Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Nicdə udilərin qonağı olub
Tarix: 20.07.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Prezidentin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi dünən Qəbələdə öz işini davam etdirib.
Bakı Slavyan Universitetinin “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri Ülviyyə Abbasovanın moderatorluğu və xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənnini tədris edən İrina Kunina, Roza Şəfiyeva və Maya Cəfərquliyevanın iştirakı ilə “Azərbaycançılıq və etnik rəngarənglik” mövzusunda “dəyirmi masa” təşkil olunub. Ülviyyə Abbasova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında bilgi əldə etmək imkanı olduğunu vurğulayıb. “Azərbaycan multikulturalizmi” fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina “dəyirmi masa”da “Azərbaycançılıq və etnik rəngarənglik” adlı təqdimatla çıxış edib. O, eyniadlı videosüjetin müşayiəti ilə tələbələrə Azərbaycanın multikultural durumu, etnik mənzərəsi haqqında məlumat verib: “Azərbaycan polietnik dövlətdir. Xalq titul etnosdan - Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan - udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqa azsaylı xalqlardan təşkil olunub. Bu xalqlar Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edir. Bu xalqlardan başqa, ölkəmizdə respublikada ruslar, ukraynalılar, beloruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi vətəni var və Azərbaycan ərazisində yaşayan alloxton milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən çox müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların sırasında rusların, ukraynalıların, kürdlərin, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, Axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri var. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur”. Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Maya Cəfərquliyeva qeyd edib ki, sözügedən fənni öyrənənlərin Azərbaycanın multikulturalizm siyasəti sahəsində təcrübəni dərindən dərk etmək istəyi var. Ən çox Azərbaycanın etnik və dini müxtəlifliyi, ölkəmizdə min illər boyu birgə yaşayan müxtəlif etnik qruplar, dünya etnik xəritəsində yalnız Azərbaycanda olan Xınalıq kəndi və xınalıqlılar barədə maraqlanırlar, çoxlu suallar verirlər. “Azərbaycan multikulturalizmi” fənnini Çexiyanın Karl Universitetində tədris edən Roza Şəfiyeva bildirib ki, semestr boyu bu fənnə böyük maraq və istək nümayiş etdirən tələbələr bu dərslər vasitəsilə Azərbaycanın etnik mənzərəsi, multikultural dəyərləri, tolerantlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. “Dəyirmi masa”da Türkiyə, İndoneziya, Çin, Bolqarıstan, Rusiya, Gürcüstan, Litva və Almaniyadan olan tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizdə əsrlərdir yanaşı yaşayan etnik qruplar, azsaylı xalqlarla bağlı fikir və düşüncələrini bölüşüblər. Yay məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Tələbələr yerli əhali ilə-udilərlə görüşüblər. Yay məktəbinin iştirakçıları yerli udi gənclərinin müşayiəti ilə qəsəbəni gəziblər. Tələbələrə Nic qəsəbəsinin, buradakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı ətraflı məlumat verilib. Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər. Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info