“Norveç dünyanın ən bahalı ölkələrindən biridir”
Tarix: 26.07.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Rəvanə Kərimova: “Norveçlilər hər nə qədər soyuqqanlı olsalar da, insaniyyət onlar üçün hələ də ən üst səviyyədədir”
Müsahibimiz Norveçdə təhsil alan Rəvanə Kərimovadır:
(Əvvəli ötən sayımızda)

- Bir qədər də təhsil aldığınız ölkə, universitet haqqında söz açardınız. Buradakı təhsil sizi qane edirmi?
- Hazırda Norveçin Trondheim şəhərində, Norveç Elm və Texnologiya Universitetində magistr təhsili alıram. Yaşadığım Trondheim şəhəri tarixdə uzun müddət Norveçin paytaxtı rolunu oynadığından hərtərəfli inkişafına görə indiki paytaxt Oslodan fərqlənmir. Hətta bir çox insan fikirləşir ki, şəhər təmizliyi, sakitliyi və gözoxşayan tarixi abidələri ilə Oslonu üstələmiş də ola bilər. Ölkə haqqında, bəlkə də, çox danışmağa ehtiyac yoxdur. Bir çox insan Norveçi tərifləyir, onu Avropanın və dünyanın digər ölkələrindən fərqləndirən bir neçə cəhətini eşidib, agah olub. Mən də həmin insanlardanam. Bu səbəbdən, bəlkə də orada qurulmuş sistemi tam dərindən izah etməyə ehtiyac yoxdur. Sadəcə, mənim ilk təəssüratlarım, bəlkə də, daha maraqlı olardı. Yaşadığım şəhərdə bu günə qədər bir dəfə də olsun polis işçisinə rast gəlməmişəm, nə də yol qaydalarının pozulduğunu görməmişəm. İlk baxışda burada yaşayan insanlar mənə bir qədər soyuq gəlmişdi, buna da zaman keçdikcə alışdım. Bizim ölkədəki insanların istiqanlılığı necə normal gəlirdisə, eləcə də skandinaviyalıların soyuqqanlılığını normal qəbul etməyə başladım. Günün istənilən saatında istənilən xidmət mərkəzində və ya adi küçədə insanlarla söhbət etməyə başlayanda hiss etdiyim çox mehriban davranış mənə bu soyuq münasibəti çox tez unutdurdu. Bununla belə, universitetdə dərs deyən norveçli müəllimlərimə bunu şamil edə bilmərəm. Məncə, tədris işçiləri hər zaman istisna kimi qeyd edilməlidir. İlk baxışda oxuduğum universitetin müəllim və professor heyəti məni bir az çaşdırmışdı.
-Yəqin tipik azərbaycanlı müəllimi kimi təsəvvür edirdiniz.
- Oxumağa gələrkən müəllimlər mənim xəyalımda başqa formada idi. Lakin dərslərə başlayandan sonra onların səmimiyyəti və tələbəni oxumağa, öyrənməyə vadar etmə istəkləri, hər zaman bizim onlara ya dəhlizdə və ya öz ofislərində asanlıqla sual vermək kimi məsələlər bir az mənim düşüncələrimin əksi oldu. Bakıda oxuduğum vaxtlarda da, əslində, bu məsələlərlə bağlı müəllimlərimlə heç bir problem yaşamamışdım, ancaq niyəsə fikrimdə Avropada eyni tədris səmimiyyətini tapa biləcəyimə ümid etmirdim. Qısaca tədris tipik Avropa təhsilinin yüksək keyfiyyətinə malik idi. Sinif otaqları son model müasir texnika və texnologiya ilə tədris edilib və tələbələrin öz vaxtlarını oxuyaraq keçirmələri üçün hər fakültə hər biri fərqli dizaynda olan və maraq doğuran bir çox kitab kolleksiyası olan kitabxanalarla təchiz olunub. Bilirdim ki, yaşadığım bu illərin qədrini çox yaxşı bilməliyəm. Baxmayaraq ki, professor köməkçilərini və professorları çoxlu suallarımla narahat edirdim, yenə də onların üzündəki təbəssüm və mehribanlığın itdiyinin əsla şahidi olmadım. Universitetimiz neft sahəsinə yaxın olduğundan Norveçdə neft yataqlarında əməliyyatçı kimi fəaliyyət göstərən və ya köməkçi şirkətlər vəsait xərcləyərək və ya lisenziyasının sahibi olduqları proqlamlarla universiteti təmin edir, tələbələrin inkişafına daha çox təkan verirlər. Hazırda sənayedə işlədilən ən vacib bir neçə proqramı işlətməyi bildiyimdən işləməyə başlayacağım təqdirdə çox da əziyyət çəkməyimə ehtiyac qalmayacağından əminəm. Həqiqətən, təqdirəlayiq işlərin görüldüyü və əla təhsilin verildiyi bir universitet seçimi etdiyimdən çox sevinirəm. 2014-cü ildə bu universitetin Beyin tədqiqatı şöbəsinin üzvləri olan May-Britt Moser və Edvard Moser və John O`Keefe "Beyin içərisində yer qavranması tapşırığını yerinə yetirən hüceyrələrin kəşfi" mövzulu işləri ilə Nobel (Fizoloji-Tibb üzrə) laureatına layiq görüldülər. Son olaraq qeyd edim ki, NTNU (Norwegian University of Science and Technology) bu yaxınlarda Norveçin ən böyük universiteti tituluna layiq görüldü.
-İnsanların soyuqqanlığından da söz açdınız. Norveçdə qarşılaşdığınız maraqlı hadisələr, başınıza gələn olaylar haqqında da danışardınız.
-Norveç dünyanın ən soyuq iqlimi olan ölkələrindən biridir. Bu xüsusiyyətinə görə qış fəslində həyat bir qədər çətinləşsə də, bu ölkə füsunkar təbiəti ilə göz oxşayır. Heç yadımdan çıxmaz. Yanvar tətilindən sonra hava proqnozunu yoxlamadan Bakıdan Norveçə yola düşdüm və əllərimin çox soyuq şaxtalı havada, sadəcə, bir saata əlcəksiz qalması növbəti bir ay ərzində olan əziyyətlərimin başlanğıcı oldu. Artıq dərs ili başlayandan norveçlilərin soyuqqanlı olmaları haqqındakı deyimin doğru olduğuna şahid oldum. Bizimlə eyni dərsləri götürmələrinə baxmayaraq, çox az sayda norveçli ilə ünsiyyət yaratmaq şansım olmuşdu. Ünsiyyət yaratdıqlarım da, sadəcə qısa müddətli olan təsadüfi söhbətlər idi. Lakin zaman keçdikcə onların utancaqlıq xasiyyətlərinə də öyrəşməyə başladım və çox zaman ilk addımı atan şəxs olmağı boynuma götürdüm. Artıq gündəlik salamlaşa biləcəyim və hal-əhval tuta biləcəyim, birlikdə dərslərə hazırlaşa biləcəyim bir neçə dostum var idi. Lakin universitetin yataqxanasında yaşadığımdan əksər dostlarım müxtəlif ölkələrdən olan əcnəbilər idi.
-Deyilənə görə, Norveç həm də bahalı ölkə kimi tanınır.
-Doğrudur. Norveç dünyanın ən bahalı ölkələrindən biridir və yaşadığım Trondheim şəhəri heç də öz bahalığında paytaxt Oslodan geri qalmır ki, hətta bəzi sahələrdə onu üstələyir. Ona görə biz tələbələr üçün həftəlik ərzaq mallarının ucuzlaşma kampaniyalarının izlənilməsi vacibdir. Orada yaşamağa başlayandan bir ay sonra belə həftələrdən birində ən çox sevdiyim bir neçə ərzağın və tərəvəzin ucuzlaşdığını eşitdim. Ancaq, təəssüf ki, mən bunu eşidəndə həftənin altıncı günü və saat 9-un yarısı idi. Ona görə mağazaya getmək və o məhsulları almağa yarım saat vaxtım qalmışdı. Bu arada onu da qeyd edim ki, Norveçdə ərzaq və geyim mağazaları, çox az istisnaları çıxmaq şərtilə, bazar günləri işləmir. Həftəiçi gecə saat on birə kimi, altıncı günlər isə saat doqquza kimi işləyir. Həmin mağazaya evdən çox tələsərək çıxdım və o dövrdə hələ bankdan sifariş etdiyim hesab kartım gəlib çıxmadığından özüm ilə müəyyən məbləğdə pul götürdüm. Mağazada lazımi ərzaqları alıb kassaya yaxınlaşanda məlum oldu ki, məndə olan məbləğ hesabı ödəməyə kifayət deyil. Düzü, ilk dəfə idi belə bir hadisə başıma gəlirdi. Ona görə də satıcıdan dostlarıma zəng edib pul istəyəcəyimi dedim, o da məni gözləyə biləcəyini dedi. Çox utanmışdım orada, aldıqlarımı geri qaytarmaq da istəmirdim. Zəng etdim, lakin dostlarımın evi mağazadan bir az uzaq olduğundan pulun gəlməsi bir qədər uzun çəkdi. Orada olan müştərilərdən biri də üç böyük mağaza arabasıyla dolu çoxlu ərzaq almışdı və onları öz maşınına daşımaqla məşğul idi. Məni orada, kassanın yanında görüb, nə isə köməyə ehtiyacımın olub-olmadığını soruşdu. O, hətta mənim yerimə ödəmə edə biləcəyini də dedi. Çox təsirlənmişdim. Mənim kassaya olan borcumun dəyəri, bəlkə də, bizim pulla bir manat olardı. Amma həmin şəxsin bu məbləğdən xəbəri yox idi. Xəbəri olmaya-olmaya mənə pulu ödəyə biləcəyini bir neçə dəfə təkidlə dilinə gətirdi. Artıq bütün ərzaqlarını yığıb qurtarmasına az qalmış məndən yenə eyni sualı soruşdu. Bu anda ilk dəfə olaraq, millət olaraq neytral yanaşdığım norveçlilərə qarşı məndə pozitiv fikirlərin oyandığını anladım. Hər nə qədər soyuqqanlı olsalar da, insaniyyət onlar üçün hələ də ən üst səviyyədədir. Həmin günlərdə internetdə məşhur bir video ilə rastlaşmağım da lap yerinə düşdü. Bilirəm ki, çox insan bunu izləyib. Videoda avtobusda üşüyən bir balaca oğlan uşağına insanların mərhəmət göstərərək kömək etməyə çalışmaları göstərilirdi. Bu təcrübənin keçirildiyi yerin Norveç olduğunu gördüyüm zaman heç təəccüblənmədim. Əslində, bu hadisə bir başlanğıc oldu. Bu hadisə sanki o ölkədə məni insanların bir birinə irqindən, milliyyətindən asılı olmayaraq hörmət bəslədiyini göstərən axırıncı yox, axarıncı hadisə idi.
-Yaddaqalan günləriniz çox olur deyəsən.
-Əlbəttə. Təbiətinin gözəlliyi bir yana, bütün sahələrdə tətbiq etdiyi oturuşmuş sistemə sahib olması, qadın haqlarının çox önəmli çərçivələrdə qorunması və cinslər arasında maksimum dərəcədə heç bir ayrı-seçkiliyin olmaması mənim Norveçdə yaşamaq, oxumaq seçimimin nə dərəcədə düzgün qərar olduğunu göstərir. Yadımdadır, fənlərin birində müəllim köməkçisi olan bir tələbə ilə belə söhbətim keçmişdi. Ona ölkələrinin necə gözəl bir yer olmasından və orada yaşamaq şansı əldə etdiyimdən dolayı sevindiyimdən danışırdım. Sonra isə özünün belə bir ölkə vətəndaşı olduğu üçün fəxr etməli olduğunu dedim, o isə mənə qarşılığında “Əslində, fəxr yox, özümü çox şanslı hiss edirəm” deyə cavab verdi. Bir çox irqi və dini ayrıseçkiliyə məruz qalan insanlarla tanış olduğunu və o insanların öz ölkələrində məruz qaldıqları çətinliklərdən xəbərdar olduğunu dilə gətirdi. O zaman anlamışdım ki, əslində, mən özüm də öz ölkəmin şanslı vətəndaşıyam, heç bir ayrıseçkiliyə məruz qalmadan bu uzaq ölkəyə gələ bildiyimə görə çox şanslı idim.
Norveçlilərin əksinə olaraq əcnəbi dostlarla ünsiyyət qurmaq və dostlaşmaq çox asandır. Bəzi günlər 40-dan çox adamla danışdığım yadıma gəlir. Müsbət tərəflərdən biri də orasıdır ki, bir çoxu səni öz ölkələrinə dəvət edir və səni qonaq edəcəklərinə söz verir. Elə mənim də hazırda getsəm gecələmək və yemək yeməyə imkanımın olacağı bir çox ölkə seçimim var. Bu dostlar ayrı-ayrı ölkə və mədəniyyətlərin təmsilçiləridirlər. Orada olarkən bir çoxunun əvvəllər heç bilmədiyim adət-ənənələri ilə tanış oldum. Ancaq mənim üçün ən yaddaqalanı indoneziyalı tələbələrin doğum günlərində yerinə yetirdikləri adətdir. Qonşu binadakı dostlarımdan birinin doğum gününə keçən gecə onun digər öz ölkəsindən olan həmvətənləri-indoneziyalılar ilə birgə qapısını döydük və bişirdiyimiz tortla onu təbrik etdik. Tortun şamları yandırıldı, mahnı oxundu və s. Birdən-birə həmyerliləri dostumu ayaqlarından və əllərindən tutub pilləkənlərə aşağı aparmağa başladılar. Yer tamamilə ağ qarla örtülmüşdü. Dostumu işıq dirəklərindən birinə ehmalca bağladılar və üzərinə hər biri evlərindən gətirdikləri müxtəlif ərzaqları un, meyvə suyu, cem, qatıq, şəkər tozu və digər məhsulları atdılar. Ən önəmlisi isə yumurta imiş. Sonradan öyrəndim ki, bu yumurtalar kifayət qədər uzun müddət əvvəldən saxlanılır ki, xarab olsun və xoşagəlməz iyi versin. Beləcə, indoneziyalıların öz həmyerliləri ilə olan bu ad günü ənənəsi ilə tanış oldum.
Norveç haqqında çox danışmaq olar. Təbiətindən danışdığım Norveçin qütbə yaxın ölkə olması ilə əlaqədar fenomenləri də mənim üçün kifayət qədər valehedicidir. Füsunkar qütb parıltıları barədə onu deyim ki, bu çox nadir hadisələrdən biridir ki, bütün insanların bunu görməsini çox istərdim. Parıltılar qış aylarında özünü daha çox büruzə verir. Bir neçə dəfə müşahidə etmək və nağıl dünyasına düşmək şansım olub. Bu mənim üçün heç vaxt adiləşməyəcək, baxdıqca baxmaq istəyəcəyim bir gözəllikdir. Digər məni təəccübləndirən, bəzən bir o qədər də qıcıqlandıran hadisə isə qismən baş verən qütb gecə və gündüzləri idi. Qış aylarında günəşin səhər saat 11- də çıxıb, saat 3 radələrində batmasını yay aylarında gün ərzində heç vaxt qaralmayan hava əvəz edirdi. Qış aylarında məni hərdən tək hiss etməyə məcbur edən bu təbiət yay aylarında da gecə qavramını yox edərək yatmaq istəyimi öldürürdü. Təsəvvür edin ki, gecə saat 11-də universitetdən evə gəlirsiniz, amma hələ də günəşin şəfəqləri parıldayır. Bir müddət sonra buna da öyrəşdim və hətta havanın heç qaralmamağını qışın qaranlıq gündüzlərindən çox sevmişdim. Çünki yayda havanın aydınlığı mənə xüsusi bir enerji verirdi. Qışın digər bir özəlliyi dayanmadan yağan qar və şaxtalardı. Düzü, aprel ayına qədər yağan qar məni heç vaxt bezdirmədi. Hər gün səhər o pambıq kimi yumşaq örtüyün üstündən keçəndə çox zövq alırdım. Bir sözlə, Norveçin baxmaqdan doyulmayan və saymaqla bitməyən bir çox özəlliyi var.
(Ardı növbəti sayımızda)
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info