“Azərbaycanımızın adını hər zaman uca tutmağa çalışırıq”
Tarix: 12.08.2016 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Naibə Şirinova: “Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı alman dilində böyük bir tədbir keçirəcəyik”

Bu gün Almaniyadakı ziyalılarımız Alman Azərbaycan Ziyalılar Birliyinin ətrafında toplaşaraq ölkəmizi təbliğ edirlər. Birliyin sədri olaraq Naibə Şirinova ölkəmizlə bağlı maraqlı tədbirlər keçirir. O, qəzetimizə müsahibəsində bu barədə ətraflı məlumat verib. Qeyd edək ki, N.Şirinova 1962- ci ildə Bakıda anadan olub. Kino aktyorluğu və rejissorluq üzrə təhsil alıb. AzTV və İTV-də bir çox verilişlərin aparıcısı, redaktoru və rejissoru olub. Eyni zamanda 1988- 2007-ci illərdə Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. 2007-ci ildə ailə vəziyyəti ilə bağlı Almaniyanın Berlin şəhərinə köçüb və İTV ilə əməkdaşlığını davam etdirib.

-Almaniyada Azərbaycanla bağlı hansı tədbirlər keçi-rirsiniz?
- Berlində yaşadığım vaxtdan vətənimin ağrı-acılarını, ümumiyyətlə, doğma Azərbaycanımızın həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaq üçün fəaliyyət göstərmişəm. Alman Azərbaycan Ziyalılar Birliyinin sədri olaraq öncə Azərbaycanı təbii sərvətləri ilə tanıyan Avropaya vətənimin qədim tarixə və çoxşaxəli mədəniyyətə malik olduğunu çatdırmaq üçün müxtəlif tədbirlər, konfranslar, görüşlər keçirmişik.
Azərbaycanın nüfuzunu qorumaq, onun yüksəlməsi istiqamətində və diaspor işinin inkişafında bacardığımız qədər işlər görməyə çalışırıq. 2008-ci ildən 2010-cu ilə kimi Berlində ALEX kanalında "Vətənim" adlı 2 saatlıq televiziya proqramı ilə çıxış etmişik. Proqramda Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti barədə danışılıb. Həmçinin yazıçı və şairləri, bəstəkarları barədə, tarixi günlərimiz barədə mütəmadi olaraq verilişlər hazırlamışıq. 2011- ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasının dəstəyi ilə alman rejissoru Klaus Bernhardla bərabər "Sarı gəlin Azərbaycanda Caz Muğam" telefilmində ikinci rejissor olmuşam.
20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də səfirliyin təşkil etdiyi tədbirlərdə şair və yazıçılarımızın əsərlərindən hazırladığım ədəbi kompozisiya ilə çıxışlar etmişəm. Alman Azərbaycan Ziyalılar Birliyi Şuşanın işğalı ilə bağlı "Tökər qan çeşmi giryanım", “Müstəqillik günü”, "Azərbaycan, doğma diyar" və s. kimi musiqili ədəbi gecələr, keçirmişik. Vətəndən uzaqda yaşayan soydaşlarımıza Ana dilimizin qorunması ilə bağlı konfrans, təşkil etmişik. Əsirlərin yaşıdı olan və milli adət və ənənələrimizlə zəngin olan Novruz şənlikləri təşkil etmişik. Eləcə də dövlət atributlarımız mövzusunda görüşlər keçirmişik. Bu ilin mayında Alman Azərbaycan Ziyalılar Birliyi olaraq Berlində və Drezdendə Xalq yazıçısı Çingiz Abdullayevlə soydaşlarımızın və alman ictimaiyyətinin görüşünü təşkil etmişik.
-Azərbaycana qarşı qara kampaniyalar aparılanda adətən Almaniya öndə olur. Belə məqamlarda nədənsə Almaniyadakı azərbaycanlı ziyalıların buna qarşı etirazları görünmür. Bunun səbəbi nədir?
-Əgər verdiyiniz bu sual sırf Alman Azərbaycan Ziyalılar Birliyinə ünvanlanıbsa, deyə bilərəm ki, bu, akademik səviyyədə olan PR deyildir. Düşünürəm ki, bu, siyasi, həm də media səviyyəsində olan PR idi. Təbii ki, onların bunda maddi və siyasi maraqları var idi... Sualınıza gəldikdə isə qeyd etmək istəyirəm ki, Almaniyada fəaliyyət göstərən Alman Azərbaycan Ziyalılar Birliyi, eləcə də ASN, TEAS kimi təşkilatlar hər zaman Azərbaycanın maraqlarını, mənafeyini qoruyur, siyasətini dəstəkləyirlər. Qeyd edim ki, biz daha çox elm və mədəniyyət sahəsinə yaxın olduğumuz üçün bu sahədə geniş işlər aparırıq. Amma bütün bunlara baxmayaraq, Alman Azərbaycan Ziyalılar Birliyi müxtəlif vasitələrlə üzərinə düşən yükü bəlli bir çərçivədə həll etməyə çalışıb. Müxtəlif təşkilatlara yazılı surətdə etirazımızı bildirmişik. Bundestaqın nümayəndələri (deputatlar) ilə görüşüb söhbət etmişik, onların diqqətlərinə bunları çatdırmağa çalışmışıq: 1. Azərbaycan Rusiya ilə İran arasında mürəkkəb yerdə yerləşən bir ölkədir. 2. Müsəlman ölkəsidir. 3.Azərbaycan hərbi münaqişədədir, torpaqlarının 20 %-i işğal olunub. Onlara bizim torpaqları işğal edən, beynəlxalq hüququ və insan haqlarını pozan Ermənistanı və orada baş verən haqsızlıqları görməzdən gəldiklərini, Qarabağ məsələsinə isə qeyri-konstruktiv yanaşdıqlarını və nədən susduqlarını sual etmişik. Belə olanda da almanlar söhbəti dəyişir, münaqişəni başqa münaqişələrlə müqayisə edirlər, hətta bir vaxtlar Almaniya və Fransa münaqişəsindən misal gətirirlər, bir sözlə, sualdan yayınırlar... Bu görüşlərimiz zamanı diqqətimizi çəkən bilirsiz nə oldu? Alman siyasətçilərinin Ermənistana olan simpatiyaları...
-Almanların Azərbaycan poeziyasına marağı necədir?
-Almanların Azərbaycan poeziyasına maraqlarından və münasibətlərindən danışarkən öncə qeyd etmək lazımdır ki, Almaniya-Azərbaycan münasibətlərinin və mədəni əlaqələrinin tarixi çox qədimdir. Alman ədibləri V.Höte, H.Heyne hələ XIX əsrdə Nizami yaradıcılığına müraciət ediblər. Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Höte, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvini poeziyanın allahı adlandırıb. Onların fikrincə, əgər Nizamini dünya ədəbiyyatından təcrid etsək, o zaman dünya ədəbiyyat yetim qalar. Azərbaycan-Almaniya mədəni əlaqələrinin inkişafında klassik Azərbaycan şairi Mirzə Şəfi Vazehin (1794 -1852) də rolu danılmazdır. Şairin əsərlərinə məftun olan alman şairi F.Bodenştedt ilə yaranan yaradıcılıq əlaqələri Azərbaycan-Almaniya mədəni əlaqələrinin formalaşaraq inkişaf etməsində mühüm rol oynayıb. Qeyd edim ki, Nəsiminin, Nizami Gəncəvinin, Aşıq Ələsgərin və başqa şairlərimizin şeirləri alman dilinə tərcümə olunub.
-Azərbaycan ziyalısı Almaniyada öz sözünü deyə bilibmi. Yəni azərbaycanlı ziyalılar Almaniyada nə dərəcədə qəbul olunur?
-Qürurla deyə bilərəm ki, istər Almaniyanın müxtəlif dövlət idarələrində, yüksək vəzifələrdə çalışan insanlarımız, istərsə də müxtəlif universitetlərdə dərs deyən professorlarımız, təhsil alan doktorantlarımız Azərbaycanımızı layiqincə təmsil edirlər. Keçirdiyimiz tədbirlərdə, görüşlərdə, gecələrdə hər zaman vurğulayırıq ki, vətəndən uzaqda yaşasaq da, hər birimiz burada kiçik bir Azərbaycandır. Gördüyümüz müsbət və ya mənfi əməllər hamısı Azərbaycanın adına yazılır. Bu baxımdan Azərbaycanımızın adını hər zaman uca tutmağa çalışırıq.
-Hazırda hansı layihə üzərində çalışırsız?
-Hazırda Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı alman dilində böyük bir tədbirin keçirilməsi üzərində çalışırıq. Eləcə də dövlət və ictimai xadimlərimizlə görüşlər və konfranslar planlaşdırmışıq. Allahın izni ilə. Bundan əlavə, Berlində fəaliyyət göstərən türk radiosuna Azərbaycanla bağlı bir layihə göndərmişəm. Onun cavabını gözləyirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info