“İlk növbədə ixtisaslaşdırılmış, sonra isə qarışıq aqroparkların yaradılması məqsədəuyğundur”
Tarix: 20.07.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Tubuxanım Qasımzadə:
“Aqropark konsepsiyası gələcəkdə aqrar sahənin inkişafı üçün baza olacaq və bu sahədə ciddi tədqiqatlar, hesablamalar aparılmalıdır”

Kənd təsərrüfatının inkişafı Azərbaycan üçün həmişə prioritet olub. Bu gün ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı ölkə başçısı bildirdi ki, qarşıdan gələn dövrdə kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir: “İndi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik”. Alimlərimiz də bu sektorun inkişafda olduğunu, eləcə də bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyirlər. Müsahibimiz AMEA Aqrar Elmlər Bölməsinin elmi katibi vəzifəsində çalışmış, müstəqil ekspert Tubuxanım Qasımzadədir:
- Azərbaycanda aqroparkların yaradılmasına başlanılıb və bu proses davam etdiriləcək. Bunun əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik?
- Son illər ərzində Azərbaycanın ərazisində bir sıra “Eko Park” və aqroparklar açılıb. Ümumiyyətlə, bu sahədən uzaq olan oxucular üçün açıqlama versək yaxşı olar. Aqroparkın yaranması ilk növbədə kənd təsərrüfatı istehsalının qeyri-kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır. Yəni burda istehsal ilə emalın birliyi, fitosanitar məsələlər, düzgün marketinq və menecment, düzgün iqtisadi yanaşma, konkret kənd təsərrüfatı bitkisinin emalının rentabelliyi, ekoloji baxımından ətraf mühitin qorunması, bütün növ resurslardan - su, torpaq, bitkilər və s. düzgün istifadə olunması, bütün bunların nəzərə alınması öz növbəsində heyvandarlığın, bitkiçiliyin və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün güclü əsas yaradır. Həmçinin aqroparkların bir sıra üstünlüklərini də qeyd etmək olar: birincisi, bu zəncirvarı sistemdir, çünki istehsal, emal, marketinq və menecment hamısı birgədir; ikincisi, yaradılan şərait müasir texnika, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün yararlıdır, eyni zamanda xərclər də minimaldır; üçüncüsü, bunu ekoloq kimi xüsusi vurğulamaq istərdim, ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin edilir; dördüncü, aqrar sahədə fəaliyyət göstərən və müvafiq təhsil alan kadrlar üçün yeni iş yerləri açılır, bu da gözəl stimullaşdırma faktorudur; nəhayət, belə parkların yaradılması əhalinin şəhərə axınını azalda bilər. Aqroparklar iki əsas istiqamətdə ixtisaslaşmış (tərəvəzçilik, bağçılıq, üzümçülük və s.) və qarışıq ola bilər. Mənim fikrimcə, ilk növbədə ixtisaslaşdırılmış aqroparkların, sonra isə qarışıq aqroparkların yaradılması məqsədəmüvafiq olardı, həm də aqroparkın lokalizasiyasından asılı olaraq, onun növü seçilməlidir. Məsələn, respublikanın Quba-Xaçmaz iqtisadi rayonunda, misal üçün, Quba və digər ətraf rayonlarda bağçılıq, Gəncə-Qazax iqtisadi rayonunda, məsələn, Tovuz və digər rayonlarda üzümçülük üzrə ixtisaslaşmış aqroparkların yaradılması nəzərdən keçirilə bilər.
İlk dəfə olaraq respublika Prezidenti tərəfindən irəliyə sürülən aqropark konsepsiyası gələcəkdə aqrar sahənin inkişafı üçün baza olacaq və bu sahədə işlər aparılarkən ciddi tədqiqatlar, hesablamalar aparılmalıdır. Dünya təcrübəsindən öyrənməliyik, yenə də alim olduğum üçün, qeyd etməliyəm, elm-təhsil bazasının nümayəndələri xarici ölkələrə göndərilib və orada təcrübə yığıb Azərbaycana qayıdaraq bu sahəni inkişaf etdirməlidirlər. Sözsüz, aqroparkların yaradılması ancaq və ancaq özəl əsaslarla həyata keçirilməlidir. Burda mən aqrar sahədə fəaliyyət göstərən alimlərin rolunu vurğulamaq istərdim. Xarici həmkarlar ilə birgə hazırlanmış layihələr, dövlət tərəfindən də müxtəlif vasitələr və yollarla dəstək ala bilər və dövlət tərəfindən istiqamətləndirilə bilərlər. Aqroparkın yaradılması böyük, həm praktiki, həm elmi tərəfdən rəqabətqabiliyyətli işdir. Əlbəttə ki, bu işdə həm alimlərimizin, həm də KTN mütəxəssislərinin işlərinin əhəmiyyəti danılmazdır.
-Ölkə başçısı qeyd edib ki, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bildirilib ki, bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın. Bu istiqamətdə hansı tədbirlər həyata keçirilə bilər?
- Ölkənin ərzaq təhlükəsizliyi milli istehsalın inkişafı və kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadədən bilavasitə asılıdır. Əvvəlcədən qeyd etmək istərdim ki, məsələn Fransa kimi Azərbaycanda aztorpaqlı ölkə sırasına aiddir. Ölkənin əkinəyararlı torpaqlarının 42 faizindən təyinatı üzrə istifadə olunmur. Belə hal keçid dövrünə, aqrar islahatların nəticəsində, xarakterikdir. Yararlı torpaqlardan tam və təyinatı üzrə istifadəyə nail olunması ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Son illər kənd təsərrüfatı sahəsində torpaq islahatı, təsərrüfatların, emal sənayesi və xidmət müəssisələrinin özəlləşdirilməsi kimi mühüm tədbirlər həyata keçirilib. Lakin bu sahədə müəyyən problemlər indi də mövcuddur. Birincisi, ayrılan torpaq sahələri sahibkarlara, əsasən, onların özlərinin ehtiyaclarını təmin etmək imkanı verir. İkincisi, dövlət təsərrüfatlarından və kolxozlardan miras qalmış əmlak yararsız və ya qismən yararlı haldadır. Maşın və mexanizmlər köhnəlib, tikililər və qurğular, suvarma sisteminin bir hissəsi yararsız hala düşüb. Azərbaycanda üç min beş yüzdən çox kənd və 850 mindən çox torpaq mülkiyyətçisi olan ailələr var. Bu, balaca rəqəm deyil. Azərbaycanın rayonlarında torpaqlardan səmərəli istifadə olunması, indiyədək yararsız hesab edilən sahələrin əkin dövriyyəsinə qatılması xüsusi diqqət mərkəzindədir. Aparılmış araşdırmalar nəticəsində eroziyaya uğramış, şoranlaşmış, meliorasiya tədbirlərinə ehtiyacı olan torpaq sahələri müəyyənləşdirilməli və onların əkin dövriyyəsinə qatılması üçün təkliflər hazırlanmalıdır. Regionlarda iri taxıl toxumçuluğu təsərrüfatları yaratmaq üçün əlavə imkanlar da müəyyənləşdirilməlidir. Mən bir məsələyə toxunmaq istərdim. İndi rayonlarda bir tendensiya irəli sürülür: suvarma şəraiti olan, örüş məqsədi ilə səmərəli istifadə edilməyən qış örüş sahələrinin də əkin dövriyyəsinə qatılması məqsədi ilə aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmaq niyyəti var. Bir mütəxəssis kimi, bu addımı atmağı məsləhət görməzdim. Çünki gələcəkdə bu heyvandarlıq sahəsinə ziyan gətirə bilər.
- Mövcud problemlərin qarşısının alınması üçün hansı tədbirlərin görülməsini zəruri hesab edirsiniz?
- Rəsmi statistik məlumata əsasən, Azərbaycanda torpaq islahatı 1996-cı ildən etibarən həyata keçirilir. Torpaq islahatı, ölkənin torpaq fondunun 21%-nin əvəzsiz olaraq kəndlilərin mülkiyyətinə verilməsi deməkdir. Hazırda Azərbaycanda “Torpaq islahatı haqqında” qanun qüvvədədir. Dövlət əmlakının özəlləşdirilməsinin birinci dövlət proqramı çərçivəsində bütün 420 istehsal və xidmət təyinatlı kənd təsərrüfatı müəssisəsi özəlləşdirməyə açıq elan olundu. Bura, o cümlədən 21 pambıqtəmizləmə, 120 şərab, 42 konserv və digər zavodlar, habelə aqrotexservislər və aqrokimyəvi birliklər aiddir. 1 yanvar 2004-cü ildə fermer təsərrüfatlarının sayı (2 600 vahidə yaxın) kollektiv təsərrüfatların sayından iki dəfə çox olub. Fermer təsərrüfatlarına məxsus olan torpaqların sahəsi 19 min hektardır (kollektiv təsərrüfatlarda olduğundan üç dəfə azdır). Öz sahələri kifayət etmədiyindən fermerlər 24,4 min hektar torpaq sahəsini icarəyə götürüblər.
Azərbaycanda 200 kənd təsərrüfatı kooperativi var. Bu kooperativlər mindən artıq ailəni birləşdirir. Kənd təsərrüfatı kooperativlərinin sərəncamında 4,3 min hektar torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 41 kənd təsərrüfatı müəssisəsinin mülkiyyətində 134,3 min hektar torpaq sahəsi var (onlardan 83,3 min hektarı kənd təsərrüfatına yararlıdır). Bundan başqa, 111 elmi-tədqiqat, təcrübə və digər dövlət müəssisəsi mövcuddur. Bu dövlət təsərrüfatlarının sərəncamında 16,5 min hektar torpaq var. Bu statistik göstəricilər özlüyündə bu suala cavab verir. Azərbaycanda əkin altında olan torpaqların 90 faizi suvarılır. Ölkənin su ehtiyatları 31,2 milyard kubmetr həcmində qiymətləndirilir. Bunlardan 12 milyard kubmetrə yaxını suvarma üçün istifadə edilir. Əkin altında olan torpaqların ümumi həcmindən 1,45 milyon hektarı suvarılır. Drenaj sistemləri isə yalnız 610 min hektar sahədə quraşdırılıb. Ümumi həcmi 21,5 milyon kubmetr olan 153 su anbarı, 8 min artezian quyusu, 1645 nasos stansiyası mövcuddur. Suvarma kanallarının ümumi uzunluğu 73,3 min km, drenaj xətlərinin uzunluğu - 33 min km təşkil edir. Sahilyanı mühafizə qurğularının ümumi uzunluğu 1700 kilometrdir. Ölkədə torpaqların 1,2 milyon hektarı bu və ya digər dərəcədə şoranlaşıb, müxtəlif növ eroziyalara məruz qalıb, 50 min hektardan artıq torpaq çirkləndirilib. Bundan əlavə, 1,4 milyon hektardan çox əkin sahələrinin münbit qatına zərər vurulub. Xüsusilə Kür-Araz düzənliyində yerləşən özəlləşdirilmiş torpaqların şoranlaşması və su altında qalması ciddi narahatlıq doğurur. Təbii otlaqlarda mal-qaranın nəzarətsiz otarılması səbəbindən otlaqlar daimi tənəzzülə uğrayır. Təbii otlaqların böyük sahələri eroziyaya məruz qalıb və su basıb.
Torpaqlarla bağlı mövcud problemlərin qarşısının alınması üçün mərhələli tədbirlərin görülməsi zəruridir. Bu tədbirlər torpaqlardan istifadə etmək haqqında əsasnamələrin qəbul edilməsini və onların həyata keçirilməsini, torpaqların tədqiqatını və müvafiq xəritələrin tərtib edilməsini, torpaqların sağlamlaşdırılmasına və torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına dair hazırlanmış tədbirlərin həyata keçirilməsini əhatə etməlidir. Torpaqların səmərəli istifadəsinə gəldikdə, müvafiq regionların şəraiti də nəzərə alınmalıdır. Məsələn, respublikanın cənub bölgəsinin torpaq -iqlim şəraiti, mövcud olan ənənə və təcrübələr, burada yaşayan insanların vərdiş və bacarıqları tərəvəzçilik və bostançılığın bu ərazilərdə geniş yayılmasına səbəb olub. Eyni cür digər regionların iqlim və torpaq şəraitinin spesifikliyi nəzərə alınmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info