«El»in «yeni qüvvə»si köhnə uğursuzlardan təşkil olunub
Tarix: 14.03.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, bir neçə gün öncə «El» hərəkatı adlı yeni bir qurumun yaradılması elan edildi. Bir neçə aydır ki, həyata keçirilən təbliğat kampaniyasının nəticəsində ortaya heç olmasa, görüntüdə olsa belə, yeni bir bir «qüvvə»nin, yeni simaların cəmləşdiyi bir təşkilatın çıxacağı gözlənilirdi. Ən azı mətbuat və internet mediada aparılan təbliğat nəticəsində belə düşünmək üçün ehtimallar yaranmışdı. Amma martın 12-də «politoloq» Eldar Namazovun şəhərin mərkəzində kirayələdiyi bahalı ofisdə təqdimatını keçirdiyi «yeni» birlikdə yenilikdən əsər-əlamət yox idi.

Simalar köhnə,
düşüncələr köhnə,
ad isə yenidir


«Politoloqun» arxasında dayanan, ona dəstək verən şəxslərin hamısı cəmiyyətdə uğursuz insanlar kimi tanınır. Bir vaxtlar müxtəlif vəzifələrdə çalışmış, müəyyən mövqeləri olmuş, amma uğursuzluğa düçar olmuş bir qrup narazı «El»də birləşib yenidən mübarizə aparmaq eşqinə düşüblər. Bəs «politoloq» bir neçə vaxtdır anons verirdi ki, «yeni qüvvə» ilə meydana atılacaq, cəmiyyətin siyasi mübarizədən, ictimai fəaliyyətdən kənarda qalan hissəsini öz ətrafında birləşdirməyə nail olacaq? İllərdir standart bəyanatlarını, çağırışlarını eşitməkdən bezdiyimiz şəxslər «yeni qüvvə» kimi «El»də bir araya gəliblər. Bunun harası oldu «yeni qüvvə»? Hanı bəs iddia etdiyiniz çoxminli Azərbaycan gəncliyi, cəmiyyətin siyasi mübarizədən kənarda qalan hissəsi? Eldar Namazaov «yeni» deyərkən bir qrup köhnə, uğursuz narazını yeni ad altında cəmiyyətə sırımağı nəzərdə tuturmuş. Simalar köhnə, düşüncələr köhnə, ad isə yenidir. Əslində «politoloq»un başqa çıxış yolu da yox idi. Çünki cəmiyyət bu insanları yaxşı tanıyır və heç bir halda onlara dəstək vermir. Belə olan halda siyasi iddiaları, ambisiyaları gözünü tutmuş «politoloq»un bir qrup köhnə simanı eyni ofisə toplayıb «yeni qüvvə» kimi təqdim etməkdən başqa çıxış yolu yox idi. Bu siyasi uğursuzlar hansı formatda, konstruksiyada, hansı ad altında birləşmələrindən asılı olmayaraq uğur qazana bilməyəcəklər. Çünki bu insanların iddiaları ilə bacarıqları tərs mütənasibdir. Digər tərəfdən uğursuzlar qrupunun bəzi üzvləri onsuzda «İctimai Palata», «ziyalılar forumu» kimi qurumlarda təmsil olunurdular. Həmin təşkilatların tərkibində fəaliyyət göstərdikləri halda yeni adın çətiri altında birləşməyə nə ehtiyac vardı?

«El», «Namus»,
Milli Şura…


Cəmiyyətə yararsız olduqlarını dərk etmək istəmədiklərinin doğurduğu hisslərin təsiri ilə ildə bir təşkilat dəyişməyə adət ediblər. İndiyə qədər neçə təşkilat dəyişdiklərini heç özləri də xatırlamırlar. İndi bu düşərgədə hansısa müəmmalı «yeni qüvvə» uğrunda təşkilat yaratmaq savaşına start verilib. «Politoloq» «El»indən sonra, Vidadi İsgəndərli də «Namus» xalq hərəkatı yaradır. Radikal düşərgə ipin ucunu itirib, hərə bir təşkilat-indi hərəkat demək dəbdədir-yaradır. Yəqin, onlar birləşmək deyəndə hərəyə bir təşkilat yaratmağı nəzərdə tuturlar. Hələ növbədə «ziyalı» İbrahimbəyovun Milli Şurası var..
Eyni fikirləri «politoloq» və reneqat kimi cəmiyyətdə tanınan Namazovun özünə də şamil etmək olar. «Ziyalılar forumu» adlanan qurumda təmsil olunduğun, guya cəmiyyətin problemlərini qabartmaq üçün platformaya sahib olduğun halda, «El»ə nə ehtiyac vardı? Milli maraqlarımıza zidd siyasi ambisiyalarınızı reallaşdırmaq üçün «El»ə ehtiyacınız olsa da, elin sizə ehtiyacı yoxdur. Siyasi mübarizə aparmaq, özünün də iddia etdiyin kimi «seçki mühitini dəyişmək» istəyirdinsə elə neçə vaxtdır birgə olduğun radikal düşərgədə təmsil olunan partiyalardan birinə üzv olaraq mübarizə apara bilərdin. Və yaxud da elə «İctimai Palata»da təmsil olunmaqla fəaliyyət göstərə bilərdin. Bir neçə nəfər «İP»dən, bir neçə nəfər «forum»dan götürməklə nə əldə bilərsən?

Reneqat Namazov müxalifətdə dəyişiklik etmək gücündə
olmadığını açıqlayıb

Az-çox siyasi savadı, dünyagörüşü olan hər bir kəs yaxşı bilir ki, bu cür adamlarla siyasi mübarizədə uğur qazanmaq mümkün deyil. Özün necəsənsə, ətrafına topladığın şəxslər də elədir- eyni düşüncə, eyni fikir, eyni siyasi ambisiya. Vaxtilə korrupsiyaya bulaşmış şəxsləri ətrafına toplayaraq cəmiyyətə «ağsaqqalıq» etmək iddiasına düşən «politoloq» korrupsiyaya qarşı mübarizədən, demokratik dəyərlər uğrunda savaşdan danışır. Bir tərəfdən də onu qınamaq da olmur. Siyasi ambisiya, xaricdən gələn maliyyə axını və reneqatlıq ona rahatlıq vermir. Amma elə ilk günlərdən bəlli olldu ki, «politoloq» yaratdığı «El»lə iddia etdiyi birliyi yarada bilməyəcək. Təqdimat mərasimində iştirak edən radikal düşərgə «liderləri»nin sahibi olduğu mətbuat orqanlarında sətiraltı verilən mesajlar da bunu təsdiqləyir. Hələlik AXCP və Müsavatın «El»ə qarşı savaşı açıq müstəviyə keçməyib. Amma lap yaxın zamanda bunun şahidi olacağıq. Cənab «politoloq» son müsahibəsində radikal düşərgənin də bostanına daş ataraq heç bir partiyada olmayan platforma təqdim edəcəklərini qeyd edib. Bununla kifayətlənməyərək bildirib ki, «müxalifət partiyalarının mövcud resursları ilə köklü dəyişiklik etmək mümkün deyil. Bizim fərqli resurslarımız var». Son vaxtlar bir yerdə olduğu müxalifət partiyalarını zəif, lazımi resursu olmayan partiya hesab edən Namazovun iddiası çox böyükdür. Deməli, məntiqi olaraq belə bir nəticə çıxır ki, «El» heç bir birləşdirici funksiya yerinə yetirmir və yetirməyəcək də. Lazımi resursa malik olmayan qüvvə hesab etdiyi partiyalar bundan sonra onun çətiri altında bir araya gələrlərmi? Onsuzda özləri illərdir bir-birini qıraraq bir araya gələ bilmirlər, indi onları saymayan və xaricdən aldıqları maliyyəyə şərik olacaq birisi ilə bir araya gələrlərmi? Sən reneqatlığı yaxşı bacardığın kimi, onlar da adamı mübarizədə tək qoymağı, arxadan zərdə vurmağı yaxşı bacarırlar.
Digər tərəfdən Namazov iddia etdiyi «köklü dəyişikliyi» kiminlə edəcək-resursu olmadığını iddia etdiyi partiyaların tör-töküntülərini ətrafına toplamaqlamı? Həmin şəxslərlə nəyəsə nail olmaq mümkün olsaydı, elə indiyə qədər Müsavat, AXCP, «İP» nail olardı, ay «politoloq». Siyasi karyerandakı uğursuzluğa «YES» dən sonra bir də «El» əlavə olunacaq. Ha bir oldu, ha iki. Onsuzda ətrafına topladığın simalar indiyə qədər belə uğursuz birliklərin çətiri altında birləşməyə və sonradan onu asanlıqla başqasına dəyişməyə öyrəşiblər.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info