Kosmetika vasitələri alarkən nələrə diqqət etməliyik?
Tarix: 13.03.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Kosmetika vasitələri insan bədəninin müxtəlif nahiyələrinin təmizlənməsi, onların xarici görünüşünün korreksiyası, zərərli amillərdən qorunması, yaxşı vəziyyətdə saxlanması üçün istifadə olunan vasitə və preparatlardır. Bu vasitələr peşəkar və fərdi olmaqla iki qrupa bölünürlər. Peşəkar kosmetikanın tərkibində təsirli maddələrin xüsusi çəkisi yüksək olur və bu vasitələr maksimal effektə nail olmağa imkan verir. Lakin tərkibində təsirli maddələrin xüsusi çəkisinin yüksək olması peşəkar kosmetik vasitələrin istifadəsi zamanı fərdi vasitələrlə müqayisədə daha çox əks təsirlərin yaranmasına səbəb olur.
fBu səbəbdən peşəkar vasitələrdən istifadə edərkən onların düzgün tətbiqində diqqətli olmaq və peşəkarların məsləhətlərindən faydalanmaq vacibdir. Yaratdığı təsirə görə isə kosmetik vasitələr dəriyə qulluq vasitələri və dekorativ vasitələrə ayrılırlar. Dəriyə qulluq vasitələrinə təmizləyici vasitələr, maska, tonik, nəmləndirici və qidalandırıcı krem daxildir. Dekorativ kosmetik vasitələr tərkibində olan xammalın növlərindən asılı olaraq, piy əsaslı, toz halında və kompakt halda olur. Bura ənlik, kirşan, tonal krem, göz kölgələri, dodaq boyası, korrektor və s. vasitələr aid edilir.
Mövcud qanunvericiliyə görə, ölkə ərazisində istehsal olunan və ya idxal olunan kosmetik vasitələrin istehsalında istifadə olunmuş xammal və materiallar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə təsbit edilmiş tələblərə cavab verməlidir. Kosmetik vasitələrin mikrobioloji, toksikoloji, klinik-laborator göstəriciləri, tərkibində olan maddələrin xüsusi çəkisi normativ-texniki sənədlərdə göstərilmiş normaları aşmamalıdır.
İstehlakçı olaraq hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Bilin ki, kosmetik vasitələrin istehlak tarası məhsullarla qarşılıqlı təsirə girməyən, dövlət sanitar-epidemioloji xidməti tərəfindən qida məhsulları və parfümer-kosmetik mallarla təmasına icazə verilən materiallardan hazırlanmalıdır.
Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalı, istehlakçıya zəruri və düzgün məlumat verərək onun düzgün seçim etməsinə şərait yaratmalıdır. Etiketdə məhsulun adı və təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, məhsulun xalis çəkisi, həcmi və miqdarı, effektiv və zərərsiz istifadəsi qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlama şəraiti, tərkibi, istifadə zamanı göstərilən effekt, istifadə üçün əks göstəricilər, dekorativ kosmetika üçün tonun rəngi və nömrəsi, müvafiq normativ sənədin nömrəsi, məhsulun sertifikatlaşdırılması haqqında və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxuyun. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, belə məhsulu almaqdan çəkinin.
Nəzərə alın ki, bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilirlər. Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.
Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meyilli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur.
Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər. Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmadığından korlanmış kosmetik vasitələri rəngi, qoxusu, qatılığı və homogenliyi kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür. Kosmetik vasitələrin saxlama müddəti ilə bağlı digər bir amil onların qablaşdırılma şəklidir. Hava ilə təmas səthi daha kiçik olan qablaşdırmada kosmetik vasitələr daha yaxşı saxlanır. Həmçinin əgər kosmetik vasitənin üzərinə qoruyucu plastinka (lövhəcik, təbəqə) çəkilmişdirsə, o atılmamalıdır və bir miqdar kosmetik vasitəni götürdükdən sonra üzəri yenidən örtülməlidir.
Kosmetik vasitələrin satışı zamanı malın qablaşdırılması selofan örtük və ya lentlə bərkidilmişdirsə, alıcının onun açılaraq yoxlanmasını tələb etmək hüququ var. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmalıdır. Lakin lazımi keyfiyyətlərə malik kosmetik vasitə hər hansı səbəbdən istehlakçının xoşuna gəlməmişdirsə, alıcı bu malı başqa analoji malla dəyişdirmə imkanına malik deyil. Belə ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 №-li qərarına əsasən, qüsursuz və lazımi keyfiyyətə malik parfümer-kosmetik mallar pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir. Bu səbəbdən parfümer-kosmetik mal almış istehlakçı yalnız malda qüsurlar aşkar edildiyi və ya alqı-satqı zamanı mal haqqında həqiqətə uyğun məlumat verilmədiyi halda, malı geri qaytarmaq hüququna malikdir.
İstehlakçılara satışda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən kosmetik vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmələri tövsiyə olunur.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info