“Hər bir azərbaycanlını birliyə və həmrəyliyə çağırıram”
Tarix: 03.09.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Şahverdi Babayev: “Etimadı doğrultmaq üçün bundan sonra daha da aktiv şəkildə diasporumuzun güclənməsi istiqamətində
çalışacam”

Bir çox diaspor üzvlərinin aktiv fəaliyyəti istər yaşadıqları dövlətlərin, istərsə də Azərbaycan dövlətinin daim diqqətindədir. Onların bu fəaliyyətinə dövlət başçıları səviyyəsində qiymət verilir. Elə Qazaxıstanda yaşayan soydaşımız Şahverdi Babayev də öz fəaliyyətinə görə bir sıra yüksək səviyyəli orden və medallara layiq görülüb. O, ötən il Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən “Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi”yubiley medalı ilə təltif edilib. Bu il isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Qeyd edək ki, Ş.Babayev Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə heyətinin üzvü, Almatıdakı Altın Orda İş Mərkəzinin baş inzibatçısıdır. Ş.Babayev Qazaxıstanda diasporla bağlı tədbirlərin keçirilməsinə daim öz dəstəyini göstərir.

-Şahverdi müəllim, Qazaxıstan və Azərbaycan prezidentləri tərəfindən medalla təltif olunmağınız sizin məsuliyyətinizi nə dərəcədə artırıb?
- Bəli, həqiqətən, çox sevindirici haldır ki, son bir ildə Prezident Nursultan Nazarbayev və Prezident İlham Əliyev tərəfindən medallarla təltif edilmişəm. Bütün bunlar mənim məsuliyyətimi daha da artırır. Bu, iki dövlətin başçısı tərəfindən göstərilən etimaddır. Mən bu etimadı doğrultmaq üçün bundan sonra daha da aktiv şəkildə diasporumuzun güclənməsi, Qazaxıstanın sosial inkişafı, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafı istiqamətində çalışacam.
-Sizi vətənə bağlayan nədir?
-Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar, keçirilən tədbirlər, Vətəndən uzaqda yaşayan bir azərbaycanlı kimi məni də ruhlandırır. Otuz beş il öncə Lənkərandan Qazaxıstana gələrək burada məskunlaşsam da, daim tarixi Vətənimizlə nəfəs almışam. Ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalan Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətini və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətiyyətli mövqeyini ürəkdən bəyənirik. Ali Baş Komandanımızın bir əmri ilə Mərkəzimizdə çalışan iki mindən çox soydaşımızla Azərbaycanın ərazi bütövlüyünün bərpasına qalxmağa hazırıq.
-Dünya Azərbaycanlılarının IV Qurultayının işini necə qiymətləndirirsiz?
- Dünya Azərbaycanlılarının IV Qurultayının işini yüksək qiymətləndirirəm. Əsası 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin davamı olaraq hər beş ildən bir keçirilən Dünya azərbaycanlılarının qurultayları mühüm əhəmiyyətə malikdir. Dünyanın bir çox yerində yaşayan soydaşlarımızın bir araya gəlməsini təmin edən Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan diasporu üçün tarixi bir hadisədir. Azərbaycan Respublikasının Prezidentinin geniş məzmunlu çıxışının yer aldığı açılış mərasimindən sonra tədbirin panel iclaslarla davam etdirilməsi Qurultay iştirakçıları üçün xüsusi imkanlar yaratdı. Belə ki, panel iclaslarında çıxışçıların nitqindən sonra qoyulan mövzuların geniş şəkildə müzakirəsi və hər bir iştirakçının bu müzakirəyə qoşula bilməsi imkanı bir çox məsələlərin həllinə mühüm töhfədir. Tədbirin yüksək səviyyədə təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürümü bildirirəm.
-Qurultay Azərbaycan diaspor təşkilatları qarşısında nə kimi öhdəliklər qoyub?
-Qurultayda səsləndirilən təklif və tövsiyələrin növbəti qurultaya qədər yerinə yetirilməsi və səsləndirilən nöqsanların öz həllini tapması üçün Azərbaycan diaspor təşkilatları qarşısında mühüm öhdəliklər qoyulub. Müzakirəyə çıxarılan məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün həm xaricdəki diaspor təşkilatlarımız, həm də hər bir soydaşımız bütün gücünü səfərbər etməlidir ki, diasporumuz daha mütəşəkkil və effektli fəaliyyət göstərsin. Bu istiqamətdə hər bir azərbaycanlını birliyə və həmrəyliyə çağırıram.
-Ümumiyyətlə, diaspor təşkilatlarının əsas vəzifələri nə olmalıdır?
-Dünyaya səpələnmiş soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə yanaşı, onların qarşısında azərbaycançılıq ideologiyasına əsaslanan bir sıra tarixi vəzifələr durur. Burada Azərbaycan reallıqlarının dünyaya olduğu kimi çatdırılması, eləcə də vətənə sədaqətlilik kimi meyarlar öz əksini tapıb. Bu amala sadiq qalan xaricdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daha da gücləndirməlidirlər.
-Qazaxıstandakı diasporumuz bu missiyasını lazımi səviyyədə yerinə yetirirmi?
-Milli diaspor üzvləri Qazaxıstanda türk xalqlarının birliyi, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi, mədəni tədbirlər və s. istiqamətdə işlər görməkdir. Qazaxıstanda azərbaycanlıların formalaşdırdığı diaspor bu ölkədə sayılıb seçilənlərdəndir. Soydaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər.
Qazaxıstandakı Azərbaycan diasporu hər iki xalqı birləşdirən özünəməxsus “etnik körpü” rolunu oynayır. Bu da təəccüblü deyil, çünki azərbaycanlılar və qazaxlar qardaş xalqlar olub, ümumi tarixi köklərə malikdirlər. Bizim dillərimiz çox yaxındır. Biz ümumi mədəni irsə malikik.
-Azərbaycanının Qazaxıstandakı səfirliyi diasporumuzun işinə nə kimi dəstək göstərir?
-Qazaxıstanda diasporumuzla səfirlik arasında münasibətlər ötən illərlə müqayisədə daha da sıxlaşıb. Bu, əlbəttə ki, səfir Rəşad Məmmədovun diasporun işinə daha çox diqqət ayırması nəticəsində baş verib. Səfirlik Qazaxıstandakı soydaşlarımızın bir araya gəlməsi, gənc diasporun işinin aktivləşdirilməsi istiqamətində təqdirəlayiq işlər görür.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
19.05.2020
“Koronavirusla mübarizə birliyimizi göstərən əsaslı nümunədir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info