Fındıq ixracı milyardlarla dollar qazanc gətirə bilər
Tarix: 03.08.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Qaxda gündəlik istehsal gücü 30 ton olan ixracyönümlü fındıq emalı müəssisəsinin tikintisi ilə bağlı layihələndirmə işləri aparılır

Ticari dəyəri yüksək olan məhsullardan biri də fındıqdır. Bu gün dünyada bir sıra ölkələr fındıq istehsalında qabaqcıl yerləri tutur. Hazırda Türkiyə dünya fındıq istehsalında ilk sırada yer alır və ümumilikdə fındıq istehsalının 62-65 faizini təşkil edir. 2013-cü il dünya fındıq istehsalında 1-ci yeri Türkiyə, 2-ci yeri İtaliya, 3-cü yeri isə 35 min ton istehsalla Azərbaycan tutub. Bundan başqa, Çin, İran, Çili, Avstraliya və Fransa fındıq istehsalında əhəmiyyətli ölkələrdəndir. Siyahıdakı ölkələrlə yanaşı, kiçik miqdarlarda istehsal edən digər ölkələr də vardır ki, bunlara Polşa, Yunanıstan, Belarus, Xorvatiya, Tacikistan, Özbəkistan, Rusiya, Kamerun, Portuqaliya, Moldova, Ukrayna, Tacikistan, Tunis, Slovakiya, Sloveniya, Suriya, Kipr, Argentina, Avstriya, Estoniya, Yeni Zelandiya və Rumıniya daxildir.

Fındığın 91 faizi Avropa ölkələri tərəfindən satın alınır
Dünya fındıq ticarətinə gəldikdə isə fındığın böyük qismi-91 faizi Avropa ölkələri tərəfindən satın alınır və əksəriyyəti-80 faizi şirniyyat və şokolad sənayesində istifadə edilir. 10-12 faizi tort və biskvit məhsullarına, 3-4 faizi çərəz kimi, 2-3 faizi dondurma yağ sənayesində istehlak olunur. İtaliya, Almaniya, Amerika Birləşmiş Ştatları və İspaniya, Türkiyə xaricindəki əhəmiyyətli ixracatçı ölkələrdir. Hollandiya, Belçika, Lüksemburq, Avstriya, Birləşmiş Krallıq, İrlandiya, İsveçrə, Bolqarıstan, Macarıstan və Kanada, fındıq istehsal etməməsinə baxmayaraq, idxal etdiyi məhsulu ixrac edən ölkələrdəndir. Dünyada ən çox fındıq satın alan ölkələrə Almaniya, İtaliya, Fransa, İsveçrə, Belçika, Lüksemburq, Rusiya, Avstriya, Hollandiya, Böyük Britaniya, ABŞ, İspaniya, Polşa, Yunanıstan, Danimarka daxildir. Türkiyədə 2012-2013-cü il mövsümündə 600 min ton qabıqlı fındıq ixrac edilib və ölkənin tarixi rekordu olan 1,8 milyard dollar gəlir əldə edib. 2014-2015-ci ildə isə 217 min 500 ton fındıq ixrac edib ki, nəticədə təxminən 2,9 milyard dollar valyuta əldə edib. Ümumilikdə isə Türkiyə fındıq ixracından 20 mövsümdə 25 milyard 612 milyon dollar valyuta qazanıb.
Türkiyə Ziraatçılar Odaları Birliyi (TZOB) İdarə heyətinin üzvü və Ordu Ziraat Odaları vilayətinin icraçı direktoru Arslan Soydan bildirib ki, sərbəst bazarda 2015-ci ildə fındıq 13 lirədən alıcı tapıb. Hələ yeni mövsüm məhsulunun bazara çıxarılmadığını deyən Soydan deyib ki, "2015-ci ilin məhsulunun bəzi tacirlər və ya fabriklər tərəfindən 13 lirədən alındığını görürük. Bu da yeni mövsüm məhsul qiymətinin daha da artacağı mənasını verir". Soydan qiymətlərin daha da artacağını deyib: “Çünki avropalı alıcıların fındığa ehtiyacı olduğunu bilirik. Xüsusilə 2015-ci il məhsuluna etirazlarının olmadığını da bilirik. Belə olduğu halda, qiymətin artması da çox normaldır". Fındıq qiymətinin 13 lirəyə qədər yüksəlməsinə baxmayaraq, istehsalçıların məhsullarını satmadığını bildirən Soydan deyib ki, istehsalçı yeni mövsümün açılmasını gözləyir. Bu səbəbdən bir çox istehsalçı məhsullarını evlərində saxlamaqda davam edir. Burada istehsalçılara düşən tək vəzifə bundan sonra fındıqlarını əllərində saxlamasıdır. İstehsalçılar məhsullarını yaxşı qurutmalıdırlar. 10 avqust tarixindən sonra yeni məhsul bazara çıxmağa başlayacaq. İstehsalçılarımızdan bu tarixə qədər məhsullarını kifayət qədər qurudub, bazara çıxartması lazımdır. Əks halda, yaxşı qurudulmayan fındıq kiflənir”.
Fındığın faydalarına gəldikdə isə bildirilir ki, çox yaxşı bir enerji qaynağıdır, bədənə güc və enerji verir, bədən və zehin yorğunluğunu aradan qaldırır. Fındıq, ürək və damar sağlamlığı baxımından çox faydalıdır. Xolesterini salır, ürək ritmini nizamlamağa köməkçi olur. Daimi olaraq hər gün fındıq yemək infarkt keçirmə riskini azaltmaqda çox təsirlidir. Qansızlığa yaxşı gəlir, bədən və sümük inkişafını dəstəkləyir. Hamilələrin həm özləri üçün, həm də doğulacaq uşaq üçün fındıq yemələri çox faydalıdır. Fındıq, soyuqdəymə və ağciyər xəstəliklərinə da faydalıdır. Bundan başqa, dərini gözəlləşdirdiyi də bildirilir. Ən əhəmiyyətli xüsusiyyəti isə qan azlığına çox yaxşı təsir göstərir.

Ölkəmizdə 30 min hektar sahədə fındığın 130-dan çox sortu yetişdirilir
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatına diqqətin daha da artırılmasını tələb edir. Bu baxımdan ölkəyə valyuta gətirən müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına önəm verilməsi vacibdir. Bu sahədə əsas məhsullardan biri kimi fındıq ixracı böyük əhəmiyyət kəsb edir. Hazırda bu məhsulun 80-90 faizi xaricə satılır. Zaqatala Fındıq Zavodu ölkədə bu sahə üzrə ən iri müəssisədir. Ancaq rayonda fındıq emalı ilə məşğul olan 40-a yaxın müəssisə də var. Əvvəllər ölkəmizin ləpə və qabıqlı fındıq satışında ən böyük bazarı Rusiya olsa da, hazırda Avropada Azərbaycan fındığı keyfiyyətli məhsul kimi tanınmağa başlayıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bildirib ki, ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır: “Ancaq qeyd etməliyəm ki, dövlət fındıqçılığın inkişafına o qədər də böyük dəstək verməyib. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Yəni bütün bunları biz bilməliyik və bu sahələrə çox ciddi dövlət dəstəyi verilməlidir. Ona görə, mən Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara göstəriş verirəm ki, bu sahələrdə çox ciddi dövlət dəstəyi olmalıdır və beləliklə, biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var, dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar”.

Əsas üstünlük bazarda olan fındığa tələbatdır
Ölkə başçısının bu tövsiyəsindən irəli gələrək artıq bir sıra bölgələrdə bu istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məsələn, Qax rayon Qorağan kəndində gündəlik istehsal gücü 30 ton olan ixracyönümlü fındıq emalı müəssisəsinin tikintisi ilə bağlı layihələndirmə və sənədləşmə işləri aparılır. Bundan başqa, Balakəndə 139 hektar sahədə isə yeni fındıq bağları salınıb. 2015-ci ildə rayonun fındıq bağlarından 4 min tondan çox məhsul götürülüb. Məhsul istehsalçıları fındığın satışından milyonlarla manat gəlir əldə ediblər.
Xaçmazlı təsərrüfatçılar iyulun 20-dən fındıq bağlarında məhsul yığımına başlayıblar. Rayonda fındıq yığımı avqustun sonunadək davam edəcək. Qeyd edək ki, fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Bu regionda 6 min hektara yaxın fındıq bağı var ki, bunun da 4 min hektara yaxını Xaçmaz rayonunun payına düşür. Xaçmazın fındıq bağlarından hər il 3 min tondan çox məhsul əldə olunur. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov son dövrlər fındıq bağlarının artdığını bildirib. Mütəxəssisin sözlərinə görə, buna təkan verən əsas amillərdən biri bazarda fındığa olan tələbatdır. Azərbaycan dünya ölkələri içərisində fındıq ixracına görə ilk pillələrdə yer alır. Ölkəmizdə 30 min hektar sahədə fındığın 130-dan çox sortu yetişdirilir. Mədət Qurbanov bildirib ki, təsərrüfatçılar fındıq kollarının indiki məhsuldarlığını iki dəfəyədək artıra bilərlər.
Beləliklə, bu gün dünyada fındıq istehsalında irəlidə gedən ölkəmiz bu sahəni daha da inkişaf etdirməlidir ki, bu da ölkəmizə valyuta axını deməkdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info