Nardaran işinə görə həbs olunan müttəhimdən şok etiraflar
Tarix: 10.08.2016 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Talehin tərəfdarı polisə qumbara atdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Etibar İsmayılov ifadə verib. E. İsmayılov onlarda silah olmadığını, atəş açmadıqlarını deyib. Prokuror Ramin Nağdəliyev ondan silahdan istifadə edə bilib-bilmədiyini, kiminsə müdafiəsində iştirak edib-etməməsini soruşub. E. İsmayılov suallara cavab olaraq bildirib ki, Qarabağ müharibəsində iştirak edib. Lakin hadisə vaxtı onda silah olmayıb və kininsə müdafiəsində iştirak etməyib. Daha sonra vəkil Nemət Kərimli ondan gələn şəxslərin özlərini təqdim edib-etməmələrini, Taleh Bağırovu haradan tanıdığını soruşub. E. İsmayılov bildirib ki, gələnlər özlərini təqdim etməyiblər, Taleh Bağırovu “Hicaba azadlıq” aksiyasından tanıyır. Qeyd edək ki, Etibar İsmayılov istintaq zamanı verdiyi ifadəsində isə göstərib ki, 6 ay əvvəl “Müsəlman Birliyi” Hərəkatının üzvü olub. O, Taleh Bağırovu bir dəfə məscidə getdiyi vaxt gördüyünü, onun əxlaqdan danışdığını deyib. Hadisə günü Nardaran qəsəbəsində Taleh Bağırovun «İmam Hüseyn məclisi» keçirəcəyini öyrənib ora gedərkən Nardaran qəsəbəsində polislər onu saxlayıb həmin evin qarşısına aparıblar. Orada düşəndən sonra həyətin çölündə dayanıb. Polislər həyətə daxil olandan sonra güllə səsləri eşidib. Birbaşa güllənin birinci kim tərəfindən atıldığını eşitməsə də, Qarabağ müharibəsinin iştirakçısı olduğundan atəş səslərinin avtomatdan açıldığını başa düşüb. Üzərində olan əl qumbarasını və xəncəri Taleh Bağırova hücum olacağı təqdirdə sonuncunu və digər mömin qardaşlarını müdafiə etmək üçün gəzdirib.
Təqsirləndirilən Bəhruz Əskərov da oxşar ifadə verib və özünü təqsirli bilmədiyini deyib. O, bildirib ki, hadisə vaxtı ayağından güllə yarası alıb və indiyə kimi güllə bədənində qalıb.
Bəhruz Əskərov ibtidai istintaqa verdiyi ifadəsində isə özünü təqsirli bilməyərək göstərib ki, «Müsəlman Birliyi Hərəkatı»nın iş prinsipinin əsasları Hacı Talehi qorumaq, onun ətrafında toplaşmaq, tələb etdiyi qaydaları dəstəkləmək, hicabla bağlı məsələləri ictimailəşdirmək olub. Taleh Bağırov 2015-ci ilin noyabr ayının əvvəllərində Nardaran qəsəbəsində Əbülfəz Bünyatovun evində qalmağa başlayıb. Onun qəsəbədə qalmaqda məqsədi hüquq-mühafizə orqanlarından qorunmaq və dindar qəsəbə sakinlərindən özünə daha yaxşı dəstək almaq olub. Taleh Bağırov Nardaranda qaldığı dövrdə hər 3-4 gündən bir Əbülfəzin evinə gedib Talehlə görüşüb və digər dindarlarla birlikdə onu qoruyub. Hacı Talehin yanında olan dindarlar onu qoruyur, onu tutmaq istəyən şəxslərə qarşı müqavimət göstərəcəklərini və hətta Hacı Talehin yolunda canlarını əsirgəməyəcəklərini bildiriblər. Həmin günü günorta namazını qıldıqdan sonra həyətə polis əməkdaşları daxil olub. Bu zaman evdə olan şəxslər dərhal ayağa qalxıb hər tərəfə səpələniblər. Əlində silah olan şəxslər avtomat və tapançalardan polis əməkdaşlarına atəş açmağa başlayıblar. Hacı Talehin tərəfdaşlarından kimsə polislərə tərəf qumbara atıb və qumbara partlayıb. Həmin vaxt ona yaxınlaşan polis əməkdaşları əlində olan qumbara və beşbarmağı ondan alıblar.
Təqsirləndirilən Fərhad Babayev də hadisə vaxtı güllə yarası aldığını deyib. Prokuror ondan istintaq zamanı verdiyi ifadələri təsdiq edib-etməməsini soruşub. O, üzərində qumbara olması barədə hissəni təsdiq etmədiyini deyib və onda silah olmadığını bildirib. Prokuror ondan əvvəllər həmin evdə olması barədə soruşub. O, həmin evdə əvvəllər olmadığını deyib.
Fərhad Babayev ibtidai istintaqa ifadələrində isə göstərib ki, həmin gün saat 14 radələrində birlikdə namaz qıldıqları vaxt küçədən atəş səsləri eşidib. Bu səbəbdən çölə çıxanda qara geyimdə olan bir neçə şəxs avtomatlardan atəş açıblar. Yanında dayanan Sərvan əyilərək yerə yıxılıb. Görüb ki, Sərvan və həmkəndlisi Bəhruz güllə yaraları alıb. O, onları orada olan ağ rəngli VAZ-2107 markalı avtomaşına yerləşdirib. Maşını idarə edən şəxslə Nardaran xəstəxanasına gəliblər. Sərvan oradakı xəstəxanaya çatdıqda ölüb. Sonra o meyitxanaya gəlib özünü polislərə təslim edib.
Təqsirləndirilən Şamil Abduləliyev ifadəsində ittihamların əsassız olduğunu deyib. O, hadisə vaxtı yaralandığını bildirib.
Prokuror ondan Taleh Bağırovun yanına niyə getməsini, həmin evdə olanlarda silah olmamasını hardan bildiyini, polisə kiminsə atəş açmasını görməsini soruşub. O, bildirib ki, T. Bağırova insanların hüquqlarını qoruyan şəxs kimi hörmət edib, həmin evdə hər kəs namaz qıldığından və hər kəs nazik paltarda olduğundan görüb ki, heç kimdə silah yoxdur. Halbuki Şamil Abduləliyev də ibtidai istintaqa fərqli ifadə verib. O, ifadəsində bildirib ki, ilk dəfə Taleh Bağırovu məlum hadisələrdən təxminən 3-4 ay əvvəl Bilgəh qəsəbəsində yerləşən «Əbülfəz Abbas» məscidində görüb. 26 noyabr 2015-ci il tarixdə saat 11 radələrində Nardaran qəsəbəsindəki Əbülfəz adlı şəxsin evinə gedəndə həyətyanı sahəyə çoxlu sayda daşlar və dəyənəklərin yığılmasının şahidi olub. Həmin ərəfədə evdə təxminən 20-25 nəfərə yaxın şəxs olub və hər kəs birlikdə Taleh Bağırovu qoruyub. Həmin gün namaz qılandan sonra polis əməkdaşları həyətə daxil olub və o, həmin ərəfədə evin içərisində olaraq atəş səsləri eşidib və dərhal qapıdan bayıra çıxıb ki, üzərində olan əl qumbarası və süngü ilə onlara qarşı gələnləri zərərsizləşdirsin, lakin bu mümkün olmayıb. Prosesdə çıxış edən Taleh Bağırov mətbuatda onların barəsində gedən yazılara iradını bildirib və məhkəmənin bununla bağlı qərar qəbul etməsini istəyib. Hakim isə bildirib ki, məhkəmə açıq keçirilir, onların mətbuata nəzarət etmək funksiyası yoxdur. Proses bu gün davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info