Antalya əhalisindən 6 dəfə çox turist qəbul edir
Tarix: 09.08.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Bir az diqqətli olsan, Antalya Hava Limanında hər kəsin üzündən bu cümləni oxumaq olar: "Bizim şəhər təhlükəsizdir, əvvəlki illərdə olduğu kimi rahat dincəlib, istirahətin dadını çıxara bilərsiniz". Və sənədləri yoxlayan məmurdan tutmuş, yük aparan fəhləsinə, sərnişin daşıyan sürücüsünə qədər hamı bacardığı qədər daha çox gülümsəməyə çalışır. Hər il dünyanın dörd tərəfindən milyonlara turist qəbul edən bu nəhəng şəhərin hava limanı yəqin ki, əvvəllər heç vaxt bu qədər təbəssüm görməyib.
 
Antalya səxavətli rus turistlərinin xiffətini çəkir
Bu təbəssümün çoxu isə Rusiyadan gələn azsaylı turistlərə yönəlib. Zarafat deyil, Antalyaya ən çox səfər edən, ən çox pul xərcləyən, ən bahalı hotellərdə dincələnlər məhz şimal qonşumuzun vətəndaşlarıdır. Bəlkə belə də demək olar: Antalya səxavətli rus turistlərinin xiffətini çəkir...  
 
Kral üçün yer üzünün cənnəti
 
Azərbaycanlı jurnalistlərin Antalya səfəri “Azərbaycan Hava Yolları” (AZAL) və “Summer Tour” şirkətinin dəstəyi təşkil olunmuşdu. Məqsəd son vaxtlar Türkiyədə baş verən siyasi proseslər və baş tutmayan hərbi çevriliş cəhdinin qardaş ölkənin turizm sektoruna təsir etmədiyini əyani şəraitdə görmək, göstərmək, hər kəsi əmin etmək ki, ayağını Aralıq dənizinin yuduğu bu kurort şəhərində heç nə dəyişməyib, hər şey əvvəlki kimi öz axarındadır.
 
Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir.
 
Şəhərin kəşf olunmasının maraqlı tarixçəsi var. Ravayətə görə, kral II Attalos əsgərlərinə əmr edib ki, ona yer üzünün cənnətini tapsınlar. Uzun axtarışlardan sonra indiki Antalya ərazisini bəyənən əsgərlər krala xəbər verirlər ki, “cənnəti tapmışıq”. Kralın əmri ilə şəhərdə liman qurulur, Attalosun şərəfinə "Ataleia" adlandırılır. Antalyanın adı qədim ərəb mənbələrində "Antaliye", Türk mənbələrində isə "Adalya" olaraq keçir. Şəhər XX əsrdən başlayaraq "Antalya" kimi tanınır.
 
Antalya Kemer, Belek, Alanya və Side kimi turizm bölgələri ilə məşhurdur. Burada Ən bahalı beşulduz hotellər yerləşir.
 
Şəhər əhalisinin sayından 6 dəfə çox turist...
 
Səfərin növbəti günü Azərbaycandan getmiş jurnalistlərin şəhər valisi Münir Karaloğlu ilə görüşü keçirildi. Vali şəhərin turizm potensialı, tarixi yerləri, muzeyləri haqqında məlumat verdi. M. Karaloğlu dedi ki, Antalyanın nəhəng turizm şəhəri olduğunu təkcə bir faktla görmək olar - burada 385 beşulduzlu hotel var. Valinin sözlərinə görə, hələ ötən əsrin səksəninci illərdə bu kurort şəhərinə 2 milyondan çox turist gəlirmiş.
 
Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir.
 
Turizm sektorunun inkişafı, aparılan islahatlar nəticəsində bu rəqəm on-on iki milyona çatdırılıb. Bu, şəhər əhalisinin sayından 6 dəfə çoxdur. Turistlərin məhz Antalyanı seçməsinin başqa səbəbi də var: şəhər ilin 300 günü günəşi olur. Bölgənin hotellərində turistlər üçün olan yataq sayı bütün İspaniyada turistlər üçün nəzərdə tutulan çarpayı sayından çoxdur. Başqa bir fakt: 2500 hoteli olan Antalya il ərzində dünyanın məşhur şəhərlərindən, məsələn, Milandan, Praqadan daha çox turist qəbul edir.
 
Azərbaycanlı turistlərin sayına gəldikdə isə, vali bu rəqəmin aşağı olduğunu təəssüflə diqqətə çatdırdı. Statistikaya əsasən, 2015-ci ildə 35 min azərbaycanlı turist Antalyaya səfər edib. Bu ilin iyununda isə 8 mindən çox azərbaycanlı yay tətili üçün məhz bu şəhəri seçib.
 
Münir Karaloğlu şəhər valisi olaraq turistləri arxayın edir ki, Antalya tam təhlükəsiz şəhərdir. Uğursuz alınan hərbi çevriliş cəhdi turizm sektoruna təsir etməyib.
 
“Antalya Expo 2016”da Azərbaycan milli pavilyonu
 
Səfər çərçivəsində bizi 53 ölkə və bir neçə beynəlxalq təşkilatın təmsil olunduğu “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisi (International Horticultural Exposition) ilə tanış etdilər. Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunan “Antalya Expo 2016”da təxminən 2 min kvadratmetr ərazini əhatə edən Azərbaycan milli pavilyonu qurulub.
 
Aprelin 23-dən başlayan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”, şüarı isə “Gələcəyi yaşıllaşdır”dır.
 
İki min kvadratmetrədək ərazini əhatə edən, sərgilər və bağçadan ibarət Azərbaycan milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiət gözəlliklərinin təqdimat forması ilə seçilir. Ziyarətçilər burada qiyabi də olsa, Azərbaycana səyahət edir, zəngin təbiətin şahidinə çevrilirlər. Milli pavilyonda Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgi təqdim edilir. Pavilyondakı “Təbiətin rəngləri” sərgisində bir tərəfdən Azərbaycanın gözəl təbiətinin yaratdığı imkanlar, digər tərəfdən incəsənəti tərənnüm olunur.
 
Ziyarətçilər burada qiyabi də olsa, Azərbaycana səyahət edir, zəngin təbiətin şahidinə çevrilirlər
 
Sərgidə Azərbaycan xalçaçılıq sənətinin tarixi və bu günü əksini tapır. Xalçaçılığın müasir dövrümüzədək Azərbaycanda dekorativ-tətbiqi sənətin ən mühüm sahəsi olaraq tanındığı, bol boya qaynaqlarının xalçaçılıq sənətinin ən mühüm amillərindən biri olmasından bəhs edilir. Qədim dövrlərdən indiyədək Azərbaycanda bitki və təbii mineral mənşəli boya çeşidlərindən istifadə olunur. Bir çox yerli bitki və ağac növlərinin kökləri, soyulmuş qabıqları, meyvələri və yarpaqlarından təbii və davamlı boya əldə etmək mümkündür.
 
Sərgidə xalçalarımızın zərif naxışlarını, nəfis Azərbaycan xalılarının rəsmləri olan orta əsrlər Avropa rəssamlarının əsərlərini nümayiş etdirən multimedia layihəsi, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri, eyni zamanda, müasir rəssamlar Vüqar Muradov, Elçin Vəliyev və heykəltəraş Butunay Haqverdiyevin əsərləri nümayiş olunur.
 
"Expo"nun mövzusu uşaqlarla bağlı olduğundan Azərbaycan pavilyonunda bu mövzuya özünəməxsus tərzdə yer ayrılıb. Pavilyonda Heydər Əliyev Fondunun himayəsində olan kimsəsiz uşaqlar üçün internat evlərinin istedadlı yeniyetmə və gənclərinin, daun sindromlu uşaqların rəsmləri ilə tanış olmaq mümkündür.
 
“Antalya Ekspo” beynəlxalq sərgisi oktyabrın 30-dək davam edəcək.
 
Qeyd edək ki, “Ekspo” sərgisi ilk dəfə olaraq 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.
 
Azərbaycan “Ekspo” Ümumdünya sərgisində 2000-ci ildən iştirak edir. Ölkəmiz 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunub. Həmin sərgidə milli pavilyon Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fəaliyyət göstərib.
 
Rus, ingilis, azərbaycanlı ofisiantlar...
 
Antalyada turizm sektorunun inkişaf etməsinin ən vacib tərəflərindən biri də xidmət səviyyəsinin düzgün qurulmasıdır. Şəhərin ən böyük hotelləri ofisiantları, administratorları, aşpazları dünyanın müxtəlif ölkələrində turizm üzrə təhsil alan kadrların içindən seçirlər. Antalya hotellərində rus, ingilis, azərbaycanlı, alman ofisiantlarını və aşpazlarını görmək mümkündür. Məsələn, bizim qaldığımız hoteldə ofisiant kimi çalışan azərbaycanlı Ehtiram Zakirli Qırğızıstan Turizm İnstitutunda təhsil alır. Bir neçə ay əvvəl Antalyadan Qırğızıstana gedən hotel menecerləri Ehtiramı uzun-uzadı imtahandan keçirəndən sonra işə qəbul ediblər. Bizim pulla 700 manatdan artıq maaş alır, ödənişsiz yataqxana və gündə üç dəfə pulsuz yeməklə təmin olunub. Nəticəni özünüz çıxarın: Bir il əvvəl Ehtiramı doğulduğu rayonun hotellərindən birinə işə dəvət ediblər. Gənc oğlana Türkiyədə aldığı maaşın on faizi vəd olunub. Necə deyərlər, nöqtə, nöqtə və nöqtə...
 
Antalyaya səfər edən turistlər növbəti il həm də ona görə bu şəhərə bilet alırlar ki, ofisiantların gözü “görəsən, hörmət edəcək?” təmənnası ilə müştərinin cibinə dikilmir. 




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info