihəni MDİ-yə təklif etmək üçün MDİ-yə müraciət edilmişdi və onlarla görüş keçirilmişdi. Görüşdə Qloballaşan Dünyaya İnteqrasiya İB-nin üzvləri və eləcə də layihənin iştirakçılarından biri olacaq sosioloq Əbülfəz Süleymanov da iştirak etmişdi. A.Qriqorevs bizimlə görüşündə adıçəkilən təşkilatın fəaliyyəti ilə maraqlandı. O, nəyə görə təşkilatın “patriotik” layihə təklif etdiyini, eləcə də həmişə bu cür vətənpərvər, milli məsələlərə aid layihələr həyata keçirdiyini soruşdu, daha doğrusu, irad tutdu. Təklif belə oldu ki, daha çox “demokratiya” məsələlərinə aid layihələr təqdim edilsə, onlar maliyyələşdirə bilərlər. Həm də bizimlə növbəti görüşlərdə daha çox “yenilikçi”, “dəyişiklik” istəyən gənclərlə gəlməyimizi tələb etdilər və bildirdilər ki, “nə qədər çox gənc gətirsələr, bir o qədər yaxşıdır, lap gənclərin əlindən ofisdə yer olmasın, amma yetər ki, çoxlu sayda gənc gəlsin”. Təbii ki, biz onların layihəmizin milliliyinə görə irad tutmasından və “çoxlu sayda gəncləri” görüşlərə çağırmaq kimi qəribə təklifdən bir qədər ayılmış və diksinmiş kimi olduq. Hər halda bunu anormal və gözlənilməz hesab etdik və bir daha həmin təşkilata layihə təklifi verməməyi qərara aldıq. Hər halda, bu görüşün özü də müəyyən mənada Aleks Qriqorevs kimilərinin Azərbaycanda hansı axtarışlarda olduğunun konturlarını təsvir etməyə az əsas vermir...
İlkin AĞAYEV

P.S. “NİDA” təşkilatının adı əslində Azərbaycan dilində ədatı bildirən işarə kimi anlaşılmamalıdır. Ola bilsin ki, bu ad elə başqa bir variantda Milli Demokratiya İnstitutunu abbreviaturla simvolizə edir(İngiliscə National Democratic İnstitute). Onu da nəzərdən qaçırmaq olmaz ki, NİDA 2011-ci ildə - məhz MDİ-nin bu sahədə cəhdlərinin genişləndiyi ərəfədə bir neçə blogger və sosial şəbəkə fəalı tərəfindən yaradılıb




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info