“Norveçdə təhsil alacağımı eşidəndə çox sevindim”
Tarix: 25.07.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Rəvanə Kərimova: “Əl atdığım hər işə “mən bunu bacara bilmərəm” ilə başlayırdım və nəticədə çox vaxt uğursuzluğum qaçılmaz olurdu”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rəvanə Kərimovadır. Savadlı, adı öncüllər sırasında hallanan bu aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə ətraflı məlumat verərdiniz.
-Mən, Kərimova Rəvanə 1994-cü il 15 fevralda Bakıda anadan olmuşam. Məktəb təhsilimin ilk səkkiz ilini Mirələkbər İbrahimov adına 153 nömrəli tam orta məktəbdə davam etdirdikdən sonra 2008-ci ildə Akademik Zərifə Əliyeva adına məktəbdə keçirilən imtahanda iştirak etdim. Həmin ildən etibarən orta təhsilimin geridə qalan son üç ilini yenicə tədris prosesinə başlamış bu məktəbdə davam etdirməyə başladım. Oxuduğum Zərifə Əliyeva adına məktəbin digər məktəblərdən başlıca fərqi sistemli şəkildə şagirdlərin bilik səviyyələrinin il ərzində baş tutan ona yaxın müxtəlif fənlərdən olan imtahanla ölçülməsi və şagirdlərini bütün dövlət imtahanlarına tam hazırlaması idi. Bu üç ili həyatımın həmin dövrə qədər olan ən çətin periodu adlandıra bilərəm. Ancaq onu da qeyd etməliyəm ki, hazırda qazandığım uğurların mənbəyi məhz həmin məktəbdə bizə verilən mükəmməl təhsil şəraiti və onun nəticələri ilə bağlıdır. Məktəb illərində çox da aktiv şagirdlik həyatım olmayıb. Bir müddət yay tətili ərzində qılıncoynatma ilə məşğul olduqdan sonra bunun mənim sevimli idman növüm olduğuna qərar verdim. Həmin dövr üçün bu məşğuliyyəti uzun müddət davam etdirə bilməsəm də illər sonra magistr təhsili aldığım universitetin dərslərdən əlavə fəaliyyətləri arasında bu idman növünü gördüyüm zaman çox sevinmişdim. Yenidən bunun həyəcanını keçirtmək çox xoş idi.
-Bəs ali təhsilə gedən yol haradan başladı? Ümumiyyətlə, Bakıdakı tələbəlik həyatınız aktiv keçibmi?
-Ali məktəbin bakalavr səviyyəsini indiki Azərbaycan Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsində oxumuşam. Universitet təhsilimin ilk ilindən çalışırdım ki, bacardığım qədər dərslərdən kənar müxtəlif mühəndislər tərəfindən verilən mühazirə və seminarlarda iştirak edib, həm texniki biliyimi, həm də xarici dil qabiliyyətlərimi inkişaf etdirim. Üçüncü kursa qədər yay təcrübəsi üçün müraciət etdiyim yerlərin hamısından mənfi cavablar aldım. Bəzən həddindən artıq ruhdan düşsəm də, müxtəlif neft və qeyri-neft şirkətlərinə müraciətlərimi davam etdirdim. Lakin üçüncü kurs müraciət etdiyim proqramlardan birindən, hər nə qədər ixtisasımdan kənar olsa da, pozitiv cavab aldım və Fairmont Baku hotelində insan resursları yay təcrübəçisi kimi işə başladım. Bu təcrübə müddəti təhsil ilinin son iki ayını və iyun ayını əhatə etdi. Həmin il iyul ayından başlayaraq isə BP Azərbaycan şirkətində çoxdandır arzuladığım Geologiya üzrə yay təcrübəçisi mövqeyində işə başladım. On həftə ərzində təcrübəçilər üçün yaradılmış iş şəraitinin mükəmməlliyi və əzmim sayəsində həmin təcrübəni yüksək göstəricilərlə bitirdim. Ümumiyyətlə, həyatımın bu 10 həftəsini ən məhsuldar dövr hesab edərdim. Yeni, heç bilmədiyim proqram paketində işləməyi öyrənməkdən, çoxlu sayda mütəxəssislə tanış olub, onlardan bilik öyrənməkdən başqa, çoxluq qarşısında çıxış etmək və ya sual vermək, təqdimat vermək, report yazmaq kimi qabiliyyətlərimdə də kifayət qədər inkişaf oldu.
-Yəqin gənc yaşlarda qazanılan bu iş təcrübəsinin faydalarını hiss edirsiniz.
-Əlbəttə. Ən əsas qazanc mənim üçün özümü təsdiq ilə bağlı idi. O dövrə qədər hər zaman özümə inamla bağlı problemim çox olurdu. Əl atdığım hər işə “mən bunu bacara bilmərəm” ilə başlayırdım və nəticədə çox vaxt uğursuzluğum qaçılmaz olurdu. Ancaq ilk dəfə məhz bu dövrdə mənə dəstək olan komanda lideri və tutor sayəsində bacaracağımı düşündüm. Onların mənim üzərimdə itirdikləri vaxtı və enerjini görüb bunun qarşılığını verməliyəm, deyə çox çalışdım və nəticədə ayrı vaxtlarda ağlımın ucundan belə keçirtməyə çəkindiyim proqramı birinciliklə bitirdim. Şirkətin əməkdaşlarının bir çoxu o dövr üçün xarici ölkə vətəndaşı olduğundan ünsiyyət məcburən xarici dildə olurdu. Bununla da üzərimdə bir az da işləyəcəyim təqdirdə ingilis dilini öyrənmək üçün hər hansı bir kursa getməyə ehtiyac qalmayacağını başa düşdüm. Bunlardan əlavə qeyd etmək istəyirəm ki, bu təcrübənin mənə verdiyi tanışlardan biri sonradan çox sevdiyim ən yaxın dostlarımdan birinə çevrildi, hansı ki, bu günə kimi bir-birimizlə görüşür və əhvallaşırıq.
Rezumeyə əlavə etdiyim bu iki təcrübə mənə sonradan müraciət etdiyim bir çox başqa proqramlarda da yaşıl işıq rolunu oynamağa başladı.
- İş təcrübəsi ilə bərabər, ictimai işlərdə də aktivliyiniz olubmu?
-Universitetə qəbul olduğum ilk ildə fəaliyyətim əksərən fakültəmizin tələbə gənclər təşkilatı daxilində idi. Daha sonra növbəti ildə universitetin debat klubunun üzvü oldum və dostlarla komanda yaradaraq həm universitetdaxili turnirdə, həm də şəhərdaxili turnirdə iştirak edərək kifayət qədər yaxşı nəticələr göstərdik. O klubda qazandığım dostlar və keçirtdiyim vaxt da mənim üçün, həqiqətən, əvəzolunmaz idi. Yay tətillərində isə vaxtımı liderlik yay məktəblərinə və ya mühəndisliklə bağlı yay məktəblərinə qoşularaq keçirirdim. Nəticədə Azərbaycanın bəzi rayonlarına səyahət və bir çox qeyri-neft sektoru şirkətlərinin mərkəzlərinə ziyarət artıq mənim bu dövrdəki mütəmadi fəaliyyətimə çevrilmişdi. İkinci kursda oxuyarkən ilk dəfə ixtisasımla bağlı universitetimizdəki tələbə təşkilatlarından birində təşkilatçı heyətinə daxil oldum və növbəti ildə həmin təşkilatı bir neçə nəfərlik komanda ilə birlikdə idarə etməyə başladıq. Həmin dövrdə müxtəlif məşhur mühəndislər tərəfindən verilən texniki və qeyri- texniki seminarlar, mühazirələrlə yanaşı, Bakıətrafı zonalarda geoloji müşahidə səyahətləri təşkil etməyə başladıq. Bu dövrdə, həqiqətən, komanda kimi işləməyin üstünlüklərinin şahidi olmaqla yanaşı, komandanın yaxşı işləməsi üçün nə kimi addımlar atıla biləcəyi və s. ilə bağlı kifayət qədər şəxsi təcrübələr əldə etmiş oldum. Bu təcrübələr isə mənə həyatımın digər mərhələlərində çox koməkçi oldu.
-Xaricdə təhsillə bağlı yolunuz haradan başladı?
-Mənim hekayəm bir az digərlərindən fərqli ola bilər. Yadımdadır, bakalavr təhsilimin son ilində xaricdə təhsillə bağlı kiçik də olsa, bir fikrim yox idi. Kim isə qohum və dostlardan bununla bağlı soruşduğu zaman isə “yox mən bacarmaram” deməklə kifayətlənirdim həmişə. Yuxarıda söz açdığım kimi, baxmayaraq ki, qazandığım təcrübələr məndə özünəinamı artırmışdı, ancaq bu, hələ də məni ölkəni tərk edib əcnəbilər arasında yaşamağa və başqa dildə insanlarla ünsiyyət qurmağımın mümkün olacağına inandıracaq qədər deyildi. İş tapmağı ümid edirdim. Hər nə olursa olsun, iş tapıb çalışmağa başlamalı idim. Ancaq yanvar ayında buna ehtiyac qalmadığını öyrəndim. BP şirkətində keçdiyim müvəffəqiyyətli təcrübədən sonra şərti iş təklifi aldım. Bu, mənim üçün tamamilə gözlənilməz idi, çünki bilirdim ki, şirkət bu təklifi hər il bir, ya iki təcrübəçiyə ya verir, ya da vermir. Çox sevinmişdim, orada ikən çəkdiyim onca əziyyət, hətta təcrübədən sonra da məni sevindirməyə davam edirdi. Ancaq gözlənilməz olan neftin bazardakı qiyməti oldu. Sonradan xəbər aldım ki, şirkətin bu təklifi lazım gələrsə, geri götürməyə haqqı var. Mən də bu işçi bazarındakı durğunluğu nəzərə alaraq digər şirkətlərə iş üçün müraciət etməyə, əlavə olaraq B planı hazırlamağı fikirləşdim. Bu ehtiyat planımın altında heç ehtimal vermədiyim hadisələr bir yerə yığılmışdı. Bu planın da əsas məqsədi xaricdə təhsil idi. Planımda Birləşmiş Krallıqda və Fransada universitetlərə müraciət etmək var idi. Norveçdə də bir universitet var idi ki, müraciət etmək istəyirdim- Noveç Elm və Texnologiya universiteti. Hazırda ölkənin ən böyük universitetidir və mən müraciət etdiyim dövrdə onların ADSU ilə arasındakı müqaviləyə əsasən hər il bir neçə tələbəyə təqaüd vermək şərtilə adıçəkilən universitetdə oxumağına şərait yaradır. Onlar saytlarında son müraciət tarixini 1 mart olaraq qeyd etmişdilər. Bu o demək idi ki, mənim ingilis dili ilə bağlı sertifakt almağa, sadəcə, bir ay vaxtım var idi. Yanvar ayının əvvəlləri idi, qərar verdim ki, fevralın ilk həftəsi üçün imtahan tarixini alacağam və əgər lazımi göstəricini əldə etməsəm, bir daha bu sertifikat məsələsinə pul xərcləməyəcəyəm. Bir ay ərzində gündə 9 saat məşğul olaraq gözlədiyimdən qat-qat yüksək nəticə əldə etdim. Məşğul olduğum bütün materiallar isə ya dostlarımdan, ya da internet səhifələrindən götürdüyüm kitablardan ibarət idi. Xariclə bağlı istəyimdən əmin olmadığım üçün hər hansı kursda vaxt itirməyin və xərc çıxmağının düzgün olmadığını fikirləşmişdim. Bu dil sertifikatı məsələsinin həlli ilk dəfə məni xaricdə təhsilimin, həqiqətən, mümkün ola biləcəyinə inandırdı. Artıq bütün nəzərdə tutduğum universitetlərə müraciət etmişdim. Artıq universitetlər qəbul nəticələrini göndərməyə başlamışdı. Ancaq, nədənsə bir çox dostlarımın qəbul olduqları universitetlər məni qəbul etmədiklərini yazırdılar. Maraqlananda da mənə verilən cavablar geologiya tələbəsi kimi müəyyən vacib fənlərin transkriptimdə çatışmaması səbəb kimi göstərilirdi. Məni həmin dərsləri götürməməkdə günahlandırırdılar. Çalışırdım izah edəm ki, mənim oxuduğum universitetdə dərs seçimi ilə bağlı tələbələrin hüququ yoxdur, ancaq qərar deyişmirdi. Ümidimi tamamilə itirdiyim günlərin birində Norveçdəki universitetdən pozitiv cavab aldım. Həm təqaüd verəcəklərini, həm də universitetə qəbul etdiklərini yazdılar. Çox sevinmişdim, çünki artıq mənim başqa bir təqaüdə müraciət etməyimə də ehtiyac qalmamışdı. Qarşımda duran növbəti addım, sadəcə, viza almaq idi. Ancaq bu, həyatımda verəcəyim ən böyük qərarlardan biri idi. Bütün bu müddət ərzində xaricdə oxuyan və ya oxuyub qayıtmış çox insanlarla ünsiyyətdə oldum. Mənim buna potensialım olub olmadığını dəqiqləşdirmək üçün çoxlu sual soruşdum, ancaq hələ də qərarsız idim. Elə universitet qəbulunun gəldiyi gün BP-dən də zəng edib iş təklifinin hələ də etibarlı olduğunu bildirdilər və sentyabrda kontrakt imzalayıb işə başlamağa dəvət etdilər. Neftin enməkdə olan qiyməti ucbatından iş bazarında olan az da olsa durğunluğu nəzərə alaraq iş mənim üçün çox önəmli və böyük şans idi. Çox fikirləşdim, nəhayət, təhsilimi davam etdirməyin daha düzgün seçim olacağına qərar verdim. Bir il öncə həmin şirkətdə işləyərkən çəkdiyim çətinlikləri, xaricdə oxuyan təcrübəçilərlə aramda olan fərqləri yadıma saldım. İşə başlasaydım yenə eyni çətinliklərlə və bəlkə də daha artığı ilə üzləşəcəkdim. Bu və bunun kimi bir neçə səbəbi nəzərə alaraq dünyanın ən soyuq ölkələrindən birinə oxumaq üçün yollandım.
(Ardı növbəti sayımızda)
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info