Milli Demokratiya İnstitutunun hədəfində nələr ola bilər?
Tarix: 12.03.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Azərbaycan dövləti müstəqilliyinin 21 illiyində hər bir dövlətin arzuladığı çox yüksək inkişaf göstəriciləri ilə dünyanın diqqət mərkəzindədir. Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan iqtisadiyyatı ən sürətlə inkişaf edən iqtisadiyyat kimi dəyərləndirilir. Azərbaycan iqtisadiyyatında sürətlə aparılan islahatlar da ölkə iqtisadiyyatının modern əsaslarla formalaşmasını təmin edir. Azərbaycan daim artan ÜDM, büdcə göstəricilərinə, yenilənən və diversifikasiya olunan iqtisadiyyatına, sosial rifah göstəricilərinin sürətlə yaxşılaşdırılmasına və sair kriteriyalarına görə ən uğurlu dövlətlərdən biri sayılır. Dünyanın ən inkişaf etmiş dövlətləri bu gün iqtisadi böhran, sosial burulğanlar məngənəsində sıxılırlar ki, buraya xüsusən indiyə qədər Avropa lokomotivləri sayılan dövlətləri də misal çəkmək olar.

Bu gün Avropa Birliyi və aparıcı dünya dövlətlərinin sair iqtisadi birlikləri, qurumları kollapsa yuvarlanıblar. Bu cür qurumlarda bir araya gələn ölkələr büdcə kəsirlərindən, sosial ödəmələrin çatışmazlığından ciddi əziyyət çəkirlər. Belə bir zamanda isə Azərbaycanda sosial-iqtisadi rifah göstəriciləri artır, ölkəyə daxili və xarici investisiya qoyuluşunun səviyyəsi durmadan yüksəlir. Qərb iş yerlərinin kütləvi ixtisara düşməsindən çökməyə başladığı bir vaxtda, Azərbaycanda yeni kütləvi iş yerləri və istehsal müəssisələri açılır, əhalinin iş, əmək şəraiti və məşğulluq səviyyəsi artır. Həmçinin Azərbaycanın valyuta ehtiyatları hazırda 50 milyard dollara yaxındır. Çox yaxın gələcəkdə isə valyuta ehtiyatlarımız 100 milyard dollara çatacaq. Ərazisi və əhalisi kiçik olan bir dövlət üçün bütün bu cür göstəricilər çox üstün sayılır. Bütün bu nailiyyətlərə isə məhz yürüdülən müstəqil dövlətçilik siyasəti və strategiyası nəticəsində nail olunub. Azərbaycan dövləti milli mənafeyə yönələn müstəqil inkişafa əsaslanır. Azərbaycan dövləti ölkənin malik olduğu bütün resursların məhz xalqın, millətin, Azərbaycan vətəndaşlarının faydalanması üçün istifadə olunmasını həyata keçirir. Bu isə milli mənafenin təmin olunmasının başlıca cizgisidir. Amma o da tez-tez müşahidə olunur ki, Azərbaycanın bu baxımdan yürütdüyü müstəqil siyasət bəzi xarici dairələrə sərf etmir. Çünki milli sərvətlərimizdə çox adamların gözü var. Azərbaycanın malik olduğu resurslar, Azərbaycana daxil olan vəsaitlər bəzi xarici dairələrin qısqanclığına səbəb olub. Yaxud Azərbaycan müstəqil şəkildə qlobal iqtisadi və enerji layihələrinin əsas təşəbbüsçüsü və mənbəyi kimi çıxış edir. Məsələn, son bu cür layihələrdən olan TANAP Avropanın qaz təchizatının Azərbaycandan da asılı olmasını təmin edir. Bu isə müstəqil siyasət yürüdən Azərbaycanı qaz təchizatçısı kimi həmin ölkələr qarşısında daha da üstün duruma gətirir. Bunları gözü götürməyən bir sıra xarici qüvvələr var. Eləcə də Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 83-85 faizini təşkil edir. Bu ölkələr içərisində yeganə müsəlman ölkəsi olan Azərbaycan eyni zamanda da yeganə real müstəqil və aparıcı dövlətdir. Bu faktor da bəzi islamofob dairələrin Azərbaycana sərgilədiyi qısqanclığı bir az da alovlandırmış olur. Bəziləri bu cür inkişaf etmiş və modern inkişaf modeli ilə dünyaya nümunə ola biləcək müsəlman dövlətinin olmasına dözümsüzlük nümayiş etdirirlər. Bir sözlə, ərazi və əhali baxımdan kiçik olan bu dünyəvi müsəlman dövlətinin hər baxımdan böyük və qlobal uğurları bir sıra dairələri əməlli-başlı narahat edir. Buna görə də onlar Azərbaycanda qarışıqlıq və xaos yaratmaq, ölkənin bir sıra müsəlman ölkələri - Əfqanıstan, ərəb ölkələri kimi deqradasiyaya, kütləvi itkilərə uğramasında, marionet dövlətə çevrilməsində maraqlıdırlar. Bu cür bədniyyət qüvvələr bu baxımdan ölkədə müxtəlif cür təxribat layihələri hazırlayır və maliyyələşdirirlər. Məsələn, bu yaxınlarda mərkəzi ABŞ-da yerləşən Milli Demokratiya İnstitutunun ölkədə xaos yaratmaq üçün bir sıra məlumatsız gənclərdən istifadə etməsi, onları sosial şəbəkələrdə destruktiv fəaliyyətə yönləndirməsi barədə ötən sayımızda qeyd etmişdik. Bu qurum digər postsovet ölkələrində geopolitik və neoimperialist maraqlardan irəli gələn çaxnaşma və vətəndaş qarşıdurması yaratmaq kimi bəd təcrübələrini Azərbaycana da daşımağa cəhdlər edir. Halbuki digər ölkələrdə bu cür “nizam-intizam” qurmağa çalışan həmin ölkənin - ABŞ-ın özündə hər 80 dəqiqədə bir İraq və ya Əfqanıstan müharibəsi veteranı intihar edir. Bu, məhz həmin xaoslara görə bu ölkənin vətəndaşlarının çəkdiyi əzablar və keçmiş əsgərlərinin kütləvi özünəqəsdini ortaya qoymuş olur. Amma yəqin ki, həmin dairələr bunun fərqində deyil...
Əslində MDİ 2000-ci illərin ortalarından bu barədə uğursuz cəhdlər göstərməkdədir. Hazırkı ərəfədə - prezident seçkiləri öncəsi isə bu cür qurumlar cəmiyyətdə qarşıdurma və xaos yaradılmasına xüsusi canfəşanlıq göstərirlər. Məqsəd isə qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqil və modern inkişafının qarşısını almaq, onu tipik, geridə qalmış və yarımmüstəmləkəyə çevrilmiş müsəlman ölkəsi kimi görməkdir. Araşdırmalar göstərir ki, MDİ ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, Mərkəzi Kəşfiyyat İdarəsinin əksər rəhbərləri bu təşkilatın yaradılmasında iştirak ediblər. Vaxtilə MDİ-nin həmin ölkələrdəki milli nümayəndəliklərinin rəhbəri olmuş Aleks Qriqorevs baş verən hadisələrdə yaxından iştirak edib, müxalifəti, qeyri-hökumət təşkilatlarını maliyyələşdirib və onları istiqamətləndirib.Təbii ki, A.Qriqorevs kimi casuslar gəncləri sapdırmaq üçün müxtəlif variantlara əl atırlar ki, bu yollardan ən geniş yayılmışı “Facebook”da idarəolunan aksiyalar keçirməklə, narazı gənc elektorat formalaşdırmağa çalışmaqdır. Bunun üçün hər məqamdan yararlanılır. Təsadüfi deyil ki, Aleks Qriqorevsin xeyir-duası və şəxsi təşəbbüsü ilə yaradılan NİDA təşkilatında yığışan bir qrup nadan gənc maliyyə şirnikləndirmələri ilə çoxdandır, “Facebook”da bu cür antiazərbaycan əməli ilə məşğul olurmuş. NİDA-çıların evindən “Molotov kokteyli” çıxması, bunu və digər antimilli, cinayət xarakterli əməlləri onların özlərinin də etiraf etməsi dediklərimizdən xəbər verir. Bu cür nadan gənclər Aleks Qriqorevs kimi peşəkar casusların təsiri altına düşüb cəmiyyətdəki ən həssas məqamlardan yararlanmaqla kütləvi aksiyalar, xaos təşkil etməyə alət olurlar. Bu məqsədlə kütləvi sayda anonim, saxta profillərin yaradılması da bu qurumun fəaliyyət sahəsinə aid edilir. Təbii ki, sosial şəbəkələrdə fəaliyyət üçün pulla şirnikləndirmə lazımdır. Bu tip layihələr üçün son 3 ildə Azərbaycanda olduğu dövrdə A.Qriqorevs öz hesabından 2 milyon dollara yaxın vəsait çıxarıb. Bu vəsaitlərin hara xərcləndiyi barədə heç bir izahat və məlumat verilmir. Baxmayaraq ki, qanuna görə, həm yerli, həm də Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatlar Maliyyə Nazirliyinə müvafiq hesabatlar verməlidirlər...

Xarici antimilli qüvvələr hansı
məqamlardan yararlanır?

Xarici qüvvələrin ölkədə çaxnaşma yaratmaq üçün sosial şəbəkələrdən, xüsusilə də “Facebook”dan yararlandığı qeyd edildi. Bəs hansı mövzuların sosial şəbəkələrdə qabardılması və şişirdilməsi onlar üçün daha əlverişlidir?
Qeyd edək ki, müşahidələrimizə görə, həmin qüvvələr özlərinin ənənəvi “demokratiya” leksikonundan yararlanmağa cəhd etmirlər. Belə ki, gəlişigözəl “demokratiya”, “insan haqları”, “gender” və sair anlayışlar bu gün bütün dünya ölkələrində, xüsusilə də bəzi Qərb dairələrinin müdaxilələrinə məruz qalan ölkələrdə tamamilə dəbdən düşüb. Hazırda bu cür terminlərlə çıxış edən bəzi Qərb təşkilatlarının bunların arxasında gizlənən niyyətləri də həmin ölkələr və cəmiyyətlər üçün yetərincə faş olunub. Ona görə də onlar bu cür şüarlarla cəmiyyət nümayəndələrinin diqqətini cəlb edə bilmirlər. Xüsusilə də, Azərbaycan cəmiyyətinin bu cür şüarlara məhəl qoymaması həmin antimilli qüvvələri taktikalarında dəyişiklik etməyə vadar edib. Ona görə də onlar sosial şəbəkələr vasitəsilə iğtişaşlar törətmək üçün artıq bu cür anlayışları bir kənara ataraq həssas məqamlara girişiblər. Məsələn, son dəfə bu antimilli qüvvələrin əsgər ölümü məsələsindən bir qığılcım kimi istifadə etməyə çalışdığını gördük. İstisna edilmir ki, onlar hər hansı bir etnik qrup, yaxud sosial zümrənin həssaslığından yararlanmayacaqlar. Yaxud da “namus”, “qeyrət”, “din” və sair motivlərlə hansısa zümrəni ayağa qaldırmağa çalışmayacaqlar. İstisna etmək olmaz ki, həmin qüvvələr bu baxımdan axtarışlarda deyillər. Ona görə də cəmiyyət, gənclər ayıq olmalı, bu cür təxribatlara uymamalıdırlar. Unudulmamalıdır ki, bu ərəfədə həmin qüvvələrin fəaliyyəti yalnız ölkədə çaxnaşma salmağa, hər hansı məsələdən qığılcım yaratmağa hesablanıb ki, bu da son nəticədə Azərbaycan üçün böyük itkilərə səbəb ola bilər...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info