“Mən ədəbiyyatı viruslardan qoruyacağam”
Tarix: 23.07.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Afaq Şıxlı:
“Qürbətdə yazılan şeirlər həsrət və intizarla yoğrulmuş olur”

Müsahibimiz Afaq Şıxlı, əsasən, şairə, yazar kimi məşhurdur. Amma, bəlkə də, çoxlarının onun ixtisasca həkim olmasından xəbəri yoxdur. Son illərdə isə Afaq Şıxlı Rusiyada diaspor sahəsində də aktivdir. Xüsusən də gənc diaspor üzvlərinə hər zaman öz dəstəyini verir. Qeyd edək ki, Azərbaycan, Rusiya və Avrasiya yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Yazarlar Birliyinin Moskva bölməsinin məsul katibi, Nicat - Azərbaycan İrsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədridir. Afaq Şıxlının həyat və yaradıcılığı ilə, gəlin tanış olaq:
-1969-cu il iyun ayının 25-də Bakı şəhərində, Azərbaycanın baş geoloqu Arif Şərifbəy oğlu Şıxlinskinin ailəsində dünyaya gəlmişəm. Ailədə 5 uşaq olmuşuq, ən kiçiyi mənəm. Körpəliyimdən, övladı olmayan bibimin yanında tərbiyə almışam. Afitab xanım misli-bərabəri görünməmiş bir dil-ədəbiyyat müəlliməsi idi. Danılmazdır ki, bütün ədəbi bilgilərimə görə bibimə borcluyam. Uşaq bağçasına getməkdən imtina etdiyim üçün o məni özü ilə məktəbə aparmalı olurdu. 4 yaşında olarkən artıq oxumağı, yazmağı, saymağı, hətta vurma cədvəlini belə, bilirdim. Evimizin yanında yeni məktəb tikilirdi. 1984-cü ildə o məktəb açılanda (12 saylı), mənim 5 yaşım tamam olmuşdu və mən təkidlə məktəbə getmək istədiyimi bildirdim. Komissiya üzvləri məni sorğu-sual etdikdən sonra, birinci sinfə getməyimə etiraz etmədilər. Beləliklə, mən beş yaşından şagird oldum. O zaman belə hallar Azərbaycanda çox az idi. Məktəbimizə tez-tez televiziyadan, Təhsil Nazirliyindən gəlir və məni danışdırırdılar.
Gözümü açandan bəri dostum və sirdaşım kitablar olub. Evdə təqribən 300 kitabdan ibarət şəxsi kitabxanamız vardı və mən bu kitabları dönə-dönə oxumuşdum. Yaxınlıqda olan Səməd Vurğun adına kitabxananın da bütün işçiləri məni yaxşı tanıyırdı. 6-7 kitab götürər və ən uzağı 10 günə oxuyub bitirərdim.
15 yaşında olarkən orta məktəbi qızıl medalla və musiqi məktəbini əla qiymətlərlə bitirdim (9-10-cu siniflərdə makinaçılıq və stenoqrafiya, rəssamlıq dərsləri də almışam).
Elə həmən il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil oldum. Respublikada ən gənc ikinci həkim mən idim (bir nəfər də məndən bir il öncə, 14 yaşında daxil olmuşdu). 1990-cı ildən Moskvaya köçənədək Bakıda 8 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim-terapevt işlədim. Hazırda ədəbiyyat, musiqi, rəssamlıqla da məşğul oluram. Hər şeydən daha çox poeziyanı və tərcümə işini sevirəm.
- Şeir yazmağa və vaxtdan başlamısız?
-Şeir yazmağa erkən yaşlarımdan başlamışam. Yuxarı siniflərdə məktəbimizin nəzdində yaranmış Gənc şairlər dərnəyinin sədri olmuşam. Uzun illərdir şeirlərim, hekayələrim Azərbaycanda, Rusiyada, Türkmənistanda, Almaniyada, Türkiyədə və hətta Yaponiyada müxtəlif qəzet və jurnallarda nəşr olunur. Doqquz şeir və hekayələr toplusunun, eləcə də bədii tərcümə kitablarının müəllifiyəm (ikisi türk və rus dillərindədir). Onlarla bədii və sənədli əsərlərin redaktoru olmuşam.
-Poeziya sizin üçün nə deməkdir? İlk şeiriniz, ilk tərcüməniz xatırınızdadırmı?
- İ.S.Turgenevin sözlərilə desək: “Poeziya yalnız şeir demək deyil... O hər yerdə var, bizi əhatə edir. Siz bir bu ağaclara, o səmaya baxın - hər tərəfdən gözəllik və həyat ətri gəlir. Harada gözəllik və həyat varsa, orada poeziya var...”
Mənə gəldikdə isə poeziya - mənim məhəbbətimdir! Məni Yaradanı, övladlarımı, həyat yoldaşımı, anamı, vətənimi, təbii ki, sevirəm. Amma dünyada ən böyük sevgim - şeirdir! Ona olan hislərim heç nəylə müqayisə oluna bilməz.
Qürbətdə yazılan şeirlər də, sözsüz ki, həsrət və intizarla yoğrulmuş olur. Amma onlar öz sahibindən fərli olaraq daha xoşbəxtdirlər. Qələmin ucundan vərəqə daman hər bir misra azad quş kimidir... Məsafə tanımaz. Dildən-dilə, ağızdan-ağıza ötürülür, Vətənə gedib çıxır, sevilir, əzizlənir...
Yaşadığım müddəti ərzində mən ədəbiyyatı, poeziyanı viruslardan qoruyacağam. Bilirəm, bu, həddən artıq çətindir. Lakin mümkündür. Düzdür, bəzən insan yorulur, həvəsdən düşür...amma bir şeyə inanmaq gərəkdir ki, ədəbiyyat əbədidir!
Hər bir şeir yazılarkən, sözlər hansısa hislərdən qaynaqlanır. Qarşısına kağız, qələm qoyaraq, məcburən hecalar və qafiyələr axtaran, zamanın damarını tutmağa calışıb “lazımi” mövzuda şeir yazan “şairləri” çıxsaq, bütün yazarlar öz duyğularını sətirlərə köçürürlər. Amma bu o demək deyil ki, hər bir şair yalnız öz həyatını və başına gələnləri yazır... Qətiyyən. Mən bu fikirlə razı deyiləm. Əsl yazar üçölçülü fəzada görməyi bacarmalıdır. Eynilə aktyor kimi, başqalarının yaşadığı hiss və həyəcanları da öz daxili aləmindən keçirə bilməlidir.
İlk şerimi təxminən səkkiz yaşında olarkən yazmışdım. Bu üç bəndli “Azərbaycanım!” şeiri idi. Qəribəsi bu idi ki, şerin üçüncü bəndi qəribçilik həyatı haqda idi... Xatırlayıram ki, həmin şeir o vaxt uğur qazanmışdı və məni məktəbin Gənc Şairlər dərnəyinin rəhbəri təyin etmişdilər.
İlk tərcüməm bədii olmayıb. İnanmayacaqsınız, amma Dövlət Tibb İnstitutuna daxil olduqdan sonra da heç bir sətir belə, yazmırdım. Mən yalnız tibbi ədəbiyyatın rus dilindən Azərbaycan dilinə tərcüməsi ilə məşğul olurdum. Bizim qrupumuzda 12 nəfər var idi ki, onlarında səkkizi kənddən gəlmişdi, rus dilini bilmirdi, Azərbaycan dilində isə ədəbiyyat tapmaq çətin olurdu. O zaman, dostlarımın xahişi ilə tərcüməyə başladım. Üç irihəcmli kitab tərcümə etdim ki, bunlardan biri 300-350 səhifəlik “Endokrinologiya” kitabı idi. Onda bizim nə kompüterimiz, nə də ki çap maşınımız yox idi. Biz onların nüsxələrini qara kopirovka kağızı ilə çıxardıb paylayardıq. Hal-hazırda da o nüsxələr məndə var, zənnimcə, tələbələrin əksəriyyəti də o nüsxələri saxlayıb.
-Həmsədri olduğunuz “Nicat - Azərbaycan İrsinin dirçəlişi” (NAİD) cəmiyyəti nə zaman yaradılıb? Məqsədi və məramı nədən ibarətdir? Bu cəmiyyətin üzvləri yalnız azərbaycanlı xanımlardırmı, yoxsa əcnəbi xanımlar da var?
-Qadınlar, ümumiyyətlə, cəmiyyətin həyatında hər zaman önəmli rol oynamışlar. Hətta siyasətə, ictimai fəaliyyətə qarışmaqları ayıb sayıldığı keçmiş dövrlərdə belə. Çünki onların verdiyi tərbiyə, onların övladlarına göstərdikləri təsir gələcəyin siyasət adamlarının, ədəbi, mədəni, ictimai xadimlərin yetişməsinə səbəb olub.
İndi isə qadının cəmiyyətin həyatının hər sahəsində rolu inkaredilməzdir. Artıq qadın olmayan elə bir sahə mən tanımıram.
Bizim “Nicat” cəmiyyəti, əslində, yeni bir cəmiyyət deyil. Biz - Moskva ziyalı xanımları, 2015-ci ilin mart ayında növbəti toplantımız zamanı belə bir ümumi fikrə gəldik ki, Moskvada, həqiqətən də, bir iş görə biləcək, qızlarımızı əsl Azərbaycan xanımı kimi yönləndirə biləcək, dilimizin, mədəniyyətimizin saxlanmasına və dirçəlişinə yardım edə biləcək bir qadın cəmiyyətinə ehtiyac var. Və bu məqsədlə də, XX əsrin əvvəllərində görkəmli ziyalı xanım, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova tərəfindən yaradılmış Azərbaycan Qadın Xeyriyyə cəmiyyətinə ikinci həyat vermək qərarına gəldik.
Cəmiyyətimiz Azərbaycan Mədəniyyətinin İnfişafı və İntibahı Fondunun nəzdində yaradıldı. Təsisçisi olduğum bu mübarək cəmiyyətin səkkiz qadın həmsədri (bayrağımızın üstündəki səkkizguşəli ulduz timsallı) və bir kişi koordinatoru var. Bu isə, NAİD-in feminist ideyalardan uzaq olduğunun, yalnız və yalnız Azərbaycan irsinin dirçəlişinə xidmət etməsinin sübutudur.
2015-ci il, may ayının 5-də (Hənifə xanımın doğum günü) cəmiyyətimizin ilk toplantısı oldu. Bu ziyalı xanım Həsən bəyin yardımı və dəstəyilə 1880-ci ildən başlayaraq öz evində, mənzilində pulsuz məktəb açmış, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan qadınlara, qızlara elm, savad öyrətmişdir.
Böyük H.Z.Tağıyev demişkən: “Bir oğlana təhsil vermək bir fərdə təhsil vermək deməkdir, bir qıza təhsil vermək isə bir ailəyə, bir cəmiyyətə, bir millətə təhsil vermək deməkdir!”
Keçən ildən bəri, “Nicat” cəmiyyətinin və Şəhriyar ƏMC-nin birgə səyilə onlarla geniş tədbirlər, şair və yazıçılarla, ictimai xadimlərlə görüşlər keçirilib. Lakin yenə də qızlarımızın tərbiyəsi, öz ana dilimizdə təmiz danışması və milli adət-ənənələrimizi öyrənməsi NAİD-in başlıca vəzifəsi olaraq qalır. Çünki biz bir millət və xalq olaraq yad ellərdə yox olmaq, əriyib başqa millətə qarışmaq istəmiriksə, gələcəyin anaları olan qızlarımızı düzgün tərbiyə etməliyik!
(ardı var)
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info