“Xaricdə təhsil insanı mənən böyüdür”
Tarix: 27.07.2016 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Rəvanə Kərimova: “Norveç Azərbaycandan uzaq ölkə olsa da, əhalisi ölkəmizi coğrafiya dərslərindən yaxşı tanıyır”
Müsahibimiz xaricdə təhsil alan Rəvanə Kərimovadır:

(Əvvəli ötən sayımızda)
-Xaricdə təhsil alan gənclər ordusu, həm də Azərbaycanın ən yaxşı təbliğatçılarıdır. Siz necə, oxuduğunuz ölkədə təbliğati və ya ictimai işlərdə aktivlik göstərirsinizmi?

- 5 tələbə olduğumuz üçün, təəssüf ki, hər hansı xüsusi tədbirin hazırlanmasında bu günə qədər əməyimiz keçməyib. Biz bacardığımız qədər digər ölkələrin hazırladığı mədəniyyət gecələrində onlara dəstək olur və bu yolla ölkəmizin də adını hallandırırıq. Bundan əlavə, “hansı ölkədənsən?” sualı veriləndə çalışırıq ki, yalnız ölkənin adını deməklə kifayətlənməyək, Azərbaycan haqqında dolğun məlumatlar verək. İl ərzində ən azı öz adımdan deyim ki, onlarla yeni dostla tanış oluram. Hər birinə ölkəmizin adını səsləndirmək və onun haqqında danışmaq da müəyyən qədər təbliğatdır. Məsələ burasındadır ki, hər nə qədər Norveç Azərbaycandan uzaq ölkə olsa da, əhalisi ölkəmizi coğrafiya dərslərindən yaxşı tanıyır. Bəziləri, hətta tariximizi bilir və ölkəmizin 20-ci əsrin əvvəllərində imperiyalar tərəfindən parçalanması kimi faktlardan agahdır

. Bundan başqa, sosial şəbəkələr də ölkəmizdə olan qətliamları, haqq səsimizi duyurmaqda bizə çox kömək olur. Bu tip təbliğatlarımızdan agah olan bir çox əcnəbi dostlar, adətən, ya dəstək olduqlarını qeyd edirlər, ya da hadisə barədə ətraflı məlumatlanmaq istəyirlər.
-Bəs xaricdə təhsil almanın hansı üstünlükləri var?
-Bunu bütün xaricdə təhsil alan tələbələr qeyd edər ki, başqa ölkədə təhsillə inanılmaz yüksəliş əldə edirsən. Maddi-texniki cəhətdən də tələbəliklə bağlı təminatın, təcrübən fərqli olur. Ancaq mənim xaricdə təhsillə bağlı ən böyük və vacib qazancım özünəinamla bağlı oldu. Xaricdə təhsil həm də mənə özünəinam hissini aşıladı. Bu vaxta qədər heç vaxt ailəmdən ayrı yaşamamışdım. Ona görə də çox vaxt ev işləri və digər sadə işlərdən uzaq olmuşam. Tək yaşamaq mənim üçün uzaq və mümkün olmayan bir fikir olmuşdu. Getmək qərarını verəndə iki dəfə fikirləşdim ki, yaxşı bəs oxumaqdan əlavə, görəsən. mən yalnız yaşamağı bacaracağam? Şükür ki, bacara bildim. İlk vaxtlarda çətinliklər olsa da, qısa müddətə alışa bildim. Bu müddət ərzində bir məsələni də özüm üçün müəyyən etdim. Hər zaman dostlarıma da məsləhət görürəm -rasional olun, amma hərdən xəyal gücünüzü də işə salmağı unutmayın. Arzulamağı bacarmalıyıq. Azərbaycanda nail olduqlarım bir neçə il əvvələ qədər arzulamağa belə cəhd etmədiyim məsələlər idi. Bəlkə də, bu səbəbdəndir ki, həmişə ciddi bir işdə qərar verməli olanda mənim üçün özünəinam problemi yaşanırdı. Bu dediklərim qərarlı, özünəinamı olan dostlara adi gələ bilər. Ancaq mən bir az çətin psixoloji durumda olan, arzusunu həyata keçirməyə bütün şəraiti olub, dəyişiklikdən qorxan dostları həvəsləndirməyi çox istərdim. Gözlərini və düşüncələrini hər neqativ fikrə yumub, sadəcə, məqsədlərinə doğru inancla addımlamaqlarını məsləhət görərdim. Çünki xaricdə təhsil, həqiqətən, insanı mənən böyüdür. Dünyanın dörd bir yanından dostlar qazanırsan, yaşadığın ölkənin və dostların sayəsində digər ölkələrin mədəniyyətləri ilə tanış olursan. Bu dostlar sonradan sanki sənin qanadın olur. Əlaqəniz itmədiyi müddətdə onların ölkələrini onlarla birlikdə kəşf edirsən, adət-ənənələrini tanıyırsan.
Təklik əsla heç kimi qorxutmasın. Çünki məhz bu dövrdə insan özünü tanıyır, nəyə qadir olduğunu görür. Əgər çalışsan görərsən ki, daha nələri əldə edə bilərsən. Orada qaldığın dövrdə verilən bu dəyərli şansdan düzgün istifadə etsən öz ölkəni də ən azı digərlərinə qarşı münasibətinlə təmsil etmiş olursan. Ən əsaslardan biri də odur ki, əlində olanların, ailənin, dostlarının qədrini bilməyə başlayırsan.
-Norveçdə təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləriniz olardı?
-Norveç, təəssüf ki, tələbələrin seçimi baxımından çox da üstünlük verilən ölkə deyil. Bu, ilk olaraq Norveçdə maddi cəhətdən həyatın bahalığı ilə izah edilə bilər. Digər səbəb isə buranın uzaq qütb ölkəsi olaraq tanınmasıdır. İqlimin sərtliyi də Norveçdə təhsillə maraqlanan tələbələrin ən çox soruşduğu nüanslardan biridir. Bununla belə, maraqlanan gənclərə həmişə cavabım bu olub ki, bir müddət sonra soyuğa alışacaqsınız. Bu ölkədə təhsillə maraqlanan tələbələrə məsləhətim seçdikləri universitetlərə müraciətlərini bacardıqları qədər tez, zamanında etmələridir. Çünki Norveçdə bir çox təhsil mərkəzi yanvar və yaxud digər qış aylarında sənəd qəbulunu dayandırır. Təhsili ilə müsbət dərəcədə fərqlənən Norveçə qarşılıq olaraq, bəlkə də, bir çoxları asanlıqla Birləşmiş Krallığı və digər Avropa ölkələrini tərcih edirlər. Lakin bir faktı da tələbələrin nəzərinə çatdırmaq istərdim ki, bu ölkədə universitetlərdə təhsil pulsuzdur. Yəni ki, sənədlərin universitet tərəfindən qəbul olunduğu halda, heç bir illik ödəniş haqqı tələb olunmur. Oxuduğum Norveç Elm və Texnologiya Universitetində mənim hər semestr üçün təxminən 50 manat xərcim çıxır. Bu məbləği ödəməyimizin səbəbi isə dərs zamanı lazım olan məlumatları çap etmək üçün alacağımız talondur. Burada ingilis dilinə çox az yaxın olan Norveç dili dövlət dili hesab edilir. Buna baxmayaraq, istənilən şəhər sakini ilə asanlıqla ingilis dilində əlaqə qurmaq olur. Bir sözlə, əsl yaşayıb, öyrəniləsi ölkədir. Norveç həm də neft sənayesi və sosial elmlərdə ixtisaslaşmış ölkə kimi tanınır. Bu sahələr üzrə seçimlər olsa, əla olar. Oxumağa can atanlar, sadəcə, özləri ilə ikiillik magistr təhsili zamanı bank hesabında yaşayışa yetəcək qədər məbləğə sahib olmalı və universitetdən qəbul almalıdır. Məbləğin miqdarını müraciət edilən universitetlərin veb səhifəsindən və ya viza müraciəti edilən səhifələrdən öyrənə bilərlər. Ümumiyyətlə, ətrafımda olan bir çox insandan Norveçə vurğunluqları haqqında çox eşitmişəm. O ki qaldı seçim qarşısında qalıb nə etməli olduğunu bilməyən gənclərə, və ya bacarıb bacarmayacağını fikirləşən tələbələrə, onlara daha dərindən araşdırma aparmalarını, gedəcəkləri şəhərlə yaxından tanış olmalarını və ən əsası isə universitet seçimini diqqətlə etmələrini məsləhət görərdim. Bir çox ölkədə olduğu kimi, Norveçdə də universitetlərdə təhsilin mükəmməlliyi ixtisas yönümündən asılı olaraq dəyişə bilər.
- Sonda gələcək planlarınız barədə də söz açardınız.
- Gələcəklə bağlı bir neçə planım var. Bundan sonrakı illərdə ötən illər ərzində qazandığım elmi, təcrübəmdə tətbiq etməyi daha üstün hesab edirəm. İş təcrübəsi də qazanmaq istəyirəm. Lakin hamıya məlumdur ki, neftin qiymətləri ilə bağlı olaraq işçi bazarı təkcə Azərbaycanda deyil, bu sənaye sahəsinin inkişaf etdiyi bir çox ölkədə ürəkaçan vəziyyətdə deyil. Bu səbəbdən də doktorantura oxumaq və bacardığım qədər əlimdə olan vaxtdan istifadə edib nəzəri biliyimi artırmağı düşünürəm. Təbii ki, hansı istiqamətdə addımlayacağımı gələcək göstərəcək. Mən xaricdə təhsil üçün hazırlaşmağa başladığım vaxt bir çox başqa dostlarım da bu yola baş vururdular. Təəssüf ki, özüm qədər xaricdə oxumağını istədiyim dostlarım müxtəlif səbəblərdən, xüsusilə də təqaüd ala bilmədiklərinə görə ölkədən kənarda oxuya bilmədilər. Bu, həqiqətən, onlara olduğu kimi, mənə də çox təsir etmişdi. Bu səbəbdən gələcəkdə davamlı gəlirim olacağı təqdirdə, tələbələrin inkişafı və onların təhsili üçün qarşılıq gözləmədən fəaliyyət göstərən bir təşkilat yaradıb bir çox dostumu oraya cəlb etməyi düşünürəm. Çünki bilirəm ki, ölkəmizdə çox ağıllı və potensialı olub maliyyə cəhətdən çətinlik çəkən, xaricdə təhsil ala bilməyən gənclər var. Çox sevindirici haldır ki, bu barədə söhbət açdığım dostlarım mənə belə bir təşkilatı yaradacağım halda, həm maddi, həm də mənəvi cəhətdən dəstək olacaqlarını dilə gətirirlər. Söhbət etdiyim bir dost özünün də mənim planlarıma oxşar layihəsinin olduğunu dilə gətirib. Mən isə bütün bunların inanılmaz sevindirici hal olduğunu fikirləşirəm.
Bütün bunlara əlavə olaraq qeyd etmək istədiyim son bir məqam da var ki, bu da ailəmlə bağlıdır. Xüsusilə anam və qardaşım mənim həyatımın indiyəcən və bundan sonra olan planlarında aktiv şəkildə rol oynayıblar və oynayacaqlar. Belə ki, çətin günlərimdə “alınmaz” dediyim, “mənim üçün yuxudur” dediyim məsələlərdə anam həmişə mənim yanımda olub, məni bacaracağıma inandırıb, ürəyimə ümid toxumaları səpib. Elə həyatımı dəyişən ilk böyük addım, məktəbimi dəyişməyim də məhz anamın ağlına gələn ideya idi. “Heç vaxt alınmaz, mən o savadlı uşaqlarla birlikdə eyni yerdə oxuya bimərəm” deməyimə baxmayaraq, anam məni dəstəkləyib və heç bir zaman əlimi buraxmayıb, büdrəməyə qoymayıb. Saymaqla bitməyən stresli imtahan günlərinə anama sığınaraq, təsəlli taparaq, inam qazanaraq gedirdim. Qardaşım da, həmçinin bu yolda mənə anam qədər dəstək verib. Bu günə kimi də çətinliyə düşdüyümdə - istər dərslərimlə bağlı istər digər mövzuda məndən dəstəyini əsirgəmir. Seçdiyim ixtisas sahəsinə görə dəfələrlə qınaq obyektinə çevrilsəm də (neft geologiyası, əsasən, oğlanların üstünlük verdiyi ixtisas sahəsi sayılır), qardaşım bunun əsla doğru olmadığına məni inandırıb və atacağım bütün addımlarda məni dəstəkləyəcəyini bildirib. Buna görə indiki uğurlarıma görə hər iki şəxsə borcluyam. Atam da onlardan geri qalmayıb, arzularıma və məqsədlərimə heç bir zaman mane törədəcək bir addım atyıb. İndiki dövrdə, həqiqətən, belə bir ailəyə sahib olmağın özü elə çox böyük bir uğurdur. Nə yaxşı ki, mənim bəxtim bu cəhətdən də gətirib. Təşəkkürlər anam, atam və qardaşıma. Gələcək planlarımın böyük hissəsi də bu dəyərli ailəmə bağlı olacaq.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info