“Azərbaycan torpağı mənim üçün müqəddəsdir”
Tarix: 17.08.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Elman Manafov:
“Sankt-Peterburqdakı yaşlı diaspor üzvləri hər zaman bizə dəstək olurlar və hər bir işimizdə məsləhət verirlər”

Xaricdə yaşayan gənclərimizin Vətənlə əlaqələrinin möhkəm olması, onların dil və düşüncə baxımdan assimilyasiyaya uğramaması vacib amildir. Bunun üçün də harada yaşamasından asılı olmayaraq gənclərimizin, ümumiyyətlə, hər bir soydaşımızın qəlbi Azərbaycan eşqi ilə döyünməlidir. Məhz Azərbaycan sevgisi onları assimilyasiyadan qoruyur. Bu baxımdan müsahibimiz Elman Manafov nümunədir. Rusiyanın Sankt-Peterburq şəhərində anadan olan E.Manafov üçün vətən, el-oba sevgisi ən yüksəkdə dayanır. Elə buna görədir ki, hər Azərbaycana gələndə ilk işi Vətənin dağlarını, çaylarını, el-obasını görmək olur. Qeyd edək ki, E.Manafovun 21 yaşı var. Orta məktəbi Sankt-Peterburqun 587 nömrəli gimnaziyasında bitirib. 2012-ci ildə Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyinin Universitetinin Dövlət idarəçiliyi fakültəsinə daxil olub. Hazırda həmin universitetin magistraturasının 1-ci kursunda təhsil alır. Eyni zamanda Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyət Təşkilatı yanında Azərbaycan Gənclər İttifaqının sədr müavinidir.
-Sizi Vətənə bağlayan nədir?
-Birinci növbədə məni Vətənə bağlayan qəlbimdəki, böyük sevgidir və ondan da savayı Azərbaycanda mənim gözəl dostlarım, tanışlarım və qohumlarım var. Sankt-Peterburqda yaşamağıma baxmayaraq, mən hər zaman Azərbaycandakı yaxınlarımla əlaqə saxlayıram, onlardan Azərbaycanda olan vəziyyət, proseslərlə bağlı məlumat alıram. Əsasən, Azərbaycanda olan Qarabağ problemi ilə çox maraqlanıram, çünki bu problem tək məni yox, bütün Sankt-Peterburqda olan həmyerlilərimizi narahat edir.
-Azərbaycana tez-tezmi gəlirsiz?
-Mən, ümumiyyətlə, Azərbaycana tez-tez, ən azı, ildə 1 dəfə gəlirəm. Amma Azərbaycanda gəzməyə çox imkan olmur. Qohumlar çox olduğuna görə, xeyir işləri çox olur. Mənim əslim Şamaxı rayonunun Çaylı kəndindəndir və hər zaman Vətənimə gələndə çox vaxt məhz bu kənddə oluram. Çünki atam, anam, qohumlarımın çoxu burada anadan olublar və bura mənim elim-obamdır. Mən burada olanda, xüsusən psixoloji cəhətdən istirahət edirəm, çünki böyük meqapolislər insanı çox yorur. Kəndimizin təbiəti, mənzərəsi, havası çox gözəldir. Ümumiyyətlə, Azərbaycanımızın hər bir yeri gözəldir. Azərbaycan torpağı mənim üçün müqəddəsdir.
-Vətəndə ikən hər hansı tədbirdə iştirak etdinizmi?
- Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (AIYA) tərəfindən xaricdə yaşayan və təhsil alan gənclərimizin avqustun 13-də Nabrana səfər təşkil olundu. Mən də bu səfərdə iştirak etdim. İlk dəfə idi ki, Azərbaycanda belə bir tədbirə qatılırdım. Səfər çərçivəsində xaricdəki gənclərimizin perspektiv fəaliyyəti ilə bağlı çox maraqlı müzakirələr oldu. Nabran səfəri zamanı gözəl anlar yaşadıq. Ümumiyyətlə, vaxtımızı çox səmərəli keçirdik. Həqiqətən, bu səfərdən çox xoş təəssüratlar qalıb. Sevinirəm ki, xalqımıza könüllü xidmət edən dəyərli jurnalistlərimiz, ictimai fəal gənclərimiz var. Mən fürsətdən istifadə edib onların hər birinə təşəkkür edirəm və işlərində uğurlar diləyirəm.
-Gənc olaraq xaricdə həmrəyliyinizi qoruya bilirsizmi?
- Sankt-Peterburqdakı Azərbaycan Gənclər İttifaqı çox geniş fəaliyyət göstərir. Eyni zamanda bir yerdə tədbirlər keçirir, yerli əhali arasında çalışırıq Azərbaycanın imicini daha da yüksəldək. Yerli əhali bilməlidir ki, Azərbaycan böyük, müasir, müstəqil dövlətdir və eyni zamanda Azərbaycan xalqı çox savadlı və ziyalı xalqdır. Bizdə xeyriyyə fondu var. Biz çox vaxt uşaq evlərinə köməklik edirik.
Bildiyiniz kimi, Rusiya, xüsusən Sankt-Peterburq şəhəri çoxmillətli yerdir və Sankt-Peterburq şəhərində digər milli mədəniyyət festivalları keçirilir. Bizim gənclər təşkilatımız bu festivallarda çox yaxından iştirak edirlər. Yerli cəmiyyətə milli geyimlərimizi, mətbəximizi, rəqslərimizi, mədəniyyətimizi, adət-ənənələrimizi göstəririk. Çalışırıq ki, bizim şəhərimizdə olan həmyerli gənclərimizin hər biri ilə əlaqədə olaq, kömək edək, dəstək olaq, çünki biz gənclər Azərbaycanın gələcəyiyik.
-Yaşlı diaspor üzvləri sizin fəaliyyətinizə nə kimi dəstək göstərirlər?
-Hər bir yaşlı diaspor üzvü bizim ağsaqqalımızdır. Onlar hər zaman bizə dəstək olurlar, hər bir işimizdə bizə məsləhət verirlər, yol göstərirlər. Çünki bu işlərdə onların dünyagörüşü çoxdur. Bəzən onlar bizə təkliflər verirlər. Məsələn, Xocalı soyqırımı tədbirini bu il Sankt-Peterburqda yalnız gənclər etdilər. Çünki yaşlı diaspor üzvləri istəyir ki, biz də tədbir keçirməyi indidən bacaraq, hər bir işi özümüz düzüb-qoşaq. Şəxsən mən yaşlı diaspor üzvlərimizə təşəkkürümü bildirirəm ki, bizə dəstək olurlar, inkişaf etməkdə kömək edirlər. Biz - gənclər üçün böyüklərin dəstəyi çox əhəmiyyətlidir. Bilirik ki, hər zaman bizim arxamızda hörmətli insanlar var və onların hörmətini biz heç vaxt yerə salmarıq.
-Onların edə bilmədiyi hansı işlər sizin prioritetinizdir?
- Diasporumuzun hər bir işi bizim üçün prioritetdir. Çünki biz hamımız bir işi görürük - Azərbaycanımızı təmsil edirik və burada ən kiçik təbliğati iş də bizim üçün önəmlidir. Biz hər bir işə məsuliyyətlə yanaşırıq, işdən də savayı, birinci növbədə biz bir-birimizə hörmət qoyuruq. Belə olmasa işimizdə inkişaf getməz. Bizim işimizdə çətinlik yoxdur çünki bizim resurslarımız çoxdur. Bizim planlarımız var və hər bir şəxs öz işini görür. Hər ayın sonu gördüyümüz işlər haqqında məlumat verilir. Planlarımız çoxdur. Çalışırıq ki, ölkəmizin adını yüksəklərə qaldıraq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info