“Dəyişikliklər ölkəyə xarici turist axınına səbəb olacaq”
Tarix: 07.09.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Dosent Bahadur Bilalov:
“Turizm peşə məktəblərinin region şəbəkəsinin yaradılması bu gün tənqid hədəfi olan xidmət sektorunun peşəkar kadrlarla təmin edilməsinə imkan verəcək”
Bugünlərdə ölkə başçısı tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda göstərilir ki, qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Mütəxəssislərimiz bu sərəncamın, həqiqətən də, turizmin inkişafında təkan rolu oynayacağını bildirirlər. Müsahibimiz Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovdur:

-Bugünlərdə Prezident turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Turizmin inkişafına yönəldilmiş bu sərəncamı necə qiymətləndirirsiniz?
- Öncə Prezidentimiz İlham Əliyevə “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncamı üçün dərin təşəkkürümü bildirirəm. Ömrümün 23 ili bu sahə ilə bağlıdır və həmişə bir qısqanclıq hissi ilə düşünürdüm ki, bütün peşə sahiblərinin öz bayramları var, təkcə turizmçilər kənarda qalıb.
Sualınıza gəldikdə isə qeyd etməliyəm ki, zaman-zaman turizm ekspertləri vurğulayırlar ki, hər hansı bir ölkədə turizmin inkişafı siyasi iradədən çox asılıdır. Bu baxımdan hesab edirəm ki, Prezidentimizin 01 sentyabr 2016-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bir daha ölkəmizdə turizmin inkişafının prioritet sahə kimi qəbul olunduğuna dair siyasi iradənin bariz nümunəsidir. Ölkəmizdə bu sahənin təməli ötən əsrdən ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Məlum olduğu kimi, respublikamıza rəhbərliyinin ilk günlərində, daha dəqiqi, 1969-cu il avqust ayının 12-də ulu öndərin təşəbbüsü ilə “Respublikada Turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında” adlı Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) 378 saylı birgə qərarı qəbul edildi. Faktiki olaraq bu qərar ölkəmizdə turizmin inkişafına təkan verən dövlət proqramı idi. İkinci belə bir qərar 1980-ci il dekabr ayının 27-də “Respublikada turizm-ekskursiya işinin təkmilləşdirilməsi və inkişafı haqqında” adı ilə qəbul edildi. Qəbul edilmiş qərarlara uyğun olaraq o dövrdə respublikamızda turizmin inkişafı üçün maddi-texniki baza formalaşdırıldı. Fikrimcə Prezidentimizin məlum sərəncamı ölkəmizdə turizm sektorunun müasir standartlara uyğun inkişaf etdirilməsində önəmli rol oynayacaq.
- Bu tədbirlər planında sizin sektorun inkişafı ilə bağlı bəzi təkliflər də öz əksini tapıb. Onlardan biri kimi Turizm Şurasının yaradılması barədə ölkə başçısının tapşırığını göstərmək olar. Turizm Şurasının yaradılmasının bu sektorun inkişafında hansı rolu olacaq?
- Sərəncamla tanış olarkən ölkə turizminin inkişafı üçün indiyə qədər səsləndirdiyim bəzi təkliflərin əks olunduğunu görəndə, təbii ki, qürur hissi keçirdim. Bu təkliflərdən biri, qeyd etdiyiniz kimi, ölkəmizdə Turizm Şurasının yaradılmasıdır. Elə sizin qəzetin 14 iyul tarixli nömrəsində bununla əlaqədar təklifim çap olunub. Məlumdur ki, turizm fəaliyyəti bir çox sahələrlə kəsişir və bu səbəbdən də hər hansı bir sənəd hazırlanarkən əlaqədar nazirlik, komitə və idarələrlə razılaşdırılması lazım olur. Bu isə bir sənədin qəbulunu aylarla gecikdirirdi. Bu səbəbdən də uzun müddətdir ki, idarəetməni təkmilləşdirmək üçün Turizm Şurasının yaradılmasını təklif edirdik. Prezidentimizin imzaladığı sərəncamda artıq bu məsələ həllini tapıb. Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycan Respublikasının Turizm Şurasının əsas məqsədi Azərbaycan Respublikasında turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir”. Hesab edirəm ki, Şuraya mədəniyyət və turizm naziri rəhbərlik etməli, üzvlər isə əlaqədar nazirlik, komitə, idarə rəhbərlərinin birinci müavinləri olmalıdır. Şura ayda bir dəfədən gec olmayaraq toplanmalı, ekspertlərin və işçi qrupunun hazırladığı sənədləri müzakirə etməli və qərar qəbul edilməlidir. Qəbul edilmiş qərarlar aidiyyəti orqanlar tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.
-Sərəncamda prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin yaradılması məsələsi də öz əksini tapıb. Bu nümayəndəliklərin yaradılmasının hansı rolu ola bilər?
- Bildiyiniz kimi, uzun müddətdir ki, bu məsələ ilə əlaqədar da təklifim olub. Əslində, 1999-cu ildə qəbul olunmuş və hazırda da qüvvədə olan “Turizm haqqında” AR Qanununda da bu məsələ əks olunmuşdu. Belə ki, Qanunun 16-cı maddəsində yazılıb: “Azərbaycan Respublikasının turizm sahəsində müvafiq icra hakimiyyəti orqanı dünya bazarında turizm məhsulunun hərəkətə gətirilməsi, yayılması, satışı məqsədilə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə müəyyən edilmiş qaydada turizm nümayəndəlikləri yaradır”. Qanun layihəsi hazırlanarkən bu məsələ dünya təcrübəsi nəzərə alınmaqla daxil edilmişdi. Amma, bildiyiniz kimi, uzun müddətdir ki, bu məsələ reallaşa bilmirdi. Bildiyim qədər nümayəndəliyin yaradılmasına XİN mane olurdu və bunu belə əsaslandırırdılar ki, ölkəni təmsil etmək XİN-in birbaşa səlahiyyətinə aiddir.

“Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və istirahət mərkəzlərinin böyük əksəriyyəti düzgün statistika aparmır, gəlirlərini gizlədirlər. Bu sahədə qayda yaratmağın yeganə bir yolu var- müəyyən şərt daxilində bu obyektlərin 1-2 illik vergilərdən azad edilməsi”

Məlum Sərəncamın 4.8-ci bəndində Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Hesab edirəm ki, turizm nümayəndələri yalnız bu sahənin mütəxəssislərindən təyin edilməlidir. Məlumdur ki, Azərbaycan Turizm və Menecment Universitetində məzun olmuş xeyli sayda perspektivli kadrlar mövcuddur, bu işdə onların potensialından mütləq istifadə edilməlidir. Nümayəndəliklər sutkanın 24 saatını ölkə turizmini təbliğ etməklə məşğul olmalıdırlar.
-Turizm və rekreasiya zonalarında ATMU-nun nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması da öz əksini tapıb. Bu, yerlərdə peşəkar kadrların yaranmasına təkan verəcəkmi?
- Fikrimcə, turizm fəaliyyəti bir çox xidmət sahələrini özündə birləşdirdiyindən bu sektor üçün kadr hazırlığı spesifik olmalıdır. Son dövrlərdə ölkəmizdə turizmin maddi-texniki bazasının sürətli inkişafı, yeni yaradılacaq turizm-rekreasiya zonaları çoxsaylı kadrlara tələbat formalaşdırır. Turizm sektoru üçün kadrların heç də hamısı universitetlərdə hazırlanmalı deyil. Dünya təcrübəsində bu kadrların böyük hissəsi peşə liseylərində, peşə məktəblərində hazırlanır. Sərəncamda Prezidentimiz mənsub olduğum ATMU üzərinə məsuliyyətli və şərəfli bir vəzifə qoyub. Məlumdur ki, bir neçə ildir ki, ATMU nəzdində Bakı Turizm Peşə məktəbi fəaliyyət göstərir. Sərəncamda bu məktəbin regionlarda şəbəkəsinin yaradılması əks olunub. Təbii ki, bu məsələnin həyata keçirilməsi bu gün tənqid hədəfi olan xidmət sektorunun peşəkar kadrlarla təmin edilməsinə imkan verəcək. Ümumiyyətlə isə hesab edirəm ki, gənclər arasında turizmin təbliği məqsədilə orta məktəb proqramına “Turizmin əsasları” adlı fənn daxil edilməlidir.
-Sərəncamda turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərin hazırlanması öz əksini tapıb. Bunun hansı müsbət tərəfləri ola bilər?
- Bu məsələlər də bizim tez-tez səsləndirdiyimiz təkliflərdəndir. Qardaş Türkiyənin təcrübəsində kurort zonalarında mehmanxana inşa edən iş adamlarına 5 illik vergi güzəşti tətbiq edildiyinin şahidiyik. Bundan əlavə, bəzi ölkələrdə ölkəyə gətirilən turizm məqsədli avadanlıqlara gömrük güzəştləri tətbiq edilir. Fikrimcə, sərəncamda bu məsələlərin əks olunması mütərəqqi addım kimi qiymətləndirilməlidir. Sirr deyil ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxana və istirahət mərkəzlərinin böyük əksəriyyəti düzgün statistika aparmır, gəlirlərini gizlədirlər. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Fikrimi təsdiq etmək üçün Statistika Komitəsinin hesabatlarına diqqət yetirmək kifayətdir. Həmin rəqəmlərlə tanışlıq belə qənaətə gəlməyə imkan verir ki, ölkəmizdə mövcud mehmanxanalar, sən demə, boş qalır və bu biznes qeyri-rentabellidir. Amma, hər il 30-40 yeni mehmanxana istifadəyə verilir.
Fikrimcə, bu sahədə qayda yaratmağın yeganə bir yolu var- müəyyən şərt daxilində bu obyektlərin 1-2 illik vergilərdən azad edilməsi. Şərt ondan ibarət olmalıdır ki, gecələyən və xidmət göstərilən turistlərin düzgün statistikası aparılacaq, hesabatlar tam reallığı əks etdirəcək. Şərtə əməl etməyən müəssisələr üçün maliyyə sanksiyaları tətbiq edilməlidir. Əgər belə olarsa, qısa bir zamanda bu məsələdə də qayda yaradılmasının şahidi olacağımıza inanıram.
Prezidentimizin imzaladığı sərəncamda turizmin inkişafı ilə əlaqədar digər məsələlər də əks olunub. Hesab edirəm ki, bu məsələlərin reallaşdırılması ölkə turizminin sürətli inkişafını təmin edəcək, ölkəyə xarici turist axınına səbəb olacaq. Bu da büdcəmizdə son zamanlar hiss olunan xarici valyuta qıtlığına son qoyacaq. Sadəcə, hər bir ölkə vətəndaşı sərəncamdan irəli gələn vəzifələrin icrası üçün üzərinə düşənləri vicdanla yerinə yetirməlidir. Bunu bizdən Azərbaycanımızın gələcəyi tələb edir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info