Regionlar beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib
Tarix: 31.08.2016 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Respublikamızın hərtərəfli inkişafı üçün müxtəlif Dövlət proqramları qəbul edilir. 2004-cü ildən başlayaraq, müxtəlif illər üçün nəzərdə tutulmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət proqramları uğurla həyata keçirilir. Məhz, bu Dövlət proqramlarının qəbulundan sonra regionların hərtərəfli inkişafı daha da sürətləndi. Burada əsas məqsəd regionların sosial-iqtisadi inkişafını, infrastruktur təminatının keyfiyyətini yüksəltmək, yeni müəssisə və iş yerlərinin yaradılmasını təmin etməklə əhalinin sosial-iqtisadi vəziyyətini daha da yüksəltmək, ölkəmizi yüksək səviyyəli turizm ölkəsinə çevirməkdir. Artıq Azərbaycanın inkişafı elə bir səviyyəyə çatıb ki, beynəlxalq tədbirlər, festivallar, müsabiqələr təkcə paytaxt Bakı şəhərində yox, regionlarımızda da keçirilir. Regionlar beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu isə regionların yüksək inkişafından xəbər verir.
Buna misal olaraq, artıq bir neçə ildir ki, keçirilən və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Naxçıvan Beynəlxalq Şahmat Festivalını göstərə bilərik. Bu il də ulu öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə "Naxçıvan-2016" Beynəlxalq Şahmat Festivalı öz ənənəsinə sadiq qalaraq təşkil edildi. Artıq bir ənənə halını almış bu mötəbər tədbirin keçirildiyi Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olmasına baxmayaraq, bu cür beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi regionun yüksək inkişafından, eləcə də şahmat idman növünə göstərilən yüksək dövlət qayğısından xəbər verir. Öz sürətli inkişafı ilə diqqət cəlb edən, beynəlxalq idman yarışlarına ev sahibliyi edən Naxçıvan Muxtar Resublikası həm də mühüm siyasi tədbirlərə ev sahibliyi edir. Bir müddət öncə ölkəmizin və qonşu ölkələrin dövlət başçılarının, xarici işlər nazirlərinin iştirakı ilə keçirilən mühüm siyasi görüşləri misal göstərmək olar. Bütün bu beynəlxalq tədbirlərin təşkili göstərir ki, Naxçıvan MR-in blokada şəraitində olması onun iqtisadi, sosial-siyasi inkişafına mane ola bilməz. Muxtar respublika nəinki kiçik həcmli, hətta irimiqyaslı beynəlxalq yarışların, tədbirlərin belə, keçirildiyi bir məkandır.
Regionların uğurlu inkişafı ölkə siyasətinin əsas prioritet məsələsidir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev Gəncə şəhərinin "2016-cı il Avropa Gənclər Paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqda sərəncam imzalayıb. Bu layihə çərçivəsində "Gəncə Gənclər Şəhəri" adlı Beynəlxalq Festival təşkil olunub. Festivalda Azərbaycan, Belarusiya, Sloveniya, Türkiyə, Gürcüstan, Almaniya, İspaniya, İtaliya, Macarıstan, Ukrayna və Norveçdən 70-ə yaxın gənc iştirak edib. Festivalın əsas məqsədi 2016-cı il üçün Avropa Gənlər Paytaxtı olan Gəncə şəhərində gənclərin fəaliyyətini genişləndirmək, Gəncəni geniş təbliğ etmək, Gəncə ilə xarici ölkə gənclərini tanış etmək, şəhərin müxtəlif tarixi məkanlarına ekskursiyalar, gəzintilər təşkil etmək və görüşlər keçirməklə Avropanın Gənclər Paytaxtını dünyada tanıtmaqdır. Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi nəinki Gəncənin, ümumilikdə Azərbaycanın böyük uğurudur.
Qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhəri də artıq dəfələrlə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. Hər il Şəkidə beynəlxalq musiqi festivalları keçirilir. 15-24 sentyabr tarixində isə "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Festivalda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərindən teatr kollektivlərinin iştirakı gözlənilir. Ümumilikdə festivalda Azərbaycanın 5 teatrı, xarici ölkələrin isə 6 teatrı çıxış edəcək.
Təbii ki, regionların iqtisadi inkişafından danışarkən, regionlarda keçirilən beynəlxalq tədbirlərdən söz açarkən, qədim paytaxtımız, əsrarəngiz təbiətə malik Qəbələ şəhərini qeyd etməmək olmaz. Qəbələ şəhəri hər ötən il daha sürətlə inkişaf edir. Bu il VIII dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil olundu. Bu musiqi festivalı artıq bir ənənə halını alıb. Hər il festival çərçivəsində Qəbələyə dünyanın müxtəlif ölkələrindən onlarla musiqiçi gəlir, dünya şöhrətli bəstəkarların əsərləri ifa olunur. Qəbələ şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi "Muğam aləmi" adlı Beynəlxalq Muğam Festivalı da keçirilir. Bütün bunlarla yanaşı, 27-28 avqust tarixində Qəbələ şəhəri IV Beynəlxalq Mürəbbə Festivalına da ev sahibliyi etdi. Bu beynəlxalq tədbirdə Türkiyə, İran, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdirdilər.
Qəbələ şəhəri nəinki mədəni tədbirlərə, eynizamanda dəfələrlə müxtəlif siyasi tədbirlərə də ev sahibliyi edib. Müxtəlif vaxtlarda dövlət başçılarının və digər dövlət rəsmilərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Diasporla iş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə dekabr ayının əvvəllərində baş tutacaq Madrid Klubunun növbəti illik toplantısı üçün də Qəbələ şəhərinin seçilməsi təsadüfi deyil. Qəbələ artıq beynəlxalq səviyyədə siyasi və mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib.
Belə tədbirlərin bölgələrdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu həm bölgələrin inkişafına, mədəni həyatın daha da zəngin olmasına, həm də turizmin inkişafına təkan verir. Eyni zamanda, bu cür beynəlxalq tədbirlərin regionlarda keçirilməsi ölkəmizin və mədəniyyətimizin təbliği istiqamətində mühüm addımdır. Bütün bunların nəticəsidir ki, Azərbaycan artıq dünyada yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edən sabit, tam təhlükəsiz bir ölkə kimi tanınır.

Aysel İbrahimova




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info