«Ermənilər Türkiyəni Azərbaycan məsələsinə görə yenidən sınağa çəkirlər»
Tarix: 16.03.2013 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlunun «Trend»ə təqdim etdiyi yazıda qeyd edilir ki, Ermənistanda İrəvan-Van aviareysinin açılışının təqdimatı keçirilib: «Aviareysin təşkilatçıları sırasında Ermənistan təşkilatları ilə yanaşı, ABŞ Dövlət Departamentinin məşhur strukturu olan USAID və azərbaycanlılara yaxşı bələd olan "Avrasiya-Əməkdaşlıq" Təşkilatının da adı var. "Avrasiya-Əməkdaşlıq" Təşkilatının Azərbaycandakı əlaqələrinə qətiyyən toxunmaq niyyətimiz yoxdur. O təşkilatla əməkdaşlıq edənlər, onun Bakıda əlaqələrinin genişlənməsinə şərait yaradanlar özləri bu təşkilat haqqında məlumat versələr, daha yaxşı olar. Bununla yanaşı, Van-İrəvan aviareysinin açılmasında Ermənistan tərəfdən ortalıqda olan leksikon kifayət qədər diqqəti çəkir. Ermənilərin ritorikasında "Van-ana torpaq", "Qərbi Ermənistan" terminlərindən geniş istifadə olunur.
Ermənilərin Türkiyə içərisində çapalamalarının növbəti məhsulu olan bu aviareysin açılması Azərbaycana və Azərbaycan-Türkiyə münasibətlərinə birbaşa təhdiddir. Onlar bunu Türkiyəyə qarşı təhdid hesab etmirlər. Ən azı, bizim fikrimiz belədir. Başqa sözlə, ermənilər və onların havadarları nəyin bahasına olursa-olsun, Azərbaycan-Türkiyə münasibətlərini yenidən sınağa çəkmək istəyirlər. Qarsla Ermənistan arasında sərhədin açılması ilə bağlı silsilə tədbirlər erməni-türk dostluq abidəsinin uçurdulması ilə bitdikdən sonra ermənilər və onların havadarları Van-Ermənistan əlaqələrini gündəliyə gətiriblər. Sanki rəsmi Ankaranın Qars və Van vilayətlərinə qarşı apardığı siyasət fərqlidir. Erməni havadarlarının Türkiyənin siyasəti ilə belə rəftarı, ən azı, xoşagəlməzdir. Burada daha kəskin ifadə işlətmək də olardı. Rəsmi İrəvan bundan öncəki belə hadisələrdən sonra Türkiyəyə qarşı münasibətini pisə tərəf dəyişib:
a) Türkiyə tərəfindən Ağdam-Şuşa-Laçın-Gorus (Ermənistan)-Naxçıvan-Türkiyə avtomobil yolunun açılması ilə bağlı təklif irəli sürülsə də, ermənilər bu təklifi rədd etdi. Qərb Ermənistana heç bir irad bildirmədi. Ermənistanı blokadadan çıxarmaqla yanaşı, Azərbaycanın və Ermənistanın ikisinin birlikdə Qərbə daha sıx bağlanmasına imkan verən bu layihəyə Qərbin laqeyd münasibətinin səbəbi bəlli deyil;
b) Türkiyə Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun azad olunması şərtilə Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmasına imkan yaradacağını, Qars-Gümrü dəmiryolunun, avtomobil yollarının fəaliyyətə başlamasına icazə verəcəyini bildirdi. Ermənistan bu təklifi də rədd etdi. Yeri gəlmişkən, Türkiyənin bu təklifi Dağlıq Qarabağın özünün işğaldan azad olunmasını şərt kimi nəzərdə tutmurdu. Başqa sözlə, Türkiyə ikinci təklifində Azərbaycanı müdafiə mövqeyindən geri çəkildiyini rəsmi sürətdə ortalığa qoymuşdu. Buna baxmayaraq, Türkiyənin bu təklifi də Qərbdə dəstək tapmadı və təklifi rədd edən Ermənistana heç kim irad bildirmədi;
c) Rəsmi İrəvan, daha dəqiqi Ermənistanın xarici işlər naziri BMT-nin İnkişaf Proqramının Avropa ofisinin Slovakiyadan Türkiyəyə köçürülməsinə beynəlxalq etiraz kampaniyasına başladı. Bunu hansısa QHT və ya mətbu orqan deyil, Ermənistan dövləti edir. Ermənistanmı güclənib, yoxsa Türkiyənin başında duranların imkanlarına bələd olduqları üçün bu cür addımlar atılır - bəlli deyil. Ən qəribəsi isə budur ki, Ermənistan XİN-in BMT, Sloveniya və digər dövlətlərə göndərdiyi müraciətə heç bir struktur irad bildirməyib. Ermənistan digər bir dövlətə qarşı belə iddiada buluna bilərmi? Və ya hansısa başqa bir dövlət BMT-nin müəyyən bir strukturunun digər bir dövlətin ərazisinə köçməsinə etiraz etməsində nə dərəcədə haqlıdır.
Çoxlu suallar yaranır. Nəyə görə Türkiyənin Ermənistanı xilas edən, blokadadan çıxaran təklifləri deyil, Ermənistanın təklifləri reallaşır?
Van-İrəvan-Van aviareysində hər bir biletin qiymətinin 300 dollar olması nəzərdə tutulub. İlkin dövr üçün 20% güzəştlə qiymət 250 dollar olaraq müəyyənləşdirilib. İrəvan-Hələb-İrəvan marşrutunda biletin qiyməti 250 dollardır. İrəvan-Moskva-İrəvan reysində isə biletin qiyməti 160-180 dollardır. Aydın görünür ki, Van-İrəvan aviareysinin iqtisadiyyat və turizmlə qətiyyən əlaqəsi yoxdur. Sırf siyasi layihədir. Türkləri təhqir edən ermənilər təhqirlərinə cavab almadıqları üçün indi də Türkiyə vasitəsilə Azərbaycanı təhqir etmək istəyirlər. Türkiyə ilə Azərbaycanın arasını vurmaq üçün ermənilər milyonlar xərcləməyə hazırdırlar.
Əslində, son 100 ildə erməni-türk münasibətlərində cavabı axtarılan suallar bu gün daha kəskin şəkildə aktuallaşdırılır. Ermənilərin və onların havadarlarının aydın strategiyası var və bu strategiyaya ciddi şəkildə riayət edirlər. Ona görə riayət edirlər ki, qarşılarındakıların öz dövlət və milli maraqlarının müdafiəsində ardıcıl mövqelərinin olmadıqlarını görürlər. Türkiyə rəsmiləri ermənilərə qarşı öz dövlət və milli maraqlarına uyğun, ardıcıl mövqe nümayiş etdirsəydilər, bu məsələlər çoxdan itib getmişdi.
Türklərə qarşı irəli sürülən şərlər təkcə ermənilərə qarşı "soyqırım" etmələrində hallanmır. Yunanların, assuriyalıların, bolqarların, kürdlərin türklər tərəfindən "soyqırım"a məruz qalması da bu şərləmələrin içərisindədir. Digər tərəfdən, Türkiyə çoxmillətli dövlətdir. Nəyə görə rəsmi Ankara etnik qrup kimi erməniləri digər etnik qruplardan üstün tutmalıdır? Motiv aydındır - qarşıdan "erməni soyqırımı"nın 100 illiyi gəlir. Ermənilər və onların havadarları Türkiyənin zəif yerlərini bundan da sonra axtarmaqda davam edəcəklər.
Bizim türk xalqına, öz xalqımıza, öz dövlətimizin siyasətinə inamımız o həddədir ki, Van-İrəvan aviareysinin fəaliyyətə başlamayacağına tam əminik. Sadəcə, rəsmi Ankaranın mövqeyi kifayət qədər qəribə və ya düşündürücüdür. Azərbaycan onun torpağını işğal etmiş Ermənistanın iqtisadi blokadada qalmasına çalışır. Kim bizimlədirsə, bu iqtisadi blokada siyasətini davam etdirməli, Ermənistanla heç bir iqtisadi əlaqələr, o cümlədən ticarət əlaqələri qurulmamalıdır. Türkiyənin rəsmi təmsilçiləri isə deyir ki, bu ticarət məsələsidir və özəl şirkətlər, sahibkarlar bu işlə məşğul ola bilərlər. Bu özəl sahibkarlar və ya şirkətlər Türkiyənin daxilində digər etnik qruplarla əlaqələr quranda Türkiyənin rəsmi strukturları onların başına olmazın oyunlar açır. Türkiyədə heç bir etnik-dini qrup ermənilərin türk xalqının başına açdığı oyunu açmayıb. Və ya Türkiyə rəsmiləri Van-İrəvan aviareysinin açılmasını sərhədin açılması kimi təqdim etmək istəmirlər. Bu, Türkiyə-Ermənistan sərhədlərinin əməlli-başlı açılması deməkdir. Bəzi parametrlərinə görə Ermənistan vətəndaşları Türkiyədə digər dövlətlərin, tutaq ki, Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən daha asan viza ala biləcəklər.
Yəqin ki, Vanla İrəvan arasında aviaəlaqə qurulduqdan sonra ermənilər və onların havadarları Qarsla sərhədlərin açılması məsələsini də yenidən gündəliyə gətirəcəklər. Ermənistan üçün Türkiyə ilə əlaqələrin iqtisadi mahiyyəti varsa, nə üçün Türkiyəni lazımınca dəyərləndirmir?! Ermənilər və onların havadarlarının bu aviareysin açılmasında bircə məqsədləri var: ermənilərə siyasi baxımdan yeni nəfəslik açmaq. Azərbaycan var gücü ilə Ermənistana təzyiqlər edir. Əgər bu gün ermənilər Türkiyə-Azərbaycan münasibətlərinə müdaxilə edə biləcəklərsə, çox vacib fürsət əldən çıxacaq. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasının məsuliyyəti həm də Türkiyənin üzərindədir:
- əvvəla, Türkiyə Azərbaycanı Dağlıq Qarabağ məsələsində axıra kimi dəstəkləmir. Dağlıq Qarabağ münaqişəsinin müharibədən başqa həlli yoxdur. Son 100 ildə Türkiyə siyasətçiləri və mütəfəkkirləri "soyqırım" şərləməsində ermənilərin mövqelərini bir millimetr dəyişiblərsə, desinlər. Ermənilər üçün Qarabağ məsələsi "soyqırım"dan daha vacibdir, çünki ortada maddiyyat, yəni torpaq var. Təklifləri rədd olunan, beynəlxalq aləmdə sözü eşidilməyən Türkiyə Azərbaycana deyir ki, dinc danışıqlar yolu ilə bu məsələni həll etmək lazımdır. Gəlin, Dağlıq Qarabağ məsələsini müharibə variantı ilə həll edək, sonra Türkiyə Ermənistana milyardlarla pul bağışlasa da, etiraz etməyəcəyik;
- Türkiyənin Dağlıq Qarabağ tənzimlənməsinin yubanmasındakı ikinci məsuliyyəti 2009-cu ilin oktyabrında Sürix protokollarını imzalamasındadır. Ermənistan boğulan yerdə Türkiyə ona nəfəs verdi.
Türkiyənin rəhbərliyi Türkiyə-Azərbaycan münasibətlərinin özəlliyini və bu münasibətlərin Azərbaycan üçün yaratdığı əlavə gərginlikləri tam mahiyyəti ilə anlamalıdır.
Türkiyə böyük dövlətdir, amma nə qədər böyük olsa da, milli maraqlarını təhdid altına qoyması bu gün də olmasa sabah ciddi fəsadlar yaradacaq. Türkiyə və onun siyasətçilərini qorxutmaq fikrindən tam uzağıq, amma bu mövzuda Türkiyə rəhbərliyinə yalvaran vəziyyətdə də deyilik. Həm Türkiyə xalqına, həm də öz xalqımıza və iş adamlarımıza deməyə sözümüz, təkliflərimiz var. Ermənistanla əməkdaşlıq edən, hətta adı əməkdaşlıqda keçən Türkiyə şirkətlərinin məhsullarının Azərbaycana daxil olmasına qadağa qoyula bilər. Van vilayətinin Azərbaycanla bütün iqtisadi əlaqələrinin kəsilməsi məsələsinin gündəliyə gətirilməsi mümkündür. Van vilayətindən çıxmış iş adamlarının rəhbərlik etdikləri şirkətlərin məhsullarının boykotu başlana bilər. Buyurun, görək, Van vilayətinin Ermənistanla əlaqələrdən qazancı Azərbaycanla əlaqələrin kəsilməsi zamanı itkilərindən nə qədər çox olacaq?
Bilərəkdən və ya bilməyərəkdən ermənilərin və onların havadarlarının son kampaniyası böyük sürətlə reallaşdırılır: aprelin 3-də ilk təyyarə havaya qalxmalıdır. Bunun üçün Türkiyə hökumətinin nəzdində rəsmi struktur olan Mülki Aviasiya İdarəsi icazə verməlidir. Aprelin 3-dək olan dövrün böyük hissəsi Azərbaycanda bayram günlərinə düşür. Hər halda əlimizdən gələni edəcəyik ki, ermənilər və onların havadarları rəsmi Ankaraya təzyiq etmək üçün başqa variantlar, başqa ərazilər axtarsınlar».




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info