Türkiyədə hərbi çevriliş cəhdi Kərimli-Gülən əməkdaşlığını üzə çıxardı
Tarix: 17.08.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Faktlar Kərimlinin fətullahçılarla əməkdaşlığının ciddi araşdırılmasına ehtiyac olduğunu göstərir

Türkiyədə ötən ay dövlət çevrilişinə cəhdlə bağlı istintaq işi sürətli şəkildə davam etdirilir. Hərbi çevriliş cəhdi ilə əlaqədar dövlət orqanlarına yerləşən Fətullahçı Terror Təşkilatının üzvləri ifşa edilərək ya həbs edilir, ya da işdən azad edilir.
Dünən yayılan məlumatlara görə, Türkiyənin Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi Fətullahçı Terror Təşkilatı ilə bağlı 1 il davam edən "paralel dövlət" işinin istintaqı çərçivəsində hazırlanan iddianaməni qəbul edib. Türkiyə mətbuatının məlumatına görə, iddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb. Uşak rayon Prokurorluğu tərəfindən hazırlanan iddianamədə 111 şübhəli şəxs silahlı terror təşkilatı qurmaq və idarə etmək, terroru maliyyələşdirmək, Konstitusiya quruluşunu dəyişməyə cəhd göstərmək, hökuməti aradan qaldırmağa təşəbbüs və dələduzluqda təqsirləndirilir. Həmin şəxslərə 2 ildən ömürlük həbsə qədər müxtəlif cəzalar tələb olunur. İddianamədə F. Gülən zorakı yolla Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq və idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə günahlandırılır. Gülən haqqında 2 dəfə ömürlük və 1900 il həbs cəzası tələb edilir. Göründüyü kimi qardaş Türkiyədə terror təşkilatına qarşı mübarizə hər gün yeni səviyyəyə qalxır.

Qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət Azərbaycan oldu
Türkiyədə ötən ay baş verən hərbi çevriliş cəhdinə qəti etiraz edən, qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət Azərbaycan oldu. Rəsmi Bakı heç bir gözləmə mövqeyi tutmadan Türkiyənin qanuni hakimiyyətinə açıq dəstək ifadə etdi-Xarici İşlər Nazirliyi bəyanat yayaraq ölkəmizin qardaş dövlətin yanında olduğunu ifadə etdi. Prezidentin köməkçisi Əli Həsənov isə Prezident İlham Əliyevin bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini bəyan etdi. Bir neçə gün əvvəl şeyxülislam Allahşükür Paşazadə Ankaraya səfəri çərçivəsində hərbi çevriliş cəhdi zamanı yaralananlara ölkəmizin adından yardım təqdim etməklə, Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı. Ölkəmizin birmənalı mövqeyi Türkiyənin dövlət rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılandı. Hadisədən sonrakı günlər ərzində TRT gün ərzində davam edən canlı yayımlarında müxtəlif ölkələrdəki nümayəndəliklərindən bağlantılar edirdi. TRT-nin Bakı nümayəndəliyi dəfələrlə canlı bağlantılarda ölkəmizin bu məsələdə qardaş Türkiyə dövlətinin yanında olduğunu ifadə etdi. Elə Türkiyənin ölkəmizdəki səfiri Azərbaycanın bu məsələdə tutduğu mövqeyi yüksək qiymətləndirdiklərini dəfələrlə açıqlayıb. Yəni, Azərbaycan dövləti və xalqı qardaş Türkiyə dövlətinin, onun qanuni hakimiyyətinin yanında olduğunu açıq şəkildə ifadə etdi.

AXCP fətullahçılar üçün baza rolunu öz üzərinə
götürüb

Amma çox təəssüf ki, xalqımızın, iqtidarın üst-üstə düşən bu mövqeyi ölkəmizin siyasi palitrasının bütün iştirakçıları tərəfindən bölüşülmədi. Azərbaycanın adına ləkə yaxmaq üçün dəridən-qabıqdan çıxan, lazım olanda ermənilərlə belə, əməkdaşlıqdan çəkinməyən Əli Kərimli və rəhbəri olduğu AXCP-nin fətullahçılarla əlaqəsi ilə bağlı bəzi faktların üzə çıxması ciddi düşünmək üçün əsas verir. Bir çox faktlar bu əməkdaşlığın gizli şəkildə davam etdiyini və Türkiyədə çevriliş cəhdi uğurlu olacağı təqdirdə tam şəkildə aşkara çıxacağını təsdiqləyir. Burada qısa bir xatırlatma-Türkiyənin dövlət rəhbərliyi açıq şəkildə ifadə etdilər ki, fətullahçılar Azərbaycanda da çevriliş hazırlayırmışlar. Bir çoxları ola bilsin ki, həmin vaxt bu fikrə inanmaq istəmədi. Amma indi bir-birinin ardınca ortaya çıxan faktlar təsdiqləyir ki, Türkiyədə hərbi çevriliş cəhdi uğurlu olsaydı Kərimli-Gülən əməkdaşlığı üzə çıxacaq, Azərbaycana qarşı geniş mübarizə cəbhəsi açılacaqdı. Azərbaycanda fətullahçıların yuvalanması, sosial bazaya sahib olması mümkün deyil. Ona görə də fətullahçılar üçün baza rolunu AXCP öz üzərinə götürüb. Antimilli qüvvəyə çevrilən AXCP üçün fətullahçılarla əməkdaşlıq o qədər də çətin olmayıb. Çünki milli mənafeləri düşünməyən, sədrinin merkantil məqsədlərinə çatmaq üçün hamı ilə müttəfiqliyə hazır olan bu antimilli qüvvənin fətullahçılarla əlaqəsini ortaya qoyan təkzibolunmaz faktlar var.

Gülən qruplaşmasının
Kərimlinin nümayəndəsinə jesti səbəbsiz deyil

Türkiyədə baş verən prosesləri izləyən hər bir şəxs bu terror təşkilatının hansı prinsiplər, əməkdaşlıq münasibətləri əsasında işlədiyini yaxşı bilir. Onların nəzarətində olan media orqanları əməkdaşlıq etdikləri şəxslərə, dairələrə geniş yer ayırıb, özlərinə yaxın olan dairələrə geniş informasiya dəstəyi veriblər. Belə olan halda uzun illərdir Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin “Azərbaycan saatı” adlı proqramının Türkiyənin “Barış TV” kanalının tezliyindən yayımlanmasını necə izah etmək olar? Məsələ ondadır ki, dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti “Barış TV”-ni Gülənin qruplaşmasının nəzarətində olan bir çox KİV-lərlə birlikdə bağladı. Deməli Gülən qruplaşması əməkdaşlıq etdiyi AXCP nümayəndəsinə, Əli Kərimlini ruporuna öz televiziyasının tezliyində yer verib. Təkcə elə bu fakt Kərimlinin fətulahçılarla əməkdaşlığını isbat etmək üçün yetərlidir. Çünki Gülən qruplaşması onların maraqlarına uyğun olmasaydı heç vaxt Kərimlinin nümayəndəsinə bu jesti etməzdi. Daha bir məqam- Kərimlinin fətullahçı “Kurultay” nəşrinin baş redaktoru Aydın Taşla da xüsusi əlaqələrinin olmasıdır. O nəşrin səhifələrində Q.Zahid Azərbaycanda çevrilişə çağırırdı. Məqalələrin bir çoxu Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxan dərgi Ə. Kərimliyə də tez-tez tribuna verirdi. A.Taş həm də “Azadlıq” qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini yerinə yetirir. Fətullahçı bir şəxsin “Azadlıq” qəzetinin təmsilçisi olmasının arxasında ciddi məqamlar dayanır. Çünki burada birgə əməkdaşlığın tərkib hissəsi kimi maliyyə əməkdaşlığı da istisna deyil. Bəzi məlumatlara görə, Kərimli Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıclının vasitəsilə pul yardımı alıb. Kərimlinin fətullahçılarla əməkdaşlığının ciddi araşdırılmasına ehtiyac var. Dövlətin maraqları bunu tələb edir. Bu qüvvələrin Türkiyəyə dövlətinin əleyhinə hansı səviyyədə fəaliyyət göstərdikləri göz qabağındadır. Nardaranda baş verən hadisələrin məhkəməsində bir çox faktlar, etiraflar üzə çıxır. Mediada yer alan məlumatlarda qeyd edilir ki, Tale Bağırzadə uzun müddət Türkiyədə qalıb. Həmin qüvvələrin onun vasitəsilə Nardaran hadisələrinə dəstək verməsi mümkündür. Burada da AXCP izi var. Fuad Qəhrəmanlının simasında Əli Kərimlinin bu prosesdəki yeri çox ciddi şəkildə araşdırılmalıdır. Artıq Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb. Bu barədə “Trend”-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanov qeyd edib ki, Azərbaycanda Gülən tərəfdarlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Onun sözlərinə görə, hazırda cinayət işi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info