Multikultural dəyərlər: Azərbaycanda alman izləri
Tarix: 08.08.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


1819-cu ildə Azərbaycanda Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) Helenendorf koloniyasının əsasını qoyan almanlar yerli əhali ilə çox mehriban və səmimi yaşayıblar.
Bunu Göygölün ağsaqqalı Fikrət İsmayılov deyir. Onunla Göygöl Rayon İcra Hakimiyyətində görüşdük. Vaxtilə Azərbaycanda yaşayan almanların həyat tərzi ilə maraqlandığımı öyrəndikdə, bildiklərini böyük məmnuniyyətlə danışmağa başladı.
Fikrət müəllim uzun illər Göygöl rayonunda Memarlıq və Tikinti Şöbəsində çalışıb. Elə şəhərdəki alman evlərinin əvvəlki görkəminin saxlanmasında, kilsənin yenidən bərpa edilməsində onun da təşəbbüsləri nəzərə alınıb və bu sahədə əlindən gələni əsirgəməyib.
Uşaqlığı almanlarla birgə keçib. Eyni küçədə, eyni həyətda azərbaycanlılar, almanlar, ruslar, aysorlar həmişə bir ailə kimi yaşayıblar. Bir-birilərinin həm dilinə, dininə, həm də adət-ənənələrinə hörmətlə yanaşıblar. Milli bayramlarını birlikdə keçiriblər.
Ümumiyyətlə, Göygölün ahıl insanları almanları özlərinin uşaqlıq dövrünün ən unudulmaz xatirəsi kimi yad edir və bu barədə danışmaqdan böyük zövq alırlar. Göygölün küçələrini dolaşdıqca, həyətlərdə, evlərdə qonaq olduqca, ahıl insanların yaddaşını çözələdikcə bir-birindən maraqlı xatirələr insanı yüz il bundan əvvələ aparır.
Deyilənə görə, yaxşı geyinib-kecinən alman qadınları həm də zəhmətkeş olublar. Kişiləri isə cavan, ucaboy, yaraşıqlı idi. Yerli əhali ilə Azərbaycan dilində danışardılar.
 
Almanların yerli əhaliyə ancaq xeyri dəyib
Ağsaqqallar deyir ki, almanların yerli əhaliyə ancaq xeyri dəyib. İndi Göygölün və Şəmkirin belə gözəl, təmiz, səliqəli küçələrinə görə onlara borcluyuq. Almanlar Göygöldə 5, Şəmkirdə isə 4 küçə salıblar. Evləri ağ dağ torpağına yumurta qataraq tikiblər. Bu, həmin ağ dağ torpağıdır ki, o vaxtlar Gəncənin qala divarları da onunla hörülüb.
Almanlar Göygölü Gəncə çayının yaxınlığında, Şəmkiri isə iki çayın arasında salıblar. Bu da hər iki şəhəri güclü seldən qoruyub. Həmçinin çox səliqə-sahmanlı insanlar olublar. Alman dəqiqliyi və təmizkarlığı bu gün də Göygölün və Şəmkirin mərkəzində yaşayan insanların xarakterində qalıb. Onların saldıqları küçələr indi də tər-təmizdir. Bu iki şəhərdə salınan parklarda isə yapon əzgili, çinar ağacları əkiblər. Hər axşam işdən yorğun qayıdan almanlar burada dincələrdilər. Həmin parklar indi qalmasa da, almanların əkdiyi ağaclar hələ də yaşayır.
Kilsəyə gəlincə, almanlardan sonra burada xristian qalmadığından daha kilsə kimi fəaliyyət göstərməyib. Hazırda həm Göygöldəki, həm də Şəmkirdəki kilsələr tarix, mədəniyyət və memarlıq abidəsi kimi qorunur.
 
Erməni millətçiləri almanlara da dağ çəkiblər
Erməni millətçilərinin uzun illər azərbaycanlılara qarşı apardığı terror və soyqırımı siyasətindən Azərbaycanda yaşayan almanlar da zərər çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək “Daşnaksütyun” partiyasının Gəncədə yerli təşkilatının rəhbəri Koryun partiya silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. O cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəsindən 30 min rubl pul istəyiblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib.
 
Rəfibəyov qardaşları almanlara zamin durublar
1914-cü ildə I Dünya müharibəsi başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə köçürülməsini əmr edib. Bu zaman yalnız Gəncə quberniyasındakı almanlar köçürülməyib. O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedərək almanlara zamin durub və onların köçürülməsinə imkan verməyiblər. 
1918-ci ildə Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı 6 min nəfərə yaxın olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) isə almanlar ilk koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd ediblər.
Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına “antisovetçi” damğası vuraraq, onların bir hissəsinin güllələnməsinə nail olublar.
 
Stalinin əmri, Mikoyanın təşəbbüsü
Sovet dövləti ilə Almaniya arasında gərginləşən münasibətlər, totalitar rejiminin repressiya, sürgün, həbs, işgəncə və təqibləri alman koloniyaçılarından da yan ötməyib. 
1935-ci ildə Annenfeld və digər alman kəndi Helenendorfdan 600 alman cəsus damğası vurularaq Karaliyaya sürgün edilib. Həmin illərdə azərbaycanlılar kimi almanlar da repressiyaya məruz qalıblar.
1941-ci il sentyabrın 10-dan 20-dək Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan alman Sibirə və Qazaxıstana sürgün edilib. Onların abad evlərinin çoxuna isə Mikoyanın havadarlığı ilə ermənilər yerləşdirilib. Tarixdən də məlumdur ki, 1941-ci ildə almanlar Göygöldən sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Yalnız almanlar sürgün olunduqdan sonra ermənilər onların evlərini zəbt ediblər.
Həmin dövrün şahidlərinin sözlərinə görə, Dəllər stansiyasından almanları yola salanda, onlara 30-50 kiloqram yük götürməyə icazə verilmişdi. Almanlar da bunun 10-20 kiloqramına tənək çubuqları götürmüşdülər.
Köçürülmə zamanı azərbaycanlılarla ailə quran alman qadınlarına toxunulmur. Bu gün həm Göygöldə, həm də Şəmkirdə həmin alman qadınlarının nəvələri və nəticələri yaşayır. Lakin onların heç biri alman dilini bilmir.
 
Göygölün sonuncu almanı
Göygöldə yaşamış və 2007-ci il martın 29-da vəfat etmiş sonuncu alman Viktor Klayn sovetləşmədən sonra “antisovetçi” damğası vurularaq güllələnməyə məhkum edilənlərin qətlinin canlı şahidlərindən olub. Hazırda Almaniyanın Azərbaycandakı səfirliyi Viktor Klaynın Göygöldəki evini muzeyə çevirib. 
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info