Azərbaycanlı vəkil Krasnoyarskda erməniləri necə susdurub?
Tarix: 15.08.2016 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Ələkbər Qarayev: “Bir çox diaspor təşkilatlarımız düzgün istiqamətdə işləmirlər”

Azərbaycanın diaspor üzvlərinin yaşadıqları ölkələrdə müxtəlif rəsmi vəzifələrdə ölkəmizi təmsil etmələri prioritetdir. Bu, eyni zamanda diasporumuzun sayılıb-seçilməsi üçün mühüm əhəmiyyət daşıyır. Elə müsahibimiz Ələkbər Qarayev də hüquqşünas olaraq Rusiyanın Krasnoyarsk şəhərində sayılıb-seçilən soydaşlarımızdandır. Qeyd edək ki, Ə.Qarayev 1964-cü ildə Samux rayonunda dünyaya gəlib. Orta məktəbi başa vurandan sonra Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra Krasnoyarsk şəhərində Sibir Texnologiya İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olub. İnstitutu bitirib bir müddət öz ixtisası üzrə işləyib. Lakin uşaqlıqdan onun arzusu vəkil işləmək olduğundan 1996-cı ildə Krasnoyarsk Dövlət Universitetinə qəbul olunub. 2000-ci ildə universiteti bitirəndən vəkil kimi çalışır. Eyni zamanda, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk üzrə şöbəsinin sədr müavinidir.
-Bir vəkil olaraq Krasnoyarskda azərbaycanlıların hüquqlarını necə qoruyursuz?
- 2002-ci ildən Rusiya Hüquqşünaslar Assosiasiyasının üzviyəm. Bunun əsasında mən nəinki azərbaycanlılara, ümumiyyətlə, bütün miqrantlara pulsuz kömək edirəm. Əlbəttə ki, bu baxımdan azərbaycanlılar birinci yerdədir. Çox təəssüflər olsun ki, bura gələn azərbaycanlılar hüquqlarını bilmirlər.
-Yəqin ki, vəkil kimi işlərinizlə bağlı ermənilərlə də qarşı-qarşıya gəlirsiz.
- Ermənilərlə güclü mübarizəmiz gedir. 5 il bundan öncə ermənilər Ermənistandan idman köynəyi gətirmişdilər. Şəhər Günü paradında bütün diasporlar kollektiv şəkildə Krasnoyarskının mərkəzi küçəsində keçirdilər. Həmin idman köynəklərinin arxasında Ermənistanın xəritəsi təsvir olunurdu. Bu xəritədə Qarabağı da Ermənistan ərazisi kimi göstərmişdilər. Biz tez polislərə və şəhərin İcra Hakimiyyətinə bununla bağlı məlumat verib etirazımızı bildirdik. Məcbur etdirib bu idman köynəklərini onların əyinlərindən çıxartdırdıq.
Bilirsiz, ermənilərlə dalaşmaq lazım deyil. Onlarla hüquq çərçivəsində mübarizə aparmaq lazımdır. Biz də bu yolla onları susdururuq. Yəni ictimaiyyət arasında Azərbaycanla, eləcə də Qarabağla bağlı hər hansı addım atmağa icazə vermirik. Bəzən deyirlər ki, erməni diasporu güclüdür. Əslində isə belə deyil. Bu gün Azərbaycanı sevməyən də var. Onlar Azərbaycana qarşı özləri deyil, erməni diasporunun əli ilə təzyiq edir və ya təxribatlar yaradırlar. Yəni erməni diasporuna həm təxribatçı ideyalar, həm də maliyyə verirlər. Beləcə, erməni diasporunu gücləndirməklə öz istəklərinə çatırlar.
-Bir neçə il bundan qabaq Krasnoyarskda erməni terrorizmi ilə bağlı kitabın oxunmasına qadağa qoyan məhkəmə iddiası qaldırılmışdı. Necə oldu ki, bu məsələ qalxdı?
-Biz Azərbaycana hər gələndə Qarabağ həqiqətləri, erməni terrorizmi və s. mövzularda jurnal, qəzet, kitablar gətirib burada soydaşlarımızla bərabər, qeyri-azərbaycanlılara da veririk. Bunlardan biri də Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə “Azərbaycan” nəşriyyatında rus dilində nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomudur. 2013-cü ilin oktyabrında Krasnoyarsk Vilayəti üzrə Prokurorluğa vilayətin ərazisində bu nəşrin yayıldığı barədə məlumat verilib. V. P. Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş “rəy” kitabın əleyhinə olub. Prokurorluq “Ekstremist fəaliyyətə qarşı” Federal Qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşri “ekstremist material” kimi tanıyıb və müvafiq qərarını məhkəməyə göndərib.
Mənə səfirlikdən zəng etdilər ki, bu məsələ ilə maraqlanım. Gördüm ki, Krasnoyarsk diyarının Prokurorluğu Rusiyanın Krasnoyarsk vilayətində “Erməni terrorizmi” kitabının ekstremist ədəbiyyat kimi tanınması barədə Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsində iddia qaldırıb. İddiada təkcə kitabın yayımının deyil, həm də kitabdakı şəkillərdən istifadənin qadağan olunması istənilirdi.
AzərTAC və “Azərbaycan” nəşriyyatının nümayəndəsi olaraq vəkil kimi prosesdə iştirakım üçün icazə verildikdən sonra araşdırmamız zamanı məlum oldu ki, Krasnoyarskda bu işlə məşğul olan Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin milliyyətcə rus olan 2 qadın müəlliməsidir. Müəllimələrdən birinin Moskvadakı elmi rəhbəri ermənidir.
Biz də xahiş etdik ki, Azərbaycanda bu kitabı ekspertiza etsinlər. Bizə 35 illik təcrübəsi olan bir professor rəy vermişdi ki, bu kitabda heç bir ekstremist materiallar yoxdur, adicə məlumat xarakterli faktlardır. Həmin rəyi aparıb məhkəməyə təqdim etdik. Məhkəmə qəbul etdi, amma buna əhəmiyyət vermədi. Sonra Moskvada Ekspert İnstitutunda Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanovun köməkliyi ilə bu kitabın təhqiqatının aparılmasına nail olduq. Onlar da rəy verdilər ki, bu kitabda heç bir ekstremist xarakter daşıyan material yoxdur. Həmin rəyi də işin tərkibinə əlavə etdilər. Sonra bu rəy verən alimi Moskvadan Krasnoyarska çağırtdırdıq. Şahid qismində onu biz orda dindirdik. O da yerli rəyin məqsədli olduğunu və düzgün verilmədiyini təsdiqlədi. Beləcə, yerli rəylə Moskvadan gələn rəy bir-birinin əksinə oldu.
Buna baxmayaraq, Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsi martın 5-də maraqlı tərəflərin təzyiqi ilə Krasnoyarsk diyarının Prokurorluğunun xeyrinə, kitabın əleyhinə qərar verdi.
-Bəs bu prosesdə necə qələbə qazandız?
-Bundan sonra biz mübarizəmizi daha da gücləndirdik. Mən Krasnoyarsk diyar Məhkəməsinə apelyasiya şikayəti verdim. Eyni zamanda kitabla bağlı müsbət qərar verilməsinə nail olunması üçün Rusiyanın nüfuzlu, tanınmış ekspertləri və hüquqşünasları ilə görüşlər keçirdim. Diyar məhkəməsində də bildirdilər ki, bunlar bu qərarı ləğv etməlidirlər. Krasnoyarsk Diyar Prokurorluğuna dedilər ki, bunu ləğv etsələr, yoxsa onların nüfuzu düşə bilər. Prosesi elə qurdular ki, iddia qaldıranlar öz ərizələrini geri götürdülər. Beləcə, mayın 18-də məhkəmə “Erməni terrorizmi” kitabının lehinə qərar verdi. Qərarda göstərilir ki, bundan sonra Rusiya ərazisində heç bir orqan ikinci dəfə “Erməni terrorizmi” kitabı ilə bağlı məsələyə baxa bilməz.
-Daha sonra həmin kitabın çapı və ya yayılması ilə bağlı iş gördüzmü?
- Bu, həqiqətən, dəyərli kitabdır. Ona görə də o kitab lazımdır ki, Rusiyanın başqa regionlarında da yayılsın. Mən ÜAK-ın regional sədrləri ilə danışmışam ki, çap edib paylasınlar. Yəni planda var ki, bu kitab Rusiya ərazisində geniş şəkildə yayılsın.
-Diaspor təşkilatlarının fəaliyyəti siz qane edirmi?
-Təəssüf ki, bir çox diaspor təşkilatlarımız düzgün istiqamətdə işləmirlər. Hamısı gəlib deyirlər ki, dərnək yaradıblar, amma fəaliyyətləri effekt vermir. Hələ 5 il bundan qabaq Azərbaycanın diaspor rəhbərlərini səfirliyə dəvət etmişdilər. Orada Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu dedi ki, kim necə istəyirsə cəmiyyət yaradır, sonra da aralarında narazılıq baş verir. Mən onda dedim ki, səfirlik diaspor təşkilatlarımızın hamısına təsir etməli və öz ətrafına toplamalıdır. Ermənilərin Rusiyada bir konqresləri var və hamısı da onun ətrafına birləşib. Rusiyadakı soydaşlarımız ÜAK-ın ətrafında birləşməlidir. Yəni bölgələrdəkilər ÜAK-ın regional şöbələrinin ətrafında olmalıdır. Ümumi olaraqsa hamısı ÜAK-ın mərkəzinə bağlı olmalıdır. Bununla yanaşı, bizim diaspor siyasi fəaliyyətini də gücləndirməlidir.
Hamı bilir ki, Rusiyada ilk rəqs ansamblını Krasnoyarskda Səadət xanım yaradıb. Rusiya ərazisində hələ də ikinci belə ansambl yoxdur. “Odlar yurdu” adlı bu rəqs ansamblı 3 dəfə Azərbaycanı xaricdə təmsil edib.
İlk dəfə Rusiyada Xocalı soyqırımı haqqında veriliş çəkdirib ekrana verən biz olmuşuq. Bizdən iki il sonra Moskvada televiziyada verdilər. Xocalı soyqırımı günü xaricdə hər azərbaycanlı öz əcnəbi tanışına bu haqda danışsa böyük təbliğat işi görmüş olar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info