“Çağırışlara qapalı olan, marginal müxalifət heç vaxt hadisələrin önündə ola bilməz”
Tarix: 13.03.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“Müxalifət bütün parametrlərinə görə köhnəlib”

Ölkə daxilində baş verən siyasi proseslərdə iki qüvvə var - hakim partiya və bir də müxalifət. Nəzəri baxımdan müxalifət hakimiyyətə iddialı qüvvə olur, proseslərə təsir imkanları olur. Halbuki Azərbaycanda son bir neçə ildə bu müxalif partiyaların nə hadisələrə təsir imkanlarını, nə də normal siyasi aktivliyini müşahidə etmək mümkün deyil.
Proseslərin müşahidəsi onu göstərir ki, müxalif siyasi partiyalar hadisələrin quyruğunda sürünürlər. Onların fəaliyyətsizliyi o qədər boşluq yaradıb ki, bu boşluğu hansısa peşə məktəbi texnikumunun tələbələrinin təsisçisi olduğu qurumlar doldurmağa iddialıdırlar. Müxalifət isə sanki bu proseslərdə həmin texnikum tələbələrinin yedəyində getməyə üstünlük verir və bunu açıq-aşkar ifadə etməkdən də utanmır. Məsələn, “El” hərəkatı”nın başçısı Eldar Namazov və Müsavat başqanı İsa Qəmbər elan ediblər ki, NİDA-ya qoşuluruq. Bir peşə məktəbi tələbəsinin təsisçisi olduğu bu quruma qoşulmaq müxalifətin hansı duruma düşdüyünü açıq göstərir.
Müxalifətin bu durumu ilə bağlı “Palitra”ya fikirlərini bldirən millət vəkili Zahid Oruc isə qeyd etdi ki, “NİDA”nı müdafiə edənlərin öz vəziyyəti sual altındadır: “Müxalif qüvvələr, həqiqətən də, xaraktercə reflektivdir. Azərbaycanda yalnız reflektiv müxalifət mövcuddur. Həqiqətən də onlar hadisələrə reaksiyalar əsasında bu günə elə bu gündə də gəlib çıxıblar. Məhz ona görə də real ictimai həyatı təsirləndirən, onu yaradan, formalaşdıran, gündəmi tutan bir səviyyədə onların formalaşması mümkün olmayıb. Əslində Azərbaycan müxalifətinin 90-cı illərdən sonra keçdiyi yolda elə addımlar atması mümkün idi ki, həqiqi siyasi alternativlər kimi meydanda olsunlar. Hətta onların söylədiyi kimi, hakimiyyətin müəyyən təzyiqləri fonunda belə, bu qüvvələr işləkliyini, stabilliyini, cəmiyyət həyatına adekvat proqramlarını və yaxud da layihələrini gündəmə gətirməklə ən azı indiki vəziyyətdən qat-qat üstün bir durumda siyasi palitrada yer alardılar və düşünürəm ki, Azərbaycan insanları da onların mövqeləri ilə hesablaşardı. Əgər siz sadəcə siyasi analitik kimi cəmiyyətdə müxtəlif sorğular keçirsəniz, görəcəksiniz ki, İsa Qəmbərin sonuncu dəfə söylədiyi hər hansı bir fikri Azərbaycanda həddindən artıq siyasiləşmiş adamlar da yaddaşlarında saxlamırlar. Belə bir fakt yoxdur. Yalnız ona görə ki, onlar sovet təbirincə desək, avanqard ideyanı, qabaqcıl siyasi düşüncələri, analitik təfəkkürü özlərində daşımırlar. Bu gün gəncliyin aksiyalarına həmrəylik göstərənlərin özü sübut edir ki, hər hansı dəyişiklik, yeniləşmə istəyində olan adamlar belə, bu hərəkatda onlardan çox-çox önə çıxıblar. Müxalifət isə müəyyən narazı qrupun arxasından “axı biz vaxtilə meydan hərəkatında olmuş liderlərik, bizi qəbul edin” deyə mesajlar vermək, diqqət cəlb etməyə uğursuz cəhdlərlə məşğuldurlar. Faktiki olaraq, müxalifət bütün parametrlərinə görə köhnəlib. Onlar son dövrlərdə kommunikativ sistemləri bir qədər mənimsəsələr də, bunlardan həddindən artıq ekstremist təmayüllərlə istifadə edirlər. Doğrudur, heç kəs bunu onlara qadağan etmir. Onlar günlərinin bir hissəsini bu işlərə yönəldirlərsə, qoy məşğul olsunlar. Ancaq mən düşünürəm ki, bundan sonrakı zamanda bunların arasındakı guya hər hansı koalisiyalar, yeni-yeni adlar meydana çıxsa da, mahiyyətcə müxalifət keyfiyyət yeniləşməsini özündə ehtiva edə bilməyəcək. Başlıca olaraq elitaları yeniləşmir, hər hansı islahata qapalıdırlar, rəhbərləri alternativsiz seçilir, hər hansı yeni, səmərəli ideyanı da tanımırlar. Başdan-ayağa qaragüruhdurlar, hədsiz inhisarçıdırlar, daha artıq dərəcədə düşmən aksenti və leksikonundan yararlanmağa meyilləniblər, hiddət və qəzəb ifadə etməyə vərdiş ediblər. Halbuki çox normal bir siyasi dil, leksikon da seçə bilərdilər və mənə elə gəlir ki, bu halda onlar daha yaxşı anlaşılardı və tərəfdarlar qazanardılar. Belə bir halda onlar normal alternativ siyasi qüvvə kimi özlərini təqdim edə bilərdilər. Əslində onlardan başqa, digər müxalif fikirli insanlar da var. Bunu seçkilərin nəticələri də göstərir. Məsələn, 2008-ci ildə seçkilərdə yerdə qalan həmin kəsimi toparlayaraq siyasi baxımdan aktivləşdirməklə müxalifət müəyyən sayda da olsa, elektorat qazanmış olardı. Halbuki müxalifət bu səviyyədə olmadığı üçün həmin elektoratın diqqətini cəlb edə bilmədi. Çünki müxalifətin bu baxımdan hər hansı siyasi texnologiyanı tətbiq etmək bacarığı yoxdur. Əksinə, İsa Qəmbərin, Əli Kərimlinin çevrəsində olanlar onları çoxdan tərk ediblər. Onların çoxu müxalifət başçılarını perspektivsiz gördükləri üçün hakimiyyətin cazibəsinə düşüblər və hakimiyyətin siyasətinə çox vaxtlar loyallıq göstəriblər, çünki müxalifəti buna alternativ görməyiblər. Onların bir çoxu parlamentə də düşüb və bu, çox da normal qəbul edilməlidir. Düşünürəm ki, özü hər hansı bir qabaqcıl cəmiyyət çağırışlarına qapalı olan, marginal strukturlar heç vaxt hadisələrin, proseslərin önündə ola bilməzlər və Azərbaycan xalqının gələcəyini təmin etmək bu müxalifətin missiyası deyil”.
Millət vəkili dedi ki, birmənalı şəkildə söyləmək mümkündür ki, müxalifət özünün düşüncəsi və bacarığı etibarilə Azərbaycan cəmiyyətinin yalnız keçmişini qəbul edir, gələcəyini yox.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info