“...Moskvada kiçik bir Azərbaycan var”
Tarix: 26.07.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Afaq Şıxlı: “Vətənindən kənarda yaşayan hər bir yaradıcı insan istər-istəməz öncə öz el-obasını, xalqını tərənnüm edir”

(Əvvəli ötən sayımızda)

-Rusların bizim poeziyaya marağı necədir?
- Moskva olduqca böyük və çoxmillətli bir şəhərdir. Hər kəsin öz düşüncə və maraq dairəsi var. Rus oxucusu savadlı və hər əsərə həqiqi dəyərini verə bilən oxucudur. Rus toplumu hindlillərlə birlikdə dünyada ən çox mütaliə edən toplum kimi ad çıxarıb. Rus ədəbiyyatı yetərincə zəngin, maraqlı və özünəməxsus keyfiyyətlərilə seçilən bir xəzinədir. Bu ədəbi dəryada bir damla ola bilmək - böyük bir nailiyyət deməkdir. Burada Azərbaycan ədəbiyyatının bizim dövrlərə qədər olan korifeyləri və indiki dövrün maraqlı yazarları, eləcə də türk yazarları (təbii ki, rus dilinə tərcümə olunmuşlar) izlənir və oxunur. Bir də onu deyə bilərəm ki, indiyə kimi moskvalı oxucular Azərbaycan ədəbiyyatını, Xaqaniyə, Nizamiyə, M.F. Axundova, sonralar Səməd Vurğuna, Anara, Çingiz Hüseynova, Məmməd İsmayıla və s. görə tanıyırdısa, artıq müasir dövrdə Rusiyada yaşayan azərbaycanlı yazarlara görə də tanımağa başlayıblar və daha yaxşı tanıyacaq. Dediyim odur ki, artıq Moskvada da bir Azərbaycan ədəbi mühiti formalaşır.
-Diaspor işində hədəflərə çatmaq üçün əsas nəyə ehtiyac var?
- Azərbaycan diasporundan danışarkən bir şeyi qeyd etmək istəyirəm. Mən hər zaman hiss etmişəm ki, Moskvada kiçik bir Azərbaycan var! Biz Vətənin ondan uzaqlara düşmüş bir parçasıyıq və qəlbimizdə, əməllərimizdə, ruhumuzda Vətəni yaşadırıq. Mənə elə gəlir ki, Azərbaycan diasporu - öz işini layiqincə görə bilən insanlardır. Azərbaycanın adına, milli mentalitetimizə layiq insanlardır. Düzdür, çətin məqamlarımız da oldu, keşməkeşli dövrlər yaşadıq. . Lakin içimizdəki inam ölmədi və ölməyəcək də. Azərbaycan xalqı elə bir dərin köklərə malik, elə bir gücə və enerjiyə malik xalqdır ki, o, gec-tez bir gün öz istəyinə nail olacaq! Və təşkilati işlərimizin günü-gündən daha da irəliləyəcəyinə, birliyimizin və həmrəyliyimizin daha da güclənəcəyinə inam var məndə.
Vətənindən kənarda yaşayan hər bir yaradıcı insan istər-istəməz öncə öz el-obasını, xalqını tərənnüm edir. Əlbəttə ki, bu yolda bir nəfərin səyi azdır, necə deyərlər, “tək əldən səs çıxmaz”. Amma bu da həqiqətdir ki, hər bir insan birinci özündən başlamalıdır. Mən, sən, o - bu, artıq çoxluq deməkdir və burada yaşayan müəllimlər, həkimlər, yazarlar - bütün ziyalılarımız Vətən naminə yaşamalıdır. Yad millətə xalqımızı sevdirə bilməklə bərabər, adət-ənənələrimizi qətiyyən unutmamalıyıq. Öz vətənini sevən xalqa daha çox hörmət edirlər, daha yaxşı qəbul edirlər. Çünki hamı bilir ki, özününkünü sevə bilməyən, özgəninkini heç sevə bilməz, səmimi və dürüst ola bilməz. Bu sarıdan, Rusiyada yaradılan ədəbi-mədəni və diaspor cəmiyyətlərinin çox böyük rolu vardır. Pərakəndə deyil, bir toplum olaraq biz daha güclü oluruq. Bu bir başlanğıcdır. Və harada başlanğıc var, orada davamiyyət də olacaq. Mən, buna inanıram!
-Bir şairə olaraq necə düşünürsüz, diaspor işində poeziyanın, ümumiyyətlə, ədəbiyyatın nə kimi rolu var?
- Məsuliyyətli sualdır... Və, məncə, yuxarıda verdiyim cavablar bu mövzunu da tam olaraq əhatə edir.
-Siz uzun müddətdir ki, Rusiyada diaspor sahəsindəsiz və tez-tez gənc diasporun tədbirlərində iştirakınızı müşahidə edirik. Gənclərə nə kimi tövsiyələr verirsiniz?
- Deyirlər, yaşlılar artıq pis örnək ola bilmədikləri üçün yaxşı məsləhətlər verməyi sevirlər. Bu, əlbəttə ki, bir zarafatdır. İnsan ömrün hər çağında gözəl örnək olmalı və xeyirli məsləhətlər verməyi bacarmalıdır.
Gəncliyin gözəlliyi ondadır ki, ömrün bu çağında insan hər şeyə qadir olduğuna, bütün çətinliklərə sinə gərə biləcəyinə inanır. Bu inamı onlardan almaq olmaz!
Mən, Azərbaycanda olarkən Dünya Gənc Türk Yazarlar Birliyinin, Gənc Şairlər Birliyinin, Moskvada isə RAGT, AMİİF, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının tədbirlərində tez-tez iştirak edirəm.
Gənclər arasında olmaq iki səbəbdən vacibdir: həm gənclərimizi düzgün yola yönəltmək, məsləhət vermək, həm də həyat təcrübəmizi onlara miras qoymaq!
Q.Derjavin, gəncliyi - iti axan çaylara, cavanlığı - coşub-daşan dənizə, qocalığı isə məlul dağ göllərinə bənzədirdi.
Məncə, qocalığa hələ çox var... Biz gələcəyimizin güvən yeri olan, ümidimiz, qol-qanadımız olan balalarımızdan ilham almalıyıq. Əgər üzləri gülürsə, onların əhatəsində özümüzü xoşbəxt hiss ediriksə - qəlbən qocalmamışıq! Hələ də öyrədəcəyimiz bir şeylər varsa və bu, gələcək həyatlarında onlara gərəkli olacaqsa, nahaq yaşamırıq demək!
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info