Gürkan Kumbaroğlu: I Avrasiya konfransı dünyanın enerji nəhənglərini Bakıda bir araya gətirəcək
Tarix: 22.07.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) I Avrasiya konfransı keçiriləcək. Məqsəd dünyanın enerji nəhənglərini Azərbaycanın paytaxtında bir araya gətirməkdir. Konfransda Xəzər dənizinin enerji resursları ilə bağlı xüsusi panellər və sessiyalar təşkil ediləcək. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında iqtisadi cəhətdən ən səmərəli variant məhz Türkiyədən keçən boru kəmərləridir. TANAP Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfələr verəcək. Xəzər dənizində TANAP-ı təmin edəcək kifayət qədər təbii qaz ehtiyatı var. “Türk axını” layihəsi TANAP-a alternativ deyil.
Bütün bu məsələlər barədə AZƏRTAC-a məxsusi müsahibəsində Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu məlumat verib. Müsahibəni təqdim edirik.
- Bakıda I Avrasiya konfransının keçirilməsində məqsəd nədir?
- Konfransın Bakıda təşkil olunması ilə bağlı qərar 2015-ci il mayın 24-də IAEE-nın Antalyada keçirilən İdarə Heyəti iclasında qəbul edilib. I Avrasiya konfransının keçirilməsində məqsəd dünyanın enerji nəhənglərini Bakıda bir araya gətirmək və IAEE-də Xəzər dənizi regionuna istiqamətlənən fəaliyyətləri inkişaf etdirməkdir. IAEE-nin bu bölgə ilə bağlı fəaliyyətlərinə dair tək bir konfransla kifayətlənmək olmaz. Biz mütəmadi formada və davamlılığını təmin etmək məqsədilə yeni bir regional formalaşmanı da yaratmağı düşünürük. Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya Orta Asiya regionunun mərkəzinin məhz Bakıda qurulması istiqamətində də işlərini davam etdirir.
- Sizcə bu konfransın tarixən neft ölkəsi olan və son dövrlərdə öz təbii qazı ilə Avropa bazarlarına çıxmağa hazırlaşan Azərbaycan üçün hansı müsbət cəhətləri olacaq?
- Konfransın əsas mövzusu da məhz Xəzər dənizi regionunun enerji iqtisadiyyatındakı çətinliklər və yeni imkanlardır. Məqsədimiz Xəzər bölgəsinə dair mövzuları bütün istiqamətləri ilə vacib aktorlarla beynəlxalq səviyyədə müzakirə etməkdir. Konfransda Xəzər dənizinin enerji resursları ilə bağlı xüsusi panellər təşkil ediləcək. Məsələn, “Xəzər enerjisinin potensialını aşkara çıxarmaq” adlı sessiyada Azərbaycan tərəfdən moderator olmaqla, Rusiya, İran və Qazaxıstandan natiqləri bir araya gətirəcəyik.
- Azərbaycan ilə Türkiyə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri kimi layihələri həyata keçiriblər. İki ölkənin qardaşlıq əlaqələrinin enerji sahəsindəki bu uğurlarını necə qiymətləndirirsiniz?
- Bu qəbildən birgə enerji layihələri “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun təzahürüdür. Türkiyə ilə Azərbaycan enerji sahəsində bir-birini tamamlayan iki dövlətdir. Türkiyədə Azərbaycanın texnologiya və investisiya ehtiyacını təmin edəcək təcrübə, Azərbaycanda isə Türkiyənin enerjiyə olan tələbatını ödəyəcək təbii resurslar var. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında iqtisadi cəhətdən ən səmərəli variant məhz Türkiyədən keçən boru kəmərləridir.
- Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi ilə Azərbaycan təbii qazının Türkiyə və Avropaya nəql edilməsinin qitənin enerji təchizatının və infrastrukturunun şaxələndirilməsi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
- TANAP qaz boru kəməri ilə 2023-ci ildə 23 milyard kubmetr, 2026-ci ildə 31 milyard kubmetr təbii qazın nəql olunması planlaşdırılır. Bunlar böyük rəqəmlərdir. Məhz buna görə də TANAP-ın Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfəsi olacaq. TANAP təkcə enerji təchizatının şaxələndirilməsi yox, Türkiyənin təbii qaz üzrə bir mərkəz, yəni, müxtəlif mənbələrdən gələn qazın alınıb satıldığı mərkəz olmasına şərait yaradacaq.
- TANAP-la İran, Şimali İraq və İsrail qazının Avropaya nəql edilməsi mümkündürmü?
- Əlbəttə mümkündür. Lakin TANAP-ın 31 milyard kubmetrlik ötürücülük qabiliyyətinin bu qədər fərqli mənbədən təbii qazı qəbul etməsinin yetərli olmayacağını və yeni investisiyaların qoyulmasına ehtiyac yaranacağını düşünürəm. Bundan başqa, Xəzər dənizində çox böyük qaz ehtiyatları var. TANAP layihəsinin prioriteti isə məhz Azərbaycanın təbii qazının nəql olunmasıdır. Lakin Xəzər dənizindəki digər ehtiyatların da çıxarılaraq Avropaya daşınması mümkündür. Əgər Xəzər dənizinə investisiya qoyularsa burada TANAP-ı təmin edəcək kifayət qədər təbii qaz ehtiyatı yaranar.
- Sizcə “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi TANAP-a alternativdirmi? Bu layihə ilə bağlı hələ də qeyri-müəyyənlik davam edir. Bununla əlaqədar fikirlərinizi bilmək maraqlı olar.
- Avropanın təbii qaza olan tələbatı günbəgün artmaqda davam edəcək. Fərqli təşkilatların təklifləri isə bu mövzu ilə bağlı eyni istiqamətdə bənzər nəticələri ortaya qoyur. Əgər Rusiya qazını Almaniya ərazisindən Avropaya daşıyacaq “Şimal axını 2” (Nord Stream 2) layihəsi həyata keçirilməsə, “Türk axını” layihəsi Avropa üçün bir zərurət olacaq. Həmçinin Avropa İttifaqı daxilində “Şimal axını 2” layihəsinin reallaşmasına müxalif olanlar var. Buna görə də “Türk axını” layihəsinin önü açıqdır.
“Türk axını” layihəsini TANAP-a alternativ görmürəm. TANAP Avropanın təbii qaza olan tələbatını hər cəhətdən ödəyəcək layihədir. Avropanın həm “Türk axını”ndan, həm də TANAP-dan gələn təbii qaza ehtiyacı var.
- SOCAR Türkiyədə enerji sahəsində bir çox layihə həyata keçirir (“Petkim”, “Star” neft emalı zavodu, “Petlim” konteyner limanı və sair). SOCAR TANAP layihəsi də daxil olmaqla, Türkiyəyə təxminən 20 milyard dollar investisiya qoyacaq və qardaş ölkənin “Ən böyük investoru” olmaq yolunda irəliləyir. Sizcə, SOCAR-ın Türkiyə iqtisadiyyatına hansı faydaları var?
- Boru kəməri layihələrində olduğu kimi, SOCAR-ın Türkiyədə əsas oyunçu olması “Bir millət, iki dövlət” deyiminin təzahürüdür. Hesab edirəm ki, daha çox Azərbaycan şirkətləri Türkiyəyə gəlməli, türk şirkətləri də Azərbaycana böyük investisiyalar qoymalıdır. Hər iki ölkə özlərinin güclü potensialından qarşılıqlı şəkildə faydalanarsa, bunun yaradacağı sinerjidən daha da böyük iqtisadi birlik ortaya çıxacaq. Türkiyə ilə Azərbaycan Orta Asiya və Avrasiyada öz təsirini göstərəcək yeni iqtisadi formalaşmaların önünü aça bilər.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info