“Diasporun hərtərəfli inkişafı üçün akademik yanaşma mühüm əhəmiyyətə malikdir”
Tarix: 09.08.2016 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Gənc alim diasporla bağlı təkliflər verib

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı ilə müsahibəni təqdim edirik.
-Diasporun potensialından necə istifadə etmək olar?
-Azərbaycanın tarixi və mədəniyyəti kimi, diasporu da kifayət qədər qədim və zəngindir. Dünyada təqribi sayı 50 milyon nəfər olan azərbaycanlıların 10 milyondan çoxu hazırda etnik torpaqlarından kənarda yaşayır. Planetin 5 qitəsində məskunlaşan soydaşlarımızın sosial-mədəni və iqtisadi-siyasi fəaliyyətləri yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi, müxtəlif meyarlarla sıx əlaqədardır.
Diaspor strateji faktor kimi yaşadığımız dövrün vacib elementi hesab olunur. Diaspor ideoloji vasitə olmaqla, hər bir xalqın və dövlətin xaricdə immunitet və spesifıkliyinin, tanıdılması və təbliğatının, nüfuzunun və mənafeyinin məcmusudur. Diaspor amilinin xalqlararası əlaqələrin yaranmasında, dövlətlərarası münasibətlərin inkişafında özünəməxsus yeri və rolu vardır. Bəşəriyyətin təkamül prosesi ölçüsüz və zamansızdır. Lakin bunu sürətləndirən səbəblər və mövcud proseslər vardır ki, onların içərisində inteqrasiya özünəməxsus rol oynayır. Məhz diaspor amili bu əlamətlər ilə təmas təşkil etməklə həm milli vəhdəti, həm də bəşəri təkamülü özündə əks etdirir.
Məlumdur ki, diaspor amili müasir dünyada mühüm əhəmiyyət kəsb etməklə, beynəlxalq aləmdə xalq diplomatiyasının subyekti statusunu qazanıb. Hətta mütəxəssislər diasporu müasir dünyanın ayrılmaz atributu hesab edirlər, çünki diaspor dünyada gedən qlobal proseslər, geosiyasi hadisələr fonunda baş verən dəyişikliklər nəticəsində “siyasi alətə” çevrilərsə, milli müxtəlifliyin qorunmasına, saxlanılmasına zərbə vura bilər. Bu da bizi bir daha düşündürməyə vadar edir və milli maraqlarımızın qorunmasında həssas məsələ hesab oluna biləcək diasporun potensialından düzgün istifadə etməyin və istqamətləndirməyin vacibliyini ön plana çəkir. Diaspor fəaliyyətində başlıca məqsəd mənsub olduğu etnik azlığın mədəniyyətini, dilini qoruyub saxlamaqdan ibarət olmalıdır. Beynəlxalq səviyyədə isə müxtəlif xalqların diasporları ilə “milli və bəşəri dəyərlərin qorunması naminə birgə fəaliyyət proqramları”nın hazırlanması və tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Əksər tədqiqatçıların gəldiyi qənaətə görə qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür.
Məhz müstəqillik illərində milli diasporumuzun və diplomatiyamızın birgə səyinin nəticəsidir ki, Azərbaycanın haqq işi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələləri ilə bağlı uğurlar əldə olunub. Məsələn, İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbuluna, Pakistan və Meksika Senatı, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru və Honduras parlamentində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımının rəsmən tanınmasına nail olunub. Həmçinin ABŞ-ın 20-dən çox ştatında Azərbaycan əhalisinin kütləvi qətlini təsdiq edən “Xocalı soyqrımı”na və “31 mart-azərbaycanlıların soyqrımı”na dair qətnamə qəbul edilib.
-Milli diasporun lobbiçilik fəaliyyətini necə qiymətləndirirsiz?
-Son illər diasporumuzun fəaliyyəti sosial-mədəni sferadan çıxaraq ictimai-siyasi fəaliyyət müstəvisinə keçib, bu da lobbiçiliyin təkamülü və inkişafına əsas yaradıb. Bununla əlaqədar bir neçə faktı sadalamaq kifayət edər. Ölkəmizin dünyada geniş auditoriyaya malik nüfuzlu “Avroviziya” mahnı müsabiqəsində qələbəsi, respublikamızın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Davos İqtisadi Forumuna, Birinci Cənubi Qafqaz Forumuna ev sahibliyi etməsi, habelə 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi həm dövlətimizin, həm də müvəqqəti və daimi milli diasporumuzun və lobbimizin uğuru hesab etmək olar.
Hazırda bu sahədə yeni mərhələyə başlanılıb. Belə ki, xaricdə Azərbaycanın mədəniyyət və ticarət evlərinin yaradılması, milli tariximizi əks etdirən eksponatlardan ibarət sərgilərin keçirilməsi, milli brend məhsullarının yarmarkalarının təşkili, butiklərin açılması kimi tədbirlərin reallaşdırılması ənənəsinin davam etdirilməsi vacib xarakter daşıyır. Bu sahənin inkişafı və zamanın çağırışlarına cavab verməsi üçün elmi potensialdan, kütləvi informasiya vasitələrindən və müasir texnologiyanın imkanlarından yetərincə yararlanmağımız vacib hesab edilə bilər. Nəzərə almalıyıq ki, diaspor könüllü fəaliyyət olub, ictimai xarakter daşıyır. Diasporu milli maraqların, adət-ənənələrin qorunmasında vasitə kimi görürüksə, onun hər hansı bir mərkəzi adda birləşməsi o qədər də əhəmiyyət kəsb etmir. Buna görə də milli diaspor şüuruna malik şəxsin hər hansı bir mərkəzləşdirilmiş təşkilatda birləşməsi vacib deyil. Əgər o kəsdə “diaspor şüuru” formalaşıbsa, o, yaşadığı cəmiyyətə inteqrasiya olunubsa, öz milli xüsusiyyətlərini, dilini qoruyub saxlayacaq və gündəlik həyatında vətənini təmsil edəcəkdir.
Qeyd edək ki, diasporun hərtərəfli inkişafı üçün akademik yanaşma mühüm əhəmiyyətə malikdir. Xarici ölkələrin kütləvi informasiya vasitələrində ölkəmizlə bağlı məlumatların yerləşdirilməsi və ya təhsil ocaqlarında azərbaycanlı mütəxəssislərin iştirakı ilə dərs saatlarının keçirilməsi səmərə verə bilər.
-Azərbaycan diasporunun inkişaf və təşkilatlanma prosesi qaneedicidirmi?
-Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, səbatlı daxili və xarici siyasət, regional və beynəlxalq əməkdaşlıq manevrləri, həyata keçirilən meqaiqtisadi layihələr dövlətimizin beynəlxalq arenadakı müttəfiqlərinin sayının artmasına imkan yaradıb. Belə bir şəraitdə məntiqi olaraq diasporumuzun da inkişaf və təşkilatlanma imkanları daha asan gerçəkləşməkdədir. Dünyanın bir çox dövlətlərində səfirlik və konsulluqların, əlaqələndirici təşkilatların təsis olunması da milli diasporun inkişafına təkan verən faktordur. Bu rəsmi dövlət nümayəndəliklərimizin xarici ölkələrdə bilavasitə olaraq diaspor quruculuğunu himayə etməyə cəlb edilməsi azərbaycanlı diaspor cəmiyyətlərinin, milli icmaların yaranması işini daha da sürətləndirib. Onu demək kifayətdir ki, bu instansiyalar ölkələrarası gediş-gəlişi asanlaşdırmaqla xalqlar və ölkələrarası münasıbətlərin qurulmasına, adət-ənənələrlə qarşılıqlı tanışlıq və transformasiyaya öz töhfəsini verir. Digər prizmadan yanaşıldıqda bu təmsilçiliklərin siyasi əhəmiyyətini də aydın şəkildə görə bilərik. Danılmazdır ki, bu təsisatlar hüquqi baxımdan soydaşlarımızın müdafiə olunmasını və himayəsini təmin edir, hərtərəfli əməkdaşlıqlar üçün yeni şərait yaradır.
Bu gün ölkə vətəndaşlarımızla yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tarixi Vətənimiz - Azərbaycanın keçmişi, indisi, gələcəyi ilə bağlı milli birlik və həmrəylik nümayiş etdirirlər. Dövlətimizin səyi ilə əldə olunmuş bu böyük uğur Azərbaycanın ulu əcdadlarımızdan, ata-babalarımızdan qalan dərin və dəyərli irsimizi göz bəbəyi kimi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün ruh yüksəkliyi verir. Nəticədə Azərbaycan geniş arealda, sərhədləri aşaraq dünyanın beş qitəsində nüfuzunu gündən-günə yüksəltməyə və xaricdə yaşayan azərbaycanlıların hərtərəfli qayğısına qala biləcək potensiala qadirdir. Hazırda görülən əməli işlərin sayəsində Azərbaycan diasporu çiçəklənmə dövrünü yaşayır. Buna görədir ki, diaspor nümayəndələrimiz məskunlaşdıqları və yurd saldıqları donor ölkələrdə rahatca genişmiqyaslı tədbirlərin təşkil olunmasına, Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, müxtəlif təyinatlı sərgilərin təşkil edilməsinə, milli kinomuzun nümayişinə, tanınmış şəxsiyyətlərimizin, ədəbiyyat və incəsənət adamlarımızın həyat və yaradıcılıqlarından bəhs edən tədbirlərin reallaşdırılmasına nail olmuşlar. Bu ənənəvi tədbirlər düşünülmüş plana uyğun olaraq intensiv şəkildə dünyanın müxtəlif ölkələrində davam etdirilir. O cümlədən lobbi institutları planlı şəkildə öz səslərini qəbul etdirməyə, milli məqsədlərimizə nail olmağa çalışırlar. Bütün bu tədbirlər Azərbaycan dövlətinin daimi dəstəyi ilə həyata keçirilməkdədir. Beynəlxalq münasibətlərin vacib elementinə, qloballaşmanın əhəmiyyətli atributuna çevrilən, milli varlığı və bəşəri vəhdəti özündə cəmləşdirən diaspor müstəqil dövlətçilikdə daim prioritet istiqamətlərdən sayılmalıdır.
-Ümumiyyətlə, indiki məqamda diasporumuzun strategiyası necə qurulmalıdır?
-Etnik-milli məzmun daşıyan diaspor çox mürəkkəb təyinata malikdir. Bu fəaliyyət düzgün yönəldilməzsə, maraqlı qüvvələr ondan öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edə bilərlər. Ona görə də bu sahədə strategiya düzgün qurulmalıdır ki, bundan siyasi məqsədlər üçün yox, xalqlararası dostluğun yaranmasında vasitə, sosial yaxınlaşma, doğmalaşma faktoru kimi istifadə edilsin.
Bütün bunlar milli inkişafla bərabər, xalqlararası münasibətlərin, dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə, bəşəri sülhün qorunmasına, əmin-amanlığın yaranmasına və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verə bilər.
Bununla bərabər, informasiyanın idarəedilməsi, fəaliyyətin qiymətləndirilməsi və monitorinq keçirilməsi üzrə konsepsiyanın hazırlanması, diasporla bağlı məlumatların, təbliğat və təşviqat materiallarının əsaslı, düzgün-dolğun olması üçün vahid informasiya bankının yaradılması və bu bank vasitəsilə süzgəcdən keçilməklə yayılması lazımdır. Eyni zamanda qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi və bu istiqamətdə yeni qurumların təsis edilməsi, Bakı şəhərində dünya azərbaycanlıları evinin və muzeyinin yaradılması, diaspor nümayəndələrinin Azərbaycan biznes mühitinə təşviq edilməsi üçün müvafiq layihələrin reallaşdırılmasına ehtiyac var.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info