ARGTMŞ-ın sədri Seymur Hüseynov Qırğızıstan Respublikasında keçirilən Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Konfransı Təşkilatının Gənclər Şurasının iclasında iştirak edib. İclasda təşkilatın 15 üzv dövlətinin nümayəndələri, gənclər, ekspertlər və Qırğızıstan Respublikasının gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Konfransın əsas məqsədi Asiya ölkələrində beynəlxalq gənclər əməkdaşlığı, təhlükəsizlik və dini ekstremizmin qarşısının alınmasında gənclərin cəlbi, gənclər üçün mübadilə proqramlarının genişləndirilməsi və təkmilləşdirilməsidir.
Konfrans çərçivəsində ARGTMŞ-ın sədri Seymur Hüseynov Azərbaycan gənclər siyasətinin Asiya ölkələrinin diplomatik və gənclər sektorunun nümayəndələri və ekspertlərə təqdimatını edib. Seymur Hüseynov təqdimatında ölkənin gənclər sahəsində təcrübələrini qeyd edib. Təqdimat konfrans iştirakçıları tərəfindən müsbət qarşılanıb və bir sıra ölkələr təcrübəmizi daha dərindən öyrənməyə maraq göstərib.
İclasın sonunda müzakirələr nəticəsində gəncləri keyfiyyətli və hər kəs üçün bərabər dərəcədə açıq olan təhsillə təmin etmək, gəncləri müəyyən iştirak mexanizmləri vasitəsilə yerli və milli səviyyədə qərarvericilikdə fəal iştiraka təşviq etmək, gənclərin ətraf mühit məsələlərinin müzakirəsinə fəal şəkildə tövhə verməsini təbliğ etmək, gənclərin əmək bazarına çıxışının təşkili məqsədilə onların lazımı bacarıqlarla təmin olunması və s. məsələləri əhatə edən qətnamə qəbul olunub. Qeyd edək ki, Azərbaycan tərəfindən irəli sürülmüş 10-dan çox düzəliş və əlavələr dəstəklənərək qətnamədə öz əksini tapıb.
Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının təsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.
Fuad
|