“Məcbur qalıb bayrağı “oğurlamağa” qərar verdim”
Tarix: 25.08.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Atabəy Nəcəfpur:
“Norveçdə ayrı-seçkiliyə yol verməyən Azərbaycan evinə ehtiyacımız var”

Nə yaxşı ki, nəzəri olaraq jurnalistikada hiss və həyəcanımızı da yazmağa icazə verilir...İlk dəfədir ki, müsahibim məni kədərləndirir. Əslində, bu kədərdə bir fəxr, qürur var. Hazırda Norveçdə yaşayan Atabəy Nəcəfpur özü diaspor sahəsində istəklərinə çata bilməsə də, qızı Şervin xanımı potensial diaspor üzvü kimi böyüdüb. Və bunu həyatda ən böyük müvəffəqiyyəti bilir. Hətta qızının vətənpərvərlikdən irəli gələn bayraq istəyi üçün “oğurluq” belə, etməkdən çəkinməyib. Hər halda yalnız vətənpərvər adam bayrağı əldə etməyin son yolu oğurluq olsa belə, bu addımı atar...Qeyd edək ki, Atabəy Nəcəfpur 1961-ci ildə Urmu şəhərində anadan olub. 17 yaşından Türkiyədə yaşayıb. 1989-cu ildən isə Norveçə köçüb.
- Necə oldu ki, bayrağı “oğurlamalı” oldunuz?
-2006-cı ildə Bakıya Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayına gələrkən qızıma böyük bayraq gətirməyi söz vermişdim. Novruz bayramı günləri idi deyə, dükanların çoxu bağlı idi. Kimə də dedimsə, mənə bayraq verən olmadı.
Bayrama görə Bakının hər yeri dövlət bayrağı ilə bəzədilmişdi. Artıq son gecə idi, hələ də bayraq əldə edə bilməmişdim. Gecə yarısı dostlar ilə son gəzintidə İçərişəhərin yaxınlığında ağaclardan asılan bir bayrağı məcbur qalıb “oğurlamağa” qərar verdim.
Öncə bayrağı endirə bilmədik. Və hər dəfə polis yaxınlaşanda bayrağı tutub öpürdük. İçimizdə bir qorxu var idi, ancaq qızıma bayrağı gətirmədən qayıtmayacağıma söz vermişdim. 3 dost hamımız bayraqdan asılaraq nəhayət endirdik. Beləcə, 2,5 m uzunluğunda olan bayrağı qızıma aparıb verdim.
Deyirlər, oğurluq mal daha şirin olar. Bu bayraq dünyanı bizimlə gəzib. Qızım 10 ildir ki, bütün tədbirlərdə bu bayrağı dalğalandırır. “Eurovision-2010”, “Qızıl Melodiya Festivalı-2011”, Azərbaycan-Norveç futbol oyunu, eləcə də mitinqlərdə, aksiyalarda həmin bayraq bizimlə olub.
-Siz diaspor işində öz istəyinizə çata bilibsizmi?
- Mən Norveçdə Azərbaycan yolunda mübarizəmi daha çox sıxlaşdırıb, bir diaspora çevirmək istədim. Və mənə çox xoşdur ki, bu yolda heç bir iş görə bilməsəm də, amma bir böyük müvəffəqiyyət əldə etdim. Bu müvəffəqiyyətim fəxr ilə deyə bilərəm ki, mənim yeganə qızımdır. O, baxmayaraq ki, bu qürbət ölkədə, Norveçdə doğulub və böyüyüb. Amma bir vətən övladı olaraq müstəqil düşüncəsi ilə türk dünyasını düşünərək hal-hazırda Azərbaycanla bağlı bir çox işlər görür. Bunu mənim artıq deməyimə gərək yoxdur, qızımı bir çoxları “Urmugözəli” layihəsindən tanıyır və hal-hazırda modelyer Şervin Nəcəfpur adında dəfələrlə dünya mətbuatında bir Azərbaycan qızı kimi tanınır. Qızımın vətənpərvərliyini, gördüyü işləri ortaya qoyur.
-Norveçdə yeni nəsil diasporun yetişməsi prosesi necə gedir?
-Bir qürbətçi ata olaraq, ən böyük arzum bütün körpə uşaqlarımızın ana dilində yazıb oxumalarıdır! Və bu da ata-anaların vəzifəsi və vətənə borclarıdır!
Bizim inkişafımız üçün xalqımızın bilgiləndirilməsi çox önəmlidir. Amma xüsusilə Avropada diaspor ilə bağlı dəstəyə ehtiyacımız var; həm maddi, həm də mənəvi. Bu da yenə öz müstəqil xalqımızdan asılı olan bir mövzudur. Misal olaraq bizim Norveçdə bir müəllimə və yazıb-oxuma kitablarına və bir birləşmiş, ayrı-seçkiliyə yol verməyən Azərbaycan evinə ehtiyacımız var.
-Yaşlı diaspor üzvü olaraq gənclərə nə kimi tövsiyə verirsiz?
-Bir ağsaqqal olaraq, gənclərə tövsiyəm öz qızıma verdiyim kimi, milli tariximiz, adət-ənənələrimiz, mədəniyyətimizlə fəxr edib, əcnəbi dilində Azərbaycan haqqında yazıları araşdırıb və gerçəklikləri özləri tapsınlar! Və bacardıqları qədər çalışıb dünya mediasına Azərbaycan haqqında həqiqətləri yaysınlar və müdafiə etsinlər. Çünki bizim bir bayrağımız dalğalanır və bir dövlətimiz var. Və bir Azərbaycan türkü olaraq hamımızın dövlətimizi və bayrağımızı qorumaq vətən borcumuzdur!
-Azərbaycana son səfəriniz nə ilə bağlı idi?
-Azərbaycana iyul ayında qızımla birgə gəlmişdik; həm dostları görməyə, həm İsveçdə yaşayan bir yazar dostumuz Eldar Qaradağlının Bakıdakı kitab təqdimatına, həm də Azərbaycan-Norveç dostluğu üçün bir tədbirə qatılmağa.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info