“Turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevriləcək”
Tarix: 06.09.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Ölkədə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam edir. Bununla bağlı reallaşan tədbirlərdən biri kimi bugünlərdə dövlət başçısı tərəfindən imzalanan sərəncam məhz ölkədə turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındadır.
Sərəncamda göstərilir ki, qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illərdə iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub. Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanıb. Tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Turizm Şurası yaradılması qərara alınıb. Həmçinin hər il sentyabr ayının 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

E.Aslanov:
“Bu sənəd daha səmərəli və yaradıcı fəaliyyət göstərməyi bir vəzifə olaraq qarşıya qoyur”

Ölkə başçısının bu sərəncamının turizmin inkişafında mühüm əhəmiyyəti olduğunu deyən mütəxəssislər bunun sektorun daha da irəliləməsində bir təkan olacağını deyirlər. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov bu ali təhsil müəssisəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlarının Azərbaycanda turizmin dinamik inkişafında yeni mərhələ olduğunu deyib. ATMU-dan bildirilib ki, E.Aslanov ali təhsil ocağının 10 illik fəaliyyətinə toxunaraq universitetin yaradılmasını turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması istiqamətində ən vacib addımlardan biri kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, 2005-ci ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn tədbirlər planına müvafiq olaraq belə bir ali təhsil müəssisəsinin yaradılması düzgün düşünülmüş qərar idi. 2006-cı il sentyabrın 15-də 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayan Azərbaycan Turizm İnstitutu keçən müddətdə turizm obyektlərini ixtisaslı kadrlarla təmin etməkdə aparıcı təhsil ocağı imicini qazanıb. Prezident İlham Əliyevin 2014-cü il 22 dekabr tarixli sərəncamı ilə Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ATMU yaradılıb. Universitetin təsis edilməsi iqtisadiyyatın vacib sahəsi olan turizm idarəçiliyinin inkişafına və bu sahədə kadr hazırlığına olan xüsusi diqqət və qayğının bariz nümunəsidir. E.Aslanov vurğulayıb ki, yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn tələbləri xatırladan E.Aslanov bildirib ki, bu sənəd daha səmərəli və yaradıcı fəaliyyət göstərməyi bir vəzifə olaraq qarşıya qoyur.
Tədbirdə dövlətimizin başçısına ATMU-nun kollektivi adından təşəkkür məktubu ünvanlanıb və müvafiq sərəncamların icrası ilə bağlı işçi qrupunun yaradılması qərara alınıb.

V. Şixəmmədov:
“Artıq sərəncamdan irəli gələn vəzifələrin icrası üçün müəyyən işlərin görülməsinə başlanılıb”

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, ölkə başçısı tərəfindən turizmin inkişafı ilə bağlı bir neçə müvafiq sərəncamlar imzalanıb. Bu sərəncamlara uyğun olaraq, hər il sentyabr ayının 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək: “Bilirsiniz ki, bu gün həm də Ümumdünya Turizm Günüdür. Bununla bağlı olaraq hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər görülür, silsilə tədbirlər keçirilir. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında bu sahənin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verilib. Artıq sərəncamdan irəli gələn vəzifələrin icrası üçün müəyyən işlərin görülməsinə başlanılıb. Sərəncamda Turizm Şurasının yaradılması nəzərdə tutulur. Şura, turizm sahəsinin inkişafı ilə bağlı MTN ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya-əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Ölkə başçısının Sərəncamında Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı da müəyyən tapşırıqlar verilib. Bunla əlaqədar olaraq müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunacaq”.
V. Şixəmmədov onu da vurğulayıb ki, sərəncamda Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin yaradılması məsələsi də öz əksini tapıb: “Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin Rusiya, BƏƏ, Almaniya və Türkiyədə ölkəmizin turizm potensialının təbliğatını aparmaq məqsədilə turizm nümayəndəlikləri fəaliyyət göstərir. Bundan əlavə, imzalanan mühüm sənətdə, yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində turizm və rekreasiya zonalarının yaradılmasının nəzərdə tutulması məsələsi öz əksini tapıb. Bu da Şimal bölgəmizdə yerləşən Quba, Qusar, Şabran, Xaçmaz, Xızı və Siyəzən rayonlarını əhatə edir. Dəniz sahilli rayonların çimərliklərindən və digər rekreasiya zonalarından səmərəli istifadə etmək nəzərə alınaraq, ümumilikdə bu ərazilərdə 100 min hektaradək ərazi turizm zonası kimi elan edilib. Bununla bağlı da müvafiq işçi qrupu öz üzərinə düşən öhdəliyi yerinə yetirərək ölkə başçısına nəzərdə tutulan təklifləri təqdim etməlidir”.

F.Yusifov:
“Bu sənəd ölkədə turizmin inkişafına dövlət münasibətinin təzahürüdür”

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, Prezidentin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə Azərbaycanda real sektorun əsas istiqamətlərindən biri kimi ixtisaslaşmış turizm və əyləncə müəyyən edilib: “Əldə olunan məlumatlara görə, Azərbaycanda turizmin inkişafını əks etdirən strateji yol xəritəsinin ilkin layihəsi artıq hazırdır. Bu sənəddə ölkədə turizmin inkişafında əsaslı dönüş yarada biləcək addımların atılması nəzərdə tutulur. Ölkə başçısının 01 sentyabr 2016-cı ildə imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındakı sərəncamı ölkədə turizmin inkişafına ciddi təkan verə biləcək mühüm bir addımdır və bütövlükdə bu sənəd ölkədə turizmin inkişafına dövlət münasibətinin təzahürüdür. Yeri gəlmişkən, sərəncamın imzalanmasından bir qədər öncə - yəni cari ilin avqust ayının 19-da respublika mətbuatında 30-dan artıq sayt və qəzetlərdə yayımlanmış “Turuzm bizə nə vəd edir” başlıqlı yazımızda irəli sürdüyümüz bəzi təkliflərin bu sənəddə tam və qismən öz əksini tapmasından çox məmnunuq. Sənəddə beynəlxalq təcrübədən istifadə etməklə ölkədə turizmin inkişafına maneə ola biləcək bütün məqamların aradan qaldırılması, bu sahənin inkişafını stimullaşdıra biləcək zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Sərəncamla Azərbaycanda xüsusi olaraq Turizm Şurasının yaradılması nəzərdə tutulur. Şura turizm sahəsində mövcud vəziyyəti təhlil edərək, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təmin etməklə yanaşı, turizm sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini də həyata keçirəcək. Bu çox mühüm bir məsələdir. Çünki turizm sahəsində bu gün mövcud olan bir çox problemlərin kökü məhz aidiyyəti qurumların və icra orqanlarının arasında bu sahədə əlaqələndirmənin olmamasından və ya zəif olmasından irəli gəlirdi. Bir sözlə, sənəd iş adamlarının və xarici investorların Azərbaycanda turizm sahəsinə investisiya yatırmalarını stimullaşdıra biləcək tədbirlər kompleksinin həyata keçirilməsini nəzərdə tutmaqla yanaşı, turistlərin Azərbaycan sərhədlərindən daxil olmasından başlamış, onlara bütün səviyyələrdən olan xidmətlərinin yüksək səviyyədə təşkil edilməsini nəzərdə tutan kompleks tədbirləri də özündə əks etdirir”. Bildirdi ki, sərəncamla turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarlarına çıxarılması və bu bazarlarda onların satışının təşkil edilməsi, ölkəyə turist axınının artırılmasını təmin etmək məqsədilə bizə daha çox turist gələn ölkələrdəki diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin təyin olunması kimi tədbirlərin görülməsi də nəzərdə tutulur: “Turizmin inkişafında əsaslı dönüş yaradılmasını nəzərdə tutan kompleks tədbirlərin vaxtında və yüksək səviyyədə icrası, yaxın gələcəkdə Azərbaycanda turizm sənayesinin ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən birinə çevrilməsinə, ümumi daxili məhsulda onun payının dünyanın turizm ölkələrində mövcud olan bir səviyyəyə çatdırılmasına gətirib çıxaracaq. İndi söz bu sənədin icrasını təmin edəcək aidiyyəti qurumlarındır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info