Bayram ərəfəsində ətin qiyməti və keyfiyyəti nəzarətdə saxlanılacaq
Tarix: 14.03.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Ölkədə ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir. “Regionların 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında da bir daha bu məsələyə toxunan ölkə başçısı ərzaq məhsullarının təminatının mühüm olduğunu bildirib. Ərzaq təhlükəsizliyi məsələlərinin uğurla həll edildiyini deyən ölkə başıçısının sözlərinə görə, heç bir dövrdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edə bilmirdi: “Sovet dövründə vahid xalq təsərrüfatı kompleksi mövcud idi və Azərbaycan əsas ərzaq məhsullarını başqa respublikalardan idxal edirdi. Bir sıra məhsullar, üzüm, pambıq, meyvə, tərəvəz məhsullarını ixrac edilsə də, ət, yağ, süd, quş əti, buğda - bütün bu məhsulları başqa respublikalardan gətirirdik. Bugünkü vəziyyət onu göstərir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə ya tam şəkildə təmin etmişik, ya da ki bu məqsədə böyük dərəcədə yaxınlaşmışıq”.

Bir neçə rayonda
sahibkarların öz vəsaiti hesabına böyük fermalar, heyvandarlıq
kompleksləri tikilir

Bu baxımdan bir sıra ərzaq məhsulları, o cümlədən ətlə bağlı məsələlərin öz həllini tapdığını deyən ölkə başçısı qeyd edib ki, gələcəkdə heyvandarlığın inkişafı nəticəsində bizdə ixrac imkanı da yaranacaq. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirdi ki, artıq bu istiqamətdə irəliləyişlər var: “Ölkə başçısı da bildirib ki, biz yaxın illərdə özümüzü quş əti ilə də tam şəkildə təmin edəcəyik. Bu da düşünülmüş siyasət nəticəsində mümkün olub. Çünki biz statistik göstəriciləri təhlil edərkən görürdük ki, özümüzü quş əti ilə heç də yarıya qədər təmin edə bilmirik. Bu məqsədlə sahibkarlığın inkişafı üçün kreditlərin verilməsi məhz bu istiqamətə yönəlib. Hazırda icra olunan və gələcəkdə icra ediləcək layihələr imkan yaradacaq ki, biz özümüzü yüz faiz quş əti ilə təmin edək. Biz heç vaxt özümüzü süd və süd məmulatları ilə təmin edə bilməmişdik. Bu gün də özümüzü təqribən 70 faiz səviyyəsində təmin edirik. Ancaq 1-2 ilə biz özümüzü bu məhsul üzrə də yüz faiz təmin edəcəyik. Onu da qeyd edim ki, bir neçə ildir ki, Azərbaycana cins mal-qara gətirilir və bu, südçülüyün və heyvandarlığın inkişafı üçün böyük bir dəstəkdir. Dövlət tərəfindən göstərilən təşəbbüsə sahibkarlar da qoşulublar. Artıq bir neçə yerdə, bir neçə rayonda sırf sahibkarların öz vəsaiti hesabına böyük fermalar, heyvandarlıq kompleksləri tikilir və bu proses geniş vüsət alıb. Eyni zamanda, məhsulların saxlanılması üçün kifayət qədər şərait yox idi. Beləliklə, soyuducu anbarların tikintisinə qərar verildi. Kənd təsərrüfatı məhsulları istehsalının artımını nəzərə alaraq, əlbəttə ki, soyuducu anbarların tikintisi davam etdirilir”.

Heyvandarlıq məhsulları ixrac edə biləcəyik

Ət və ət məhsulları ilə biz keçən il özümüzü 92 faiz səviyyəsində təmin etmişik, bu il isə 95 faiz səviyyəsində təmin edəcəyik. Quş əti - 88 faiz olub ki, bu ilin sonuna qədər 93 faiz olması gözlənilir. Heyvandarlıq da daxil olmaqla bir sıra sahələrin inkişafı üçün çox böyük imkanlar olduğunu deyən şöbə müdirinin sözlərinə görə, eyni zamanda biz məhsuldarlığın artırılmasına da nail olacağıq: “Gələcəkdə heyvandarlığın inkişafı nəticəsində bizdə ixrac imkanı da yaranacaq. Biz ixrac haqqında da geniş mənada fikirləşməliyik. Biz ənənəvi ixrac məhsullarının həcmini artırmaqla, eyni zamanda əvvəlki illərdə idxal edilən malların gələcəkdə ixracı haqqında düşünürük. Kənd təsərrüfatı naziri İsmət Abasov Fransaya səfəri çərçivəsində ölkəyə ətlik heyvanların gətirilməsi ilə bağlı danışıqlar aparıb. Daha öncə Azərbaycana Almaniyadan yalnız südlük heyvanlar gətirilirdisə, bundan sonra artıq xaricdən ətlik heyvanlar da gətiriləcək. Bu heyvanların Fransa ilə yanaşı, İtaliya, Macarıstan və Çexiyadan gətirilməsi planlaşdırılır. Bizim məqsədimiz ondan ibarətdir ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində idxal olunan damazlıq heyvanların daha keyfiyyətli olmasını əsas məqam kimi nəzərdə saxlayaq”.

Ət istehsalının 2 dəfə
artırılması planlaşdırılır

Şöbə müdirinin sözlərinə biz ənənəvi olaraq ölkəyə südlük və damazlıq heyvanların idxalına üstünlük veririk və bundan sonra da verəcəyik: “Lakin bununla yanaşı bəzi sahibkarlar müraciət ediblər ki, onlar ətlik heyvanlar da istəyirlər. Nazir də bidirib ki, ətlik “Şarole” cinsindən olan heyvanlara baxış keçirilib və əgər fermerlər bu cinslərdən istəsələr, əvvəlcədən “Aqrolizinq”lə müqavilə bağlayarlarsa, onların gətirilməsində heç bir problem görmürük. Ətlik heyvanların gətirilməsi ilə ölkədə ət istehsalının 2 dəfə artırılması planlaşdırılır. Qarşıdan Novruz bayramı gəlir və bu ərəfədə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunacaq ki, burada alıcılara ət məhsulları da təqdim olunacaq”.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, adambaşına ət istehlakı ildə 70,7 kiloqram olmalıdır, amma Azərbaycanın Dövlət Statistika Komitəsi göstərir ki, ölkə üzrə adambaşına ildə 32,4 kiloqram ət və ət məhsulları yeyilir. Azərbaycanda heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı artır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu il yanvarın 1-nə iri buynuzlu mal-qaranın baş sayı 2703.9 min başa, qoyun və keçilərin baş sayı 8651.2 min başa çatıb, iri buynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48.2 faiz təşkil edib.
2012-ci ildə diri çəkidə 478.8 min ton ət istehsal olunub. Ət istehsalı 4.3 faiz artıb.
Ölkəmizə bir sıra ölkələrdən, o cümlədən Latviyadan heyvandarlıq, ət, süd məhsulları idxal olunur.

Bazar və yarmarkalarda reydlər keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə bildirdi ki, ölkəmizə hazırda Hindistandan camış, Macarıstandan və Ukraynadan isə inək əti, Səudiyyə Ərəbistanından isə qoyun əti idxal olunur. Hazırda ət bazarında elə bir problemin olmadığını deyən Y.Xanvəli deyir ki, qurum tərəfindən yerlərdə mütəmadi olaraq nəzarət həyata keçirilir. Bu sahədə fəaliyyəti daha da gücləndimək məqsədilə bayramqabağı da xidmət həm Bakıda, həm də rayonlarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Baytarlıq Xidməti tərəfindən bayram ərəfəsində-mart ayının 16, 17,18, 19-u tarixlərində bazar və yarmarkalarda reydlər keçiriləcək. Eyni zamanda yarmarkalar təşkil olunacaq. Həmin müddətdə yarmarkalarda baytarlar xüsusi iş rejimində fəaliyyət göstərəcək ki, insanlar təhlükəsiz ərzaq məhsulları ilə təmin olunsunlar”.

Nigar ABDULLAYEVA






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info